Səhifə 2 / 2 · 50%

Akif — Demək ki, bu qanları tökən və bütün bu cinayətləri yapan allahın özüdür ki, siz də onun başında durmusunuz.

Mirzə Rəhim — Bəli, xudavəndi-aləm öz bəndələrini imtəhana çəkir!

Akif — Odur ki, siz xalqı vətən, millət sözləri ilə iti süngülərin altına soxub ləzzət aparırsınız. Şəhid dediyiniz müharibə qurbanlarının nə yolda öldüyünü bilmiş olsaydı, bu kimi qanlar əbəs yerə tökülməzdi.

Mirzə Rəhim — Bəli, hər kəs yolundan çıxıb mollaya, müctəhidə irad tutub, xüms-zəkatı, imam malını verməyib, buğlarını, saqqallarını qırxdırıb pulu olub ziyarətə Məkkəyə getməyibdir, bu bəlaları çox görəcəkdir.

Hacı Səməd — (daxil olur) Salam əleyküm! Ağalar, nə var, nə səsdir?

Kərbəlayi Haşım — Heç, Hacı Səməd əmi, cənab müctəhid allahın əhkamından buyururdu. Sən allah, əyləşiniz! (Əyləşir).

Məclis — Ya allah, hacı!

Hacı Səməd — Allah köməyiniz olsun! Zəhmət çəkməyin, özüm əyləşərəm. Amma bir az yubanmağımı bağışlarsınız.

Mirzə Rəhim — Hacı Səməd, nə olub ki, bu qədər təxir etdiniz?

Hacı Səməd — Oğlum Kərbəlayi İmanın uşağı birdən-birə qaraldı. Səhərdən o mollaya, bu falçıya, baxıçıya qaçmaqdan yorulmuşam.

Akif — Hacı, uşaq neçə yaşındadır?

Hacı Səməd — Əslinə baxasan bizim Kəblə İmanın heç oğul övladı olmazdı, olanda da ikicə ay yaşayıb ölərdi. Dua qalmadı aldıq, nəzir qalmadı elədik, başınızı nə ağradım, erməni keşişlərinə qədər gedib dua aldıq. Axırda bizə bir dərviş rast gəldi. Dərviş bir qara həbbə dua oxuyub verdi Kəblə İmana. Doqquz aydan sonra bir oğlan uşağı dünyaya gəldi. İndi uşaq qırxca günlükdür.

Akif — Çox pakizə! (kənarə) bu da müsəlmanların bir rəngidir!

Mirzə Rəhim — Hacı, bəs sonra uşağa nə çarə elədiniz?

Hacı Səməd — Molla Əsəddən bir dua gətirdik sakit olub yatdı. Şək gətirənin zatına lə’nət!

Akif — Qoy rahət olub yatsın! Çünki o yatmaqla öz yaxasını cahil ataların əlindən qurtarıb yenə də yoxluğa doğru gedir.

Kərbəlayi Haşım — Qardaş, hər nəyə şəkk edirsən et, amma Molla Əsədə şəkk eləmə! Bizim Münəvvərin də diriliyinə səbəb odur!

Hacı Şükür — (daxil olur) Salam əleyküm! amma gərək yubanmağı bağışlayasınız! (əyləşir).

Kərbəlayi Haşım — (qalxır) Ya allah, Hacı Şükür!

Hacı Şükür — Allah köməyin olsun, zəhmət çəkmə.

Mirzə Rəhim — Bəs, Hacı Şükür, səbəb nədir ki, yubanmısan?

Hacı Şükür — Gərək əfv eləyəsiniz! Bu gün qızım Nərgizə nişan qoyurdular.

Mirzə Rəhim — Xudavəndi-aləm qızı xoşbəxt eləsin, kimə verirsən?

Hacı Şükür — Doğrusu yaxşı Məşədi Seyfulla bu qızı iki il bundan əvvəl istəyirdi. Amma eybi burasında idi ki, qızın doqquz yaşı var idi. Məşədi Seyfullanın da evində iki arvadı var idi. Amma bir neçə gün bundan əvvəl övrətlərin birisi uşaq üstə öldü. Özüm də gördüm ki, qızın ərlik vaxtı keçir daha bənd olmadım, dedim ki, qoy götürüb getsin.

Mirzə Bağır — Hacı, gərək Məşədi Seyfulla o biri övrətini də boşayıbdır.

Hacı Şükür — Əslinə baxasan Məşədi Seyfulla arvad boşayan adam deyil. Bizim onun evinə gedib-gəlməmiz var. Ona da yaxşı bələd olmuşam. Çünki indi beş ildir ki, dayısı qızı məndədir. Xüsusən xalası da mənim siğəmdədir, elə birevli kimi sayılırıq. Onun boşadığı övrətdə bir övrətlik yox idi. Yazıq altı dəfə boşadı, aldı, genə də başa gəlmədi.

Məclisdən — Tfu, sənin zatına lə’nət belə arvad!

Hacı Şükür — Hə, indi görün ki, Məşədi Seyfuallada heç təqsir yoxdur. Yazıq deyəndə ki, balam dur bir kasa su qızdır mən xəttimin hənasını yuyacağam, deyir ki, hamam yaxındadır get hamama. İndi görün bu yazığın təklifi nədir?

Məclisdən — Əlbəttə boşamaq!

Hacı Şükür — Belə ha! Atanız oldu rəhmətdə Məşədi Seyfulla da bir zabitəli kişi, daha davam edə bilməyib, uşaqlarını da verdi qoltuğuna, saldı bayıra.

Məclisdən — Əlinə dönüm! Elə də lazım idi!

Mirzə Rəhim — Elə şəriət də belə buyurur. Bir övrət ki, sözə baxmadı, kəbin də düşməz!

Hacı Səməd — Qurban olum belə şəriətə. Vallah mən boşadığım arvadlara kəbin versəydim, başımda börküm də qalmazdı. A kişi, belə də olmalıdı da. Yə’ni belə deyil?

Akif — Hacılar, mən görürəm ki, siz özünüzü mö’min və müsəlman hesab edə-edə insan olan qadınları heyvan kimi alıb, heyvan kimi də satırsınız.

Hacı Şükür — Bəs necə olsun ki? Bir övrət ki, əlli beş yaşında ərinə saqqalını yumağa su qızdırmasın, ona da kəbin düşərmi? Sən bir yollu deyilən ki, şəriətə rəxnə qataçağam.

Akif — Bəli! O arvad gərək nəinki onun hənasına su verməyə idi, bəlkə onu həna yaxmağa da qoymayaydı. Çünki əlli beş yaşında baqqal saqqalını qızartmasaydı sən də on bir yaşında Nərgizi onun qucağına salmazdın, o da övrət-uşağını eşiyə salmazdı.

Hacı Şükür — Eşiyə salar, canın da alar. Biz bu börkü başımıza isti-soyuqdan ötrü qoymamışıq, qeyrətdən ötrü qoymuşuq.

Hacı Səməd — Ay başınıza dönüm, elə mənim də oğlumun e’tiqadı belədir.

Hacı Şükür — Mənim oğlum bu e’tiqadda olsa genə şükür edərəm, amma elə söz deyir ki, dilimə gətirə bilmirəm.

Hacı Səməd — Olmaya siğəni danır?

Hacı Şükür — Deyir ki, heç allah dibindən yoxdur.

Mirzə Rəhim — Mirzə Bağır, dur buradan xaric olaq, indi bu imarət uçar başımıza! Məgər allahı da danmaq olarmı?

Akif — Hərgah o allah varsa, bəs yerdəki allahlar kimdir? Gözə görünməyən allahın torpağında minlərcə allahlar vardır ki, hamısının behişti, cəhənnəmi, hurisi, gilmanı, cəlali-cəbaruti, əzab mələikələri, əlişan binaları, zərnişan qəsrləri, bəndələri, səcdəsinə yıxılanları da vardır. Hərgah o allah varsa, bəs bunlar nəçidir? Bunlar deyil məgər, mükəmməl bir insan tələsidir ki, o da mənim qardaşım Kərbəlayi Haşımı və bu hacıları aldatmaq üçündür.

Hacı Qurban — (daxil olur) Salam əleyküm hacılar! Deyəsən ki, bir az yubanmışam, amma gərək bağışlayasınız. Əyyamda düşər şənbəyə novruz. Bu gün tələbələr yığılıb oğlanlarımın ikisinə də əmmamə qoydular.

Akif — (kənarə) Bəli, islamın iki bəlası da artdı.

Məclisdən — Ay allah mübarək eləsin! Allah elmlərini artırsın!

Kərbəlayi Haşım — Hacı, sən mənim qardaşımın sözünə baxma! Allah xatirinə mənim işimə əncam verin, çıxım gedim allahın evinin ziyarətinə!

Hacı Şükür — Xoşa sənin səadətinə. Kaş sənin saqqalında bir tük olaydım.

Hacı Qurban — Ey kaş mənim də canım sulu olaydı, bu səfərdə sənə yoldaşlıq eləyəydim!

Hacı Səməd — Kaş mən də bir milçək olub sənin başına qonaydım!

Əsədulla (daxil olur) — Ay Hacı Səməd ağa, evimiz yıxıldı, adam gəlib ki, Kəblə İman ağanın uşağı keçinibdir.

Hacı Səməd — (qalxır) Vay sənin belə həftad puştünə lə’nət belə bədnəzər!

Akif — Eyb etməz! Molla əsədlərin duasının bərəkətindən bu dünyada da dirilməsə, axirətdə diriləcəkdir.

Mirzə Rəhim — Bəli, bu yazıq uşağın da alnında belə yazılmışdır. (Kəblə Haşıma) Kəblə Haşım, vaxt keçir, vəsiyyətlərini elə.

Akif — Bəli qardaş, vəsiyyətlərini elə! İndi görüm sənin, saqqallı körpənin alnında nələr yazılıbdır.

Kərbəlayi Haşım — Qardaş, sən allah, əl çək görüm başıma nə gəlir. (axunda) Bax, qəza işidir, mənim başıma bir iş gələrsə, mənə ikirmi illik qüsl, təharət, oruc, namaz alasınız! Dörd nəfər piyada zəvvarın da yol xərcini verib ağa qulluğuna göndərəsiniz. Övrətimin kəbin və həştyekini verərsiniz. O ki, qaldı qızım, onu da bir halal süd əmmişə verərsiniz, malımı da tapşırarsınız əlinə.

Mirzə Bağır — Qız barəsində ki, heç nigəran qalmayasan.

Akif — Qardaş, yazıqsan, gəl öz evinin dağılmasına bais olma! İndi ki, gedirsən, gəl kəndi də tapşıraq rəiyyətlərə. Mən ki, öz haqqımdan keçirəm. Daha bəsdir bu biçarələrin qanlarını sormaq.

Mirzə Rəhim — Mən bu xilafi-şər’ə imza qoya bilmərəm. Çünki bu kəndə hacı çuval dolusu əksinas sayıbdır. Hətta buna mən özüm siğə oxumuşam.

Akif — Şəriətdən, siğədən dəm vurmayın, əmməməli quldurlar! İnsan bədəni yırtmaqdan dırnaqları qanlı vəhşilər, siz heç bilirsiniz ki, kimlərin hesabına yaşayırsınız?! (Gedir qapının qabağına eşiyə deyir) Hamınız durub gəlin içəri! Durun, tez!

Bir dəstə cındır libaslı kəndli girir içəri.

Akif — (məclisə) Siz insan qanları sorursunuz, onlar da necə insan! İnsanların ən fəqiri, ən məzlumu. Bu biçarə fəhlələrin və kəndlilərin qanını! Durun buradan, dinçi oğrular!

Mirzə Rəhim — (qalxır) Durun buradan, xaric olaq, daha din əldən getdi.

Gedirlər.

Akif — (dallarınca) Yalançılar... Oğrular!

pərdə düşür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İnad

Əlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.

13 dəq
“Mələkə”

Mələkənin taxt-rəvanı Həmədanın Təbriz qapısına yetişdiyi zaman Qətibə taxt-rəvanın ipək pərdəsini qaldırıb darvaza başına baxdı və ipək parçanın üzərinə yazılmış bu sözləri oxudu:“Toğrul paytaxtı öz sevgili mələkəsini salamlayır”.

8 dəq
Nəsihət

Toğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı.Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi.

13 dəq
Dörd məktub

Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haq quşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu.Maşan dərələrindən şaqqıltı ilə axıb, Maşan düzlərini dolduran Maşanrud çayı ulduzların şəfəqini çimdirmək üçün geniş hövzələr təşkil edirdi.

20 dəq

Başqa şairlərin şeirləri