Gecə tünd qaranlıqdı. Göyün ulduzları havada uçan qurşunlarla bir-birinə qarışmışdı. Cəbhədən çəkilən qocaman bir ordu sel kimi axaraq Biləcəriyə tökülməkdə, eşelonlar tökülüb gəlməkdə idi.

Parovoz fitləri, əskəri araba təkərlərinin səsi, zabitlərin göstəriş və qışqırıqları, gurultu bütün Biləcərini bürümüşdü.

Hər tərəfdə qışqırıq, söyüş, narazılıq eşidilirdi, çünki cəbhədən qayıdan əsgərlər, eşelonları boşaltmaqdan boyun qaçıraraq, silahını alır və şəhər yoluna düzəlib nizama durmaqdan boyun qaçırırdı.

Şəhər ilə Biləcəri stansiyasının arası, əsgəri arabalar, faytonlar, avtomaşınlar və piyada, süvarilərlə dolmuşdu. Ancaq bunların hamısı qaçır, arxaya baxmadan qaçırdı.

Ordu ərkani-hərbi kiçik bir binada yerləşmişdi. Səhra hərbi telefonu cəbhə ilə ərkani-hərbin əlaqəsini saxlamaq üçün yenicə düzəlmişdi. Ərkani-hərb üzvləri aralıqda dolaşırdı — bir nəfər də yerində oturan yox, telefon zənki vurdu. Miralay Avetisov dəstəyi götürdü.

– Mən nə edə bilərdim. Telefon rabitəsi ancaq bir dəqiqə əvvəl düzəlmişdir. Hə... hə... hə... bu məlum... bir halda ki, sözümə baxan yoxdur, telefonu mən özüm çəkə bilərəmmi?..

Bilirəm, Biləcəri tərəflər müdafiə üçün əlverişlidir... bilirəm... yoldaş Petrov, bilirəm. Lakin kimlərlə müdafiə etmək?.. Bəli, bəli... bəli... mən şəxsən hər bir fədakarlığa hazıram, yoldaş Petrov, saldatlar sözümə baxsaydı, mən onları qırdırmağı bacarardım. Lakin bu da fayda verməz, çünki sol qanad tamamilə açıqdır. Bilmirəm siz müharibəni nə hesab edirsiniz?... Siz öz kiçik qüvvənizlə sol qanadı müdafiə edə bilsəniz belə, bir fayda verməz.

Avetisov dəstəyi yerinə qoyaraq otağı dolaşmağa başladı və həyəcanlı bir surətdə Mikoyana müraciət etdi.

– Əziz yoldaş, indi buyurun görək, mütarikə təklifi üçün türk ordusu baş komandanı yanına kimləri göndərirsiniz?

Miralay Avetisovun bu sözündən sonra Mikoyan, Qanin və Qabışev dərin düşündülər. Avetisovun sualına cavab çıxmadı. Avetisovun səbri tükəndi, bir daha müraciət edərək:

– Hər dəqiqə sükut, Bakının taleyindəki təhlükəni artırır,–dedi,–siz gərək səy edəsiniz ki, türklər Bakını süngü gücünə işğal etməsin. Əcəba, siz atışmanı eşitmirsinizmi? Siz ordu hissələrinin itaətsizliyini görmürsünüzmü?

Avetisovun uzun-uzadı sözlərinə və onun bir əskərə yaraşmayan qorxaqlığına cavab olaraq Mikoyan qısa və qəti cavab verdi.

– Biz heç vaxt Türkiyə ordusunun mərhəmətinə əl uzatmayacağıq. Biz məsələni Komissarlar Sovetinə bildirmədən heç bir təşəbbüsdə bulunmayacağıq.

Avetisov bu sözdən çox sıxıldı və əlini belinə vuraraq acıqlı dedi:

– Mən silah gücünə olsa da, sizin əlinizə ağ bayraq verib, mütarikə üçün Türkiyə ordusu ərkani-hərbinin yanına göndərərəm.

Mikoyan açıqlanmadı, adi və sakit halda cavab verdi:

– Qoy bizi qurşuna düzsünlər, çünki ölmək şərəfdir. Düşmənə yalvarmaq və Bakı proletariatını satmaq isə böyük şərəfsizlikdir.

Mikoyan bu sözləri dedikdən sonra dəstəyi götürüb Komissarlar Sovetinə zənk vurdu:

–Qərargah Biləcəridədir, sağ cəbhə tamamilə açıqdır. Yoldaş Petrov sol qanadı müdafiə edir. Miralay Avetisov, Petrovun tələbinə baxmayaraq sağ qanadın möhkəmləndirilməsindən boyun qaçırır.

Avetisov bizi «silah gücünə olsa da, ağ bayraqla düşmənin yanına göndərərəm» deyə təhdid edir. Mən, Qanin və Qabışev yoldaş bundan qəti boyun qaçırtdıq.

Mikoyan dəstəyi yerinə qoyub Avetisova müraciətlə dedi:

– Şəhərdəki bütün qüvvə səfərbər edilərək, cəbhəyə göndərilir. Türklər Bakını heç vaxt ala bilməyəcəklər. Yoldaş Şaumyan əmr edir ki, yeni qüvvə gəlincəyə qədər cəbhəni saxlamalıdır.

Avetisov bir azdan sonra şəhərə telefon etdi.

– Bağışlayın, rahatsız etdim... Bəli!.. Bəli! Avetisovdur... Əcəba, səsimdən tanımadınızmı? Mənçə, tanımaq istəmədiniz. Hə, hə, hə. Belə olmadığını bilsəydim şad olardım. Məktubumu aldınızmı? Doğrudanmı?! Zənnimcə, başqa məktublar kimi onu da bir tərəfə atmısınız. Belə deyilmi! İnanımmı?! Oxumuşsunuzsa ondan bir kəlməsini söyləyin görüm!.. Düz dediniz. İndi bildim ki, məktubu oxumuşsunuz, nə qədər xoşbəxtəm... Mən o sözlər içərisində gizlənə bilsəm, daha da xoşbəxt olardım. Sabah sizin əlinizi öpməyə müvəffəq olacağam. Sizi görmək üçün nə qədər çırpındığımı təsəvvür edə bilsəydiniz şübhəsiz ki, halıma yanacaq və qeydimə qalacaqdınız. Sizi yuxudan qoydum. Bağışlayacağınıza əminəm. Atanıza salam söyləyin. Yatmışsa oyadın, sözüm var.

Avetisov telefonda gözlədi, nəhayət doktor Araratyanın səsi eşidildi. Avetisov:

– Bəli, mənəm cənab doktor!–dedi.–Biləcəridən danışıram. Bağışlayın, sizi rahatsız etməyə məcburam. Vəziyyət olduqca qorxuludur. Məktubumu aldınızmı?.. Çox gözəl, vəziyyət məktubda göstərdiyimdən daha təhlükəlidir. Hər halda siz hazırlığa başlamalısınız.

Düşmən bir neçə saatdan sonra şəhərə girəcəkdir. Həyəcana lüzum yoxdur, sizə heç bir qorxu yoxdur. Siz köçüb aradan çıxıncaya qədər şəhəri saxlaya bilərəm... Hələlik...

Avetisov trubkanı asdı. Hamazasb tələsik otağa daxil oldu və dəstəyi götürüb şəhərə, doktor Araratyana telefon etdi:

– Ester, sənsənmi?!–dedi.–İndiyə qədər nə üçün yatmamışsan?.. Xəstə! Xəstəliyin nədir? Başın?! Yəqin özünü soyuğa vermisən... Məni gözləmirsənmi? Bir azdan sonra, əlini öpməyə nail olacağam... Necə?! Necə?! Necə yəni belə sözlərə lüzum yoxdur?.. Bu sözləri də təzəmi öyrənmisiniz?! Ağıllı qız ol! Sən mənim üçün yaranmısan... Saldatla göndərdiyim xüsusi məktubu bir saatdan sonra alacaqsan, ona əməl olunmalıdır. Alo! Alo! Alo! Telefondayam!..

Hamazasb nə qədər «alo! alo!» səslədi isə cavab verən olmadı, çünki Ester, Hamazasbın sözlərini eşitmək istəməyib dəstəyi yerinə asmışdı. Otaqda Avetisov, Hamazasb, bir də Avetisovun rabitə zabitindən başqa kimsə yox idi.

Hamazasb ikinci dəfə telefon etmək istədikdə Avetisov Hamazasba dedi:

– Xüsusi telefon deyildir. Cəbhə telefonları ilə xüsusi söhbətlərə icazə vermirəm!

Hamazasb dəstəyi yerinə qoydu və dedi:

– Sizin icazəniz olmadan da danışa bilərəm. Nə demək istədiyinizi bilirəm. Hərgah başqa yer ilə danışsaydım icazə alardım. Buna görə də mən sizin əmrinizi xüsusi və şəxsi bir əmr olduğu üçün qəbul etmirəm.

Avetisov rabitə zabitinə dönərək:

– Dayandır!–dedikdə o telefonun ştepselini aparatdan çıxartdı.

Hamazasb:

– Sizin hər ikinizlə hesablaşaram!–deyə eşiyə çıxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xərabat

Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı, küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları, səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.

23 dəq
Bahar

Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.

29 dəq
Hüsaməddin

Qətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.

6 dəq
Fəxrəddin

Müşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.

6 dəq

Başqa şairlərin şeirləri