Səhifə 1 / 2

Mən bir az yubanmışdım. Miss Hanna həyəcanlı bir surətdə evdə gəzişirdi.

O məni görərkən indiyə qədər dilinə gətirmədiyi sözləri deməyə başladı:

– Gecəyarısına qədər ticarət olmaz ki! Səni qul edən ikinci bir səbəb vardır, ona mən inanıram, hiss edirəm, sən daim məni görərkən fikrə dalırsan, sən qəlbi özündə olmayan bir gəncə bənzəyirsən. Sən məni səfərdə ikən bundan daha artıq sevir və hörmət bəsləyirdin, halbuki o vaxt mən öz qəlbimi, öz iradəmi əlimdən verməməyə çalışırdım. İndi isə o əlimdən çıxmışdır. Sən isə... – deyə bir qədər dayandı və qəti qərara gəlmiş kimi: – Əziz dostum! – dedi, mən dinc bir düşüncə ilə yaşamaq imkanını itirmişəm, indi bu imkanı gərək sən yaradasan. İki saatdan bəridir ki, səni gözləyirəm. İki saat! Bunun hər dəqiqəsində başımdan minlərcə fikirlər gəlib keçir. Bəzən özümə nifrət edirəm. Lakin məni təskin edən bir şey varsa, o da daim fikrimdə danışdığım bir cümlədir: «Hanna, səbir et, özü yıxılan ağlamaz!»

Miss Hanna bu sözləri ayaq üstündə həyəcanlar içərisində söyləyirdi. Bir kərə də olsun üzümə baxmırdı. Sanki öz-özünə danışırdı. Sözləri məzmunca acıqlı, şıltaq bir qızın sözlərini xatırlatsa da, çöhrəsi incə, yalvarıcı, şikayətedici, yardımbəkləyici bir qızın çöhrəsini ifadə edirdi.

O, danışmaqdan və gəzməkdən yoruldu, arxası mənə tərəf olaraq qarşımdakı qoltuqlu səndəlin üzərinə oturdu. Onun bu hərəkətini dəfələrlə görmüşdüm. Bu oturuşu saçlarını oxşamağımı, onu ovundurmağımı tələb edirdi. Mən burada bir az təxir etmişdim. Onun bu vəziyyətindən xeyli mütəəssir olmuşdum.

Bu təxirim qızda ikinci bir dönüş yaratmış oldu. Göz yaşlarının damcıları düşmək üçün hazır saxlanmış kimi abı ipək donunun üzərində düşüb parçalanırdı. Qız ağlayır, mən də başının üstündə durmuşdum. Bir-birini təqib edən damcılar da sanki məndən «qızı sakit elə, ruhunu oxşa!» deyə tələb edirdi.

«Buradan qayıt get! Hər şeyi başlı-başına burax! İnqilab və məfkurən bunu tələb etsə belə, günahsız və sevgisinin əlində əsir olan bir qızın vəziyyətindən istifadə etmək insafsızlıqdır, rəhmsizlikdir» – düşündüm, lakin bu yoldan ani bir surətdə qayıtdım. «Yox! Bu yol doğru yol deyildir. Qızın ağlamasından darılmamalıyam. Qızlar sevdiyi və sevildiyi zamanlar da nə qədər çətinliklər çəksələr də, eyni zamanda ondan mənəvi ləzzət də almış olurlar».

Mən bunları düşünərkən özüm belə hiss etmədən miss Hannanın saçlarını barmaqlarımın arasında gördüm, oxşayır, ovundurmağa çalışırdım.

Sevgi həyatın hadisəsidir, sevgi gəncliyin ilk məhsuludur. O, zəruri bir haldır. Hərgah miss Hanna bir neçə ay əvvəl bununla mübarizə aparmış və sevgi hadisəsindən yaxasını qurtarmağa çalışmışsa da, o, təbiətin məcburi hadisəsi ilə nəticəsiz, çocuqcasına bir mübarizə aparmışdır. Mən vaxtilə bunu hiss etsə idim, miss Hannanı belə nəticəsiz və əzici düşüncələrdən mən edər və ona qismən yardım edə bilərdim. Təəssüf olsun ki, mən o zamanlar gözəl Hannanın səmimi və incə sevgilər bəsləyən qəlbinə yol tapa bilməmişdim.

Artıq miss davam gətirə bilmədi. O qalxdı və gülərək əllərimdən tutdu:

– De görüm harada idin? – deyə soruşdu.

– Mən sevgi hadisələrinin nəticəsini görmək və miss Hannanı ziyarət etmək üçün tələsirdim.

– Demək, sən məni bir aktrisa, özünü də bir tamaşaçı kimi hiss edirsən?

– Xeyr, mən də bir aktyoram, mənim də həyatda müəyyən rolum vardır.

«Zatən həyatın hər yeri bir səhnə, bir şəkil,
İnsan bir aktyor, dəyişir bil ki, müttəsil».

Bu kimi şeirlər tənqid edilsə də, bizim bugünkü vəziyyətimiz üçün olduqca uyğun, olduqca da münasibdir.

– Mən rolda deyiləm, sən də rolu burax, ikimiz də səmimi və həqiqi həyat qurmalıyıq.

– Gözəl Hanna, rol səmimiyyəti ləkələyə bilməz, biləks o, həyatın üzərindəki ləkələri təmizlər, dediyin kimi həqiqi bir şəklə salar.

– İndi de görüm, biz gəzməyə getməyəcəyikmi?

– Gedəcəyik, Hacı Əli ağanın ziyarətinə gedəcəyik. Sən orada bir iranlı qızı ilə tanış olacaq, onunla ingiliscə danışacaqsan. Sən o qızı görmüsən, lakin tanış olmamısan. Bu gün tanış olacaqsan.

Qız birdən yadına düşmüş kimi mənə belə bir sual verdi:

– Bugünkü intibahnamələrdən xəbərin vardırmı?

– Necə ki, yoxdur. Özüm divarda oxudum.

– İntibahnaməni tərcümə etdim, həm Tehranda Amerika səfirinə, həm də Vaşinqtonda xariciyyə nəzarətinə göndərdim. Amerika konsulxanası qəribə bir fikirdədir. Gizlin bir cəmiyyətə kömək etmək fikrindədir. Bu barədə müəyyən adamlara müəyyən vəzifələr tapşırılmışdır, bu məsələnin genişləndirilməsi üçün çalışacaqdır.

– Müqəssirlər tutulmuşdur.

– Tutulanların işi şübhəlidir. İki böyük müctəhidin adı çəkildiyindən rus konsulu məsələni yatırmağa və əhəmiyyət verməməyə çalışacaqdır. Çünki onların hər ikisi çar tərəfdarıdır. Vaxtilə hər birisinin haqqında səfarətə və xariciyyə nəzarətinə kitab böyüklüyündə tərifnamələr yazılmışdır. Buna görə də öz nüfuzunu itirməmək və mərkəzin yanında özünün yanıldığını isbat etməmək üçün məsələnin üzərindən keçəcəkdir. Burası Amerika konsulxanasına aydındır.

Qız ağlayıb islatdığı paltarlarını dəyişmək üçün içəri otağa keçdi, mən də Amerika konsulunun bizdən ruslara və ingilislərə qarşı istifadə etməsini düşünürdüm.

Qızın geyinməsi yarım saatdan artıq çəkdi. Onun bugünkü incə və nəfis paltarlarını ilk dəfə idi ki, görürdüm, zatən onunla dışarı çıxdığım da Təbrizdə birinci dəfə idi. Qız bu gəzintidən çox məmnun idi. Hacı Əli ağanın evinə qədər miss Hanna özünün müəyyən olmayan vəziyyətindən danışırdı.

– Mən də səni anlaya bilmirəm, – dedim, – sən ağıllı, kamallı qızsan. Bilirsən ki, sevginin xüsusiyyəti də düşüncələr yaratmaq, şübhələr doğurmaqdır. Sevgi bəzən kiçik bir hissi böyüdərək qaba və əzici bir düşüncə şəklinə sala bilər. Bu düşüncələri özlərindən rədd etməyə qabil olmayanlar intihara qədər də varıb çıxa bilər. Buna görə də sən bəzi düşüncələrə yol verməməlisən. Bizim vahid və yeganə bir məqsədimiz olmalıdır: səmimi sevgini yaşatmaq, onun davamı yolunda mülahizə ediləcək tikanları, maneələri qırıb atmaq! O tikanlar isə yersiz düşüncələr və şübhələrdən ibarətdir.

Hacı Əli ağanın evinə yaxınlaşırdıq. Bayaqdan bəri məni dinləyən miss Hanna aciz bir vəziyyət alaraq:

– Bunları mən də bilirəm. Amma bilməkdən nə olsun, bacarmaq lazımdır. Mən özümlə bacara bilmirəm, – dedi.


Qapını Hacı Əli ağa açdı, əlində fənər var idi. Evə qədər biz bağçanın içərisi ilə getməli idik. Bağça ancaq ikicə fənərlə işıqlanmışdı.

Eyvan böyük fənər və lampalarla işıqlandığından gündüz kimi işıq idi.

Miss Hanna eyvana çıxar-çıxmaz iri və qara gözlü, top saçlarını bir yerə toplayaraq sol çiynindən köksünə salmış bir qız onu qarşıladı.

Mən onunla tanış idim, miss Hannanı ona təqdim etdim, qız isə əlini miss Hannaya uzadaraq:

– Dilbər Əlizadə, – deyə tanış oldu.

Bundan sonra onlar ingiliscə danışmağa başladı, mən bir şey anlaya bilmirdim. Biz böyük salona, miss Hanna ilə Dilbər xanım başqa bir otağa keçdilər. Bir azdan sonra Məşədi Kazım ağa da gəldi. Bütün ailə çay masasının başına toplandı. Burada da qızlar ingiliscə danışırdı.

Miss Hanna Dilbər xanımın ingiliscə danışmasını qeyd edərək:

– İran qızları mədəniyyətə olduqca qabildirlər. Bilmirəm, nə üçün onları amerikalılar məktəbinə vermirlər? – dedikdə Hacı Əli ağa:

– Əvvəla, məktəb çox para tələb edir, ikinci də, heç kəs qızını açıq buraxmağa razı olmur, – deyə cavab verdi.

– Bizim məktəbimiz parasız deyildirmi?

– Xeyr, – Dilbər xanım cavab verdi, – yalnız amerikalıların toplayıb saxladığı uşaqlar üçün pulsuzdur, başqaları ağır tədris haqqı verməlidirlər.

– Amerika məktəbi, – deyə Hacı Əli davam etdi, – türk qızlarının götürülməsinə imkan vermir, bunun mühüm bir səbəbi vardır. Çünki məktəbə girən türk qızı məktəb proqramlarının bir çoxunu qəbul etmir. Məsələn, din dərslərini, kilsə dərslərini, ibadət, keşiş və rahibə tərbiyəsini sevmirlər. Daha açığı, missionerlik təlimatına rəğbət göstərmirlər.

– Məktəb proqramına toxunmamaq üçün bütün dərsləri, hətta dini dərsləri də keçmək, eyni zamanda keçilən dərsin təsirinə düşməmək də mümkündür. Amerika məktəbləri Şərqdə böyük bir mədəniyyət ocağıdır. İranlıların bundan istifadə etməməsinə təəssüf etməlidir.

Miss Hannanın bu fikrinə belə cavab verdim:

– O qədər də təəssüf ediləcək hal deyildir. Biz birkərəlik bunu bilməliyik ki, insan, xüsusən gənc öyrəndiyini unuda bilməz. Xüsusən məktəbin, dərsin əxlaq üzərində böyük təsiri vardır. Mən miss Hannanın bir fikri ilə şərik ola bilmərəm. O nə deyir? O deyir ki, «dərslərin hamısını keçmək olar, eyni zamanda keçilən dərsin təsirinə düşməmək də mümkündür». Bu fəlsəfə qəbul ediləcək bir fəlsəfə deyildir. Əvvəla, gənc bir qəlb, çocuq qəlbi pedaqoji təsirlərdən çox çətinliklə yaxasını qurtara bilər. Miss Hanna icazə versəydi, məsələni bir az da dərinləşdirmək mümkündür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri