Səhifə 1 / 2

Bolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.

Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.

İclas yenicə bitmişdi. Araratyan qonaqları yola salıb iş otağına qayıtdıqda poçt xidmətçisi qapını vurub üç bağlı məktub gətirdi. Məktublardan birisi Estərə, ikisi isə Araratyana yazılmışdı.

Araratyan məktubun birini açdı. Bu məktub cəbhədən, miralay Avetisov tərəfindən yazılmışdı.

Məktub Araratyanı çaşdırdı. Orada qara bir xəbər vardı:

Möhtərəm doktor! İş-işdən keçmişdir. Türk qoşunları şəhərə yaxınlaşmaqdadır. Məktubumu Biləcəri stansiyasından yazıram. Hər halda, başınızın çarəsini düşünün. Çünki Biçeraxov cəbhəni tərk etdi. Hazırda onun cəbhədən çəkilən qüvvələri Sumqayıt stansiyası tərəflərinə toplanaraq şimala doğru getməyə hazırlaşırdı.

Hazırda cəbhədə iki yüz nəfər bizdən, iki yüz nəfər də Petrovun dəstəsindən qalmışdır. Bizim erməni qoşunları paltarsız olduqları üçün, müharibədə iştirak etməkdən boyun qaçırırlar. Onlar qoşun rəhbərlərinin icazəsi olmadan, cəbhəni buraxıb şəhərə çəkilməkdədirlər.

Çəkilməkdə olan qoşun hissələri, şəhərin ətrafında göstərilən mövqeləri işğal etməkdən də boyun qaçırırlar!

Cənab doktor, Bakının taleyi həll olunmaqdadır, məsələ olduqca qorxuludur, bu saat otuz iki kilometrdən ibarət olan cəbhəni yalnız dörd yüz nəfərlik qüvvə müdafiə edir. Halbuki, düşmən böyük bir qüvvə ilə irəliləməkdədir.

Yerində danışmaq və məsələni ciddi bir surətdə müzakirə etmək lazımdır. Mən cənab doktora bir neçə gün bundan əvvəl dediyim kimi, yenə də fürsət əldə ikən xatırladıram.

Günü günə satmaq yaramaz! Mən gələcəyi indidən görüb danışırdım! Yenə də təkrar edirəm: həyatımız qorxu altındadır. Kəşfiyyat pilotlarının göstərdiyinə görə düşmən böyük qüvvə ilə sürətli surətdə Bakı üzərinə yürüməkdədir. Gələn qoşun, müntəzəm türk qoşunudur.

Cənab doktor, açıq demək lazımdır. İndi ağ bayraq qaldırıb sülh müzakirəsinə girişməyin tam vaxtıdır.

Çox təəssüf ki, vəziyyəti nəzərə almayaraq Komissarlar Soveti bizdən müharibəni davam etdirməyi tələb edir. Buna görə də siz Komissarlar Sovetində qəti surətdə sülh müzakirəsinə girişmək məsələsini qoymalısınız.

Cənab doktor, təxir yaramaz, yoxsa yüz altmış minlik əhalinin fəlakətinə siz cavab verməli olacaqsınız. Qüsur nə sizdə, nə də bizdədir. Allah bəlasını vermiş Biçeraxovun və eyni zamanda Hamazasbın komandasında olan erməni batalyonunun çəkilməsi Bakı qapılarını türk ordusunun üzünə açdı. Digər tərəfdən də bu iş müharibədən boyun qaçırmaq məsuliyyətini bizim öhdəmizdən götürdü, qoy tarixi məsuliyyət onların öhdəsində qalsın.

Hər halda siz və tanışlarınız hazırlıqda olmalısınız.

Avetisov.

29 iyul, 1918-ci il»,

Bu məktubu oxuduqda Araratyan tamamilə çıxılmaz vəziyyətdə qaldı, çünki ingilislərdən qabaq türklərin Bakıya girməsi, Araratyanın ingilis general Denster-Vil cənablarına verdiyi vədin əleyhinə olan bir hadisə idi.

Araratyan bir qədər düşündükdən sonra dəliçəsinə dedi:

– Biz daha Bakıda nə üçün oturmuşuq!

Atasının bu hərəkətindən Ester də diksinərək soruşdu:

– Bir hadisəmi vardır?

– Hadisə yox, fəlakət və dəhşət vardır. Bütün arzularımız boşa çıxdı, düşmən şəhərə yaxınlaşır.

Araratyan Avetisovun məktubunu bir tərəfə ataraq ikinci məktubu açdı. Bu məktub Hamazasb tərəfindən yazılmışdı, Ester çox tələsirdi, o tez-tez:

– Papa, oxuyun! Oxuyun!—deyə Araratyanı tələsdirirdi.

Araratyan məktubu bir kərə başdan ayağa kimi oxuyaraq düşündü, sonra da Ester üçün oxumağa başladı:

«Möhtərəm doktor! Bu məktubu sizə yazdıqda özüm də sıxılıram. Lakin qəzavü-qədərin qarşısında baş əyməmək mümkün deyildir. Biz bu müharibədə çox cürət və cəsarət göstərdik. Lakin vəziyyət qalibiyyətimizə mane oldu. Çünki türklərə qarşı vuruşan ordumuz içərisində plan və iş birliyi yox idi. Hər alayın və hər bölüyün özünə görə müharibə və hərəkət planı var idi. Lazımi vaxtında ümumi qüvvəni, vahid qüvvə kimi düşmənə qarşı qoymaq mümkün olmurdu. Belə də olmalı idi. Çünki biz bolşevik dəstəsi ilə Moskvadan gələn Petrovun planları ilə heç vaxt razılaşa bilməyəcik idik, o, general Dukaçiyevin hərbi hərəkət planlarını tənqid ilə əlavələr edirdi. Buna birinci olaraq mən və mənim batalyonum qarşı çıxdıq. Cəbhəni buraxmaq, yainki müdafiə etmək üçün hərbi sovetin çağırılmasını tələb etdik.

Hərbi sovet çağırdıq. Biçeraxov soveta daxil olmadı, çünki o sovetdən qabaq da öz qüvvələrini geri çəkməyə başlamışdı.

Bolşeviklər isə yenə də cəbhəni saxlamağı və Rusiyadan kömək gəlincəyə qədər türkləri şəhərə buraxmamağı tələb etdilər. Lakin bu tələb yersiz tələb idi. Çünki Biçeraxov çəkilmişdi. Hamıdan qorxaq olan miralay Avetisov da açıq deməsə də çəkilmək tərəfdarı idi, nəhayət mən açıq qəlbli bir zabit kimi dedim: «Doğrudur, bolşeviklər bizdən cəsarət tələb edirlər. Lakin biz lazım olan cəsarəti göstərmişik. Artıq cəsarət göstərə bilməyəcəyik, çünki ifrat cəsarət vəhşilik əlamətidir».

Bu saatda hərbi sovet bitdi. Qoşun rəhbərləri bundan sonra cəbhəni saxlamağın mümkün olmadığını bir səslə qərara aldılar. Onu da deməliyəm ki, bu məğlubiyyətin əsas müqəssirlərindən biri də allah bəlasını vermiş Avetisovdur.

Nə isə, iş-işdən keçmişdir. Türklərlə sülh müzakirəsinə girişmək lazımdır. Bəlkə bununla qabaqda gözlədiyimiz böyük bədbəxtliyin qarşısını ala bildik. Bu barədə Komissarlar Sovetinə təsir etmək lazımdır.

Cənab doktor, heç də qorxuya düşməyin. Nə qədər Hamazasb sağdır, sizin ailənizin başından bir tük belə əskik olmaz. Mənim batalyonum yenə də Bakıya daxil olurkən, sizi müdafiə edəcəkdir.

Hamazasb.

29 iyul».

Araratyan əlini uzadaraq stolun üzərindən Avetisovun məktubunu götürdü. Məktubların hər ikisini oxudu və hər ikisinə tüpürdü.

– Siz alçaq, tülkü qədər hiyləkar və eyni zamanda dovşan qədər qorxaqsınız!—dedi.

Araratyan məktubları yerə atdı və qalxaraq otağı dolaşmağa başladı. Bir neçə dəqiqədən sonra telefona yanaşıb Şved konsulunu səslədi:

– Cənab konsulu telefona çağırmaq mümkünmüdür?—dedi.—Konsul cənablarının özləridirmi?!. Danışan doktor Araratyandır... Təşəkkürüm vardır... Sizi rahətsiz etdim, bağışlayın, Xeyr!.. Xeyr! Mən erməni xalqının sizə olan səmimi ehtiramını bir daha təkrar edirəm... Bəli!... Bəli!.. Xeyr!.. Xeyr!.. Mən yalnız iyulun 24-də sizə ərz elədiyim məsələ haqqında danışmaq istəyirəm. Bəli!.. Haman məsələ! Himayə məsələsi! Doğrudur!.. Şübhəsizdir! Bu saat aldığım məktubda cəbhənin pozulduğu və türklərin şəhərə yaxınlaşdığı göstərilir... nə eybi vardır. Erməni milli soveti adından rəsmi surətdə sizə yazıb erməni xalqının himayəsini rica edirəm... sabah tezdən, rəsmi surətdə konsulxanaya göndərərəm.

Əmin ola bilərəm ki?! Çox razıyam! Şübhəsiz... şübhəsiz... Cənab konsulun insaniyyətpərvərliyi haqqındakı qeydlərimizi bütün Avropa mətbuatına göndərəcəyik... Sabah... bəli... yarın... cənab konsulun özü də təşrif aparmalıdır...

Bundan sonra da doktor Araratyan trubkanı yerə qoymayaraq, milli sovet üzvlərini bir-bir səslədi. Əvvəlcə miralay Avetisov və Hamazasbın məktubları haqqında danışdı, sonra da: «Biz türklərdən nə üçün qorxuruq,—dedi,—əvvəla türklər bizim eşitdiyimiz vəhşi türklər deyildir. Bundan da əlavə Şved konsulu bizim himayəmizi öz öhdəsinə götürmüşdür. Bu saatda cənab konsul ilə danışdım. O, ayın 24-də verdiyi sözünün üstündə möhkəm durmuşdur. Sabah tezdən Şved konsuluna erməni milli soveti adından rəsmi məktub göndərəcəyəm.

Türkiyə ərkani-hərbinə sülh nümayəndələri göndərirkən cənab konsulun özü də sülh nümayəndələri ilə bərabər getməyi öhdəsinə götürdü. Biz indi əmin ola bilərik, hər halda bolşevik məsələsi həll edilir. İngilislərə verdiyimiz vədlərə gəldikdə bütün qüsurları Biçeraxovun öhdəsində qoya bilərik. Çünki cəbhəni hamıdan əvvəl Biçeraxov tərk etmişdir».

Ester bütün məsələdən xəbərdar oldu, bundan da sonra öz otağına keçərək öz adresinə gələn məktubu oxumağa başladı. Ester məktubu oxuyan kimi çarpayının üzərinə yıxılaraq şiddətlə ağladı.

Leyla xanım heç gözləmədən qapını açıb otağa girdi, Esterin ağladığını görürkən bir hadisə üz verdiyini dərhal anladı və məktubu stol üstündən götürüb oxudu:

«Gözəl və eyni zamanda şıltaqçı Ester!

Bu məktub son məktubdur. Bundan sonra üz-üzə danışacağıq, çünki bu gün, yaxud sabah Bakıda olacağam. Sənin məsələni silah gücünə də olsa bitirməliyəm. İndi artıq sənin işinlə məşğul olmağa vaxtım vardır, çünki cəbhə fikri və müharibə məşğuliyyəti bitmişdir. Cəbhəni buraxıb şəhərə çəkilirəm. Mən indiyə qədər ixtilaf çıxarmaq istəmirdim, sənin məsələn üzərində ixtilaf çıxarmaq müharibənin və cəbhənin vəziyyətinə də təsir edə bilərdi.

Artıq belə bir qorxuya lüzum yoxdur. Hazırda cəbhə dağılır. Hər kəs başını alıb bir tərəfə gedir. Mənsə batalyonumu şəhərə gətirirəm. Hazırlaşmalısan. Bu sözü sənə qəti olaraq yazıram. Bu işim ümidsizliklə qurtardığı təqdirdə səni də, Avetisovu da, atanı da məhv edəcəyəm. Sən yəqin et ki, Hamazasb səni ya diri, ya ölü əldə edəcəkdir. Sənin məsələni bitirmədən bir tərəfə getməyəcəyəm. Səni bərabər götürüb İrana və oradan da Fransaya aparacağam. Sənin igid və qəhrəman saydığın və mənə tərcih verdiyin Avetisov bizim məğlubiyyətimizə səbəb oldu. İndi də qorxaq bir dovşan kimi türklərdən barışıq rica edir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri