Parisdə məşhur bir köpək qəbristanı bina etmiş rus knyakinyası Labanova-Rastova öz köpəyi Lolonun məqbərəsini yapdırmaq üçün sərvətindən 100 min franq vəsiyyət eyləmişdir.

Şahzadə xanım pək böyük ehsan eləmişdir
Heyvanları ehsanına heyran eləmişdir.

Şahanə saray üzrə edib şanlı sükunət
İtlərlə, köpəklərlə tutub sevməli ülfət
Tinətçə köpəklər də bilir bəs ki, məziyyət
Kəndisitək onları da zişan eləmişdir
Şahzadə xanım pək böyük ehsan eləmişdir.

Knyaz «Lolo» olmuş xanımın lütfünə məzhər
Asudə həyat üzrə müənnəslə müzəkkər
Knyazları hörmətlə yapır itlərə məqbər
Öz zövcinə bir məqbərə bünyan eləmişdir
Şahzadə xanım pək böyük ehsan eləmişdir.

Bir əkmək üçün can çəkişir aləmi-insan,
Min ailə zillətlə, səfalətlə pərişan,
Şahzadə xanım sərvətin etmiş itə ehsan,
Kəndisini həmtinəti-heyvan eləmişdir
Şahzadə xanım pək böyük ehsan eləmişdir.

Bir nəsl ki, yalnız itə göstərsə səxavət
Bu nəsl əgər məhv ola var kimdə qəbahət
Bunlar «Lolo»lardır hamı təkrarə nə hacət
Cüt qıçlı köpək dörd qıça iman eləmişdir
Şahzadə xanım pək böyük ehsan eləmişdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira