XXIX. Məğlubiyyətdən sonra
Leyla xanımın müharibənin nəticəsindən xəbəri yox idi. O, məğlubiyyəti hiss edirdi. Fəqət verilən qurbanlar haqqında bir şey eşitməmişdi.
Şimali-qərbdən gələn və şəhəri titrətməkdə olan top gurultuları sakit olmuşdu.
İngilislər məğlubiyyəti ört-basdır etmək üçün küçələrə qoşun dəstələri çıxarmışdı. Onlar yenə də qalibiyyət nəğmələri oxuyaraq küçələri dolaşırdı. Lakin ingilislərin məğlub olduğunu və böyük tələfat verərək tamamilə şəhər kənarına çəkildiyini bilməyən bir nəfər də yox idi.
Leyla xanım ingilislərin nə fikirdə olduğunu və Bahadır xanın ölüb-ölmədiyini bilmək üçün axşam saat 7-də ərkani-hərb yerləşən gəmiyə gəldi. O, generalı çox fikirli gördü. O, tez-tez saatına baxırdı, çünki maralay Keyvort saat yeddidə bu günkü müharibənin yekunları haqqında məruzə etmək üçün generalın yanına gəlməli idi.
Keyvort gəldi.
Xəritəni böyük stol üzərinə salıb məruzəsinə başladı. General xəritəni gözdən keçirərək başını tərpətdi və dedi:
– Demək ki, düşmən Bakıdadır!
Miralay Keyvort ingilislərin və türklərin vəziyyəti haqqında danışırdı:
– Düşmənin bu günkü hücumu bizim üçün çox ağır oldu. Çoxlu qurbanlar verdik, torpaqlar itirdik. 2-ci, 3-cü mövqelərdə ancaq 6 nəfər saldat salamat qaldı.
General tələsik soruşdu:
– Zabitlərdən tələf olan çoxdurmu?!
– Bütün zabitlər tələf olmuşlar. Bu günkü müharibədə ən böyük bədbəxtlik budur ki, əlahəzrət kralın yavəri və Hindistan taxtının varisi həşəmətli Bahadır xan həzrətlərinin də meyidi tapıldı.
Bu sözdə Leyla xanım süniliklə qışqırdı və bayıldı, onu başqa bir otağa apardılar.
General miralay Keyvortdan soruşdu:
– Ölənlər içərisində ingilis çoxdurmu?
– Xeyr! 1-ci, 2-ci, 3-cü mövqelərdə zabitlər daxil olmamaq şərti ilə 4 ingilis saldatı ölmüşdür.
Bu sözdə general ah çəkərək:
– İngilis olduqları üçün çox böyük tələfatdır.—dedi və yenə soruşdu:—Zabitlərdən neçəsi ingilisdir?!
– Dörd nəfər cənubi afrikalı və bir nəfər Hindistanlıdan başqa, hamısı ingilisdir.
General ayağa qalxdı və furajkasını çıxartdı:
– Cənab Bahadır xanın faciəli ölümü haqqında Bağdada və Londona teleqram göndərin.—dedi.
Yarım saatdan sonra hava dalğaları aşağıdakı teleqramı Londona və Bağdada apardı:
«London, 26 avqust 1918-ci il, saat 7—51 dəqiqə.
Bahadır xan, ikinci Əkbər şah və ikinci Bahadırın nəvəsi, üçüncü Əkbər şahın oğlu Dehli səltənətinin gələcək padşahı, üçüncü Bahadır şah Britaniya imperatorluğunun və vətənin əzəməti uğrunda apardığı müqəddəs vəzifə başında, avqustun 26-daki şiddətli müharibədə qəhrəmancasına öldü...
Bakı, 26 avqust, saat 7—51 dəqiqə.
Denster-Vil».
Leyla xanımı Hacının evinə gətirdikdə, Sadovski qolunda qara atlaz, Leyla xanıma başsağlığı vermək üçün qapıda durmuşdu. Lakin Leyla xanım «rahətsizəm» deyə onu içəri buraxmadı. Heç bir kəsin içəri buraxılmamasına əmr verdikdən sonra telefon dəstəyini əlinə aldı:
– Hacı Zeynalabdin Tağıyevin evidir... Bəli!.. Xaricdə nömrə 11... daxildə 4... vəsiqə 21, vasitə 41... təftiş 55.. Dolmabağça 16... şifahi nömrə 4.
Şahzadə Bahadır xan da ölmüşdür. İngilislərin ruhu olduqca düşkündür. Onlar yerli qoşunun yardımından ümid kəsmişlər. Hazırkı mövqelərin əlverişli olmadığını general özü qeyd etmişdir.
Sabah və ya iki gün sonra Bağdaddan, general Liyuin gələcəkdir. Bakını müdafiə məsələsi onunla birlikdə müzakirə ediləcək. İngilislər general gəlincəyə qədər hazırkı mövqeləri əldə saxlamağa çalışacaqlar. Onların zənnincə türklər əldə etdikləri mövqeləri möhkəmlətməmiş hücuma keçməyəcəklər. General Denster-Vil ingilislərin Bakıdan çəkilmiş planını hazırlamaqdadır. Bu axşam, yerli qoşun nümayəndələri generalın yanında çağırılmış iclasda iştirak edəcəkdir. Mərkəzi Kaspi Diktaturası üzvləri ilə ingilislər arasında gizli danışıqlar davam etməkdədir. Danışıqların gizli saxlandığına baxmayaraq mən Sadovskidən lazımi məlumatı əldə etmişəm. Bütün danışıqlar şəhəri təslim etmək və rəhbərlərin köçürülməsi barəsindədir.
26 Komissarların müqəddəratı da həll olunur. Sadovskinin dediyinə görə ingilislər 26 Komissarı Hindistana aparmaq istəyirlər. Lakin bu şayiənin əsli yoxdur. Çünki 26 Komissarı Hindistana göndərmək böyük zəhmət və vaxt tələb edir. Doktor Araratyanın ziyafətində olan danışıqlardan anladım ki, 26 Komissarın Zakaspi oblastına aparılması haqqında ingilislərlə Mərkəzi Kaspi Diktaturası üzvləri arasında müzakirə getdiyi yəqindir.
Dünən Sadovski və Ayollo Bahadır xanın öldürülməsi münasibətilə baş sağlığına gəlmişdi. Mən 26-ların müqəddəratı haqqında söhbət açdım; Ayollo Sadovskidən xəbərsiz olaraq 26-ların Zakaspi oblastına aparılacağını ağzından qaçırtdı. Ayollonun dediyinə görə Zakaspi oblastında və Orta Asiyada menşeviklər hökm sürür. 26 Komissar orada mühakimə ediləcəklər.
Sonradan Ayollonun səhvini düzəldərək Sadovski mənə dedi ki, bizim 26 Komissar haqqında heç bir qəti fikrimiz yoxdur. Bunların hamısı ilə bərabər 26-ları Zakaspi şəhərlərinin birisinə aparmaq barəsində ingilislərlə Mərkəzi Kaspi hökuməti arasında saziş əmələ gəlmişdir. Daşnaq rəhbərləri, menşeviklərin ingilis siyasi nümayəndəsi Tiq-Çonsonun iştirakı ilə olan ziyafətində, ingilislər getdikdən sonra daşnaq və menşeviklərin müqəddəratı məsələsi danışılmalıdır. Ziyafətdə menşeviklərin Zakaspi ölkələri, daşnaqların isə İran vasitəsilə London və sair Avropa şəhərlərinə keçməsi məsələsi də danışılmalıdır.
Şimali Qafqaza getmək və çar tərəfdarları ilə əlbir işləyib Bakını türklərdən almaq fikri də vardır. İngilislər də bu fikri təqdir edirlər. Onlar yenə də Biçeraxovun qüvvəsindən istifadə etmək üçün zəminə hazırlayırlar.
Onlar Bakıdakı qüvvələri, Şimali Qafqazda bolşeviklərə qarşı mübarizə aparan və çar Rusiyasını bərpa etmək uğrunda vuruşan ağ generallara qoşmaq arzusundadırlar.
Lakin bilmirəm onlar Şimali Qafqaz ilə Bakı arasındakı dəmiryol xəttindən istifadə edəcəklərmi?
Mən Mərdəkanda hacının ziyafətində ikən, türklərin Bakıya girmələri məsələsi haqqında mübahisə aparıldığı vaxt, hacı erməni kübarları və varlılarının mühafizə olunmasını tapşırdı, çünki mart hadisələrində erməni kübarları və zənginləri də Azərbaycan kübarları və zənginlərini qorumuşlardı.
Məsləhətdirsə, türk ordusu şəhəri almamış intibahnamələr yayaraq, müsəlman burjuaziyasının erməni burjuaziyasını müdafiəsi işini qadağan etməli və bu əmrə itaət etməyənlərin cəzalanacağını bildirməli.
Bakıdakı ingilis qoşunlarının komandasını Denster-Vil şəxsən öz əlinə almışdır. Bu gündən etibarən özü bütün cəbhələri gəzir və yeni təlimat verir.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xxix-meglubiyyetden-sonra
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
XLIII. QısqanclıqDoktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:
XLIV. Bakıya doğruAlman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
Başqa şairlərin şeirləri
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,