Səhifə 1 / 2

Atabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi.

Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi.

Atabəy, Zəhir Bəlxinin əcnəbi nümayəndəsi olduğunu və onun xərəzmşahlarla əlaqədə olduğunu, Kəmaləddinin isə Fars və Kirman istiqlalını bərpa yolunda çalışdığını bilməmiş deyildi. Lakin Atabəy, Toğrulun bunlarla olan əlaqəsinə müəyyən bir mündərica verə bilmirdi. Atabəyi Qətibənin tez-tez Bağdada getməsi və Hüsaməddini də bərabər götürməsi daha da dərindən düşündürürdü. O, Qətibənin təzə bir macəra törətmək istəməsinə inanırdı. Atabəy Məhəmməd Həmədanda başlanan bu macəranın Canpolad kəndindəki sui-qəsd ilə əlaqədar olduğunu da zənn edirdi. Lakin işi haradan başlamaq, əvvəlcə kimin haqqında təhqiqat aparmağı qərara ala bilmirdi.

Nəhayət, Atabəy işə öz evinin içindən başlamağa qərar verdi. O, Qətibəyə yaxın olan cariyələri yoxlamağa və saraydakı sirlərdən soruşmağa başladı. Əvvəlcə nəzərində Səba xanımı tutmuşdu; çünki o, Qətibə ilə ən yaxın olan cariyələrdən idi. Eyni zamanda Səba xanımın özü də Atabəylə tez-tez görüşməyi, hətta lazım olmadığı zaman belə adi bir işi bəhanə edərək, Atabəyin otağına soxulmağı sevirdi. Bunu Atabəyin özü də hiss edirdi.

Axşam saat səkkizdə Səba xanım adəti üzrə, Atabəyin oğlunu atasının görüşünə gətirmişdi. Lakin Səba xanımın bu gecəki gəlişində Atabəyin diqqətini cəlb edəcək qədər bir fövqəladəlik vardı. Atabəy Səba xanımda gördüyü bu gecəki fövqəladəliyi Qətibədə görə bilməmişdi.

Atabəy Səba xanımın hər bir hərəkətini diqqət-nəzərinə almışdı. Xüsusən Səbanın səsində və söhbətindəki zəriflik Atabəyin o gözəl qadını Qətibədə yox idi.

Səba xanım bütün macəra və fitnəni öz şəxsində mərkəzləşdirdiyinə baxmayaraq, onun zahiri gözəlliyi təbiətin möcüzələrindən idi. Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi, zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. İnsan qəlbini aldatmaq və qəlbi gözlərə tabe etmək sənətində Səba xanımdan mahir bir sənətkar yox idi.

Atabəy Məhəmməd Səba xanımı gördüyü zaman öz qəlbində: “Dünyanın adəti bunadır, cariyəliyə layiq olmayanlar mələkədir – mələkəliyə yaraşanlar isə cariyədirlər”, – deyirdi.

Atabəy çoxdan bəri gözəl cariyəni “şərəfə nail etmək” istəyirdi. Ancaq cariyə özünə məxsus deyil, Qətibənin malı olduğundan öz fikrini həyata keçirə bilmirdi. Lakin Qətibənin Bağdad səfərində olduğu Atabəyə əlverişli bir fürsət qazandırdı; o, axşam yeməyində Səbanın iştirak etməsinə əmr verdi. Səba xanım Atabəyin oğlunu otağına aparıb gecə saat onda kamançasını da götürüb Atabəyin otağına girdi.

Atabəy yarımsərxoş idi. O, Səba xanımın əlində kamançanı görərkən: “Otur gözəl cariyə, otur, səsini eşitmək istəyirəm” – dedi.

Səba oturdu, kamançanın simlərini düzəltməyə başladı. Onun gözləri Atabəydə idi. Atabəyin ona vurulduğunu görürkən qəlbində şadlanır, Atabəydən böyük və geniş istifadə edəcəyinə əmin olurdu.

Səba xanım şerlərini özünə və Atabəyə həsr edərək oxudu:

Tikən bu ləblərə göz, bağrını kabab istər,
Nə dildə səbr, fərağət, nə gözdə xab istər.
Durub kəmində gözüm, kirpiyim, qaşım, zülfüm,
Bü dərdü əlbir olub; çünki inqilab istər.
Qaşım tutub səfi-müjganım üzrə əyri qılınc,
Necə ki, şah baxar ləşkərə, hesab istər.
Tutanda tər üzümü, gül üzümdə şəbnəmtək
Gören bu şəbnəmi nə gül, nə də gülab istər.

Səba xanım çalıb-oxuyur, Atabəy isə piyaləni bir-birinin ucuna bənd edirdi. Səba xanım Atabəyin gözlərinə baxıb düşünürdü: Atabəy onu şərəfləndirməyə hazırlanırdı. Lakin Səba xanım birinci görüşdə Atabəyə təslim olmayaraq özünün adi bir cariyə olmadığını göstərmək istəyirdi.

Atabəy onun əlindən tutub qolları arasına çəkdiyi zaman Səba xanım:

– Hökmdar, özünüzü ələ alın, mən əlahəzrətin hüzuruna bundan ötrü gəlməmişəm. Mən başqasının malıyam, Atabəyin öz gözəl cariyələri çoxdur. Mələkə məni Əbül-Üladan aldığı zaman bu gülü dərdirməmək üçün mənə qəti bir əmr vermişdir.

Atabəy Səba xanıma sual verdi:

– Mələkə səni bir başqası üçünmü saxlamışdır?

Səba xanım utanaraq yavaşdan dedi:

– Bəlkə də.

– Sən ancaq bir hökmdara layiqsən, bir hökmdara da qismət olmalısan.

– Doğrudur, hökmdar! Bir hökmdarı razı salmaq üçün bir mələkəyə xain çıxmaq lazımdır. Mənsə bunu istəmirəm. Xanım bu hüdudu keçmək üçün mənə icazə verməmişdir. Mən bir hökmdarın ailəsində yaşadığım üçün, namuslu və sədaqətli olmalıyam. Rica edirəm, əlahəzrət məni xanımın yanında utanmağa məcbur etməsin.

– Sən, doğrudanmı xanımı sevirsən, yainki ondan qorxursan?!

– Bu cəhətlərin ikisi də vardır. Əvvələ, o məni pul müqabilində almışdır, ikincisi də, o öz böyük ehsan və mükafatları ilə bu sevgini qazanmışdır.

– Mənim ehsanlarım daha böyük, mükafatım isə daha genişdir.

– Mən həqir cariyə də ancaq özümü bununla bəxtiyar hesab edirəm.

– İki yüz qızıl gözlərin üçün.

– İnsan yalnız gözlərdən ibarətmi?

– İki yüz qızıl da al yanaqların üçün.

– Əcəba, Atabəy tərəfindən bu qədər qızğın sevilən cariyə yalnız sevimli gözlərə və al yanağamı malikdir?

– Çünki mən nə qədər düşündümsə, nar gülünün yarpağından daha qırmızı və təbiətin yaratdığı hər şirinlikdən ləzzətli olan dodaqlarını qiymət edə bilmədim.

Səba xanım gülümsünərək soruşdu:

– Əcəba, hökmdar tərifləndiyi dodaqların bu qədər ləzzətli olduğunu haradan bilir? Bəlkə də, əlahəzrət öz müqayisəsində səhv edir?

– Gətir fikrimi yoxlayaq.

Atabəy bu sözü dedikdən sonra onun əlindən tutub, özünə tərəf çəkdi, dodaqlarından öpüb buraxdı və onu qolları arasına almaq istərkən Səba xanım dartınıb çıxdı və:

– Bu qədər kifayətdir. Bu da sizin müqayisəniz üçün idi, – dedi.

Atabəy isə onu bir daha öpərək:

– Bu dodaqların üçün də beş yüz qızıl! – dedi.

Səba xanım sakit oturub baxırdı; o, Atabəyin təbii halından çıxdığını və onun qadına olan ehtirasının coşduğunu yoxlamaq istəyirdi. Səba xanım Atabəylə olan alverini bitirmək istədiyi üçün kamançanı götürüb bir neçə qəzəl oxudu:

Tamam olub bu pərirudə hüsnüzibalıq.
Qaşımda qəmzələr oynar, gözümdə şəhlalıq.
Qopar qiyaməti sərvin girəm gülüstanə,
İnanma sərv, sənubərdə var bu rənalıq.
Ləbimə qönçə baxıb pərdədən çıxardar üz,
Açar başını edər gülşən içrə rüsvalıq.
Hədisi – Leyliyü Məcnuni eylədim bərbad,
Nə onda vardı cünunluq, nə bunla Leylalıq.
Nə həddi var məhi-Kənan, mənim qulamım ola,
Nə abrudə Züleyxa edər züleyxalıq.

Səba xanım kamançanı yerə qoyduğu zaman Atabəy bir daha onun dodaqlarından öpərək:

– Sənin bu qəzəlin üçün də iki yüz qızıl! – dedi və əlini onun döşlərində gəzdirmək istərkən, Səba xanım qırçınıb:

– Bağbanın icazəsi olmadan nar dərmək və bağbanın intizamını pozmaq yaramaz, – dedi.

– Bağbanın qapıları açması üçün də beş yüz qızıl! – deyərək onun köynəyinin qızıl düymələrini bir-bir açdı.

Səba xanım Atabəyin barmaqlarındakı titrəkliyi görüb son sözü demək vaxtının yetişdiyini hiss etdi və nazlanaraq soruşdu:

– Əlahəzrət həqir cariyənin özünü qiymətləndirmirmi? Əcəba, bir qız yalnız qaş, göz, dodaq və döşlərdənmi ibarətdir?!

Atabəy onu bərk-bərk qolları arasında tutduğu zaman:

– Qasımabad kəndini də sənə bağışladım, – dedi.

Atabəy Səba xanımı buraxmadı, onu səhərə qədər öz yanında saxladı.

O, birinci məqsədinə nail olduqdan sonra, ikinci əsas məqsədinə keçərək dedi:

– Mən gözəl qızı mələkənin əlindən alıb öz ixtiyarıma keçirə bilərdim. Lakin mən məhəbbətli cariyənin mələkənin yanında olmasını istəyirəm; sən ancaq orada qalmaqla mənə xidmət edə bilərsən.

Səba xanım saçlarını sahmana saldığı və üst-başını düzəltdiyi halda soruşdu:

– Mən bununla əlahəzrətə nə kimi bir xidmət göstərməliyəm?

– Sən mənim ailəmin barəsində öyrəndiyini mənə xəbər verməlisən.

– Keçmişdə olanlarımı? Gələcəkdəkilərimi?

– Hər ikisini.

Səba xanım bir az fikrə getdi. O həm Atabəyi əldə saxlamaq, həm də mələkəni itirməmək istəyirdi. Eyni zamanda mələkənin intiqamından da qorxurdu. Buna görə də sükuta qərq olmuşdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qətibə və Qızıl Arslan

Şirvan həbsxanasından azad edilənlər Gəncəyə və Aran ölkəsinin hər tərəfinə yayılıb Qızıl Arslanın tələbi nəticəsində azad edildiklərini kəndlərə və şəhərlərə xəbər verdilər.Hər yerdə Qızıl Arslanın ömrünə, dövlətinə dua etməyə və Əmir İnanca lənət oxunmağa başlandı. Gəncə küçələrində Əmir İnancın qulağının dibində Əmirə qarşı nifrət səsləri ucaldı.

6 dəq
Üsyan

Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.

11 dəq
Matəm

Gəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi:– Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi.

5 dəq
Sui-qəsd

Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:

10 dəq

Başqa şairlərin şeirləri