Səhifə 2 / 4 · 25%

– Bir cüt daha gətir, – dedim.

Nina tələsərək:

– Yox lazım deyil! Sən bilirsən ki, mənim qiymətli sırğalarım vardır – dedi.

– Yox, axşamkı ziyafətdə xanımla bir sırğa taxmağınızı məsləhət görürəm, – dedikdə Olqa əlini əlinə sürtərək dedi:

– Bax nə qədər sevimli və nəzakətli bir zat! Nina sən özünü xoşbəxt hesab etmirsənmi?

Nina «xoşbəxtəm» cavabını verdi.

Olqa qiymət soruşdu, mağazaçı:

– Qəti qiymət, hər iki sırğa üçün 3 min manat rus parası, – deyə bildirdi.

Olqa heyrətli bir gülüşlə:

– Aman, aman nə qədər «uzuc» imiş. Atam mənə yalnız üç yüz rüblə vermişdir, – deyərək geri dönərkən, mən:

– Dayanınız, xanım qız, – deyə onu qaytardım, mağazaçıya sırğaları bağlaması işarəsini verdim və qızlara dönərək:

– Bunlar mənim sizinlə olan səmimi tanışlığımın xatirəsi olaraq qalmalıdır. Mənim xatirəm qəlbinizdə qaldığı kimi qulaqlarınızda da qalsın, – dedim.

Mağazaçıya altı dənə rus beşyüzlüyü verib, sırğaları götürdüm.

İstər Ninanın, istərsə də Olqanın bu qədər məmnun olacağı xəyalıma gəlməzdi, xüsusən Olqa faytona minənə qədər təşəkkür edirdi.

Faytona oturdu; onları konsulxanaya qədər müşayiət elədim. Olqa mənim özlərilə bərabər konsulxanaya getməmi təkrar-təkrar rica etsə belə, mən boyun qaçırdım, çünki gündüz ora getməyin heç də lüzumu yox idi. Olqa içəri girdikdə:

– Axşam sizi ziyafətə gətirmək üçün fayton göndərəcəyəm, – dedi.

Mən Ninanın evində oturub düşünür və özüm-özümə sual verirdim: «Əcəba, konsul məni ziyafətə dəvət eliyəcəkdirmi? Doğrudan da, onun qızının dediyi kimi mənim dalımca fayton göndəriləcəkmi?»

Buna heç də inanmırdım. Konsulun Ninaya böyük hörmət bəslədiyini bilirəm, lakin çar general-konsulunun Azərbaycan valisinə verdiyi ziyafətdə sadə bir tacir kimi tanınmış zatın iştirak etməsi çox çətin idi.

Sonra qulağımda at ayaqlarının səsi canlandı, deyəsən, qapıda bir fayton durdu, bir neçə saniyədən sonra qapı vuruldu, konsulun nökəri içəri girdi.

O, konsulun yazdığı məktubu mənə verdi:

«Möhtərəm Əbülhəsənbəy! Cənab Şücaüddövlənin şərəfinə verilən ziyafətdə iştirak etmənizi rica edirəm».

Bu məktub mənim əvvəlki fikirlərimi dağıtdı, çar konsulu qızına verilən böyük hədiyyəni qiymətləndirmişdi.

Bu ziyafətlə nə qədər maraqlanırdımsa, orada inqilab rəhbərlərinin qatilləri ilə üz-üzə oturmağın da o qədər çətin olduğunu hiss edirdim.

Mən Nina və konsulun qızı Olqaya balkonda təsadüf etdim və ziyafət salonuna da onlarla bərabər daxil oldum.

Salondakı qonaqlar da sanki mənim intizarımı çəkirlərdi. Hələ qonaqlardan əvvəl məni konsul, onun arvadı Anna Semyenovna və kiçik qızları Nadejda qarşıladı. Konsul məni qonaqlara təqdim etdikdə:

– Əbülhəsənbəydir. Yeznəmizdir, – deyirdi.

Mən bir çoxlarının qanlı əllərilə bərabər, inqilabçılara edam hökmünü yazan hərbi səhra məhkəməsi sədrinin də əlini sıxdım.

Qonaqların hamısı gəlməmişdi. Yenə də İran ənənəsinə riayətlə məclisə ən sonra gəlməyi və məclisdə olanların ayağa qalxıb ona təzim etməsini özü üçün fəxr sayanlar var imiş.

Salondakılar bir-bir, iki-iki bufetin qarşısında durub əllərində çəngəl, məzə nimçələrini qurdalayır və konyak içirdilər.

Mən Nina və konsulun qızları ilə birlikdə gəzişirdik. Söhbətlər yenə də onlara hədiyyə etdiyim sırğalardan başlamışdı.

Konsulun arvadı qızları səslədi:

– Qonağa imkan verin bufetin yanına buyursun, – dedikdə Nina:

– İçən deyil, istəyirsə getsin, mane olmuruq, – deyə cavab verdi.

Biz onlarla birlikdə, qonaqlar toplaşıncaya qədər pianonun yanına gəldik. Konsulun qızları növbətlə çaldı. Konsul da gəlib əyləşdi, söhbət musiqi üzərinə gəldikdə o, İran musiqisini mədh edərək dedi:

– Zatən mən İran musiqisini və o kimi böyük bir musiqi mədəniyyətinə malik xalqı da sevirəm. Lakin xalq, imperator hökumətinin onlara nə kimi səadət verəcəyindən xəbərdar deyildir. Onlar çox avamdır, buna görə də hər yerindən qalxan onları aldada bilir, xalqın həqiqi yolunu dəyişdirir və onları fəlakətə salır. Siz bir yaxşı düşününüz, Səttar xan üsyanından bu günə qədər bədbəxt Təbriz xalqına nə qədər müsibət üz göstərmişdir? Hərgah xalq bizim tövsiyəmizi eşitmiş olsaydı. Məhəmmədəli şah da gəlib taxtında oturar, məmləkət də səadətlə yaşardı.

Mən:

– Cənab general düz buyurur. Xalqımız tez aldanır, – dedikdə, konsul:

– Əlbəttə, aldanır, – deyə təsdiq etdi. – Onların Rusiya sosial-demokratları gedən yol ilə getməsi tamamilə yanlışdır. Rusiya işçisi özü üçün nə gün ağlamışdır ki, iranlılara da haman səadəti verə bilsin. Biz onlarla lazım olduğu kimi hesablaşdıq. Onların nüfuzunu biz İranda yox, Rusiyada da qırdıq. Artıq Təbrizdə bir nəfər də olsa Rusiya işçiləri nümayəndəsi qalmamışdır. Onların göstərişlərilə üsyan edənlər isə namuslu iranlıların və onların nümayəndəsi Hacı Səmədxanın qeyrəti sayəsində məhv olmuş və olacaqdır.

Mən, yenə də:

– Dinc oturmurlar. İnsanın əsəbləri pozulur. Xalq öz rəhbərini tanımır! – dedim. – Mən birkərəlik İrandan yığışıb Rusiyaya getmək qərarına gəlmişəm. Hacı Şücaüddövlə Səmədxan kimi namuslu bir adamın əleyhinə intibahnamə buraxmaq nə deməkdir? Bu cür adamlar öz məmləkəti üçün nə kimi səadət qazana bilər?!

Konsul papirosunu odlayıb:

– İntibahnamə məsələsini də başqa cür düşünmək yaramaz. Orada iranlı əli olmaqdan çox əcnəbi dövlət nümayəndələrinin də əli ola bilər. Bu barədə danışmaq olmaz. İranın istiqbalı məsələsinə gəldikdə onu ancaq Məhəmmədəlinin yenidən İrana qayıda bilməsi həll eləyəcəkdir.

– Əcaba onun gətirilməsi mümkün deyildirmi?

– Mümkündür, lakin çalışmaq lazımdır. Xüsusən Təbriz xalqını anlatmaq və möhkəm zəminələr düzəltmək lazımdır. Ona da sizin kimi ziyalı iranlılar və nüfuzlu ruhanilər kömək verməlidir. Məmləkət məhv olur, hərc-mərclik gündən-günə artır, ölkədə sülh və əmniyyət bərpa etmək üçün gələn qonşu dövlətin əsgərinə də hücum edir və öz dostlarını silahla qarşılayır.

– Bu vəzifəni yerinə yetirmək üçün bütün varlığımla çalışmağa hazıram. Siz bilirsiniz ki. mənim tərbiyəm rus tərbiyəsidir. Bu tərbiyə isə rus mədəniyyətini tələb edir. Hərgah cənab Şücaüddövlə bizim mədəniyyətin İranda möhkəm bir mövqe tutmasına tərəfdardırsa, mən ona kömək verməyə və xalqı da buna hazırlamağa söz verirəm.

Yanımıza başqaları da yanaşdı, söhbətimiz burada bitdi. Qısa bir söhbətlə çar konsulu öz məqsədini bildirdi, onun intibahnamə məsələsində nə kimi fikirlər daşıdığı və Məhəmmədəlini İrana gətirmək fikrindən vaz keçmədiyi meydana çıxdı.

Konsul bu söhbətlərdən sonra qızına verilən hədiyyə məsələsinə keçərək dedi:

– Çox təəssüf edirəm ki, siz bu müddətdə bizə bir xidmət həvalə etməmisiniz. Bunu qəlbən arzu edərdim; bu barədə kiçik xanıma dəfələrlə demişəm, hazırda bizdən para qazanmaq üçün İran tacirləri bütün vaxtını qapımızın qabağında keçirir, rüşvət verməklə də, vasitəçi tapmaqla da işə malik olmaq istəyir. Siz istəsəydiniz, bütün işlərimizi sizin vasitənizlə düzəldərdik.

Mən yenə də ondan razılıq edərək dedim:

– Çox təşəkkür edirəm. Ticarət elə bir şeydir ki, iki dostun səmimi əlaqəsini poza bilər. Dost və səmimi adamlarla, yalnız dostluğu və səmimiyyəti davam etdirmək lazımdır. Bir də budur ki, mənim ticarətim cavahir ticarətidir. Bu günlərdə malımız da gələcəkdir. Hərgah general izacə verirsə, mən onun ticarət işləri üçün səmimi və sadiq adamlar tapa bilərəm.

– Təşəkkür edərdim. Bizə elə adamlar da lazımdır, biz hər kəsə inana bilmirik.

– Elə isə mən inandığım adamı öz məktubumla sizin xidmətinizə göndərərəm, mənim özüm üçün sizin dostluğunuz və üzərimdəki himayəniz hər şeydən qiymətlidir. İmperatorun ölkəmizə uzatdığı yardım əlinin kölgəsində olmaqdan daha qiymətli şey yoxdur.

– Sizin Təbrizdə qohumlarınız çoxdurmu?

– Bəli vardır. Məni də Təbrizdə saxlayan onlardır. Çünki onların bir çoxu fəqirdir. Onlara maddi cəhətdən yardım etmək lazımdır. Yoxsa mən Rusiyanı buraxıb burada qalardımmı?

– Elədir. Siz onları hər halda təmin etməlisiniz, xüsusən hazırkı zamanda onlar heç bir təqsirləri olmadan da zərərdidə ola bilərlər. Siz, əlbəttə, konsulxananın himayə vəsiqələrindən onlara paylamalısınız.

Konsul bunu deməklə Ninanı çağırdı və təkrar tapşırdı:

– Sabah tezdən, yüz dənə himayə vəsiqəsi hazırlarsınız, cənab Əbülhəsənbəyin qohumları çox imiş, siz bunu gərək vaxt ikən düşünəydiniz, çünki cənab Səmədxanın adamları səhvən də olsa, cənab Əbülhəsənbəyin qohumlarını incidə bilər. Son günlər bu cür hadisələr çox tez-tez baş verir.

Nina:

– Baş üstə, cənab general! – deyərək yenə də pianinoya tərəf getdi.

Konsulun arvadı Anna Semyonovna bizim yanımıza gələn kimi söhbətlərin mövzusu bir daha dəyişdi. O:

– Mən və cənab general neçə müddətdir ki, mühüm bir məsələ barəsində sizinlə danışmaq istərdik, – dedi, – bunu danışmaq üçün bu gündən də əlverişli bir gün yoxdur. Allaha şükür fəsadçılar məhv oldu, Təbrizdə yaşayış adi şəklinə girdi, indi siz də, başqaları da gələcəkdə dinc və salamat həyat keçirəcəyinizə əmin ola bilərsiniz. Buna görə də biz məsləhət görürük ki, kiçik xanımla olan əlaqənizi qanunilişdirib, ona bir ailə şəkli verəsiniz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri