Ayın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi.

Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı:

«Mənim sevgili dostum, Leyla!

Cəbhədə sakitlikdir. Gecəni sənin fikrinlə yatdım. Səni düşünürdüm. Düşmən tərəfindən bir dənə güllə də atılmadığından sənin haqqında qiymətli düşüncələrimi poza biləcək heç bir hadisə yox idi. İndi məktub yazdığım zaman cəbhədə adi həyat vardır. Saldatlarımızın ruhu olduqca yüksəkdir.

Cəbhəmizin möhkəmliyi mənə böyük ümidlər verir. Bizim mövqelərimiz bir tərəfdən düşmənin tutduğu mövqelərə hakimdir. O biri tərəfdən də Bakının müqəddəratını həll edən yerlərdədir. Bütün qüvvəmiz Palçıq vulkanı cəbhəsində yerləşmişdir. Bu saat general cənabları ilə danışırdım, sənin səhhətin haqqında mənə təminat verməklə, bizi, sakitlik olsa bu axşam müvəqqəti şəhərə gəlib onunla birlikdə şam yeməyə dəvət etdi.

Leyla, sən mənə ayın 14-də gecə saat dördün yarısında verdiyin sözü unutma! Mən haman sözün nəşələri ilə yaşayır və cəbhədə olduğuma baxmayaraq özümü cənnətdə hiss edirəm...»

Bahadır xan hələ məktubu bitirmədən Stafford alayının «D» bölüyü komandanı kapitan Sparro içəri girib şahzadə Bahadır xanın gözləmədiyi bir xəbəri gətirdi:

– Əlahəzrət şahzadəyə deməliyəm ki, Palçıq vulkanının cənub-qərb tərəflərində, düşmənin böyük hərəkəti hiss olunur.

Bahadır xan durbinin dalısından çəkiləcək telefon dəstəyini götürüb general ilə danışmağa başladı:

– Səhər saat 10-30 dəqiqədə, Palçıq vulkanı cəbhəsinin cənub-qərb tərəflərində düşmənin ciddi hərəkəti hiss olunur — deyə durbinlə baxmağa başladı.

On dəqiqə sonra şahzadə Bahadır xan telefonda dedi:

– Düşmən dörd tərəfdən hücuma keçdi. Düşmənin qüvvəsi çoxdur.

Şahzadə bir neçə dəqiqə düşmənin hücum xəttinə diqqətlə baxdı:

– Düşmənin son çərkələrində güclü süvari dəstəsi də irəliləməkdədir. Düşmənin qüvvəsi təxminən min nəfərə qədərdir. Düşmən şiddətli top atəşindən də geniş istifadə edir. Ətrafımızda qiyamət qopmuşdur.

Şahzadə Bahadır xan dəstəyi atıb birinci, ikinci, üçüncü mövqeyə komanda verməyə və atışmaya rəhbərlik etməyə başladı. Səngərlərdən güllə dolu kimi yağırdı. Bir tərəfdən alman, digər tərəfdən ingilis silahları ilə silahlanmış adamlar bir-birinə qarşı duraraq tanımadığı, görmədiyi insanları öldürməyə, məhv etməyə çalışırdılar.

Bahadır xan general ilə danışmağa başladı:

– Biz top, tüfəng atəşi ilə düşmənin hücumunu dayandırdıq.

Lakin bu sükut çox da uzun çəkmədi. Türklər böyük toplarla atəş açaraq ingilislərin birinci mövqeyinə hücuma başladılar. Bu müharibə şahzadə Bahadır xanın taleyini həll edəcəkdi. Bu müharibədəki qələbə onu tac-təxtində möhkəmlədəcək və Bakı ingilislərin olacaqdı.

Buna görə də şahzadə Bahadır xan 1-ci, 2-ci və 3-cü səngərlərdəki qüvvələri səfərbər etməklə, qardaşlarının meyitlərini ayaqlayaraq irəliləyən türklərin beş şiddətli hücumunu dəf etdi. Lakin böyük tələfatla əldə edilən bu müvəffəqiyyət də uzun çəkmədi.

Hindistan şahzadəsi, alman boyunduruğu altında irəliləyən türk paşasının «irəli!» komandasına və «hayda hücuma!» deyə qışqırmasına cavab verə bilmədiyindən, dəstəyi əlinə alaraq generalı çağırdı:

– Cənab generala xəbər verməliyəm ki, düşmənin beş dəfə şiddətli və inadlı hücumunu dəf etmişdik. Buna qarşı düşmən təkrar hücumla birinci mövqeyi müdafiə edən saldatlarımızı səngərdən çıxartdı. Düşmənin tələfatı bizimkindən qat-qat artıqdır.

Bahadır xan birinci səngərdən çəkilən saldatları ikinci, üçüncü səngərlərdə yerləşdirdikdən, yaralıları şəhərə göndərdikdən sonra Leylaya məktub yazmağa davam etdi:

«Gözəlim Leyla!

Düşmənin inadlı hücumu, məktubun təxirlə yazılmasına səbəb oldu. Səhər saat on birin yarısında başlanan hücumda düşmənin qalibiyyəti, verdiyi qurbanlar nisbətən olduqca əhəmiyyətsizdir. Məktubumun başında yazdığım bəzi vədlərə əməl edə bilməyəcəyəm. Çünki düşmənin ciddi hərəkəti vəziyyəti dəyişdi.

Axşam şam yeməyinə gələ bilməyəcəyəm. Zənnimcə bu gün türklər bizimlə hesablaşmağa çalışırlar. Onlar hücum zamanı pozulmuş sıralarını düzəltdikdən və əldə etdiyi mövqeləri bərkitdikdən sonra bizim ikinci və üçüncü səngərlərimizə hücum edəcəklər.

Nə olur-olsun, qəlbim səninlədir. Hələlik bu qədər, salamat qal, gözəlim, əlini öpürəm.

Bahadır».

26 avqust, 1918.

Bahadır xan zərfi qapayıb üstünü yazdı və şəhərdən ərzaq daşımağa gedən maşınla Leylaya göndərdi.

Bahadır xan generala vəziyyəti anlatmaq üçün yenə də şəhər telefonları ilə birləşmiş səhra telefon aparatına yanaşdı.

– Cənab general!—dedi.—Düşmən birinci mövqeyimizi işğal etdikdən sonra pulemyotçuları və kiçik topları o tərəflərdə yerləşdirməyə başlamışdır. Düşmənin bu hərəkəti cəbhəmizin şimal tərəfini qorxu altına alır. Vəziyyət olduqca ciddidir... Xeyr! Buraxmaq yaramaz!.. Bəli, Bakını buraxmaq deməkdir... Ola bilməz! Bu boş bir manevra deyildir... Başqa cəbhələrlə əlaqədəyəm. Kəşfiyyatçıların verdiyi məlumata görə düşmən bütün qüvvətini Palçıq vulkanı mövqeləri qarşısına toplamışdır... Bəli!.. Bəli!.. Bu mövqelərin müqəddəratı həll olmasa gerıyə, başqa mövqelərimizə çəkilməyə məcbur olacağıq. Çünki düşmənin Palçıq vulkanını işğal etmək istəməsi bütün cəbhə xəttinə qarşı çevrilmiş hərəkatdır!..

Şiddətli atışmalar başlandığını eşidərkən şahzadə Bahadır xan dəstəyi yerə qoydu, çünki cəbhə telefonu sürətli və davamlı zəng çaldı, Bahadır xan dəstəyi götürüb bir az dinlədikdən sonra dəstəyi yerə qoyub başqa dəstəyi götürüb şəhəri çağırdı:

– Cənab general! Saat birin yarısıdır. Düşmən Palçıq vulkanının şimal tərəfindən inadlı hücuma başladı.

Bizim top və pulemyotlarımızın dəhşətli atəş tufanına baxmayaraq, düşmən öz pulemyot və toplarını irəli sürməkdə və şimal qanadımızı döyən təpələrdə yerləşdirməyə çalışmaqdadır. Düşmən hazırlığını bitirdikdən sonra ikinci, üçüncü mövqelərə hücum edəcəyi şübhəsizdir.

Bahadır xan şəhər ilə olan telefon söhbətini dayandırdı. Çünki cəbhə telefonları bir-birinin dalınca zəng çalır, Bahadır xanı çağırırdı. Düşmən yalnız şimal tərəfdən deyil, cənub tərəfdən də hücuma keçmişdi. 2-ci 3-cü mövqelər artıq atəşə tutulmaqda idi. Vəziyyət qorxulu idi. Bahadır xan generala müraciətlə:

– Cənab general, vəziyyət olduqca ciddidir. Mövqelərimiz şiddətli atəşə tutulmaqdadır. Düşmən bu hücumda Binəqədi tərəfindəki təpələri əldə etməyə çalışır.

Cənab general, hazırkı vəziyyətdən çıxmaq üçün Şimali Stafford alayının 60 və Varvik batalyonunun 70 nəfərlik ehtiyatını, mayor Leyin komandası ilə göndərməyinizi məsləhət görürəm. Müharibənin ən dəhşətli vaxtıdır. Zənnimcə Binəqədi kəndində yerləşən erməni batalyonunu təhkim üçün Şimali Stafford alayının bir bölüyünü göndərmək lazımdır.

Bahadır xan uzun-uzadı telefonda dinlədikdən sonra yanında duran miralay Keyvorta müraciətlə dedi:

– Şimali Stafford alayının bir bölüyü saat on iki on beş dəqiqədə Binəqədi kəndində duran erməni batalyonunu müdafiə üçün getmişsə də orada bir nəfər də görməmişdir. Bu bölük hazırda təpələri işğal etməkdə olan 250 nəfər türk əskəri ilə qanlı vuruşmadadır...

İkinci və üçüncü səngərlərlə əlaqə kəsildi. Beş dəqiqə sonra Şimali Stafford bölüyünün bir saldatı gəldi:

– Tam saat ikinin yarısında düşmən 2-ci və 3-cü səngərlərin qarşısında göründü. Siyirmə qılınc vuruşduq. Ancaq 6 nəfərimiz salamat qurtardı.

Zəng vurdu. Bahadır xan dəstəyi götürüb:

– Dinləyirəm!—deyə uzun-uzadı sakit durdu. Sonra da:—Palçıq vulkanı dağı hələlik tamamilə düşmən tərəfindən işğal edilməmişdir. Nə qədər ki, bu tərəflər tamamilə düşmən əlinə keçməmişdir, düşmən, qüvvəsini Binəqədi cəbhəsinə çevirməyi bacarmaz.

Hər ehtimala qarşı düşmən Palçıq dağını tamamilə işğal edərsə, buradakı qüvvə Binəqədi kəndinin şimalını və Biləçəri dəmiryol stansiyası xəttini işğal edəcək və iki fasiləli xətdən ibarət cəbhə təşkil edəcəkdir. Əlaqəni möhkəm saxlayın!

Şiddətli müharibələr davam etməkdə idi. Miralay Keyvort və şahzadə Bahadır xan bir an dayanmadan komanda verir və telefonla səngərlərdəki qüvvələrin möhkəm dayanmasını əmr edirdi.

Müharibə türklərin qələbəsilə bitmək üzrə idi. Bahadır xan generalı bir daha səslədi:

– Cənab general, kəmali-təəssüflə xəbər verməkdəyəm ki, Palçıq vulkanı tərəflərini düşmən qüvvələri aldı. Biz geri çəkildik. Hazırda tutduğumuz mövqelər xəritə üzrə Palçıq vulkanının şərqində, neft buruqları olan yerlərdir. Buranı, Varvik batalyonunun bir bölüyü müdafiə etməkdədir. Şimali Stafford alayının bir batalyonu isə, Biləçəri stansiyası sahəsinin cənub nöqtələrini işğal etməkdədir. Göndərdiyiniz Şimali Stafford alayının 60 nəfərlik və Varvik batalyonunun 70 nəfərlik ehtiyatı vaxtında gəlib çıxmadı. Mayor Leyin komandasına göndərilən Uerçestr alayının bir batalyonu tam saat dördün yarısında cəbhəyə gəldi. Binəqədi təpələrindəki müharibədə leytenant Kreka və leytenant Maqbet öldü...

Şahzadə Bahadır xan generala verdiyi məlumatı bitirməmiş türklərin yeni hücumu başlanırdı.

Varvik, Uerçester və Şimali Stafford alaylarının pozğun bölükləri, Palçıq vulkanının şərq tərəfindəki buruqların kölgələrində səngərləndikləri vaxt, şahzadə Bahadır xan da mazutlu bir yerə söykənərək düşünürdü. Bahadır xan müharibədəki yorğunluğu nəticəsində başı üzərindən odlu quşlar kimi uçub gedən qurşunların dəhşətini unutmuşdu. Hazırkı müharibədə basılan şahzadə məğlubiyyət sözünü ingilislərə yaraşmayan bir şey bildiyindən, bu hadisəni müvəqqəti sayır və gələcək xülyalarından daşınmırdı.

O, müharibədən sonra xəyalən Londona qayıdır, müharibədə özünün namusla vuruşduğunu və kralın yavəri vəzifəsinə layiq iş gördüyünü sənədlərlə krala təqdim edir. Kral isə şahzadənin şərəfinə verilən ziyafətdə onun sağlığına piyalə qaldırır və onu təbrik etdikdən sonra şahzadənin vəliəhdliyinə aid qızıl suyu ilə yazılmış fərmanı gümüş məcməyidə gətirib ona təqdim edirlər.

Şahzadə Leyla xanımın qolundan tutub səfər üçün hazırlanmış xüsusi hərbi gəmiyə əyləşir. Dehli xalqı öz şahzadəsini və öz vəliəhdinin sevgili hərəmini istiqbal edir, şahzadə sevgili hərəminin qolundan tutaraq Dehli sarayına daxil olur və bu sırada təbil və nəfirdən ibarət hind milli musiqisi çalınır. Şadlıq xəbəri Dehli şəhərinə yayılır.

Şahzadə Bahadır xan on dörd qapılı sarayın birinci qapısından daxil olur, sıra ilə düzülmüş növbətçilər əllərini dizlərinə qoyaraq, baş əyirlər. Şahzadə xidmətçilər oturan dəhlizdən keçərək, əlində altun əsa tutan və başına tovuz tüklü, yanları cavahirlə bəzənmiş tac qoyan xidmətçilərin salamını alaraq, geniş və böyük bir yerə daxil olurlar.

Üçüncü qapının qarşısından keçərkən, hərəm dairəsindən əllərində güllər gətirən ipək geyimli qızlar şahzadəni və hərəmini salamlayaraq gülləri onun ayağı altına tökürlər. Bu vaxt qızlar Leyla xanımın ətrafını alaraq onu hərəm dairəsinə götürürlər. Şahzadə isə üçüncü qapı qarşısında duran altun tac və altun kəmər xidmətçilərilə dayanıb Sultanın icazəsini gözləyir.

Sultan eşiyə çıxaraq şahzadəni qucaqlayıb öpür, şahzadə isə torpağa yıxılaraq üzünü atasının ayaqlarına qoyduqda atası onu qaldırır və vəzirin gümüş məcməyidə tutduğu tacı şahzadənin başına qoyur...

Düşmənin hücumu başlanırdı. Şahzadənin ətrafındakı cəbhə telefonları nə qədər zəng vurursa şahzadə Bahadır xandan bir cavab çıxmırdı.

Miralay Keyvort hərbi nizam alaraq:

– Həşəmətli cənab, düşmən şiddətli hücuma keçmişdir,—dedi,—cəbhəni saxlamaq mümkün deyil.

Bahadır xan nə danışır, nə də yerindən hərəkət edirdi. Miralay Keyvort irəli gələrək şahzadə Bahadır xana diqqət verdikdə heyrət etdi: Şahzadə Bahadır xanın bir əlində məktub vardı. O biri əlilə də bir rəsmi dodaqlarına söykəmişdi. Lakin onun alnından dəyən qurşun, həm məktubu, həm də dodaqlarındakı rəsmi qızıl qana boyamışdı.

Miralay Keyvort əvvəlcə məktubu açıb baxdı, məktub Leyla xanımdan idi.

«Sevimli və əzəmətli şahzadəm! Sənin atəşlər, dəhşətlər və top güllələri altında yazdığın məktubu ömrümdə görmədiyim ürək çırpıntıları içərisində aldım.

Açıb oxuyunca, inan ki, ömrümün yarısı puç oldu. Nəhayət, məktubdan sənin salamatlığını öyrənərək şad oldum. Şahzadə, sən müharibəni çox dəhşətli təsvir edirsən. Lakin bilməli idin ki, bu məktubu, müharibələrə, dəhşətlərə bir əyləncə kimi baxan qəhrəmanlar deyil, Leyla kimi incə və zərif qəlbə malik və sevgilisi cəbhədə bulunan bir qız oxuyacaqdır. Sən bilirsən ki, sənin başın üzərindən uçan qurşunların hər biri mənim məhəbbətlə dolu olan qəlbimi deşib keçir. Sən bilməlisən ki, sənin qarşında partlayan hər bir şrapnel, mənim istiqbalımı məhv edir.

Sevimli şahzadəm, iştirak etdiyin bu dəhşətli müharibənin təsvirlərini oxumaq istərkən, daima özümü bir cəhənnəm içərisində hiss edir və dəlicəsinə bağırmaq istəyirəm.

Bunlarla bərabər, sənin yazdığın qəhrəmanlıqlar, hücumları qaytarmaq işindəki məharət, mənim şərəfimi bir daha yüksəltmiş olur.

Sənin namusla, qəhrəmanlıqla vuruşmağın, mənim sadə bir şahzadə ilə deyil, düşmənə arxa çevirməyəcək bir qəhrəmanla izdivac etdiyimi bütün dünyaya bildirir.

Sənə öz məktubumla, son günlər aldırdığım rəsmi göndərdim. Mən, sənin rəsmini öpürəm. Ümid edirəm ki, sən də göndərdiyim rəsmi öpəcək və sevəcəksən. Qoy mənim məhəbbətlə dolu qəlbimin ifadəsi olan rəsmim səni səadətlərə və qələbələrə doğru aparsın.

Leyla».

Miralay Keyvort rəsmi şahzadənin əlindən aldığı vaxt Leylanın zəif çöhrəsində bir cüt qanlı dodağın iz buraxdığını gördü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Mələkə”

Mələkənin taxt-rəvanı Həmədanın Təbriz qapısına yetişdiyi zaman Qətibə taxt-rəvanın ipək pərdəsini qaldırıb darvaza başına baxdı və ipək parçanın üzərinə yazılmış bu sözləri oxudu:“Toğrul paytaxtı öz sevgili mələkəsini salamlayır”.

8 dəq
Nəsihət

Toğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı.Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi.

13 dəq
Dörd məktub

Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haq quşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu.Maşan dərələrindən şaqqıltı ilə axıb, Maşan düzlərini dolduran Maşanrud çayı ulduzların şəfəqini çimdirmək üçün geniş hövzələr təşkil edirdi.

20 dəq
Düşüncələr

Əbubəkr ibn Məhəmməd Gəncədə bir neçə ay oturdu, bu müddətdə Şirvan və Gürcüstan hökumətləri ilə möhkəm bir dostluq müqaviləsi bağlandı. Şirvan şahı Əbülmüzəffər Şərqdə başlanmaqda olan qanlı hadisələrdə iştirak etməmək üçün, Gürcüstan hökmdarını da Qızıl Arslanla bağlanan dostluq müqaviləsində iştiraka cəlb etdi. Şirvan hökumətinin bu ağıllı rəftarı Şimali Azərbaycanda, cənubdan və cənub-qərbdən hücum edən düşmənlərə qarşı böyük bir qüvvət təşkilinə imkan yaratdı.Qızıl Arslan hüdudlardan yaxşı xəbərlər ala bilmirdi. Qarışıqlıq başlayırdı. Buna görə də Gəncəyə göndərilən fərmanda Şimali Azərbaycanda düzələn ordunun təcili bir surətdə cənuba hərəkət etməsi göstərilirdi.

26 dəq

Başqa şairlərin şeirləri