Dördüncü pərdə
Səhifə 2 / 2 · 50%
Gülürlər.
Mirzə Teymur — Amma mən deyirəm ki, bu iş nə vaxtından əvvəl deyil, vaxtından sonra da qurtarmayacaqdır. Mənə fransız Mirzə Teymur deyərlər! Adamların üzünə baxan kimi bilərəm nə quşun yumurtasıdır.
Mirzə Əhməd — Hay-küyçüdürlər, atılıb-düşmələrinə baxma.
Vıstavka Nəsir — (znaçoklarını silə-silə gəlir) Qəhrəman necə deyirsə, gərək elə də olsun. Qabıqdan çıxmalı olsaq da, mexaniki sexi vaxtından qabaq bitirməliyik.
Mirzə Teymur — (Mirzə Əhmədə) Buyurun, bu da xəstələnmişdir. Sovetlər İttifaqında nə qədər znaçok çıxıbdır, hamısını bunun döşündə görmək olar. Bu mexaniki sexi vaxtından qabaq qurtaracaq!
Mirzə Əhməd — (gülür) Buna görə də adına Vıstavka Nəsir deyirlər.
Nəsir — (znaçoklarını təmizləyir) Eybi yoxdur, özüm də, znaçoklarım da Qəhrəmanın bir şirin dilinə qurbandır.
Mirzə Teymur — İndi ki mexaniki sexi vaxtından əvvəl qurtarmaq istəyirsən get özünə bir qab tikdir. Yoxsa znaçokların xarab olar.
Nəsir — İstehzanı burax, znaçoklarım xarab olsa da başım xarab deyil. Ağzını açan kimi haranı nişan aldığını bilirəm.
Mirzə Əhməd — Ağıllı ol, nə məsxərəbazlıqdır.
Nəsir — Eşit! İki il aqronomların atlarına baxmışam, üç il yer ölçənlərin şeylərini gəzdirmişəm, üç il ispolkomda çalışmışam. Son zamanlar kolxozda çalışıram. Hamısından da kağızım vardır. Sağlıq olsa Nəsiri burada da qabaqcıl görəcəksən.
Güllü bir dəstə qadın işçilərilə gəlib otururlar.
Güllü — (qadınlara) Bax sizə deyirəm, dəridən çıxsaq da gərək Qəhrəmanı bə’zi adamların yanında xəcalət qoymayaq. Mexaniki sex vaxtından qabaq qurtarmalıdır.
Mirzə Teymur — (Mirzə Əhmədə) Görürsən ki, elə bil hamısına iynə vurublar.
Mirzə Əhməd — Təəccüb edirəm. Bunların hamısını makinələşdiriblər.
Güllü — Nə makinə?
Mirzə Əhməd — Eh yazıqlar, siz dünyada nə görübsünüz?! Amerikada makinələşməmiş heç bir şey yoxdur. Geyinib soyunmaq üçün makinə...
Mirzə Teymur — Çimmək üçün makinə...
Mirzə Əhməd — İnsanı yedirmək üçün makinə...
Mirzə Teymur — Yatırdıb oyatmaq üçün makinə...
Mirzə Əhməd — İnsanın gələcəyini xəbər vermək üçün makinə...
Bu əsnada Güllü burnunu silir.
Nəsir — Mirzə, nə olar? Yazın Güllü üçün bir burun silən makinə göndərsinlər.
Hamı gülür.
İsmixan — (bir dəstə işçi ilə gəlir, Mirzə Teymura müraciət edir) Bu gün sosializm yarışı müqavilələri imza ediləcək, ya yox?
Mirzə Teymur — Mən bilmirəm, onu mühəndis Nəsirdən xəbər al.
Nəsir — Bəli, fəaliyyətli fəhlə olmaq bacarıqsız mühəndis olmaqdan yaxşıdır.
Güllü — Bəli, İsmixan yoldaş, müqavilələr imza olunacaqdır.
Qəhrəman — (gəlir, fəhlələri görür və sevinir) Xoş gördük yoldaşlar. Bu saat məsələmizə başlayırıq. (Mirzə Teymura) Axşamınız xeyir, nə olub çox yorğun görünürsünüz?
Mirzə Teymur — Necə yorğun olmayım, hər kəsə yetişirsən deyir ki, «gərək sex vaxtından qabaq qurtarsın», bu biri tərəfdən də baxıb görürəm ki, iş böyük, başlar isə olduqca kiçik.
Qəhrəman — (gülür) Doğrudur, hər kəs bu sözü təkrar edir, bu isə fikir birliyindən doğur. O ki, qaldı başlarımıza, o da siz düşünən qədər kiçik deyildir. Çünki bu başlar bolşevik tərbiyəsinin məhsuludur.
Mirzə Teymur — Nə edim? Məni anlamaq üçün bir avropalı şüuru lazımdır.
Qəhrəman — Sizi geri qoyan da həmən şüurdur. Yaxşı düşünün, hazırda o şüuru daşıyan Avropanın özü nə gündədir. Orada böhranlardan, çəkişmələrdən, xalqların azadlığına hücum etməkdən, aclıqdan, fəlakətdən başqa nə vardır?
Mirzə Teymur — Mən öz xalqımın və öz hökumətimin dostuyam. Buna görə də sizin bura yığdığınız fəhlələr məni qənaətləndirmir, bunları Avropa fəhləsi ilə müqayisə edəndə tüklərim qabarır.
Qəhrəman — Çünki müqayisə yanlışdır.
Mirzə Teymur — Necə yanlışdır?
Qəhrəman — Əlbəttə yanlışdır. Kapitalistlər üçün çalışan Avropa fəhləsini sovet müəssisəsində çalışan fəhlə ilə müqayisə etmək mümkündürmü?
Mirzə Əhməd — Mirzə Teymurun bu müqayisəsi yanlışdır. Mən də təsdiq edirəm.
Qəhrəman — (İsmixanı aralığa çəkir) Bu yoldaş azərbaycanlı bir çobandır. Normasını 170 faiz doldurmuşdur.
İsmixan — (fəhlələri göstərir) Bu yoldaşlar hamısı mənimlə bərabər çalışırlar. Hamısı staxanovçudurlar.
Qəhrəman — (səsləyir) Yoldaş Katelnikov, yoldaş Straşnov! Ayağa qalxın! Normalarınızı neçə faiz doldurmusunuz?
Katelnikov — Yoldaş Qəhrəman, normanı 250 faiz yerinə yetirmişəm, söz birdir, sex vaxtından qabaq qurtarmalıdır.
Straşnov — Normanı iki yüz əlli ilə üç yüz arasında doldururam. Bu gün bütün mexanikləri yarışa çağırıram.
Qəhrəman — Bax, bunun üçün deyirəm ki, müqayisəniz yanlışdır. Sizin istehzaya qoyduğunuz Güllü ilə Nəsiri eşidin!
Nəsir — Normanı 140 faiz doldurmuşam.
Güllü — Yanımda oturan qadınların hamısı staxanovçulardır, yoldaş Qəhrəman, əmin ola bilərsən. İş vaxtından qabaq qurtaracaqdır.
Qəhrəman — (Mirzə Teymura) Mən bunlara arxalanıram. Siz kimə arxalanırsınız?
Baş mühəndis — (gəlir) Yoldaş Qəhrəman, şadlığımdan qabığıma yerləşmirəm, qələbəyə olan ümidlərim gündən-günə artır. Deyin görüm nə mübahisədir?
Qəhrəman — Şübhələri dağıtmaq üçün mübahisə özü də yaxşı silahdır.
Baş mühəndis — Bu yoldaşları nə üçün bura yığıbsınız?
Qəhrəman — Sosializm yarışına girmək üçün qruplar bir-birilə müqavilə bağlayacaqlar.
Durna — (Dilbərlə bərabər gəlir) Yaşayış binalarında gedən işlərin yekununu gətirmişəm. Qələbə gözümün qarşısındadır.
Mirzə Teymur — Qələbədən danışmaq hələ çox tezdir. Hələ aldığın diplomun mürəkkəbi qurumamışdır. Avropa texnikasını beş barmağı kimi bilən bir mütəxəssisin yanında lovğalıq etməyin.
Durna — Avropa texnikasını beş barmağınız kimi bilsəniz də sovet texnikasını bilmək işində beş ayağınızla axsayırsınız.
Mirzə Teymur — (layihəni götürüb göstərir) Bu nədir?! Baxan kimi savadsızlıq gözə çarpır. Dəmir yolu və şose yolları Sumqayıtı pahlava şəklinə salıbdır.
Durna — Layihə ilə yaxşı tanış olun, siz ancaq dəmir yolu və şose yollarını görürsünüz, onların ətrafında tikiləcək fabrik-zavodları görmürsünüz.
Dilbər — Durna, faydasız mübahisələri bir tərəfə atın. İşə başlayaq (Müqavilələri çıxarıb stolun üstünə qoyur) Yoldaşlar! Gəlib imza edin!
İmza əsnasında həmkarlar şöbəsi müdiri Hümmət həyəcanlı bir halda gəlir.
Hümmət — A yoldaşlar, bu nədir? Biz burada sizin üçün balqabaq-zad deyilik ki?
Qəhrəman — Nə olub?
Hümmət — Nə üçün xalqı yığıb bura tökmüsünüz? Nə üçün qoymursunuz işləyək? Hər adam bir məs’uliyyət hiss etməlidir, ya yox? Mən gedib sizin məsələnizi partiya komitəsində qoysam, nə cavab verərsiniz?
Dilbər — Cavab verərik ki, həmkarlar şöbəsi öhdəsinə düşən vəzifəni yerinə yetirə bilmədiyi üçün vəzifəsini biz ifa edirik.
Hümmət — Məni bağışlayasınız. Bizim özümüzün sosializm yarışı barəsində qərarımız vardır.
Qəhrəman — O hanı?
Dilbər — Yeşiyində, kağızların altında.
Gülürlər.
Mirzə Teymur — Möhtərəm Hümmət, bu işlərdən əsla xəbərim yoxdur. Məni işə qarışdırma, mən mədəni bir adamam, başıpozuqluğu sevmərəm. Sənin fikrinə də şərikəm.
Baş mühəndis — Yoldaşların təşəbbüsünü təbrik edirəm. (Mirzə Teymura) qoyun bu başıpozuqluğu mənim hesabıma yazsınlar. İşlərinizi davam etdirin.
Hümmət — Vəzifəmizi əlimizdən alırsınız, adımızı da qoyursunuz ki, həmkarlar şöbəsi işləmir.
Mirzə Əhməd — (başını layihədən qaldırır) Belə-belə işləri Amerikada görmək olmaz. Burada işdən çox danışıq gedir.
Mirzə Teymur — Onun üçün də deyirəm ki, bu cavanların arasında təmizlik aparmaq lazımdır.
Baş mühəndis — Nə təmizlik?
Mirzə Teymur — Burada pozğunluq var, sevgi məsələləri var, xalqın ailə həyatını pozanlar var.
Bəhlul — (gəlib bu sözləri eşidir) Əlbəttə təmizlik lazımdır, qoca kişilər öz nəvəsi yerində olan qızlara sevgi e’lan edərsə, cavanları kim məzəmmət edə bilər?
Mirzə Əhməd — (yerindən qalxır) Mirzə Teymur, sənə min kərə demişəm ki, ümumi işlərdə bir nöqsan hiss edirsənsə danış. Şəxsi işləri burax, ayıbdır. Bunlar gəncdir. Sevgi də bunların fəaliyyətinə qanad verə bilər.
Qəhrəman — Bəhlul, sənə yüz kərə tapşırmışam ki, özünü ələ al. Mirzə Teymurlar bizim böyükümüzdür.
Raykom katibi — (gəlib müqavilə bağlayanları görüb sevinir). Sovet işçisi və sovet fəhləsi ilə hər bir şey yaratmaq olar.
Hümmət — (katibə) Yoldaş katib, belə olmaz axı. Hərgah bunlar öz başlarına sosializm yarışı düzəldəcəklərsə bəs biz burada nəçiyik?
Katib — Bir haldakı sən işləmirsən, bunlar əlini əlinin üstünə qoyub otura bilməzdilər ki? Dilbər və Qəhrəman sosializm yarışı məsələsini mənim ilə razılaşdırıblar.
Dilbər — Yoldaş Hümmət, bir halda ki, fəhlənin qabağına düşüb getməyi bacarmırsınız, buyurub onların dalınca gedin. Bu qədər! (İşinə məşğul olur).
Katib — Sağ ol Dilbər! (İşçilərə) Gedib rahat olun yoldaşlar! Sizə müvəffəqiyyətlər olsun.
Mirzə Əhməd — (əlini qoyur Mirzə Teymurun çiyninə) Mənim dostum, görünür ki, bizim gözümüz Amerika və Avropada olduğu üçün evimizin içərisini lazımınca görə bilməmişik. Sovet texnikasının quruçuları biz düşünən qədər də sadə, savadsız deyillərmiş.
Katib — Elədir Mirzə, hər bir sovet fəhləsi bir yaradıcıdır. Bu xüsusiyyət nə Amerika və nə də Avropada ola bilər.
Hamı gedir, Mirzə Teymur, Mirzə Əhməd, Qəhrəman, Durna və Dilbər qalır.
Qəhrəman — (Dilbərə) indi iş barəsində danışaq, bloknotunu çıxarıb yaz!
Dilbər — Mən hazır!
Qəhrəman — (əlindəki layihəyə baxır) Zavodun işğal edəcəyi sahə 62 min kvadrat metrdən ibarət olmalıdır.
Dilbər — (yazır) Nə kimi şərt altında?
Qəhrəman — Şimal ilə cənub arasında qərbə doğru uzanmaq şərtilə.
Mirzə Teymur — Yenə də mənim dilim dinc oturmayacaqdır. Sənaye müəssisələrinin şimal və qərb tərəfə uzanması savadsızlıqdır. Bir halda cənub tərəfə uzanmağda böyük imkanlar vardır.
Mirzə Əhməd — Görünür ki, layihə ilə yaxşı tanış deyilsən. Qərb tərəfdə Bakı — Moskva dəmir yoluna yaxınlaşmaq nəzərdə tutulmuşdur.
Mirzə Teymur — Pardon! Mən bunu nəzərə almamışdım.
Qəhrəman — İndi bizim əsas işimiz sosializm yarışını imza edənləri ixtisaslarına görə sahələrə ayırmaqdır. Bu vəzifəni Dilbərə və Durnaya tapşırmaq lazımdır. (Mirzə Əhməd və Mirzə Teymura) Siz zəhmət çəkməyin, gedib rahat olun!
Gedirlər.
Dilbər — Biz Durna ilə gedib səhərki iş planını hazırlarıq. (Şeylərini yığışdırıb getmək istəyir.)
Qəhrəman — Dayanın birlikdə gedək.
Dilbər — Gün axşama qədər bir yerdə deyilikmi? Sən hələ mənim xasiyyətimi öyrənmədinmi? Bir dəfə dedim ki, olmaz, iş qurtardı. (Gedir).
Qəhrəman — (onun dalınca) Sizin xasiyyətinizi öyrənmək üçün dünyaya iki kərə gəlmək lazımdır. (Gedir).
Bəhlul — Durna, maraqlanırsansa gedək səni yola salım.
Durna — Nə eybi vardır. Görünür ki, Mirzə Teymuru əvəz etmək istəyirsən. (Qolunu Bəhlulun qoluna salıb gedir).
Mirzə Teymur — (Tindən çıxıb onları səsləyir) Pardon, bir dəqiqəliyə!
Bəhlul — Mirzə, axşamdır, sabaha qalsın!
Gedirlər.
Mirzə Teymur — Mən özümü bu saat bir avropalı qürürü ilə asaram.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-boyuk-qurulusda-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Azərbaycanda necə padşah var?
Millət atalarıHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mə’lumdur ki, indi çox yerdə millət ataları bu fikrə düşüblər ki, milləti qabağa aparsınlar və gecə-gündüz gah bu evə, gah o evə cəm olurlar ki, məsləhət eləyib bir iş görsünlər.
Qayırma hədislərHərdən bir mənim xəyalıma belə şey gəlir:Kah vaxt olur ki, bir rus, ya qeyri bir millət məndən soruşur ki, peyğəmbəriniz nə vaxt təvəllüd tapıb?
Azarlamaqİndiyədək mən nə vaxt ki, azarlayıb yorğan-döşəkdə uzanardım və birisi gəlib mənim keyfimi xəbər alardı, mən məəttəl qalardım ki, nə cavab verim, yə’ni xəyalıma gəlməzdi ki, nə deyim. Məsələn, istərdim deyəm «keyfim yoxdur», sonra fikr eylərdim ki, bəlkə lazımdır demək «naxoşam»? Sonra genə fikr eylərdim ki, bəlkə bu da düz deyil. Bə’zi vaxt istərdim deyəm «bimarəm», sonra genə deyərdim ki, bəlkə belə də deyil. Bə’zi adam da keyfimi soruşanda istəyirdim deyəm «azarlıyam». Bir para vaxt istərdim deyəm «xəstəyəm».Müxtəsər, bilməzdim ki, bunların hansı düzdür.
Başqa şairlərin şeirləri
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Ya ƏliBey bismillah əzbərimdi, hey xudadan, ya ƏliƏn ibtida gəldi səda ərş-əladan, ya Əli.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,