VII. Rayanın romanı
Səhifə 1 / 2
Raya bolşeviklərin lehinə işləmək istəyirdi, lakin ona işləmək imkanı verilmirdi; onu bir tərəfdən Leyla, o biri tərəfdən də İvanov təqib edirdi. Bunlardan əvvəlincisi Rayadan şübhələndiyi, ikincisi isə Rayanı sevdiyi üçün onu gözdən qoymurdu. Son günlər, Leylanın Raya haqqındakı şübhəsi daha da artmışdı. O, yəqin etmişdi ki, itirdiyi məktubları Raya götürmüşdür. Leyla məktubları Rayanın mənzilindən təkrar götürmüşdü.
Bütün bu məsələlər Rayanı düşündürürdü. O, İvanovun portfelindən götürdüyü vəsiqələri iki gün idi ki, Şaumyana yetirə bilməmişdi, çünki onu bir saat da sərbəst buraxmırdılar.
Bu gecə İvanov hərbi donanmada iclasa gedəcək, gecə saat ikidə isə «Metropol»da Raya ilə görüşəcək və şam yeməyini birlikdə onunla yeyəcək idi.
Bakı Sovetində iclas vardı, Raya iclasa getməli və orada Şaumyanı tapıb görüş təyin etməli idi. Bunun üçün də Raya Məlik-Elçiyan və Ayolloya müraciətlə:
– Mən Bakı Sovetinin iclasına getmək istəyirəm,—demişdi.
Raya, Məlik-Elçiyan və Ayollo ilə bərabər iclas salonuna girərkən, Şaumyan xitabət kürsüsündə danışırdı.
Şaumyan danışdıqca, Raya saatına baxaraq tələsirdi, çünki o, ikinin yarısında «Metropol» otelində olmalı idi. Gecə keçir, İvanovun Şaumyana qarşı hazırladığı sui-qəsdin həyata keçirilməsi günü yaxınlaşırdı. Raya, İvanovun hərbi donanmada çağırdığı iclasdan da şübhələnirdi. Raya eşiyə çıxmışdı, yenə içəri qayıtdığda, Şaumyan hələ danışır və deyirdi:
– Burada dedilər ki, Zaqafqaziyanın bütün bədbəxtliyi Brest-Litovsk müqaviləsindən sonra başladı. Menşeviklər ilə «müsavatın» bloku Brest müqaviləsindən sonramı düzəldi? Məgər menşeviklər, cəbhədən qayıdan əskəri eşelonları tərk-silah etdirib güllələmək icazəsini müsavatçılara bu müqavilədən sonramı verdilər? Bu siyasət çoxdan bəri hazırlanırdı. Uniaşvili seymdə «rus tərəfdarlığı irtica tərəfdarlığı deməkdir, buna görə də başqa bir tərəfdarlıq axtarmalıdır» sözünü əbəs yerə demirdi! Bunu müdafiə edən, Çxeidze «bolşeviklərlə əlbir olmaqdan türklərin qucağına girmək yaxşıdır» deyirdi.
Bir adam ki, bu sözü söyləməyi münasib bilir, daha burada Brest müqaviləsinin nə təqsiri vardır?
Raya yarım saatdan bəri «Astoriya» otelinin qarşısında dolaşır, avtomobil səsi gələn kimi qapıdan uzaqlaşırdı.
Nəhayət, Şaumyanın maşını göründü. Şaumyan maşından düşüb içəri girdikdə Raya da daxil olmaq istədi. Qapıçı:
– Şaumyanı yalnız öz idarəsində görmək olar!—deyə mane oldu.
Raya:
– Rica edirəm!—dedi.—Sabaha qalası məsələ deyildir. Gedin, özünə söyləyin, bəlkə də o, icazə verər.
Qapıçı getdi, Rayanın isə ürəyi döyünürdü, o, «bəlkə də məni qəbul etmədi, onda necə olsun?» deyə düşünürdü.
Qapıçı qayıdıb xoş xəbər gətirdi:
– Buyura bilərsiniz!—dedi.
Raya Şaumyanın iş otağına girdiyi zaman Şaumyan yazı stolunun başında oturub bir əli ilə oğlunun saçlarını darayır, o biri əli ilə isə qarşısındakı çayı qarışdırırdı.
Şaumyan Rayanı gördükdə:
– Oturun, vətəndaş!—deyərək stolun yanında qoyulmuş stulu göstərdi, sual verdi:
– Sizə nə kimi xidmət edə bilərəm?
Rayanın boğazı tutuldu, ağlamağa başladı və əlləri titrəyə-titrəyə redikulunda gizlətdiyi sənədləri çıxarıb Şaumyanın qarşısına qoydu.
Şaumyan əvvəlcə hərbi donanmada çağırılan gizli iclasların stenoqramlarını gözdən keçirtdi, sonra da İvanovun düzəltdiyi sui-qəsdə dair materialları gördükdə təəccüblə ayağa qalxdı və evi dolaşdı.
Şaumyan stulunda oturdu, Rayanı diqqətlə gözdən keçirərək:
– Bəli, əhəmiyyətli sənədlərdir, sizə təşəkkür edirəm,—dedi, yenə də sənədləri yoxlamağa başladı.
Raya Şaumyanı gördüyü və bolşeviklərə xeyirli bir xidmətdə bulunduğu üçün sevinirdi.
Şaumyan yenə nəzərini Rayaya çevirib, onu diqqətlə sezdikdən sonra soruşdu:
– Bakı kommunasının çətin günlərində, bizə yaxın gəlmisiniz, onun üçün də xidmətiniz mühümdür. Əcəba, siz bunları nə vasitə ilə əldə etdiniz?
Raya:
– Biz, «Metropol» otelində yaşamaqdayıq,—dedi,— İvanov, Sadovski, Ayollo bizimlə tanış oldu, onlar hər yerdə Sovet hökumətinin əleyhinə çıxışda bulunduqlarından mən, onları təqib etməyə başladım. Mən İvanovdan daha çox şübhələnirdim. Bunun üçün də onunla çox yaxınlaşdım, hətta mən ona, öz sevgisini elan edincəyə qədər azadlıq verdim. Nəhayət, iki gecə əvvəl portfelini aramağa imkan tapdım və həmin sənədləri əldə etdim...
– Siz kimsiniz və nə iş görürsünüz? Danışın, mən sizinlə maraqlanıram.
Raya öz sərgüzəştini belə başladı:
– Dünya müharibəsi başlandıqda, Biçeraxovun dəstəsi təşkil olunurdu. Mən o zaman Şimali Qafqazda idim, hər iki qardaşım da Çornozubovun qol ordusu ilə İrana getmişdi. Onlardan heç bir xəbər yoxdu. Bu vaxt Biçeraxov ərkani-hərbində mənə makinavi və stenoqrafçı vəzifəsini təklif etdilər. Bu vəzifəni bir çoxları rədd etsə də mən qəbul etdim, çünki bununla yox olmuş qardaşlarımdan bir məlumat alacağımı düşünürdüm. Mən Biçeraxovun dəstəsi ilə Qızıl rübat və Şəhrəban şəhərlərinə qədər getdim. İngilislər bizim dəstənin Bağdadda girməsinə icazə vermədi. Rusiyada inqilab başlandığından general Baratovun ordusu kimi biz də Bağdad qapılarından Kirmanşaha qayıtdıq. 18-ci ilin fevralında ingilis missiyası da Bakıya yol açmaq üçün Kirmanşaha gəldi, orada Biçeraxov və onun qüvvələri ilə tanış oldu. Biz Kirmanşahda iki aydan artıq qaldıq, sonra Həmədana keçərək, Biçeraxov ingilislərlə müttəfiq hərəkət üçün müqavilə bağladı. Hələ bu vaxtlar Baratovun ordusu, Kirmanşah və Həmədan tərəflərini tərk etməmişdi.
İngilislərin təklifinə görə, Biçeraxov, Baratov ordusundan bir sıra zabitləri xidmətə qəbul edirdi. Bu zabitlər Biçeraxov dəstəsindən olsalar da, Biçeraxovun öz dəstəsi ilə bərabər ingilis xidmətində sayılırdılar. Xidmətə qəbul edilənlərdən biri də, Vladimir Klimov adlı gənc rabitə zabiti idi.
Burada Şaumyan Rayanın sözünü kəsərək soruşdu:
– Vladimir haralı idi?
– O Uzaq Şərqli idi. Öz dediyinə görə Sibirdə doğulmuş, Vladivostok şəhərində böyümüşdü. Cahan müharibəsi başlanırkən Vladimir Sibirdə 39-cu süvari alayına rabitə zabiti sifətilə səfərbər edilmiş və müharibənin əvvəllərində Qafqaza gəlmişdi.
Raya danışırkən tez-tez dönüb divar saatına baxırdı, buna görə də Şaumyan:
– Qızım, getməyə tələsirsinizmi?—deyə sual verdi. Raya cavab verdi:
– Bəli, tələsirəm, çünki İvanov məni saat ikinin yarısında oteldə gözləyəcəkdir.
Yenə də Şaumyan ona bir sual verdi:
– Bundan sonra İvanovla görüşməyin nə lüzumu vardır?
– Bu doğrudur, lakin gələcəkdə haqqımda şübhə oyatmaq istəmirəm.
– Saat on iki olmamışdır. Getməyinizə vaxt çoxdur, rica edirəm, Vladimirin sərgüzəştlərini axıra qədər söyləyəsiniz!
Raya sözünə davam etdi.
– Vladimirin alayı da Sibir alayları ilə birlikdə Təbriz şəhərinə göndərildi. Bu vaxtlar rus qol ordusunun komandanı Çornozubov, Xəlil paşanın diviziyası ilə Urmi və Səlmas yollarında vuruşurdu. 39-cu Sibir alayı gəmilərlə Urmi gölündən keçərək, Xəlil paşanın arxasını kəsmək istərkən, Vladimir haman müharibədə rabitə zabiti sifətilə iştirak etmişdi. General Çornozubovun qol ordusu, Baratov ordusu ilə birləşirkən, Vladimir də Bağdad yaxınlığına qədər getmişdi.
İnqilabdan sonra Baratov ordusu Bağdad tərəflərindən çəkildikdə, Vladimir «yerlərimiz şuluqdur, keçmək mümkün deyildir»—deyə Biçeraxovun dəstəsinə daxil oldu. Vladimir rabitə zabiti olduğu üçün, ərkani-hərbi iş otağına çox tez-tez gəlirdi. Mən makinədə yazı yazdıqda, o, sözlü adamlar kimi mənə baxırdı. İsanın təvəllüd gününə qədər bir çox dəfə mən işlədiyim otağa gəlmişdi. Nəhayət, həmin gecə verilən ziyafətdə, Vladimir iştirak edirdi və biz burada tanış olduq. Süfrə başında da bərabər oturduq. Birlikdə oynadıq da. Bu gecəki tanışlıq davam etdi. Onunla tez-tez görüşürdüm. O mənim yaşadığım evə də gəlir, məni əyləndirirdi.
Vladimirin bir xatirat dəftəri vardır. O dəftər çox maraqlı, çox da dəhşətli idi. Orada bu müharibənin dəhşətləri, insanların nə qədər qiymətsiz, hətta toyuqdan da əhəmiyyətsiz bir şey sayıldığını və minlərcə insanın bir anda məhv edildiyini oxumaqla mən, müharibəyə və müharibəyə səbəb olanlara nifrət etməyə başlayırdım. Mən Vladimirin xatirat dəftərini oxuyarkən belə bir səhifəyə təsadüf etdim:
«Biz Səlmas şəhərinə hücum edirdik. Günlərdən bəri davam edən müharibəyə baxmayaraq türkləri Səlmasdan çıxarmaq mümkün olmurdu. Türklərin ikinci hücumundan ruslar qaçmağa başladı. Türklər Kutçi gədiyinin başına qədər bizi təqib etdilər. Rusların Urmi gölündən keçən yeni alayları Xəlil paşa partiyasının arxasını kəsmək əmrini almışdı. Mən səhra telefon xəttini gözdən keçirirkən belə bir mənzərəyə təsadüf etdim. Yanaşı olaraq iki yaralı yıxılmışdı.
Yaralılardan biri türk əskəri, digəri isə rus saldatı idi. Görünən əlamətlərdən, saldatın sürünüb əskərin yanına gəldiyi bəlli idi. Çünki süründükcə qanı yerdə iz salmışdı. Saldat su qabını əskərin ağzına söykəmişdi. Dəmir su qabı saldatın əlində, əskərin ağzında ilişib qalmış və onların hər ikisi bu vəziyyətdə can vermişdilər. Onların vəsiqələrini yoxladıqda birisinin diyar-bəkrli Həsən Nuri, digərinin isə Şimali Qafqazdan Vasili Naumov olduğu aydınlaşdı».
Raya bunu söyləyərkən dəhşətlə ağladı və:
– Vasili Naumov mənim bədbəxt qardaşım idi. Mən bu təsadüfü heç vaxt unutmayacağam, mən ölənə qədər müharibəyə nifrət bəsləyəcəyəm. Günlərin birində o, mənimlə evlənmək arzusunu söylədi. Etiraz etmədim, çünki ömrümdə Vladimir kimi simanı birinci dəfə görürdüm. Müharibə bitdikdən və hər ikimiz evimizə döndükdən sonra, ailə düzəltməyə söz vermişdik. Mən onun qəlbinin sirlər və həqiqətlərlə dolu olduğunu bilirdim, nə mən ondan bir söz soruşurdum, nə də o söyləyirdi. Lakin axşamlar mənzilimə gəldikdə, gündüz nə iş gördüyümü və makinədə nə yazdığımı soruşardı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-vii-rayanin-romani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:
XIII. Əminənin romanıRaya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.
XIV. Sui-qəsdlərin vahid cəbhəsiİyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.
XV. Biçeraxov cəbhədən çəkilirBolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.
Başqa şairlərin şeirləri
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
HanıAxşam olur, quşlar dönər yuvayaMənim dönüb qonacağım dal hanı?
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.