VI. Neft sənayesi milliləşir
Səhifə 1 / 2
Neft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı.
Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər.
Xəbər yayırlardı ki, Moskvada bu məsələ qəbul edilməmişdir. O biri tərəfdən mədənlərdən lazımi materiallar oğurlanır, kassalarda olan pullar saxta vəsiqələrlə alınırdı. Mədən sahibləri mədənləri pozub-dağıtmaqla bolşeviklərin nefti idarə işini çətinləşdirirdi. Mədən müdirləri, inzibat işçiləri də bu xəyanətlərdə iştirak edirdilər. Bütün bu xəyanət işlərinə, neft burjuaziyası nümayəndəsi Takianosov başçılıq edirdi. O, Moskvadakı tərəfdarları ilə də əlaqə saxlayırdı. Lakin bunlara baxmayaraq, onun özü də məsələnin bolşeviklər lehinə həll ediləcəyinə inanırdı.
Erməni neft burjuaziyası, xarici neft nümayəndələrinə nisbətən daha rahatsızdı. Onlar Takianosovun Moskvadan aldığı əsassız məktublarla hamıdan artıq maraqlanırdılar.
Bu gün yenə də Takianosovun Moskvadan aldığı bir məktub oxunacaq idi. Məktub, erməni burjuaziyasının hökumət orqanı sayılan erməni milli soveti üzvlərindən doktor Araratyanın düzəltdiyi ziyafətdə oxunmalı idi, çünki bolşeviklərin dekreti ilə milli sovet ləğv edildiyi üçün, milli sovetin iclasları ancaq «ziyafət» pərdəsi altında çağırılırdı. Rəsmən ləğv edildiyinə baxmayaraq, milli sovet erməni burjuaziyasına olan xidmətini aktiv surətdə davam etdirir və bolşeviklərə qarşı xəyanət hazırlamaqdan geri qalmırdı.
Bu gecə saat on ikidə doktor Araratyanın evindəki ziyafət, neft məsələsinin müzakirəsi üçün çağırılan iclasdan ibarətdi. Araratyanın qızı Ester, Leyla xanımı və Raya xanımı ziyafətə gətirmək üçün «Metropol» otelinə getməyə hazırlaşırdı. O, axşam saat doqquzda küçədə fayton gözləyirdi. Onun qarşısından orta boylu, yoğun gövdəli bir işçi ötürdü. Ester nədənsə işçini izləməyə başladı. İşçi uzaqlaşdıqca Ester də ona yaxınlaşmağa tələsirdi. Axşam qaranlığı Esterə mane ola bilmirdi. Ester yanğın dəstəsi binasının dalında dayandı və öz-özünə sual verdi: «Mən hara gedirəm? Bu kimdir? Əcəba, burada bir hadisə üz versə, atama nə cavab verəcəyəm?»
Ester dayandı, işçi də dayandı. Heç birindən səs çıxmırdı, nəhayət Ester özünə cürət verərək bir neçə qədəm irəlilədi. İşçi də bir neçə qədəm ondan uzaqlaşdı. O sanki Esterin kölgəsi idi.
Ester geri qayıtmaq istərkən, bir səs eşitdi.
– Ester, qorxma, dayan!
Bu səs Vahanın səsinə bənzəyirdi. Ester titrək səslə.
– Vahan, sənsənmi?—deyə soruşdu.
– Ester, irəli gəl, Vahandır, qorxdunmu?—deyə Vahan onu səslədi. Vahan bir neçə qədəm geri qayıtdı, Ester irəlilədi, dörd qol birdən açıldı, dörd dodaq biri digəri üzərində titrəməyə, iki qəlbin çırpıntısı bir-birini dinləməyə başladı, bu zaman dörd qara gözün daraq kimi kirpikləri də bir-birinə qarşı durduqda kimin gözlərindənsə bir qətrə yaş düşdü.
Ester ağlayıcı bir səslə dedi:
– Mən nə üçün qaraltını təqib etdim? Çünki o qaraltı ilə keçirdiyim xoş günlərin bütün tabloları gəlib gözümün qarşısından keçdi, sanki mən səni təqib edərkən, bir daha uşaqlığın unudulmaz və səadətli günlərinin qoynuna atıldım. Lakin sənin uzaqlaşmağa tələsməyin, mənim ümidlərimi qırdı, o uşaqlığın bir daha qayıtmayacağını hiss etdirdi.
Vahan onun saçlarını oxşayaraq dedi:
– Gəl, qorxma, həyatdan ümidini kəsmə. Sən məni dinləsən, biz, o uşaqlıqdan daha şən həyat qura biləcəyik.
Ester ağlayaraq:
– Çox çətindir. Mən iki cəlladın arasında qalmışam; atam məni onlardan birisinə satmağa çalışır, çünki, onsuz yaşaya bilməz. Atam yalnız onlara arxalanır,—dedi və başını Vahanın çiyninə qoydu.
Vahan yavaşdan dedi:
– Sata bilməz! Sən sözünün üstündə dursan, o səni satmağı bacarmaz. Sən məni dinlə: əvvəlcə Hamazasbı rədd etməlisən, çünki onların hər ikisini birdən rədd etmiş olsan, atan yenə də mənimlə olan əlaqəndən şübhə edəcəkdir. Əvvəlcə Hamazasbı atmış olsan, Avetisovun özü də bu barədə sizə kömək edər. Hamazasb da onun qorxusundan səsini çıxara bilməz. Hamazasb aralıqdan çıxandan sonra, Avetisovu rədd etmək mümkündür. Çünki o, bir qızdan ötrü ixtilaf törətməyi və işi silah gücü ilə həll etməyi bacarmaz. O vaxta qədər mən də işlərimi düzəldərəm, otaq taparam, bəzi şeylər də alaram. Anamı gətirib bacımın yanında qoymuşam, özüm isə ümumi işçi mənzilindəyəm, yaxın vaxtlarda mənə otaq verəcəklər, səni də köçürüb ora apararam.
Ester Vahana belə bir sual verdi:
– Onlar səni öldürməzlərmi?
– Mənə heç bir şey edə bilməzlər. Onların ömrü çox azdır. Təşkilatları da köhnəlmiş, əsasən çürümüş və nüfuzdan düşmüşdür. Bizim bolşevik təşkilatı isə sağlamdır. Geniş kütlələr bizim təşkilatın ətrafında toplanmışdır. İndi işimiz yaxşı deyilsə, düşmənlərimiz süni aclıq yaratmışsa, bu çətinliyin ömrü çox azdır, tezliklə biz yenə də qalib çıxacağıq.
Ester bu sözlərdən sonra bir az düşünərək Vahana müraciət elədi:
– Vahan, sən istəsən, mən o çirkabın içərisindən çox tez çıxa bilərəm.
– Əcəba, mən bu səadəti sənə vermək istəmirəmmi?
– Sən istəsən də həyat buna yol vermir. Çünki yoxsulsan, işləri düzəldə bilmirsən, sözümə baxsan işlər çox tez düzələr. Al bu inci boyunbağını, saatımı, üzükləri, apar sat, hər bir işini düzəlt, bunlar mənim nəyimə lazımdır. Mən bütün bunları atamın tapşırığına görə daşımaq məcburiyyətindəyəm, o məni bəzədib gündə birisinə bəyəndirmək və özünə nüfuz qazanmağa çalışır.
Vahan Esteri sakit edərək:
– Yox, Ester!—dedi.—Mən bu təklifə heç vaxt razı ola bilmərəm, çünki mən bu şeyləri səndən qəbul etsəm, sənin atan məni oğru deyə məhkəməyə də çəkə bilər, mənim sənə olan sevgimə, şəxsi mənfəət namı da verə bilər, bu isə bolşevik adını daşıyan bir işçi üçün böyük ləkədir. İndi ki, sənin özün müftəxorlar və istismarçılar həyatından nifrət edir və bizim içimizə gəlirsən, mən də özümüzə layiq bir həyat düzəltməyə, hətta yaxında düzəltməyə çalışaram.
Ester dedi:
– Mən heç bir şey istəmirəm, yalnız o xainlərin içərisindən çıxmaq və sevmədiyim adamlara satılmamaq, səninlə yaşamaq istəyirəm. Vahan, sənin özün uşaqlıqdan məni tanıyırsan. Bilirsən ki, təntənəfilan sevənlərdən deyiləm. Sən bilirsən ki, mənim daşnaqlardan da zəhləm gedir. Onları müdafiə edən Avetisov və Hamazasb kimiləri də görməyə gözüm yoxdur. Vahan, sənə and içirəm. Mənə inan, bu gecə evdən çıxıb qaçmağa hazırlaşırdım. Çünki yenə də o vəhşilər atam düzəltdiyi ziyafətə gələcəklər, mən bilirəm ki, Vahan, onlar sizin düşməninizdir. Bacarsalar bolşevikləri bir gündə məhv edərlər.
Vahan əlini Esterin saçlarında gəzdirərək soruşdu:
– Ester, doğrudan da sən bolşevikləri sevirsənmi?
– Onları sevməmək mümkündürmü? Mən onların dediklərini eşidirəm, nitqlərinə qulaq asıram. Onlara mane olmasalar, onlar mənim sevdiyim yoxsullara nicat verə biləcəklər. O zaman biz də...
Ester sözünün gerisini söyləmədi, utandı, Vahan isə onun sözünü davam etdirərək:
– O zaman biz də azad yaşayacaq, uşaqlıqda keçirdiyimiz əziz günləri özümüzə qaytara biləcəyik. Ester, ancaq sən buna inan. Bolşeviklər məğlub ediləcək bir qüvvə deyil. Onların ordusu çox böyükdür.
Onlar danışa-danışa Stanislavski küçədən Telefonnı küçəyə düşdükləri vaxt saat on bir idi.
Ester faytona oturarkən Leylaya müraciətlə:
– Heç də bu kimi ziyafətləri sevmirəm,—dedi,— bunların hamısı atamın uyğunsuz işləridir. O, bu işləri ilə özünü və özü kimilərini erməni xalqının rəhbəri etmək istəyir. Mənsə onları görmək istəmirəm.
Leyla:
– Kimi görmək istəmirsən?—deyə soruşduqda, Ester:
– Hamazasbı, Avetisovu,—dedi,—çünki hər bir ziyafətdə bunlar da olurlar.
Leylanın bu sözdən xoşu gəldi, o çoxdan bəri düşündüyü bir məsələnin həyata keçə biləcəyinə inandı və sevindi:
– Hamazasbla yaşamağınızın tərəfdarı deyiləm,—dedi,—lakin Avetisov ziyalı və ədəbli bir adamdır, onunla yaşamağın tərəfdarıyam. Siz hər halda Hamazasbı rədd etməlisiniz, onun şəxsiyyəti mənə xoş gəlmir, o sizə layiq deyildir.
Ester Leylanın bu sözlərində Vəhanın təvsiyələrini bir daha xatırlayaraq dedi:
– Bu gecə, bu gecənin özündə Hamazasbı rədd edəcəyəm, ona heç əhəmiyyət verməyəcəyəm.
Leyla bu sözdə onu qucaqlayıb öpdü və dedi:
– Bax, sən indi ağıllı qızsan, bu barədə sənə bir kitabça söz dedim, şükür olsun ki, axırda müsbət bir nəticə verdi.
Leyla və Ester içəri girdikdə, Araratyanın qonaqları da, yavaş-yavaş gələrək balkonda dolaşır və Leyla ilə Esterin intizarını çəkirdilər.
Sadovski kimsəyə macal vermədən, Leyla xanımın qoluna girdi.
İvanov Raya ilə birlikdə gələrək balkonda dolaşır, yenə də eşq dastanlarını təkrar etdirirdi. Ester isə gələn kimi öz otağına keçib tualetini düzəltməklə məşğul ikən, Hamazasb və Avetisov da gözlərini qapıya çevirib, Esteri cəzb etməyə hazırlaşırdılar.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-vi-neft-senayesi-millilesir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çar konsulu Təbrizdə vəliəhdlərə məxsus Şəmsülimarənil boşaltmışdı. Şəmsülimarə binası vəliəhdin Təbrizə gəlməsi münasibəti ilə təmir edilirdi.İran hökumətinin vəliəhdi Təbrizə göndərməkdə məqsədi özünün Azərbaycandakı hakimiyyətinin mövcud olduğunu göstərməkdən ibarət idi, çünki səltənətin vəliəhdi daim Təbrizdə yaşamışdı. İranın bu məqsədini çar diplomatları da lazımi qədər anlamışdı, onlar bütün varlığı ilə vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsinə mane olmaq istəyirdilər.
Sərdar Rəşidin son macərasıSərdar Rəşid hökumət işlərini vəliəhdin peşəkarı Nizamülmülkə təhvil verib qurtarmışdı. Artıq o hökumət başında deyildi, o, Azərbaycanda bir işə təyin edilmək arzusunda olsa belə, həm vəliəhd, həm də Nizamülmülk ona Azərbaycanda iş vermək istəmirdi.O, Təbrizdən getməyə hazırlanırdı, lakin buna baxmayaraq, sanki o, Təbrizdə mühüm bir hadisə yaratmaq üzərində çalışırdı. Daim yüksək rütbəli çar çinovnikləri, qoşun rəhbərləri, yüksək çinli zabitlər və sairələrlə əlaqədə idi.
Sərdar Rəşid Təbrizi satdıSərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı:Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil.
Alış-verişVəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...
Başqa şairlərin şeirləri
Səndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.
Ağacın bəlasıBürümüşdü dörd yanı onun qolu-budağı,Boy-buxunda ucaydı şəhərin evlərindən.
İmdadQarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada