XVI. Raya qaçdı
Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. Bu gecə nədənsə Raya xanımın şam yeməyi çox uzun çəkdi, balkonun o biri tərəfində duran gözətçi qoçunun səbri tükənmişdi. Raya qarşısına qoyulan yeməklərdən başqa yenə xörək tələb edirdi. Əminə onun tələblərini yerinə yetirir və özü də onunla bərabər oturub söhbət edir və yeyirdi.
Nəhayət, qoçu Əminəni səsləyərək:
– Nə olubdur, nöşün yatmırsınız?–dedikdə Əminə cavab verdi:
– Xanım hələ şam yeməyini bitirməmişdir.
– Eybi yoxdur. Xanımın da xanımlığına az qalmışdır. Odur, kişilərin toplarının səsi gəlir.
– O cürə sözləri danışma!
– Danışanda nə olar?! Açıq ol ki, qənbərqulu çıxmasın. Canın mənim əlimdədir. O qədər olsun ki, bircə gəlmə ağanın qulağına pıçıldayım, o saatda işini bitirər. İndi bildin ki?!
– Ağaya mənim nəyimi deyəcəksən?!
– Deməyə mən söz taparam. Sənə borc deyil.
– Ağlını başına yığ. Vaxta ki, ağa xanıma hörmət etmək vəzifəsini bizə tapşırıb, gərək onu razı salaq. Xanımlıq vaxtına az qalıb çox qalıb, bizim işimiz deyil.
Qoçu:
– Xanım da gərək bizi razı salsın ya yox?! Nöşün bizə yaxın gəlmir. Biz kişi-zad deyilikmi?–deyə hər gecəki söhbətini başladı. Əminə ona nəsihətverici bir əda ilə dedi:
– Sən o cür sözləri heç danışma! Mən də sənə bu ixtiyarı vermirəm.
– Sənin ixtiyarına baxan kimdir? Tumanını ayaqdan çırıb başından çıxararam.
– Bu sənin atanın da ağzı deyil. Belindəki tapançadan da qorxum yoxdur. Haramzadanın biri!
Raya onların arasında deyişmə olduğunu gördü. Buna görə də qoçuya müraciətlə:
– Sən bu qızdan nə istəyirsən?–dedikdə qoçu ayağa qalxıb əllərini kəmərinə saldı, belindəki tapançanı tərpətdi və dişlərini ağardaraq Rayaya cavab verdi:
– Bunu soruşmazlar ki? Kişi arvaddan nə istəyə bilər? Ay barışna, biz də axı tay-tuş içində sayılan bir çeyilik. Bəs siz nə vaxt ağzımızı şirin edəcəksiniz?
Əminə sıçrayıb qoçunun üstünə atılmaq istədikdə, Raya onun qolundan tutdu:
– Sən otur yerində, mən onun cavabını verərəm,–dedi və qoçuya dönərək:–Sən neçə gündür buradasan. Biz səndən nalayıq hərəkət görməmişik. Heç şübhə yoxdur ki, buna da bir səbəb vardır, ya bunu sənə ağa tapşırmışdır və yainki sənin özün ədəbli bir adamsan. Əcəba, bu gün nə olmuşdur? Bəlkə bunu sizə ağa tapşırmışdır?
Qoçu dedi:
– Xeyr, ağa bu barədə mənə heç bir söz deməmişdir.
– Bəs nə üçün ədəbli bir kişiyə yaraşmayan sözləri danışırsınız. Bizim birimiz sənin xoşuna gəlirsə, onun da bir qaydası və bir təhəri var, sən birimizi sevirsənsə həddindən artıq ədəbli olmalısan və yaxşılıq etməlisən ki, bununla da özünü sevdirəsən, yoxsa sevgini zor ilə qəbul etdirmək olmaz. Sən özün yaraşıqlı, boylu-buxunlu və layiqli bir oğlansan, sözünü söyüşsüz və vuruşmasız, ədəbli, vüqarlı surətdə də deyə bilərsən. Elə ki, gördün sənin sevginə qiymət qoyan yoxdur, onda sərt danışmağa haqqın var. Belə deyilmi?!
Qoçu bir az düşünərək, Rayaya çox diqqətlə baxdı və dedi.
– Görmürsən bu lüt köpək oğlunun qızı nə qozqırır? Elə bil ki, mən buna bir küçə uşağıyam. Behiştdən gələn huri ola ha, mənə dil ki, qaytardı bir qəpiyə dəyməz. Özü də bilir ki, mən bozşalvar çeyillərdən deyiləm. Onda da tamahım yoxdur, tamahım varsa qoy anam-bacımda olsun.
– İndi ki, onda tamahın yoxdur, daha niyə dalaşırsan?
– Dalaşmağımız... dalaşmağımıza səbəb odur ki, o sənin əvəzindən mənə cavab verir.
– Demək ki, mübahisə mənim üzərimdə gedirmiş...
Raya bunu deyərək güldü və qoçudan soruşdu:
– Elə bu?
– Bəli bu! Bu azdırmı?
– Çox gözəl, demək belə...
– Hə, belə...
– İndi bəs necə olsun? Mən burada məhbus–sən də mənim gözətçim.
– Sən məhbus, mən də sənin gözətçin. Bunun nə dəxli var ki?!
– Necə nə dəxli var. Madam ki, mən azad deyiləm, o zaman bizim birləşməyimiz necə baş tuta bilər?!
– Necə yəni baş tuta bilər?! Nöşün də tutmasın, sən burada, mən burada. Bu naçins qızı naçins, adam balası olsa, dilini dişinin altına qısıb otursa, bu evin sirrini bayıra çıxarmasa, hər iş öz vaxtında düzələr. Bir qənbərqulu da çıxmaz.
– Çox gözəl. Sən məni buradan alıb özünlə apara bilməzsənmi?
– Xeyr, o heç vaxt ola bilməz.
– Nə üçün ola bilməz?!
– Nöşün ki, mənim məsləkim yol verməz.
– Hansı partiyadansınız?
– «Müsavat» partiyasından.
– Onda bəs necə olsun?
– Necə olacaqdır? A qız, sən nə avam adamsan, nöşün mən dediyimi anlamırsan, sənə bir Qaspiçə söz demişəm, yenə də deyirsən bəs necə olsun. Necə olacaqdır, gecə uzun, gen otaqlar, daha bunda nə var ki?!
– Çox gözəl, mən bir qədər fikirləşərəm, sən də bir az fikirləş. Bəlkə bir cürə oldu ki, bizim bu dostluğumuz eşikdə baş tutdu.
– O, heç bir vaxt ola bilməyəcəkdir. Çünki sən eşik üzü görməyəcəksən.
Kimsə dinmədi, qoçu Rayanın yumşaldığını zənn edərək balkonda gəzişir və fışqırıq çalırdı.
Əminəyə bıçaq vursaydın, qanı çıxmazdı; o ancaq Rayanın tapşırığına görə sakit olmuşdu.
Gecə saat iki idi, küçədə binanın qarşısında bir faytonun dayandığı hiss edildi, iki dəfə də fışqırıq səsi gəldi. Bu, Rayanı həbsxanadan aparmaq üçün gələnlərin siqnalı idi.
Raya və Əminə isə siqnala baxmayaraq, yenə də şam süfrəsinin başında oturmuşdular.
Qoçu Əminəni səslədi:
– A qız, Qaspilərdən birini bura gətir görüm!–dedikdə Əminə qəzetlərdən birini götürüb qoçuya apardı. Qoçu qəzeti alıb oxumazdan əvvəl Əminəni saxlayaraq:
– De görüm indi sözün nədir?!–dedi.–Gördün ki, barışna özü də razıdır?
– O səndən qorxur, yoxsa çoxdan razıdır.
– Mən qurd-zad deyiləm ki, nöşün qorxur?! Partiyaçı adamdan da qorxmaq olarmı?
– Bəs arvad tayfası belində tapança gəzdirən qoçudan qorxmazmı?
– Elə bu?!
– Əlbəttə ki, bu?
– Bu isə, bir saatlığa mən tapançanı açıb kənara qoyaram.
Qoçu tapançanı yanına qoydu və Rayanı səslədi:
– Ağız, indi gəl bura görüm. Yekə qızdır, tapançadan qorxur.
Raya durub, qoçunun yanına gəldi, onun saçlarını sığallamaq istərkən Əminə də əfsərski tapançanı üst ayağa qaldıraraq qoçunun başına dayadı:
– Səsini çıxaran kimi başını partladacağam!
Qoçu bunu zarafat hesab edərək:
– Qoy yerinə qançığın birisi! Tapança ilə oynamaq olmaz!–dedikdə Raya bir şillə onun ağzından vuraraq, yeşikdən aldığı brauninq tapançanı çıxartdı:
– Kəs səsini, alçaq! Bir kəlmə də danışmağa icazə vermirəm. Neçə gündən bəri danışdıqların üçün böyük cəzaya layiqsən.
Qoçu sanki yuxudan ayıldı və tapançalara baxaraq:
– Bəs belə, hə?! Siz heç zarafat-zad qanmırmışsınız... ağanın başı üçün mən mazaxlaşırdım. Qoy qırağa o zəhrimarları, xata çıxararsan.
Raya dedi:
– Sus! Yoxsa öləcəksən?
– Başım üstə. Buyurun görək nə demək istəyirsiniz?
Bu sözdən sonra Əminə qoçunun əllərini dalında möhkəm bağladı və bir şillə də üzünə vurub:
– Yıxıl yerə, həyasız!–dedikdə qoçu uzandı, onun ayaqlarını bağladılar. Sonra da əynindəki ipək köynəyi çırıb ağzını da möhkəm bağladılar.
Əminə otaqdan Rayanın vaxt ikən hazırlanmış çamadanını və qoçunun tapançasını götürüb dışarı çıxdı.
Qapıda iki fayton durmuşdu. Faytondakılar Vahan, bir də Əminənin qardaşı Heydər idi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xvi-raya-qacdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.
Başqa şairlərin şeirləri
Çərx hirətdədir aya nə təmayüldə imiş,Meyli-xurşidi-fələk hansı şəmaildə imiş
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,