Səhifə 2 / 4 · 25%

Təliə sözünü yarımçıq qoydu, utandı, əllərini dizləri üstünə qoyub sakit-sakit baxdı, arabir göz qapaqlarını qaldırıb gözünün guşəsilə vəliəhdə nəzər saldı. Heç şübhə yoxdu ki, o, vəliəhdi sevdiyini demək istəyirdi, lakin buna cəsarət etmirdi. Buna görə də vəliəhd ona sual verdi:

– Haman o, “bir də” dediyin sözün kölgəsində gizlənən ada and içə bilərsənmi?

– And içə bilərəm.

– Bacına xəbər verməyəcəyin üçün haman ada and içsən, mən də sənin bilmədiyin və mənim də sındıra bilməyəcəyim kamanın nə kimi bir kaman olduğunu sənə deyə bilərəm.

– Sizin canınıza and içirəm ki, mən bacıma xəbər verməyəcəyəm. İndi deyin görüm, o qüvvətli qolların gücü düşməyən hansı bir kamandır.

Vəliəhd bir az düşünərək:

– Gözəl Təliə, dünyada bu qolların qüvvəti çatmayacaq bir kaman varsa, o da sənin qövsi bir kamana bənzəyən qaşlarındır, – dedi.

Vəliəhdin bu sözlərindən, Təliə bir daha qaşlarını dartaraq Əbubəkrin üzünə əyri-əyri baxdı, çünki o, vəliəhddən belə bir sözü ilk dəfə idi ki, eşidirdi. Xüsusən Qətibənin vəliəhdə tez-tez “oğlum” deməsi də Təliənin vəliəhdin dediyi sözdən səksənməsinə səbəb oldu. Həm də Qətibə onun anası sayıldığı üçün Təliə də onun xalası hesab olunurdu ki, bununla da bacı oğlundan eşq-məhəbbətə dair eşidilən sözlər bir gənc xalanı heyrətə gətirməyə bilməzdi. Buna görə də Təliə utanaraq qalxıb otaqdan çıxmaq istədi, lakin o buna cəsarət etmirdi, o, vəliəhdi tək buraxıb nümayişkaranə bir surətdə getməyin nəzakətsizlik olduğunu zənn edirdi. Tərəddüdlər içərisində idi, qalxıb getsinmi? Otursunmu? Bu barədə bir qərara gələ bilmirdi. Vəliəhdə gəldikdə gözəl qızın həya tərləri içərisində üzdüyünü görüncə həyəcana düşmüşdü, Təliəyə elan-eşq etdiyindən peşiman olmuşdu, lakin bu həyəcanı sezdirməyərək, kamanları yerdən götürüb öz gücünü sınayır və ara-sıra gözünün ucu ilə Təliəyə baxırdı. Təliə də tərəddüdlər içərisində olduğuna baxmayaraq vəliəhdə göz qoyurdu. Artıq o, ən adi bir kamanı belə əyib sındıra bilmirdi. Onun qollarının müqavimətı önündə adi kamanları yox, Təliənin kaman qaşlarını hiss edərək, titrəyir və təslim olurdu.

Təliə birdən-birə qalxdı və çıxıb getmək istərkən vəliəhd titrək və yalvarıcı bir səslə onu hayladı.

– Kiçik xanım dayan! Mənimlə bərabər bir otaqda olmağı istəmirsənsə, onda otur, mən çıxıb gedə bilərəm.

Vəliəhd bu sözü dedikdən sonra yorğun bir baxışla əlindəki kamanı gözdən keçirib yerə atdı, papağını götürüb otaqdan çıxmaq istərkən Təliə onu səslədi:

– Dayan, vəliəhd, dayan!

Vəliəhd ona yaxınlaşaraq:

– Gözəl qız, sənin bu narazı baxışların mənim buradan getməyimi tövsiyə edir. Bizim ikimizdən birimiz bu otaqdan çıxmalıyıq, – dedikdə, Təliə onun əlindən tutaraq yalvardı:

– Yox, rica edirəm, dayanın! Buradan qəfildən çıxıb getməyiniz, bacımda şübhələr oyandıra bilər.

– Bir kəsə deməyəcəyin üçün and içdiyini unutmadın ki?

– Sən anda inanırsanmı?

– Əlbəttə, hər anda və hər kəsin andına inanmaq olmaz, çünki bəzən andlar yalanları doğrultmaq, bəzən də həqiqəti pərdələmək məqsədlərinə xidmət edir.

– Sən özün necə, həqiqəti pərdələmək məqsədilə and içənləri sevirsənmi?

– Xeyr gözəl qız, mən həqiqəti pərdələmək üçün and içənləri sevə bilmərəm.

– Bəs nə üçün həqiqəti gizləmək üçün bir qızı and içməyə məcbur edirsiniz? Özü də bir məmləkətin vəliəhdinəmi?

Söhbət çox uzun çəkdi, vəliəhd önündəki kamanları bir neçə dəfə sınamışdı, Təliəyə gəldikdə öz qəlbində: – “Gedimmi, oturummu?” sözlərini əzbərləyirdi, çöhrəsinin rəngi tez-tez dəyişir, vücudu isə külək qarşısında gənc sərv ağacı kimi titrəməkdə idi. Çünki o, birinci dəfə idi ki, gənc bir oğlanla qarşı-qarşıya gələrək belə bir mövzu üzərində danışırdı. Buna görə də o, hazırı və keçmişi tamamilə unutmuşdu, o, ancaq gələcəyin ucsuz-bucaqsız olan səhralarında yorturdu.

Qətibə qəfildən otağa daxil oldu, Təliə özünü ələ almaq istərkən bacarmadı, qorxusundanmı, utandığındanmı həyəcanı bir daha artdı. Qətibə Təliənin üzünə diqqətlə baxırdı, onun bütün görünüşü fikrində bir dəyişiklik yaradıldığını oxuyurdu. Vəliəhdin çöhrəsində də eyni mündəricəni oxumaq mümkün idi.

Təliə qupquru quruyub ayaq üstündə durmuşdu, vəliəhd isə Qətibəyə müraciətlə:

– Mələkə, mən məşq meydanına getməliyəm, – deyərək otaqdan çıxdı.

Təliə olduğu yerində buzlayıb durmuşdu. Qətibənin nə deyəcəyinə müntəzir idi. Nəhayət, Qətibə Təliənin yaxınlığına gəlib saçlarını oxşadı və dedi:

– Dünyanın hər işi belədir. Həyatın başlanğıcında daima bir çətinlik vardır. Bəzən o çətinliklər çox uzun bir müddət davam edir. Lakin təzə həyat qurmaq istəyənlər, çətinliyi çox tez və asanlıqla rədd etmək üçün sənətkar olmalıdır. Qızlar da, oğlanlar da öz həyatını qurmaq işində mahir bir sənətkar olmalıdırlar.

Hər iş və hər şey belədir. Sənə vəsiyyət edirəm: ağıllı adamlar qələbəni işin axırında yox, başlanğıcında əldə etməlidir. Qələbələr əvvəlcə təmin edilmədən bir müharibəni başlamaq və yainki böyük bir əsəri yaratmağa başlamaq ağılsızlıqdır.

Sevgi də, təzə ailə qurmaq işi də bura daxildir. Onları möhkəm bir əsas üzərində qurmağa çalışmaq lazımdır. Sevgi və məhəbbət binasının davamı onun möhkəm bir təməl üzərində qurulmasından asılıdır, çünki bunu mən öz həyatımda da təcrübədən keçirmişəm.

Bir qızın səadətini yalnız öz gözəlliyi təmin edə bilməz. Kişi gözləri o qədər şüursuz, o qədər dəlidir ki, o, dünyanın nadir bir gözəlini ən çirkin bir qadınla əvəz edə bilər. Bəzən bacarıqlı çirkin bacarıqsız gözəldən daha xoşbəxt yaşaya bilər.

Gözəl bacım! Kişilərlə həyat qurmaq üçün şahmat taxtasının qəhrəmanı olmaq lazım gəlir. Həyat və ailə sənətkarı olmayan bir qızın gözəlliyi bir parça kağız və yaxud bir arşın kətan üzərində çəkilən rəsmdən heç də fərqli deyildir.

Qız gözəl olmaqla bərabər bir ovçu qədər də həssas olmalıdır. Kişilərin qadınlar haqqındakı düşüncəsi bir bahar kələbəyinin şüurundan çox da irəli gedə bilməmişdir. Kələbək bir çiçəyin üzərində dayanmağa adət etmədiyi kimi, kişilər də bir qadının eşqində və bir qızın sevgisində əbədi olaraq durmağı sevməzlər, çünki adət və təbiətləri bunun əleyhinədir. Mən yenə də bunları öz həyatımda təcrübədən keçirdim.

Qızların və qadınların birinci vəzifəsi kişini öyrənməkdən ibarətdir. Onun zövqünün qadından nə tələb etdiyini, gözəllikdə nəyi və nə kimi xüsusiyyətləri sevdiyini təyin etmək lazımdır. Onlar kişi olsalar da xasiyyətləri bir şıltaqçı qızdan daha qabadır. Buna görə də onları bir ev quşu kimi əhliyyətə almağı və həyata öyrətməyi bacarmalıyıq. Əsas məsələ kişinin mənəmliyini sındırmağı bacarmaqdadır, çünki həyatın doğru yol ilə getməsinə mane törədən əsas cəhət kişinin və qadının inadından ibarətdir. Bunu da mən öz həyatımda təcrübədən keçirdim. Mənim ərimdə hökmdarlığın qətiyyəti, məndə isə qızlığın barışmaz bir inadı var idi, haman inad bu günə qədər mənim həyatımı çeynəməkdədir.

Kişinin xasiyyətini, baxışını və düşüncəsini dəyişmək lazımdır. Ona dediyini deyil, sən öz sevdiyini yedirməlisən.

Mən həyatımda səhv etdim. Lakin indi-indi düşünürəm ki, qadın, yəni bacarıqlı qadın, kişisinə kişinin libası kimi deyil, kişinin bədəninin dərisi kimi sarılmalı və aşılanmalıdır. Kişini öyrətmək üçün nə qədər vaxt sərf etmək lazımdırsa, iki o qədər də kişini öyrənmək lazımdır.

Qızlar gənclərin fikrinə öz rəngini və öz boyasını aşılanmalıdır. Onlar sevdikləri zaman bir körpə qədər şüursuzdurlar. Körpəlikdə isə insana hər bir şeyi öyrətmək mümkündür. Sevgi insan fikrini dəyişmək üçün ən mahir bir müəllim kimidir. Təəssüflər olsun ki, mən bunu gənclik fəslinin sonunda təyin edə bildim.

Ailə quruluşunun dərs kitablarını qadının özü yazmalıdır. Mən indi anlayıram ki, qadınlar kişiləri öz bildikləri, öz istədikləri qədər qura bildikləri, öz istədikləri qədər qura bildikdən sonra xoşbəxt həyat qura biləcəkdilər.

İndi də sənə sevgidən bir az deməliyəm ki, ağıllı qızın şüurunda məqsəd sevgidən daha irəlidə getməlidir. Sevginin özü müstəqil bir şey deyil, o müəyyən məqsədi tamamlamaq üçün bir vasitədir. Mənim nə dediyimi anla, müəyyən bir məqsədi əldə etmək və müəyyən bir arzuya nail olmaq üçün bir kişi ilə sevgisiz də yaşamaq mümkündür. Mənim özüm də bu baxışla ərə getdim, lakin kişinin varlığını bilmək işində savadsız olduğum üçün nə sevgidən, nə də məqsəddən istifadə edə bilmədim, mən qızlıq zamanında sevgi ilə məqsədin bir-birisini əvəz edə biləcəyini anlamadım.

Sevgi insanı bir-birinə bitişdirə biləcək qısa bir dövr üçün lazımdır. O heç bir zaman həmişəlik olmamışdır.

Sevgini həmişəlik daşımaq iddiasında olanlar adətlə sevgiyə fərq qoymayanlardır. Çünki sevgi elə təhəmmül edilməyəcək bir şeydir ki, insan ancaq gəncliyin sərxoşluğu dövründə ona təhəmmül edə bilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri