XIV. Sui-qəsdlərin vahid cəbhəsi
Səhifə 2 / 3 · 33%
Şaumyan təəssüfedici bir ifadə ilə dedi:
– Bir halda ki, bizim sıramızda nifaq və şiddətli mübarizə var, bizi heç bir ingilis müdafiə edə bilməz. Gəlin ingilisləri dəvət etmək məsələsini gündəlik müzakirədən çıxaraq.
Şaumyan bu sözündən sonra sağ daşnaq, sağ eserlərə və menşeviklərə baxdı.
Onlardan bir səs çıxmadı, buna görə də sözünə davam etdi:
– Sovet hökuməti bizə çoxlu ləvazimat göndərir, bu gün Həştərxandan beş barj vəsait gələcək. Bu gələn ləvazimat 80 top, 160 pulemyot, 10000 tüfəng, 200000 patron, əlbisə və bir çox sair şeylərdən ibarətdir.
Rusiya bu günə qədər bizdən heç bir şey əsirgəməmişdir. Yenə də əsirgəmir və indi də hər cür qüvvə verməkdən boyun qaçırmır. Yaxşı olar ki, yabançılarla əlaqəyə girişməkdənsə, yenə Sovetlər Rusiyasına müraciət edək.
Menşevik, sağ daşnaq və sağ eserlər Şaumyanın bu sözünə etina etmədilər. Onlar yenə də bir-birilə burunlaşmağa və etinasız nəzərlər ilə Şaumyana baxmağa davam etdilər.
Bu etinasızlıq Şaumyanın mətanətini qıra bilmədi, o bir daha düşmənlərə müraciətlə:
– Rusiyadan bizə kömək gəlincəyə qədər öz proletar qüvvəmizi, ordunu və donanmanı səfərbərliyə alaq! Mən Mərkəzi hökumətlə əlaqəni kəsməmək üçün ingilislərin dəvəti məsələsini gündəlik müzakirədən götürməyi təklif edirəm. Gəlin ingilisləri dəvət etmək məsələsi əvəzinə Rusiya Sovet hökumətinin yardımı və ümumi qüvvə ilə cəbhəni müdafiə məsələsini müzakirə edək.
Sürəkli alqış gurultusu salonu bürüdü.
Leyla xanım dərin düşüncəyə dalmışdı. O, ingilislərin türklərdən əvvəl Bakını alacağını yəqin etmişdi.
O, bu günə qədər ingilislərin gəlməsinə inanmırdı, lakin bu gün, türklərə qarşı yeni və qüvvətli bir maneə çıxacağını düşünürdü. O yerindən qalxıb Sadovskinin yanında oturdu və qulağına pıçıldadı:
– Demək ki, bizim son görüşümüzdür,—dedi,—iclas da bunu göstərir. Belə deyilmi?—Sadovski soruşdu:
– Nə üçün?
– Çünki ingilislər Bakıya gəlir. Bahadır xan həzrətləri də gələcəkdir. Ondan sonra biz görüşə bilmərik. Çünki o, çox qısqancdır.
Sadovski bir az düşünərək dedi:
– Siz bunu mənə nə üçün vaxtında söyləmədiniz? İndi ki, siz mənimlə səmimi yaşamaq fikrində deyildiniz açıq söyləməli idiniz. İndi mən nə edə bilərəm? İş ki, gəlib bu yerə çatmışdır, mən fraksiya nümayəndələrinə nə deyə bilərəm?!
– Mən işin həqiqət olacağına inanmırdım, çünki sizin nəticəsiz iclasınız, məqsədsiz danışıqlarınız həddindən çoxdur, siz öz əliniz və öz iqdamınız ilə ayrılmağımıza səbəb oldunuz. Məni ölənə qədər əzablar içərisinə saldınız.
Sadovski Leyla xanımın əllərindən tutub yalvarıcı və tövbəedici halda dedi:
– Mənim mələyim, gecdir, iş-işdən keçmişdir. Mən sənin uğrunda heç bir fədakarlıqdan çəkinməzdim. Lakin məsələlər fraksiyalarda həll edilmişdir və üzvlərin hər birinə göstəriş verilmişdir. Mən indi iki saat bundan əvvəl dediklərimin əleyhinə getsəm özümü məhv etmiş və II İnternasionala xain çıxmış olaram.
Zənnimcə Bahadır xan da mədəni bir zatdır. O, heç vaxt sizin azadlığınıza mane olmaz. O, bizim səmimi dostluğumuza şübhəli nəzərlə baxmaz. Biz yenə də səadətlə, məhəbbətlə yaşar və istiqbalımızın xoşbəxtliyinə ümid bəslərik.
Leyla xanım daha danışmadı. O, Şaumyanı dinləməyə başladı. Çünki o, iş-işdən keçdiyini bilirdi. Bu vaxt Ester də yerindən qalxıb Avetisovun yanında oturdu və yavaşdan ona dedi:
– Əcəba, Şaumyan düz demirmi? İngilisləri dəvət məsələsini müzakirədən götürmək lazım deyilmi?
Avetisov ilə yan-yana oturan Ayollo söhbətə müdaxilə edərək:
– Yox, xanım qız, yanılırsınız!—dedi.—Bolşevikləri burada buraxsaq daha tuta bilmərik. Bir tərəfdən türklər Bakının qapılarındadır, o biri tərəfdən ingilislər Ənzəlidədir. Üçüncü tərəfdən işçilər bu fikirdədir ki, aclıq və çətinliyə səbəb bolşeviklərdir. Buna görə də Zaqafqaziyada bolşevikləri məhv etmək üçün ən əlverişli zamandır.
Şaumyan nitqinə davam edirdi. O öz müfəssəl çıxışından menşevik, daşnaq və esərlərin Mərkəzi hökumətə qarşı xəyanətini, Bakı proletariatını satmaq istədiklərini faktlarla göstərdi və bolşeviklərin sürəkli alqışları ilə sözünü bitirdi.
Alyoşa Caparidze yerindən qalxdı, üzünü iclasa tutub dedi:
– Mərkəzi hökumət nümayəndəsi sözünü bitirdi. Onu dinlədik. İndi də bu məsələ ətrafında müzakirə açmalıyıq.
Bütün partiyaların nümayəndələri mübahisəyə yazıldı. Ayollo, Sadovski, Elçiyan, Karqanov, Tumanyan və sairlər çıxışda bulundular.
Nəticədə sağ eser, daşnaq və menşevik nümayəndələri tarixi xəyanətlərinə yekun vurmaqla, Mərkəzi hökumətdən əlaqəni kəsmək və ingilisləri Bakıya dəvət etmək üzərində möhkəm durdular.
Məşədi bəy Əzizbəyov xitabət kürsüsünə yanaşdı. Leyla isə Sadovskiyə müraciətlə soruşdu:
– Bu islammıdır?
– Xeyr! Bunlarda din və məzhəb yoxdur. Özü azərbaycanlı olsa da dinsiz bolşevikdir.
Məşədi bəy danışmağa başladı:
– Biz burada iki dildə danışırıq. Bunun üçün də bir-birimizi anlamırıq. İki dildən biri Federativ Sovetlər Respublikasının dili, o biri də bu dilin əleyhinə danışan məclisi-müəssisan dili və sairlərinin dilindən ibarətdir.
Mən indi bir neçə söz də cəbhə barəsində danışacağam. Cəbhə barəsində Karqanov bir söz, Biçeraxov da başqa söz deyir. İndi sizin fikriniz nədir? İnqilabın mənafeyi və interesi kimlər üçün çox qiymətlidir? Karqanov üçünmü? Yoxsa Biçeraxov üçünmü?! İnkilisləri dəvət etmək məsələsində deməliyəm ki, onlarda mühüm qüvvə olsaydı, türklərin Bakıya hücumu zamanı bizim dəvətimiz olmadan da Bakını işğal edərdilər. Nə üçün onlar üç yüz minlik orduları ilə bura gəlmirlər? Görünür ki, bu qüvvə onlarda yoxdur.
Mən sizə fakt göstərə bilərəm. İrandan yeni gəlmiş tanışların dediyinə görə, ingilislərin Rəşt şəhərində min nəfərdən artıq adamları yoxdur. Bu min nəfər də aldanıb gətirilən hindlilər və ərəblərdir. Buna heç şübhə yoxdur ki, onlar da bura gəlirkən öz canlarını bizim yolumuzda qurban vermək istəməyəcəklər. Tutalım ki, ingilislər gəlib türkləri əzdi. Sonra biz, ingilisləri buradan çıxara bilərikmi?
Məşədi bəy sözünü bitirdi. İclasın sədri Alyoşa Caparidze özü danışmağa başladı:
– Biz burada, mitinqdə deyilik. Məni çox sakit halda dinləyin. Mən bir fraksiyaçı natiq kimi yox, Sovet və İcraiyyə komitəsi sədri kimi danışıram, çünki məncə burada tək-tək partiya və fraksiyaların məsələsi deyil, bütün Bakının və Sovet hökumətinin taleyi və müqəddəratı həll olunur. Belə bir məsul dəqiqələrdə isə mən bir çox natiqləri anlaya bilmədim. Mən daşnaqsütyun partiyasına müraciət edirəm:
Belə məsul bir zamanda partiyamızın rəsmi nümayəndəsindən belə izahatı qətiyyən gözləmirdik. Siz Mirakyan və Elçiyanın keçən iclasdakı nitqi ilə bu gün dediklərini müqayisə edin, görün onların arasında nə qədər fərq var!
Bu nitqlər yazılıb bir müddətdən sonra erməni işçilərinə oxunsa, sizin siyasətiniz üçün bir ittihamnamə olar...
Alyoşanın sözləri bütün salonu yerindən oynatdı. Arasıkəsilməz, gurultulu alqışlardan avizələr titrədi. Alqış kəsilər-kəsilməz, Caparidze davam etdi.
– Yoldaşlar! Siz diqqət edin! Bəzi daşnaqlar da mənim sözlərimi alqışlayırlar.
...Bəli! Elə nitqləri eşitməyin özü, iclasımız üçün böyük nöqsandır.
Vaxtilə Almaniya, Türkiyəyə müraciət edən və dəmir yolları açaraq alman-türk ordusunu Bakıya tərəf buraxan bir partiya nümayəndəsinin nitqini dinləmək mənə çox qəribə gəlir.
Alyoşa Caparidzenin bu sözündən sonra iclas salonunda səs-küy düşdü.
Leyla Ayollonun qulağına əyilərək soruşdu:
– Hansı partiyanı demək istəyir?
– Menşevikləri deyir!
Leyla Sadovskiyə dönərək soruşdu:
– Əcəba, türkləri Bakıya gətirən menşeviklərmidir? Bu doğrumudur? Məncə bu sizə böhtandır.
Sadovski çox qəti bir surətdə dedi:
– Doğrudur. Ölkəni bolşeviklərdən təmizləmək üçün bu lazım idi.
Səs-küyə baxmayaraq Caparidze sözünü kəsmədi. Menşeviklərə müraciətlə dedi:
– Sizinlə bir familiyada olan Ramişvilinin özü mənə radio ilə dedi ki, «Alman-türk ordusuna Zaqafqaziya dəmir yollarından keçmək ixtiyarı verilmişdir». Mənim bunları söyləməkdən məqsədim, sizinlə hesablaşmaq deyil, bəlkə də sizin səs verdiyiniz hər bir kəsə şüur ilə yanaşmalı olduğunuzu xatırlatmaqdır.
Burada donanma adından Rozenblyum çıxışda bulundu. Bunun və Nəccarovun yenə bir dəfə donanma adından çıxışda bulunduqları yadımdadır. Lakin sonradan sizin özünüz bu çıxışdan xəcalət çəkdiniz və səhv etdiyinizi boynunuza götürdünüz.
Sizi Sovet hökuməti ilə barışmamaq və anlaşmamağa onlar məcbur etdi. Bunun üçün bir qərar da çıxardılar. Bu səhvləri düzəltmək yenə də mümkün idi, lakin hazırda onlar sizi elə bir uçuruma salacaqlar ki, heç bir vaxt çıxa bilməyəcəksiniz. Mən yaxşı bilirəm ki, Rozenblyum və Nəccarov Sovet hökumətinin şüurlu düşmənidir. Onlar daima Sovet hökuməti ilə mübarizə aparmış və aparacaqdırlar. Hətta sağ eser partiyası belə, hazırda sizin lideriniz olan Nəccarova hücum etmişdi.
İndisə mən bütün əməkçilərə müraciətlə deyirəm: ingilislər Bakıya çağrılsa belə, yenə də bizim nicatımız vahid cəbhə təşkilindədir.
Gurultu qopdu və səs qalxdı, alqışlar, etirazlar yağmağa və iki tərəfin səsi bir-birinə qarışmağa başladı. Səslərə baxmayaraq Caparidze danışırdı:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xiv-sui-qesdlerin-vahid-cebhesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı.Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim.
Müharibə hazırlığıBizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər.Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü.
Hacı Səməd xana məktubMən:– Konsulun Hacı Səməd xanla əlaqəsi yaxşılaşmışdır, – dedim.
Azərbaycan çar qubernatoru Səməd xanadBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq.Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir.
Başqa şairlərin şeirləri
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
VücudnaməƏrbəeyi-ənasir şeş cihətdənXəlq elədi məni qadir-i Ğəffar.