Qətibə və Qızıl Arslan
Şirvan həbsxanasından azad edilənlər Gəncəyə və Aran ölkəsinin hər tərəfinə yayılıb Qızıl Arslanın tələbi nəticəsində azad edildiklərini kəndlərə və şəhərlərə xəbər verdilər.
Hər yerdə Qızıl Arslanın ömrünə, dövlətinə dua etməyə və Əmir İnanca lənət oxunmağa başlandı. Gəncə küçələrində Əmir İnancın qulağının dibində Əmirə qarşı nifrət səsləri ucaldı.
Əmir İnancı hər şeydən artıq rahatsız edən Şirvan şahı Əbülmüzəffərin Təbrizə heyət göndərməsi idi.
Əmir İnancın başqa çarəsi yox idi, o yenə də Həmədana müraciət etməyə və qızına məktub göndərməyə qərar vermişdi. Qızına yazdığı məktubun əvvəlində, “mənim əziz qızım Qətibə” əvəzinə “Həşəmətli mələkə” – deyə yazırdı.
“Məktubumu alan kimi əlahəzrət Atabəyə Şimali Azərbaycanın düşdüyü təzə fəlakət barəsində danışarsan. Qızıl Arslan işləmək üçün mənə imkan vermir. İslahat aparmaq mümkün deyil, Şirvan – Aran məmləkəti arasında olan ixtilafı həll etmək üçün Təbrizdə müşavirə çağırmışdır. Şirvandan hazırda Təbrizə nümayəndələr gedir.
Qızıl Arslanın təşəbbüsü baş tutarsa, mənim Azərbaycanda yaşamağım mümkün olmayacaqdır. Hərgah əlahəzrət Atabəy bu məsələlərə əhəmiyyət verməzsə, təcili surətdə Bağdada gedib Əmirəlmöminin həzrətlərinə məlumat verərsən.
Əlahəzrət Atabəyə qandırmalısan ki, Qızıl Arslanın əmri ilə Şirvan həbsxanalarından buraxılanların hamısı Azərbaycan atabəylərinin düşmənidir. Əlahəzrət icazə versəydi, Şirvan həbsxanasından buraxılanları biz burada təzədən tutub həbsə alardıq. Çünki onların hamısı üsyançılar və xain fikirlər daşıyan adamlardır.
Mənim bu yazdıqlarımı Atabəy həzrətlərinə xəbər verəndən sonra nə cavab verdiyi barəsində mənə sürətlə məlumat göndərərsən”.
Atabəy Məhəmməd nahar yeməyindən sonra sərxoş idi. O yenə də əvvəlki adətini davam etdirirdi. Başını Qətibənin döşlərinə qoyub yatmışdı. Səba xanım otağa daxil oldu, Əmir İnancdan gələn məktubu Qətibəyə verib yenə də barmaqları üstündə yavaş-yavaş geriyə dönüb otaqdan çıxdı.
Qətibə məktubu açıb oxudu. Qızıl Arslanın nə Bağdad, nə də Həmədanla hesablaşmadığını və Azərbaycanı özü bildiyi kimi idarə etdiyini oxuyub hönkür-hönkür ağladı, çıldırmaq, qışqırmaq dərəcəsinə gəldi. Qəlbi tam bir sürətlə çırpınırdı. Ürək çırpıntısının qeyri-adiliyi zərif və ağ döşlərində nazlanan qulaqların rahatını pozmadı.
Atabəy oyanıb sərxoş gözlərilə Qətibəyə baxdı. O, Qətibədə yenə bir gənclik şəhvətinin coşmaq istədiyini hiss edərək, gənc qadının şəhvətinə təkan vermək istədi və yaşlı Atabəy dodaqlarını bir çocuq kimi Qətibənin döşlərinə söykədi. Sonra qalxıb gərnəşdi, gözlərini ovub yuxunun tozunu göz bəbəklərindən sildi və diqqətlə Qətibənin üzünə baxaraq:
– Gözəl Qətibə, bu nə vaxtın ağlamağıdır? – deyə soruşdu.
Qətibə ağlaya-ağlaya Atabəyə sual verdi:
– Sən indiyə qədər bir həqiqəti mənə aydın etmədin.
– Hansı həqiqəti?
– Mən bilmirəm bu məmləkətin hakimi sənmisən, Qızıl Arslanmıdır?
Atabəy Qətibənin bu sualından nə demək istədiyini dərhal anladı. Qətibə səhv etmişdi, çünki sərxoşluğun xumarlıq dəqiqələrini keçirən hökmdara bu cür sualı vermək böyük bir cəsarət idi. Atabəy Məhəmməd Şimali Azərbaycanın vəziyyətindən xəbərsiz deyildi. Qızıl Arslan vəziyyəti ona öz vaxtında xəbər vermişdi. O, Şirvan şahı ilə Qızıl Arslan arasında başlanan müzakirənin əsasından xəbərdar idi.
Şirvan vəliəhdinin Təbrizdə qonaq adı ilə girov saxlandığını da bilirdi. Qızıl Arslan Şirvanda həbsə alınanların siyahısını çoxdan əldə edib Atabəy Məhəmmədə göndərmişdi.
Bu işdə Əmir İnancın nə qədər xain və ikiüzlü bir siyasət apardığını və başını saxlamaq üçün bir məmləkətin və xalqın mənafeyini satdığını Qızıl Arslan Atabəyə yazıb bildirmişdi. Buna görə də Atabəy Məhəmməd Qətibənin verdiyi suala cavab verərək dedi:
– Qətibə bilməlidir ki, bu məmləkətin sahibləri Eldəniz oğlanlarıdır. Bunlar da məmləkətin yaşdan quruya qədər hər nə işi varsa həll etməlidirlər. Başqaları isə bunların tikmələri, əlaltıları və rəiyyətləridir.
Qətibə özünü düzəldib bir sual daha verdi:
– Bəs mən nəçiyəm?!
– Qadınımsan, möhtərəmimsən, səni sevib almışam, lakin sənə evlənməklə bir məmləkəti ərə verə bilmərəm. Məmləkətin şərikisən, xalqımın, məmləkətimin xoşbəxtliyi üçün göstərdiyin tədbirləri mən də, Qızıl Arslan da təqdir edəcəyik.
Eyni zamanda bilməlisən ki, Azərbaycanda yeganə bir xanədan vardır ki, o da Eldəniz xanədanıdır. Sənin oğlun da bu xanədanın övladıdır. Lakin bu məmləkətdə Əmir İnanc xanədanı adında bir xanədan yoxdur. Sənin atan kimi mənim məmləkətimdə minlərcə hakimlər vardır. Onun yüksəkliyi orasındadır ki, Qətibənin atasıdır. Hərgah o da atabəylik xəyalına düşərsə, mən Atabəy onu da Rey hakimi İnanc kimi məhv edərəm. İndi nə sualın vardır?
Qətibə başına hərəkət verərək aldanmış qadınlar kimi dedi:
– Mən tək deyiləm. Bədbəxt qadınların hamısı öz taleyində aldanır. Çünki biz adamları içərisindən yox, dışarısından yoxlayırıq. Kişilər isə ikinci simalarını qızlara evlənəndən sonra dışarı çıxarırlar. Hərgah mən məmləkətin şərikiyəmsə, Atabəyə deyirəm ki, onun qardaşının Azərbaycanda apardığı siyasət doğru bir siyasət deyil. Onun Şirvan şahı ilə başladığı oyun Azərbaycanın gələcəyi üçün qorxuludur.
Qızıl Arslanın Şirvan həbsxanasından buraxdığı adamlar əqidə və fikir cəhətcə yalnız Şirvan və Azərbaycan hökmdarları üçün deyil, ümumiyyətlə hökmdarlar əleyhinə işləyən adamlardır.
Atabəy yenə də Qətibəyə etiraz edərək dedi:
– Qızıl Arslan çox ağıllı iş görmüşdür. Qızıl Arslan görən tədbirlərin düşmənləri, mənim rəiyyətlərimin düşmənidir. Lakin sən Qətibə, təşəkkür etməlisən ki, Qızıl Arslan indiyə qədər sənin atanın bu qədər açıq xəyanətlərini nəzərə almayaraq, hökumət başında qoymuşdur. Sən ağlını başına yığ, yaxşı bir düşün, bu qədər hörmətsizlik nəticəsində Qızıl Arslan sənin atanı tutub boğazından asdırarsa, kimin danışmağa ixtiyarı vardır? Kim bunun üçün Qızıl Arslanı cəzalandıra bilər?! Hərgah sən özünü bu məmləkətin qanunu mələkəsi hesab edirsənsə, atanın adını çəkməkdən utanmalısan, çünki onun məmləkətə etdiyi xəyanətləri heç bir kimsə edə bilməz.
Sənin atan Azərbaycan xalqının dərisini soğan kimi soymuşdur.
Lakin bunların hamısı ilə bərabər Qızıl Arslan sənin hörmətini nəzərə alaraq onu öz yerindən tərpətmir. Amma bu da bizim tərəfimizdən xalqa qarşı bir xəyanətdir, çünki biz milyonlarca xalqı, bir nəfərin kef-mayişəsinə tapşırmışıq.
Mən, yainki Qızıl Arslan bir həftə himayət nəzərimizi sənin atanın üstündən çəkərsək, azərbaycanlılar onu gəldiyi yerə qədər qovar.
Zənnimcə, bu qədər kifayətdir. O çox qocadır, artıq o həyatda öz vəzifəsini bitirmişdir. Ona daimi bir rahatlıq lazımdır. Məmləkətin gözəl bir tərəfində ona malikanə verəcəyəm, böyük və təminedici maaş təxsis edəcəyəm. Hərgah Bağdadda yaşamaq istəyirsə, onun üçün şahanə bir saray düzəldilməsinə əmr edəcəyəm, zənnimcə, bu qədər kifayətdir.
Qətibə atasının Gəncə hökumətindən götürüləcəyini eşidərkən hər şeyi unutdu, atasının göndərdiyi məktubu bir kərə xatırından çıxarıb ağladı və Atabəyin əlindən tutub yalvarıcı bir halda dedi:
– Rica edirəm, mənim qoca atamın qəlbinə toxunmayın, qoyun istədiyi qədər apardığı vəzifəsində yaşasın. Hərgah atamın özü istirahətə çəkilməyi arzu edərsə, o zaman yerinə başqasını təyin edərsiniz.
– Onun hərəkətləri özünə qarşı böyük bədbəxtlik hazırlığıdır. Onu bilirsənmi?! – Atabəy Qətibəyə acıqlanmışdı. Ayağa qalxıb otağı səbirsizliklə dolaşırdı. Qətibə isə atasının vəziyyətini fikirləşərək gözünün suyunu sıxırdı. Qətibə nə qədər yalvarırdısa, atasının öz yerində qalması üçün razılıq almaq istəyirdisə, yenə də Atabəy razılıq cavabı vermirdi.
Səba xanım bu söhbətlərin hamısını qapının dalısından eşidirdi. O, vəziyyəti dərhal hiss etdi, barışılmaz vəziyyəti təyin edərkən dərhal Qətibənin oğlu Qütlüğün otağına yüyürdü. Daima Qətibə ilə Atabəy barışmaz vəziyyət aldığı zaman Səba xanım Qütlüğü onların otağına buraxırdı, çünki Atabəyin uşağı sevdiyini bilirdi.
Qütlüğ pərdəni qaldırıb otağa girdi, girən kimi də yüyürüb Atabəyin boynuna sarılıb onu öpdüyü zaman Atabəy də Qətibəyə tərəf dönərək:
– Razıyam, Qətibə, – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-qetibe-ve-qizil-arslan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.
FəxrəddinMüşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.
DilşadBu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. Rəqqasələr və saqilər bu vəziyyətdən istifadə edərək çəkilib yataq otaqlarına getmişdilər. Xidmətçi və cariyələrdən də bir çoxu gözə dəymirdi. Gecə saat 2-də cariyələr və qulamlar Əmiri sərxoş bir halda xalçanın üstünə qoyub yataq otağına gətirdiyi zaman Əmirin süfrəsindən qayıdan artıq şərabları da Əmirin saray qarovulları içib bitirmək üzrə idi. Saray həyatı büsbütün dayanmışdı. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. Piy çıraqlarının piltələri yanıb böyrü üstünə düşürdü.Əmirin qapısında yanan fənərlərin piltəsindən qalxan sünbül biçimli alovlar minlərcə pərvanəni yandırıb səkidə mürgüləməkdə olan qarovulun başına tökürdü.
MöhürƏmir İnanc nə qədər qaba və şüursuz olsa da, yenə Şərqdə baş verən siyasi hadisələrin incəliklərini bir-birindən ayıra bilirdi. Beynəlxalq vəziyyət onun şəxsi həyatını da qorxu altına salmışdı. Şərqdə böyük bir hökumət təşkil etmiş səlcuq xanədanının sönməsi Şərqin siyasi vəziyyətini alt-üst etmiş və Şərqin coğrafi vəziyyətində bir çox dəyişikliklər yaratmışdı. Hökumətin səlcuqilərdən Eldəniz övladına keçdiyi zaman böyük bir səltənət qurmaq imkanını əldə edə bilməyən Xarəzmşah Əlaəddin Təkişi səlcuqilər məmləkəti hesabına olaraq məmləkətini genişləndirməyə başlayırdı. Artıq səlcuqilərin nüfuzu təsirində yaşayan xəlifə Xarəzm şahlarının nüfuzu altına keçirdi. Əmir İnanc öz hökmranlığında qalmaq üçün xəlifənin yardımına arxalana bilmirdi. Buna görə də o öz-özünə: “Xəlifənin mənim kimi yüzlərcə kürəkənləri vardır, – deyirdi. – Xəlifənin minlərcə cariyəsindən doğulan qızların hər birisi mənim kimi bir adamın evindədir. Kim bilir! Bəlkə, xəlifə Safiyə adlı bir qızı olduğunu tamamilə unutmuşdur? İndiki zamanda xəlifənin cariyələrdən doğulan qızlar barəsində düşünməyə vaxtı vardırmı? O, qızlarını hakimlərə verirkən hakimlərə kömək etmək məqsədilə yox, onlardan kömək almaq fikrini daşıyırdı. Bir halətdə ki, bir kömək ala bilməyəcəkdir, o zaman nə üçün də mənim qeydimə qalsın”.Əmir İnanc bu cür düşünməyə haqlı idi, çünki Nurəddin vasitəsilə öz qayınatası xəlifə Müstərşidbillaha göndərdiyi məktuba cavab ala bilməmişdi. Əmir İnanc çox düşündükdən sonra öz-özünə cavab verirdi: “Xəlifə nə etsin? Onun ruhani nüfuzu da sönməyə başlamışdır. Ölkələrin hakimləri özlərini padşah elan edir. Misirdə böyük bir səltənət quran fatimilər süqut etməklə yerinə əyyubilər xanədanı keçir, xəlifənin son nüfuzunu qırmaq üçün əyyubilər Fərat və Dəclə sahillərinə qədər enirlər. Eldəniz oğlanları İraq, Fars, Rey və sair ölkələri qarmalamaqdadırlar.
Başqa şairlərin şeirləri
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.