Səhifə 1 / 5

Bu gün Təbrizin bütün küçələrində rus teleqraf agentliyinin xəbərləri vurulmuşdu. Bu da Təbriz həyatında birinci hadisələrdən idi, çar istilası zamanı və çar istilasından əvvəl belə-belə hadisələr olmamışdı.

Rus konsulxanasının bizim çıxardığımız şəbnamələrlə mübarizə aparmaq tədbirləri bundan ibarət qaldı. O, yalan və uydurma teleqraf xəbərlərini çap etdirib divarlara yapışdırmaqla xalqın fikrini Məhəmmədəlinin lehinə çevirməyə çalışırdı. Teleqraf bu məzmunda idi:

«25 Avqust, 1911-ci il.

Rus teleqraf agentliyinin verdiyi xəbərlərə görə, şahın müzəffər orduları hər tərəfdən hücuma keçib Tehran üzərinə yürüməkdədir.

Cəfərbay qəbiləsinin igid süvariləri «İmamzadə» üfüqlərində görünməyə başlamışdır.

Talış, Mikayıllı, Hacıxocalı, Canxanımlı, Poladlı qəbilələri də tac-taxtı öz həqiqi sahibinə qaytarmağa and içib Tehran üzərinə yürüməkdədirlər».

Farsca yazılmış bu xəbər Təbriz divarlarına vurulmaqdan başqa, rus tərəfdarları vasitəsilə qucaq-qucaq bazara çıxarılıb əhaliyə paylanırdı.

Məscid qabaqlarında, meydançalarda, döngələrdə başqa söz eşitmək mümkün deyildi, hər kəs bu barədə danışırdı. Hacı Mirməhəmməd və Hacı Mirqurban, bunlarla bərabər bütün Rusiya himayəsində olanlar küçədə hər kəsi görürsə, bir nömrə «Novoye vremya» qəzeti göstərib deyirdi:

– Ağa, bir al bax, cəddim rəsulillaha and içirəm ki, işlər qurtarıbdır. Bu qəzeti konsul cənablarının özü bəndəyə iltifat elədi və bəndələrinə xüsusi olaraq buyurdular ki, məsələ iki-üç günün məsələsidir. İşlər bitmişdir.

Doğru məlumatı amerikalı qızdan və yaxud Ninadan ala bilərdim. Mənzilim miss Hannanın evinə daha yaxın idi: bir də o, evə çox tez gəlirdi. Oraya getdim. Oturub onu yarım saatdan artıq gözləməyə məcbur oldum.

Qız qızarmış və nəşəli bir halda evə girdi.

Şlyapasını çıxarıb bir tərəfə, əlcəklərini digər bir tərəfə tulladı. Paltosunu qulluqçu qadının başına atdı. Sonra da mənim əlimdən tutub eyvana çəkdi.

– Nə olmuşdur ki? – deyə tələsik soruşdum.

– Biz deyən olmuşdur, – deyə qız sevinərək cavab verdi.

– Siz deyən?

– Hə, Məhəmmədəli məğlub oldu.

– Nə deyirsən, Hannam! Gözəl Hannam!

– Məhəmmədəlinin qabaq dəstələri sərdar Ərşədin komandası ilə Tehran yolu üzərindəki İmamzadəyə hücum etmişdir. Onlar ilk dəfə məşrutə ordusu ilə üz-üzə gəlmişdir. Qanlı müharibələr olmuş, nəticədə məşrutə ordusu düşməndən 300 əsir tutmuşdur. Sərdar Ərşəd vuruşma meydanında 100 nəfər də ölü buraxıb qaçmağa məcbur olmuşdur.

Qız bu sözləri deyərək:

– Bu sözlərdən razı qaldınmı? – deyə əlavə etdi.

– Doğrusu, həqiqətin hansı tərəfdə olduğunu təyin edə bilmədiyimdən heç bir söz deyə bilmərəm, – dedim.

– Əzizim! Mən bu sözləri heç bir kəsə demərəm, səni bir namuslu iranlı olaraq tanıdığımdan qəlbimi və sirrimi açmağa cürət edirəm. Amerikalıların xoşuna gedən şey hazırda iranlıların mənfəətidir. Amerika hökuməti daim İranın istiqlaliyyəti tərəfdarıdır. İndi de görüm, bu gün biz naharı bir yerdə yeyəcəyikmi?

– Gözəl Hanna ilə nahar yeməyi kim istəməz?

– İndi bəs nə üçün gəlmişdin?

– Bunu özün daha yaxşı bilirsən.

– Mən bu sözün həqiqət olduğunu bilsəydim, səni rahətsiz etməz, məsləhətlərini dinlər və gələcəyə əmin olardım.

– Bu bir həqiqətdir. Sənin qəlbindəki arzulara and içirəm. Çünki o arzular mənim üçün də müqəddəsdir.

Vidalaşıb çıxdım. Rus düşməni olan amerikalıların bir çox sözlərinə inanmaq mümkün olmadığından, rus konsulxanasından da xəbər bilmək lazım idi.

Mən evə girərkən Nina yenicə gəlmiş və ev paltarında olaraq çalışmaq istəyirdi. O məni görərkən, adəti üzrə içəri otağa girib paltarını dəyişmək istədisə də, mən mane oldum.

– Nina, gəl otur, narahat olma! – deyə divanın üstündə oturmasını rica etdim. Oturdu. Məcidi də qolları arasına alıb saçlarını, yaxalığını düzəltməyə başladı.

– İki mühüm xəbər vardır, – deyə Nina sözə başladı.

– Nə xəbər?

– Bu gün Tehrandan konsulun bütün ümidlərini qıracaq bir xəbər gəlmişdir. İmamzadə yanında gedən müharibədə sərdar Ərşədin komandası altındakı qoşun məğlub olmuş, 100 ölü, 300 əsir verərək qaçmağa məcbur olmuşdur. Tehrandan verilən təlimata görə, yerli mətbuata təsir yetirmək və Məhəmmədəlinin məğlubiyyəti haqqındakı xəbərləri gizlətmək lazımdır. Bu, birinci xəbər. İkinci xəbər də odur ki, sərdar Rəşidin evinə qonaq dəvət edilmişik. Artıq onlar evlənmişlər. Bu xəbərlərdən razısanmı?

– Birinci xəbərdən razı, ikincidən isə razı deyiləm, çünki bizim o cəmiyyətdə olmağımızın zərəri faydasından artıqdır.

– Səhv edirsən. Sərdar Rəşid rus konsulunun yaxın adamıdır. Çarın böyük vasitələrindəndir. Konsulun bu izdivaca təntənə verməsi də bu məqsədlədir. Yoxsa İraida bu izdivaca razı olmazdı. Onun bədbəxtliyinə çarın müstəmləkə siyasəti də səbəb olmuşdur. Məncə, bir hadisə zühurunda sənin sərdar Rəşidlə tanış olmağın böyük bir rol oynaya bilər, xüsusən bizim bu dəvətə əhəmiyyət verməməyimiz İraidanın şübhəsini də qazana bilər, bizdən inciyər, çünki bizdən başqa bir kəsi yoxdur.

– Doğrudur, lakin İraida sözümə qulaq asmadığı üçün inciməyə haqlı deyildir, – deyə qəti cavab verdim. – Mən sərdar Rəşidin bir gələcəyə malik olmayacağını bilirəm, bunu mən ona açıqdan-açığa deyə bilməsəm də, fikrimi ona anlatdım, onun özü də sərdar Rəşidə satılmayacağını sözarası mənə dedi və məni inandırdı, lakin yalançı çıxdı.

– İş belə olmuşdur, – deyə qız məni inandırmağa başladı. – Sərdar Rəşidin arvadı özünü yaxşı aparmırdı. Sərdar da onu buraxmağa, İraidaya evlənməyə tələsirdi. İraida ailənin dağılmağına razı olmurdu. Məsələ çoxdan bəri bu şəkildə qalmışdı. Bu günlərdə arvadın qardaşları gəlmiş və onu həmişəlik olaraq alıb Ərdəbilə aparmışlar.

Bir tərəfdən bu, digər tərəfdən də konsulun təşviqi nəticəsində İraida bu izdivaca razı olmuşdur. Ziyafət bizim üçün maraqsız olmaz. Hər cür olursa-olsun, biz bu ziyafətə getməliyik.

– Gedərik, etiraz etmirəm, ancaq onu bil ki, bu gecə şəbnaməni buraxmalıyıq. Çünki rus konsulunun buraxdığı gündüz teleqramları təbrizlilərin çox hissəsini Məhəmmədəlinin qalib gələcəyinə inandırmışdır. Bu gecə dərnək üzvlərinin səfərbər edilməsi lazımdır. Həsənağa bu gün sənin yanına gələcəkdir. Ona tapşırarsan, üzvlərə xəbər verər, özü də mənim yanıma gəlməlidir. İndi Rus–İran məktəbinə gedirəm.

Ninanın saçlarından, Məcidin isə üzündən öpərək vidalaşdım.

Rus–İran məktəbinə gedərkən Məcidülmülk mağazalarının qabağında məktəb müəllimi Əkbər Əkbərov yoldaşa rast gəldim, bütün eşitdiklərimi ona xəbər verərək, bu gecə şəbnamənin çıxarılacağını da söylədim.

– Nə vaxt görüşəcəyik? – deyə soruşdu.

– Axşam saat 10-da məni gözlərsən. Mündərəcəsini gətirəcəyəm. Sən kağızları əvvəlki ölçüdə hazır etdirərsən. Yenə də şagirdləri səfərbərliyə almalısan. Mən başqalarına da sifariş göndərmişəm, səhər tezdən şəbnamələr divarlarda olmalıdır.

Əkbər Əkbərov yoldaşdan ayrılıb Məşədi Kazım ağanın hücrəsinə getdim. Tacirlər yenə onun ətrafında fırlanır, yenə də mal almaq istəyənlər tacir dilini işə salmışdılar. Mən onun qulağına Məhəmmədəlinin İmamzadə yanında əzildiyini xəbər verərək, mallardan bir hissəsinin satılmasını məsləhət gördüm, çünki hələ müharibə tamamilə bitməmişdi.

– İndi bizim təklifimiz nədir? – deyə Məşədi Kazım ağa sordu.

– Yeni mallardan bir qismini sat, hamısını yox. Bir də bu gecə şəbnaməni çap etməliyik. Saat səkkizdə iclas çağırmalısan. İclasın yerini axşam evdə mənə deyərsən.

– Nahara gəlməyəcəksənmi?

– Xeyr, getməli yerim var, – deyə oradan çıxdım və miss Hannanın evinə yollandım.


Çar casusları əvvəlki yerləri gecə-gündüz nəzarət altına aldıqlarından bu gün şəbnamənin ikinci nömrəsi tamamilə başqa yerlərdə yapışdırılmışdı.

Şəbnamənin bu nömrəsi təbrizlilərdə böyük bir ruh yüksəkliyi oyandırmışdı. Aylardan bəri lal olan dillər açılmış və sönməyə başlayan inqilab duyğuları cuşa gəlmişdi. Küçədəki çəkməsilənlər, şey satanlar, hətta hamballar belə, inqilabın qalib günlərində olduğu kimi, istibdadı təhqiredici sözlər danışır və şeirlər oxuyurdular:

«Məmdəli qaçdı qoyma!
Bəndini açdı qoyma!»

Şəbnamələr divardan qoparılmamışdı. Mən Mirzə İsmayıl karvansarasının qabağından keçərkən camaatın bir yerə toplandığını, bir nəfərin şəbnaməni ucadan oxuduğunu və ağa Məhəmmədəli Qarabağlının xalça üstündə əyləşib qəlyan çəkə-çəkə şəbnaməni dinlədiyini gördüm.

«Təbriz camaatı! Həqiqət heç vaxt məğlub olmaz! Azadlıq fikri boğulmaz! Şəbnamənin birinci nömrəsində sabiq şah Məhəmmədəlinin ingilis-rus dövlətlərinin vasitəsilə İrana gəldiyini yazmışdıq. Heç şübhə yoxdur ki, o xəbərdən inqilabçı Təbriz xalqı həyəcana düşmüşdü. Daxili mətbuat istilaçı çar hökumətinin təzyiqi nəticəsində olaraq həqiqəti gizlədir. Odur ki, Məhəmmədəlinin hərəkətinə dair aldığımız xəbərləri bu nömrəmizdə Təbriz camaatına bildiririk.

Tehrandan alınan mötəbər xəbərlərə görə, sentyabr ayının beşində, Məhəmmədəlinin qoşunları, sərdar Ərşədin komandası altında olaraq İmamzadə yanında məşrutə ordusu ilə üz-üzə gəlmişdir.

Məşrutəçilər sərdar Ərşədin qoşunundan 3 yüz əsir götürmüş, yüz nəfər də öldürmüşlər. Məhəmmədəlinin ordusu qaçmaqdadır. Məşrutə ordusuna gündən-günə təzə qüvvələr qoşulur, inqilabçı qəbilələr məşrutə ordusuna qoşulur. Gələcək xəbərləri üçüncü nömrədə xəbər verəcəyiz».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XXV. Bolşeviklər Həştərxana gedir

«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov

5 dəq
XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 dəq
XXVII. «General Denster-Vil gəlir»

İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı.Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi.

6 dəq
XXVIII. Cəbhədə

Ayın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi.Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı:

10 dəq

Başqa şairlərin şeirləri