Şəbnamə №3
Mən hələ nahar etməmişdim. Rus-İran məktəbindən yenicə gəlmişdim. Təbrizdə hökm sürən həyəcanlı şayiələri müzakirə etmək üçün oraya yığılmışdıq.
Ruslar, ingilislər Məhəmmədəlinin taxta sahib olması qalibiyyəti haqqında cürbəcür şayiələr buraxırdı. Sabiq şahın hərəkətlərinə dair xəbərləri olduqca gizlin saxlayırdılar, konsulxanalarda belə lazımi xəbərlər yox idi.
Yenicə yıxanıb üzümü silirdim ki, miss Hannanın xidmətçisi kiçik bir məktub gətirdi:
«Səni təcili bir surətdə gözləyirəm. Bir dəqiqə təxir etmədən gəlməlisən. Hanna».
Mən onda mühüm bir xəbər olduğuna inandım, paltarımı düzəldərək onun yanına getdim.
Bu gün amerikalı qız olduqca şad və oynaq görünürdü, o, istər özünü, istərsə otaqlarını sanki ətirlər içərisində çimdirmişdi.
Qız məni görürkən:
– Amerikanın məhəbbəti, Amerikanın diqqət-nəzəri hansı tərəfdə olursa, o tərəf qalib çıxacaqdır! Amerika İran istiqlaliyyəti tərəfdarıdır. Amerika İranda müstəmləkə siyasəti aparanlara düşməndir, – dedi.
– Doğrudur, hökumətlər arasındakı rəqabət də bunu tələb edir, – dedim.
– Yox, – deyə qız cavab verdi. – Amerika üsul-idarəsi millətlərin azadlığını tələb etməkdədir.
– Mən sizi dinləyirəm, məktubunuz çox qısa idi, – deyə cavab gözləməyə başladım.
Miss Hanna adəti üzrə saçlarımı oxşayaraq:
– Sizə məktubu nə qədər uzun yazsaydım, o qədər də siz bura təxirlə gələcək idiniz. İndi dinlə, – dedi. – Məhəmmədəli tamamilə məğlub olmuşdur. Bu gün konsulxanaya rəsmi xəbərlər gəlmişdir. Tehranın təlimatı bu xəbərlərin intişarını tələb edir. Yerli qəzetlərin müdirləri çağırılmışdır. Onlar rus konsulunun icazəsi olmadan bu xəbərlərin intişarından boyun qaçırdılar. «Savə» və «Bırocırd» yanında vuruşan və Məhəmmədəlinin ümid bağladığı son və əsas qüvvələr tamamilə məğlub olmuşdur. Məhəmmədəlinin özü isə Rusiyaya qaçmışdır.
Qızın bu xəbəri məni çox sevindirdi. Naharı necə yediyimi bilməyərək tez qalxdım. Amerikalı qız mane oldusa da, «axşam gələcəyəm», deyə yaxamı qurtarıb çıxdım.
Ninanı görmək və onun vasitəsilə rus konsulxanasındakı xəbərləri öyrənmək lazım idi. O, evdə idi, xəbərin çox gec alındığını və Amerika konsulxanasındakı rus casusunun bu xəbəri konsulxanaya gətirdiyini xəbər verdi. Ninanın dediyinə görə, rus konsulu bütün yerli qəzetlərə təsir yetirməklə bu xəbərin dərc olunmamasını tapşırmışdır.
– Eyib etməz, – dedim, – biz dərc edərik, hamı da oxuyar.
Ninanın evindən çıxıb, yenə də Rus-İran məktəbinə qayıtdım. Əkbər Əkbərov ilə görüşdüm, şəbnamənin mündərəcəsini özümüz düzəltdik, onları yapışdırmaq üçün də lazım olan sifarişləri verib dışarı çıxdım.
Mən Məşədi Kazım ağanın hücrəsinə (kontoruna) gəldikdə yenə də Amerika malları almaq üçün toplanmış tacirləri orada gördüm. Məşədi Kazım ağaya gəldikdə malların üstünə bir neçə qat gəlməsinə baxmayaraq, yenə də əlindən buraxmaq istəmirdi.
Mən onun qulağına:
– Məhəmmədəli məğlub olub Rusiyaya qaçmışdır, – deyə pıçıldadım, – malları bu gün satmalısan, özü də nəqd pula satmalısan. Sabah şəbnamə çıxacaqdır.
Məşədi Kazım ağa bu sözdən heç vüqarını pozmayaraq, yenə də tacirlər ilə çənələşməyə başladı.
Axşamçağı bütün işlərimi bitirib Məşədi Kazım ağanın kontoruna qayıtdıqda onun bütün malları Amerika dolları, ingilis funtu və İran gümüş parasına satdığını gördüm.
Pullar sayılıb bağlandıqda Məşədi Kazım:
– Bu ticarətdən inqilabın payına beş yüz min tümən düşür. Harada saxlamaq, hara sərf etmək işi sizin ixtiyarınızdadır, – dedi.
– Özünüz saxlayınız. Lazım olduqda siz sərf etməlisiniz, – dedim.
Sonra yeni şəbnamənin mətnini çıxardıb ona oxudum:
Şəbnamə №3
«Aylardan bəri İran əks-inqilabını idarə edən İngiltərə-Rusiya dövlətləri öz xəyanətlərində məğlub oldular. Məhəmmədəlinin paytaxt üzərinə olan hücumu nəticəsiz qaldı. Yefrem və sərdar Bəhadırın komandası altında olan məşrutə ordusu Məhəmmədəlini tamamilə məğlub etdi.
Məhəmmədəli Batağay və Bırocırd yanındakı müharibədə əzildi. Məhəmmədəli yenə də Rusiyaya qaçmışdır. Rusiya və İngiltərənin bu xəyanəti Kaspi dəryası sahilindən başlayaraq Mərkəzi İrana qədər bütün ölkəni soydurdu. Şahsevənlər, türkmənlər kəndlilərin var-yoxunu qarət edib apardı. İngilislər və ruslar bununla da bütün İran kəndli və yoxsullarının nifrətini qazanmışdır. Hər iki müstəməlkəçi dövlətin hiylələri, iç üzləri bəlli oldu, iranlılar öz dostunu və düşmənini tanıdı.
Təbriz camaatı rus və ingilis müstəmləkəçilərinə qarşı mübarizədə yenə birinci rolu oynamalıdır, İran xalqı öz inqilabi fəaliyyətinə arxalanmalıdır.
Müstəmləkəçilərin əlində alət olan anqlofil, russofillərlə də mübarizə aparmalıdır.
Təbriz camaatı, oxuyun, İngiltərə xariciyyə nazirinin İran haqqında verdiyi məlumatı eşidin:
«İran haqqında İngiltərə və Rusiya dövlətləri sözbirdir. İran bu iki hökumətin mənafeyini tanımağa məcburdur».
Bununla da İran istiqlaldan əl çəkib Misir, Mərakeş, Tunis kimi müstəmləkələrin şəklinə düşməlidir.
Təbrizlilər! Bu günlər yuxarıda göstərilən hökumətlər yeni xəyanətə hazırlaşır, İran maliyyəsini düzəltmək üçün gəlmiş amerikalı Morqan Şosterin İrandan çıxarılmasını tələb edirlər.
Onlar İrana ultimatum verməyə hazırlaşırlar.
İran hökuməti bu iki hökumətdən icazə almadan xaricdən müşavirlər çağırmağa haqlı deyildir.
Təbriz camaatı! Bunların hamısı göstərir ki, mübarizə hələ bitməmişdir. Yenə də çarpışmaq, yenə inqilab səngərlərinə dolmaq lazım gələcəkdir».
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-sebname-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Neçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.
Qubernator Nakaşidze vuruldu– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?
Hökumətin ikinci xəyanətinə qarşıÇar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.
Çarizm öz işini gördüÇar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.