Səhifə 1 / 3

İyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.

Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.

Bu iclas, Bakını Sovetlər respublikasından ayırmaq, onu İngiltərə kapitalistlərinə hədiyyə vermək və Sovetlər respublikası sənaye müəssisələrini yanacaqdan məhrum etmək haqqında qərar verəcəkdi. Müxtəlif partiyaların rəhbərləri vahid bir əqidəyə gələrək «hər kəs olur-olsun, bolşeviklər olmasın» şüarı ilə birləşirdilər. Onlar Bakı proletariatını ingilislərə satmağı qət etdilər. Gürcü menşeviklərinin Tbilisidən yol verdikləri osmanlı-alman ordusu Bakını işğal etməmiş Bakı menşevikləri də ingilisləri gətirməyə çalışırdı. Son iclasda bolşevik hakimiyyəti əleyhinə olası çıxışların tezisləri paylandı. Elçiyanın evindəkilər, hər işi qurtardıqdan sonra faytonlara oturub Bakı Sovetinin iclasına gəldilər. Ağ yaxalıqlı və qara fikirli rəhbərlər müttəfiq halda iclas salonuna daxil oldular. Sadovski boynunu o tərəf-bu tərəfə uzadaraq salonu gözdən keçirtdi və Ayollonun qulağına pıçıldadı:

– Yaman deyil,—dedi,—bizimkilərin hamısı buradadır.

O, Leyla xanıma müraciətlə:

– Siz indi işçilər arasında bizim nüfuz və hörmətimizi və bolşeviklərin nə qədər zəif olduğunu görəcəksiniz. Siz burada mühüm simalarla tanış olduğunuzu və ingilislərin Bakıya təşrif gətirmələri üçün tam zəminə hazır olduğunu yəqin edəcəksiniz. Bu iclas bizim hökumət təşkil etməyimiz üçün əhəmiyyətli bir siqnaldır. Bizim və dostlarımızın səadəti bu gecədən başlamış olur. Çox arzu edərdim ki, siz həmin səadətdən böyük bir hissə aparaydınız. Siz gənclik həyatınızı işıq və zəngin bir dünyada keçirəydiniz. Siz öz varlığınızla başqalarına da kömək edəydiniz. Lakin sizin başqasına bağlı olduğunuz mənim bu ümidlərimi tamamilə qırmış olur.

Leyla xanım onun əlini sıxaraq dedi:

– Siz heç bir zaman gələcəkdən ümid kəsməyin. İnsanı yaşadan ancaq bir ümiddir. Bunu da bilməlisiniz ki, hazırkı günlərimiz mübarizələrlə doludur.

Buna görə də indi hər kəs tək-tək şəxsiyyətlərə yox, ümumi hadisələrə bağlıdır. Hər kəs mühitdən və siyasi cərəyanlardan asılıdır.

Leyla xanımın sözləri Sadovskini qismən razı salmışdı. O, salona baxırdı. Öz adamları gəldikcə göz işarəsi ilə onları münasib yerlərdə əyləşdirirdi. Xəyanətçilər bir yerdə oturmamışdılar. Onlar sirayətedici xəstəliklər kimi iclas salonunun hər tərəfinə yayılmışdılar. Ayollo hansı tərəfin nə qədər səs alacağını əvvəlcədən bilir və barmaqları ilə Elçiyana işarə edib gülürdü. Gözlərdən, nəfəslərdən və hərəkətlərdən də tarixi bir xəyanət lövhələri görünürdü. Menşeviklər, daşnaq və eserlər çirkin işlərinin ilk səhifəsini açmaq üçün tələsirdilər. Çünki onların adamlarının hamısı gəlmişdi. Bolşevik rəhbərləri də bu vəziyyəti bilməmiş deyildi. Onlar bu xəyanətin hansı yollarla gəlib bu mərkəzə topladığını gözəlcə bilirdilər. Şaumyan və Alyoşa Caparidze menşevik dili ilə danışılacaq ingilis sözlərini son hərfinə qədər bilirdi. Bolşevik rəhbərləri bu iclasda əksəriyyət qazana bilməyəcəklərini də bilməmiş deyildilər. Çünki Bakı Kommunasının süqutuna səbəb olan bir sıra səbəblər vardı.

Bir tərəfdən ingilislər, o biri tərəfdən osmanlı-alman ordusu Bakı qapılarındadır. Cəbhədə, ordu arasında pozğunluq var. Menşevik və daşnaqların təbliğatı nəticəsində qoşun hissələrindən bəziləri müharibədən boyun qaçırır, «Qafqazdakı müharibələr milli müharibədir» deyə menşeviklərə aldanır və Sadovskilərin dediyini təkrar edirdilər.

Bir tərəfdən də aclıq idraksız işçilərin menşevik qərarkahına keçməsinə səbəb olurdu. Nobel müəssisələrində çalışan minlərcə işçilər menşevik və esserlərin təbliğatına qapılaraq, başqalarını da öz dallarınca aparmağa səy edirdilər. Bu günə qədər milli qırğınlar təşkil edərək erməni-müsəlman xalqını bir-birinə qırdıran «müsavat» və daşnaq liderləri də bolşeviklər əleyhinə birləşir, osmanlı ordusunun Bakını almasına çalışır və Vəhib paşanın tələblərinə boyun əyirdilər.

1918-ci il, iyul ayının 26-da açılan tarixi və həlledici iclasda bolşeviklər bu cür ağır vəziyyətdə idilər.

Bakı Kommunasını və proletar hakimiyyətini silahlı qüvvə ilə müdafiə etmək və bolşevik düşmənlərini susdurmaq da mümkün deyildi. Çünki kommunanın istinad etdiyi silahlı qüvvə qələbəyə ümid vermirdi. Cəbhədə osmanlı-almanlara qarşı vuruşan Biçeraxovun bir əli ingilislərin, bir əli də Şimali Qafqazda bolşeviklər əleyhinə mübarizə aparan ağ generalların ətəyində idi. Biçeraxovun osmanlılara qarşı apardığı mübarizənin başlıca məqsədi Bakını ingilislər üçün müdafiə etməkdən ibarət idi. Biçeraxov əlverişli şərait tapdıqda silahını bolşeviklərə qarşı çevirə bilərdi. Şəhərdə və cəbhədə olan erməni batalyonları da cəbhəni buraxır, ingilis və osmanlı tərəfdarları deyə iki hissəyə ayrılır, daşnaqların ikiüzlü siyasəti nəticəsində pozulub dağılırdı. Bolşeviklər ancaq mərkəzdən göndərilən həqiqi bolşevik qoşununa, Petrovun dəstəsinə arxalana bilərdi, lakin bu dəstə dörd tərəfdən tökülən düşmənlərin qarşısında qüvvətsiz bir şey idi.

Bolşeviklərin bunları nəzərə almayaraq ikinci dəfə silahlı mübarizəyə qalxması, osmanlı-alman ordusu tərəfindən Bakının işğalını yaxınlaşdıra bilərdi. Bakı bolşevikləri üçün yeganə bir yol varsa, o da Bakı Kommunası süqutunun səbəblərini Bakı proletariatına göstərmək və xainlərin iç üzünü açmaqdan ibarət idi.

1918-ci il iyul ayının 26-da gündüz saat iki əlli dəqiqədə iclas açıldı. Sadovski, tarixi lənətlərlə dolu xatirat dəftərçəsini çıxartdı, karandaşını nə qədər axtardısa tapa bilmədi. Axırda xatirat dəftərçəsini Leyla xanıma verərək:

– Lütfən dediyimi yazın,— dedi.

İclası Alyoşa Caparidze açdı. Köynəyinin yaxasını açaraq, iri və yumru gözləri ilə salonu nəzərdən keçirtdi, hər şeydən əvvəl hansı təşkilatdan nə qədər üzvün iştirak etdiyi yoxlandı. Yoxlama başlanarkən Sadovski Leyla xanımın qulağına pıçıldadı:

– Yazın! Mərkəzi Sovetdən 154 üzv.

Dairə Sovetlərindən 122 nəfər.

Mərkəzi Kaspi üzvlərindən 13 nəfər.

Hərbi inqilab komitəsi üzvlərindən 16 nəfər.

Gəmi komitələri üzvlərindən 43 nəfər.

Sonradan gələnlər 79 nəfər.

Hamısı 459 nəfər1.

Sadovski xatirat dəftərçəsini Leyla xanımdan alıb mülahizə etdikdən sonra sevinərək Leyla xanıma dedi:

– Bakıda bolşeviklər artıq yoxdur.

Leyla təəccüblə soruşdu:

– Nə üçün?

– Çünki onlar səs qazana bilməyəcəklər, azdırlar.

Alyoşa sözə başlayaraq:

– Bugünkü iclas bizim keçən iclasımızın davamıdır,—dedi.—Nəhayət, biz bu gün mühüm bir məsələnin həllinə başlayırıq. Həll etmək istədiyimiz məsələ siyasi və hərbi vəziyyətdən ibarətdir. Bu barədə danışmaq üçün söz verilir Mərkəzi hökumət nümayəndəsi Stepan Şaumyan yoldaşa.

Şaumyan yerindən qalxdığı zaman salonda bir kürultu başladı, sanki bütün iclas yerindən qalxdı. Şaumyan çox sakit halda xitabət kürsüsünə yanaşarkən, Ester əlini Avetisovun əlindən çəkərək Şaumyanı diqqətlə dinləmək üçün kənara oturdu.

Leyla bunu gördükdə, o da Sadovskinin yanından qalxaraq, Estera yanaşdı və onun qulağına pıçıldadı:

– Ester, sənin bütün hərəkətin göstərir ki, bolşevikləri sevirsən. Mən də sevirəm, gəl onları birlikdə dinləyək. Doğrusunu de, belə deyilmi?

Ester Leylanın üzünə baxdı, bu baxış Leylada heyrət oyatdı. Çünki o, heç vaxt Esterin, özünə qarşı belə bir vəziyyət aldığını görməmişdi. Ester yanakı baxaraq dedi:

– Leyla, yaxşı olar ki, biz öz gizli simamız haqqında danışmayaq. Əlaqəmiz pozular. Həm də bu söhbətlər sənə fayda verməz. Hələlik bunun vaxtı deyil. Sağlıq olsa, bu barədə müfəssəl danışar və müəyyən qərara gələrik.

Leyla bu sözləri Esterdən ilk dəfə eşidirdi. Esterin sözlərindən şübhə yağırdı. Leyla Esterin gizli sirlərə yol tapdığını hiss edərək qorxdu.

– Eybi yoxdur,— dedi,— sonraya qalsın. Hələlik nitqi dinləmək lazımdır.

Şaumyan öz adəti üzrə çox asta başladı:

– Mənim təşəbbüsüm nəticəsində keçən dəfə geniş iclas çağırıldı, — dedi,—haman iclasda Rusiya və Zaqafqaziyada hərbi və siyasi vəziyyət barəsində məsələ qoyuldu.

Mən son vaxtlarda sıramızdakı pozğunluğu, xüsusən Xəzər donanması komitəsinin ingilisləri Bakıya dəvət etmək haqqında çıxardığı qərarı nəzərdə tutmuşdum. Keçən iclasımızda ingilisləri çağırmaq ya çağırmamaq məsələsində dayandıq...

İclas salonunda qeyri-adi bir vəziyyət törədi. «İngilisləri çağırmaq» sözü İngiltərə imperializminin yeni lakeylərinə ruh verdi. Onlar qalxıb yenidən oturdular. Bəziləri qabaq stullara, bəziləri də biri digərinin yanına keçdi, daşnaq rəhbərləri arasına qaynaşma düşdü.

Şaumyan sözünə davam edərək dedi:

– Mən bir çoxlarının, xüsusi daşnaqsütyun partiyası nümayəndələrinin «hökumət nümayəndələri Sovet qarşısında qoyulması lazım olmayan bir məsələ qoyur» deyə irad etdiklərini eşitdim. Mən Zaqafqaziyadan ötrü qəti inqilabi əhəmiyyəti olan məsələlər ətrafında gizli təşviqat aparıldığını bildiyim üçün bu məsələni müzakirəyə qoydum.

Bizim düşmənlərimiz bu məsələni müzakirəyə qoymuş və Xəzər donanması kimi mühüm bir idarədə özü üçün müdafiəçilər tapmışdır. Mən donanma, ordu və eyni zamanda bütün inqilabi qüvvələri öz ətrafında birləşdirən proletar idarəsinin də bu təşviqatla maraqlanması və öz sözünü deməsini qət etdim.

Salonda tam bir sükut hökm sürürdü. Şaumyan əsas məsələyə yaxınlaşırdı, onun qəti sözünü dinləmək üçün hamı diqqətini toplamışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Diplomatların və İranın notası

Mən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı.Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim.

10 dəq
Müharibə hazırlığı

Bizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər.Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü.

9 dəq
Hacı Səməd xana məktub

Mən:– Konsulun Hacı Səməd xanla əlaqəsi yaxşılaşmışdır, – dedim.

3 dəq
Azərbaycan çar qubernatoru Səməd xana

dBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq.Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir.

4 dəq

Başqa şairlərin şeirləri