Səhifə 2 / 2 · 50%

Mirzə Rəhim — Sənə iddə gözləmək lazım deyil, çünki sahibin yeddi aydır gedib.

Həlimə — Bəs elə isə indi necə olacaq ki?

Mirzə Rəhim — Necə olacaq? Sən məni vəkil edərsən, mən də siğeyi-şəriyyəni cari eləyərəm.

Həlimə — Doğrusu bilsəydim ki, o allah bəndəsi kimdir daha da yaxşı olardı.

Mirzə Rəhim — Daha soruşmaq nə lazım, ey mö’minə! Ancaq burasını bilməlisən ki, qiyamətin günü hurilər səni ziyarət eləyəcəkdir. Əcəba sən bunu istəmirsənmi?

Həlimə — Müctəhid ağa, məni kənizliyə qəbul edəndən sonra mənim nə sözüm ola bilər?

Mirzə Rəhim — (gülür) Xoşbəxt xanım! (əlini atır çənəsinə) Allahümmə səlli əla Mühəmməd və ali Mühəmməd. Ənkəhtül-mər’iyyətül mə’lumati və zəvəctü mər’iyyətil mə’lumati li. Allah mübarək eləsin!

Mirzə Bağır tələsik daxil olur.

Mirzə Bağır — Allah sizə ömür versin, görünür bəndənin kari-xeyrini tamam eləyibsiniz!

Mirzə Rəhim — Xeyr Mirzə Bağır! Soruşdum qız hələlik səğirdir, gərək həddi-buluğa yetişsin. Ancaq bu mö’minə özünə məhrəm ixtiyar elədi.

Mirzə Bağır — Nədən qıza kəbin düşmür, əri səlamət və hal-həyatda olan övrətə kəbin düşür?

Mirzə Rəhim — Bu nə füzulluqdur, Mirzə Bağır! Məgər Kərbəlayi Haşımın ölüm xəbərini üç nəfər adil şahidlər sənin öz yanında iqrar etmədimi?

Mirzə Bağır — Bəli, siğəni tez dalı oxu! İndi bu saat adam gəldi ki, Kərbəlayi Haşım gəlir.

Həlimə — (qalxır ayağa) Belə dilinə qurban olum! Hərkah bu doğru olsa Münəvvər səğir də olsa sənin malındır.

Mirzə Bağır — Yalan desəm bu əmmamə mənə xəsm olsun ki, özü də gəlir. Tez ol, qurban-zad varsa göndər qabağa!

Həlimə — (Mirzə Rəhimə) Bəs ağa, indi bu iş necə olsun? Bəlkə ərim gəldi?

Mirzə Rəhim — Əlhəmdülillah, məmləkət müsəlman məmləkətidir. Biz üç nəfər şahidə e’tibar edib bu xeyir işə əncam verdik, xüsusən Kərbəlayi Haşım özü də şəriət əhlidir. Bildi ki, üç nəfər şahid keçib şəriətdən çıxa bilməz.

Əsədulla — (daxil olur) Ağa, sizin övrətiniz Nisabəyim xanım sizi soruşur.

Mirzə Rəhim — (Tələsik) Get xəbər ver ki, burada heç kəs yoxdur.

Mirzə Bağır — Xeyr! Xeyr! Şəriət əhli yalan danışmaz! (qapıya sarı gedir) Buyurun, buyurun ağanın təşrifi buradadır.

Həlimə — (tərəfə) Boy, yaxşı abrım getdi.

Nisabəyim — (daxil olur) Kişi, yenə niyə gəlib bu ərli övrətin evinə soxulmusan?

Mirzə Bağır — Eybi nədir, ərli olanda nə olar? Cənab müctəhid üç nəfər şahid ilən Həlimə xanıma ikinci ər olur. Allah mübarək eləsin.

Nisabəyim — Sənin ki, peşən lotuluqdur, daha bu əlli arşın tənzifi niyə başında avara eləmisən? Başıma dəysin sən apardığın şəriət.

Mirzə Rəhim — Övrət, çox danışma, gəlmişəm bu övrətin evinin möhrünü götürməyə.

Mirzə Bağır — Bəli, nə üçün, elə kəbin kəsmək üçün də bu gün saat xoş idi. Təəssüf olsun ki, zifaf müyəssər olmadı, çünki indi bir saatdır ki, qalıb sahibi gəlsin.

Nisabəyim — (hirsli) Bu saat ver mənim talağımı, həyasız köpək!

Mirzə Rəhim — Qızıl da olsan saxlamaram. Al bu da sənin talağın: zəvətçi taligəhü təlləgəh, hiyə taligəhü təlləgəhü və hiyə taligəhü mərrəh, təlaqən riç’ijjə!

Əsədulla — (tələsik daxil olur) Aman günüdür, kömək eləyin. Birisi əlində xəncər gəlib axundu soruşur. Az qaldı ki, məni də öldürsün.

Mirzə Bağır — Füzulun birisi, üləma hüzurunda yalan danışmaq olurmu? Get söylə kimdir içəri gəlsin.

Mirzə Rəhim — Mirzə Bağır, xof elə qiyamətin günündən, fitnəyə bais olma!

Mirzə Bağır — Qorxma axund! Sənin qiyamətin bu gündən başlayır.

Gənbər — (daxil olur) Hanı o imansız, dinsiz molla? Onu gərək qurban payı kimi doğrayam.

Mirzə Rəhim qaçmaq istəyir.

Nisabəyim — (tutur) Qaçma həyasız köpək! Kişinin arvadını bir aydır ki, gətirib bəhanə ilə saxlamısan.

Gənbər — A kişilər, bir bunun həyasına baxın! Qızıl güllələrin altından arvad qaçırmışam, bir ay da saxlamışam, indi istəyir ki, kələk qurub alsın özünə. Vallah bu həyasızı öldürəcəyəm. (irəli gedir).

Mirzə Bağır — Hələ öldürmək olmaz! Çünki haq-hesabın böyüyü daldadır.

Gənbər — Belə də bişərm adam olar? İki aydır övrəti salıb qıfıl altına. Hansı gün gedirəm deyir ki, saat xoş deyil.

Mirzə Bağır — Ağa düz buyurubdur. İndiyə qədər saat xoş deyil idi. Amma indi xoşdur. Ağa on dəqiqənin içində bunu alıb, bunu da boşayıbdır. (övrətləri göstərir) Amma heyf olsun ki, aralıqda əli boş qalan ağa oldu, çünki bunun əri gəlir.

Zülfüqar — (daxil olur) Belə sənə müctəhid deyən kişinin imanına lə’nət! Ay həyasız oğlu, həyasız, mənim övrətimi niyə almısan? (məclisə) Kişilər, and olsun sizin başınıza, qırx lotularda da belə həyasızlıq olmaz! Övrətimin burnunu yerə sürtməkdən ötrü apardım bunun yanında talağın verdim ki, bir az ağıla gəlsin, elə mən ki, eşiyə çıxmışam siğəsini özünə oxuyubdur.

Nəsrulla — (Ağlaya-ağlaya) Belə mənim balalarımı ağlar qoyanı ağlar qalsın! Şəriətin sənə xəsm olsun! Ey biiman. Mən sənə nə yamanlıq eləmişdim. Nə hiyləyi-şər’ elədin ki, mənim var-yox bir bağçamı verdin Hacı Saleha? İndi deyir ki, bağça çıxıb bey-şərtinə.

Əsədulla — (sevinə-sevinə) Ay xanım, müjdəmi ver! Kərbəlayi Haşım ağam gəldi. (Məclisdə həyəcan başlayır).

Kərbəlayi Haşım, hammal dalında əşya daxil olur.

Kərbəlayi Haşım — Salam əleykum, ağalar! Çox zəhmət çəkmisiniz ki, gecənin bu vaxtı mənim görüşümə gəlmisiniz. (bir-bir görüşür. İstəyir övrəti ilə də görüşə).

Mirzə Rəhim — Kərbəlayi Haşım, əl saxla! Bu övrət indi sizə naməhrəmdir.

Kərbəlayi Haşım — Müctəhid ağa, bu nə fərmayişdir? Bu əhvalatdan mən xəbərdar deyiləm.

Mirzə Rəhim — Bəli, Kərbəlayi Haşım! Şəriətdən çıxmaq olmaz. Sənin Cəddədə vəfat etməyini üç nəfər adil şahid xəbər verəndən sonra bu zəifə özünə ər ixtiyar eləyibdir. Nə edəsən, şəriət də buna yol verir. Bu da şahidlərin adları və möhürləri.

Kərbəlayi Haşım — (məclisə) A başınıza dönüm, bu nə kələkdir mənim başıma gəldi? Mən Məkkəyə getdim ki, allahın borcunu verim. Bəs indi mənim arvadım necə olsun? (Heyrətlə evi o tərəfə, bu tərəfə gəzir).

Akif övrəti Şərifə xanım ilə daxil olurlar

Akif — Qardaş, sənə nə olub, sənin ölümün... İndi bəs bu axundun sözü nədir?

Kərbəlayi Haşım — Sözü nə olacaqdır? Halal hazırca arvadımı alıb oturubdur, özüm də ağzımı aça bilmirəm. Çünki mənim ölməyimə üç nəfər müsəlman şahid keçibdir.

Akif — Bəli, elə o şahidlərinizdə sizdəndir. Sənə yüz dəf’ə dedim ki, bu əmmaməli lotuya inanma! Axırda yenə də olmadı.

Gənbər — (gəlir irəli) Hacı, heç fikir eləmə, bu xəncərin gücünə arvadını boşatdıraram. Bir belə kələkdən mənim də başıma gətirmək istəyirdi. Haramzada oğluna bax, qulduru qoyublar şəriət məhkəmələrində, mənə quldur ad qoyub dalıma düşürlər!

Nəsrulla — Allah buna divan eləsin! Var-yoxum bircə mülkümü manatça yarıma alıb Hacı Salehin cibinə tökdü.

Zülfüqar — Vallah bu qırx lotudan həyasızdır. Aparıb həyasız-həyasız yanı balalı arvadımı saxlayır.

Gənbər — Siz öləsiniz, mən bu kafir oğlunun divanını allaha qoymayacağam. İndi bu saat özüm divanını elərəm! (istəyir xəncər ilə vursun).

Nisabəyim — Vur boynu düşsün yerə haramzadanın!

Akif — (Gənbərə) Oğlan, əl saxla! Bu mə’lunun qanını tökməkdən heç bir şey çıxmaz. Gərək müsəlmanların arasındakı cəhaləti öldürmək. Müsəlmanların bir çoxu bu əmələ məşğuldur.

Kərbəlayi Haşım — Ay qardaş, amanın bir günüdür! Mən daha özümü itirmişəm. Bu işə bir çarə elə. Mən bəs necə eləyim? (Tez-tez gəzir. Hammallar pullarını istəyirlər, qayıdıb acıqlanır).

Akif — Qardaş, mən sənə yüz dəfə söylədim ki, özünü bu çildə salma! Mən sənə dedim bu tayfaya inanma. Çünki bunların cəmi dünyada qəbahəti məşhur olub. Lakin sən yenə nicatı bunlarda gördün. İndi bu mollalara inananların dünyadakı nicatıdır, axirətləri də bundan fəna!

Kərbəlayi Haşım — Qardaş, məzəmmət vaxtı deyil əlac elə. (məclisə) Vallah mən dəli oluram. Ay kişilər, belə də dərd olarmı? Mən gedirəm beytüllahi-həram ziyarətinə, indi gözüm görə-görə övrətimi alsınlar? (ağlayır).

Akif — Ağla-ağla! Mən sizin cəhalətinizi görüb ağlayanda siz mənə gülürdünüz. İndi haman cəhalətin səmərəsi sizi ağladır. Bu ağbaşlı, qara fikirli namussuzlar çoxlarının namusunu ayaqlayıbdır. Bu işə yalnız bircə çarə vardır.

Kərbəlayi Haşım — Akif, belə qurbanın olum, o çarə nədir?

Akif — Kərbəlayi-Haşımlıq çildindən çıxmaq, adam olmaq. Həqarətdən çıxmaq üçün bu paltardan çıxmaq lazımdır. Çünki cəmi fəsadlar bu uzun ətəklərin altından çıxır.

Zülfüqar — Görünür ki, sən bir elmli adamsan. Elmin də ki, oldu söz yox, ağlın da olacaq. Mən ağılsız gətirib arvadımın bunun yanında talağını verdim ki, bir az burnu ovulsun. Mən bu tərəfə dönən kimi ağılsız arvadı salıb toruna. İndi iki aydır ki, saxlayır. İndi bəs necə olsun?

Akif — Siz müsəlmanlar gərək bu işlərdən darıxmayasınız. Çünki sizin peşəniz arvadları heyvan kimi alıb satmaqdır; necə ki, alırsınız, öylə də satırsınız. Daha burada sual yeri yoxdur.

Əsədulla — (sərasimə daxil olur) Ay Həlimə xanım, nə asudə oturmusan, evimiz yıxılıbdır (ağlayır).

Həlimə — Gedə, nə olub məgər?

Əsədulla — Nə olacaq? Münəvvər xanım qapı dalından eşidib ki, onu ərə verirsən, molla da kəbin kəsir, gedib özünü atıb göldə boğubdur.

Mirzə Bağır — Vay, yaxşı mənim evim yıxıldı!

Kərbəlayi Haşım — Gedə, Əsədulla, bu nə xəbərdir?

Əsədulla — Bəli, ağa, budur, ölüsünü gətirirlər.

Münəvvəri xalça üstə gətirirlər. Həlimə və Kərbəlayi Haşım özlərini salırlar cənazənin üstə.

Kərbəlayi Haşım — Evin yıxılsın arvad, bu nə işdir mənim başıma gətirdin? Evin yıxılsın yalan şahadət verənlər! Bu nə bəladır mənim evimə saldınız.

Akif — (Aralıqda durub əlilə göstərir) Bu açıq övrət (Şərifəni göstərir), bu da örtülü övrət, (Həliməni göstərir), bu şəriət (mollanı göstərir), bu da şəriətə inanan Kərbəlayi Haşımlar, bunlar da övrət tacirləri!

Pərdə düşür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri