Səhifə 2 / 5 · 20%

Mən kənarda durub baxırdım. Birdən «kökəmir» seyidləri əllərində ağac bazara töküldülər və divarlara vurulan şəbnamələri qoparmağa başladılar. Mirzə İsmayıl karvansarasının ağzına yetişdikdə, karvansarının qapısına yapışdırılan şəbnaməni qoparmaq istədilərsə də, Ağa Məhəmmədəli Qarabağlını görüb cürət etmədilər.

Mən oradan keçib Rasta bazar ilə Gəcil qəbiristanı və Acıdan qapısı tərəflərinə gedib vəziyyətdən xəbər tutmaq istəyirdim. Məşədi Kazım ağaya rast gəldim. O məni görüb gülümsündü.

– Ustadına mərhəba! – dedi.

– Nə olmuşdur? – deyə soruşdum.

– Bu tədbirin xoşuma gəldi.

– Hansı tədbir?

– Nəzmiyyələr şəbnamələrin Amerika konsulxanasında düzəldiyinə dair vəsiqələr tapmışlar. Gecə saat ikidə bir nəfər qaçıb Amerika konsulxanasına girmiş, dalındakı torbanı salmışdır. Torbanın içində şəbnamə və şəbnamə kağızları varmış. Torbanın yazıları da bunu isbat edir.

– Ola bilər, amerikalılar ilə rusların rəqabəti də bunu inandıra bilər.

– Görək nəticəsi nə olacaqdır, – deyə yolumuza davam etdik.

Şəhərin hər tərəfində həyəcan hiss olunurdu. Bu gün çar ordusunun kiçik dəstələri də şəhərə çıxarılmışdı. Bütün nəzmiyyə ayaq üstündə idi, Amerika konsulxanasının qapısındakı qarovulun sayı artırılmışdı. Bu tərəflərdə çar kazak gözətçiləri də var idi.

Nina bütün qiymətli şeylərini üstünə taxmışdı. Mən inqilabçı qızın bu hərəkətinə təəccüb etməyə bilməzdim, lakin narazılıq törətməmək üçün etiraz etmədim. Sərdar Rəşidin qapısına yetişdikdə, Nina:

– Dışarısı bir şey deyil, görək içərisi necədir? – dedi.

Mən qızın bacısına qarşı bir rəqabət hissi bəslədiyini duyaraq öz-özümə:

«Əcəba, bizim bütün inqilabçı qız və qadınlarımız bu fikirdədirmi? Əcəba, Nina kimi gənc və təmiz ruhlu bir qıza, hətta inqilabçı bir qıza bu xasiyyət yaraşarmı? Bəlkə, bu qızların hamısına aid bir xüsusiyyətdir?» – düşündüm.

Daşdan qayırılmış, alçaq və yumurta şəklində olan qapının yanındakı baqqaldan qapı sahibini soruşdum.

Baqqal bir mənə, bir də cavahirlər içində parlayan Ninaya baxıb dedi:

– Bu ev badamçıların evidir. Torpağı sanında...

– İndi burada kim yaşayır? – deyə baqqalın sözünü kəsdim.

– İndi burada Ərdəbildən gələn bir nəfər əyan mənzil edibdir, özü də gözəl bir urus qızına evlənibdir. Amma qız da yaman qız deyil...

Qapıya yanaşıb çax-çaxını vurdum. Qapını İraidanın qədim qulluqçusu, alman qızı Matilda açdı və qayıdıb evə xəbər verdi. İraida, sərdar Rəşid və başqaları bizi qarşıladılar.

Biz küçə dəhlizindən həyətə girdikdə qəssablar iki qoyunu yıxıb ayağımızın altında qurban kəsmək istədilər. Nina:

– Qoyun biz keçib-gedək sonra kəsin, – deyə qəssabları dayandırdı.

Sərdar Rəşid mənim, İraida isə Ninanın qolundan tutub, bizi bağçanın xiyabanları ilə keçirib eyvana çıxardılar.

– Mərhəmət buyurubsunuz. Həqiqətdə sizin təşrifiniz bizi məsud buyurdu. Bu gün mənim həyatımda ilk şadlıq günüdür, – deyə sərdar Rəşid bizi belə yağlı sözlərlə müşayiət etdi.

İraida Ninaya nə isə deyirdi. Nina bu sözlərin heç birisini eşitmirdi, o özünü İraida ilə müqayisə etmək, ona üstün gəlmək fikrində olduğundan hər şeyi unutmuşdu.

Biz otaqları, bağçanı, eyvanı gəzib, gözdən keçirdik. Nina rəqabətdə qalib gəlmişdi. Çünki Ninanın evləri sərdar Rəşidin evlərinə nisbətən hər cəhətcə zəngin idi. Çay salonunda bir yenilik yox idi, oradakı yenilik xırdaca çar bayraqlarının arasındakı çərçivədə qoyulan II Nikolayın təsviri idi. Mən sərdar Rəşidlə xüsusi bir masanın başında oturmuşdum. İraida Ninanın bağışladığı pudraqabını göstərərək:

– Sərdar, bunu Ninanın yoldaşı mənim üçün almışdır, – dedi.

Sərdar Rəşid mənə müraciətlə:

– Mərhəmətinizdən olduqca məmnunam. Ailə haqqındakı iltifatınız gələcək qohumluğumuzun möhkəmlənməsini təmin edir, – dedi və İraidanın üzünə baxaraq, nəyə isə işarə etdi. İraida qalxıb o biri otağa getdi. Nina isə gəlib bizim yanımızda oturdu. İraida bir azdan sonra əlində iki kiçik qutu içəri girdi. Yaşıl məxmərdən qayrılmış qutuların birisindən bir cüt nəfis qolbaq, digərindən isə nazik və olduqca gözəl bir saat çıxardı.

– Sərdar bunları sizin üçün almışdır, – deyə qolbaqları Ninanın qoluna keçirdi, saatı da mənim frençimin cibinə qoydu.

– Sərdarın zəhmətinə razı deyildik. Sərdar tərəfindən verildiyi üçün bu hədiyyələr tarixi və mühüm bir qiymətə malikdir, – dedim.

Lampalar yanmışdı. Təbrizdə elektrik işığı olsa da, sərdar Rəşidin evində yox idi, elektrik işığını əvəz edəcək onlarca fransız və ingilis lampaları yanırdı. Böyük avizələrdə yanan şamların işığı ilə sərdar Rəşidin evi gündüz kimi işıqlanmışdı.

Mahru xanım evdə deyildi, o öz sevgilisi Smirnovla birlikdə gələcəkdi. Sərdar Rəşid Mahrunun Smirnovla əlaqəsinə işarə edərək:

– Ağa, biz şərqliyik, – dedi, – bir məsələni necə başlayıb və harada bitirməyi başqa millətlərdən daha tez anlaya bilərik. Mən bunu İraida xanıma da demişəm. Bizim həyatımız ruslarla əlaqədardır. Bizim səadətli və bəxtiyar gələcəyimizi, tərbiyə və mədəniyyətimizi ancaq rus tərbiyəsi və rus mədəniyyəti verə biləcəkdir. Bizim milli istiqlaliyyətimiz də rus dövləti bəhiyyəsinin əzəmətindən asılıdır, biz bunların əlində olsaq, daha yaxşı irəli gedərik. Bunu anlayan yoxdur, olan olsa da, çox azdır. Mən bilirəm ki, bunlara qarışmaq, qız verib qız almaq, həyatı bir yerə qarışdırmıq lazımdır. Mən öz bacım Mahrunu da Smirnova bu məqsədlə verirəm, xanım İraida ilə də bu məqsədlə izdivac etmişəm. Mən öz əqidəmin, öz məsləyimin gözəl nəticəsini gördüm, xudavəndi təbarək təali mənə gözəl və nəcib bir qız da qismət elədi. Siz özünüz də rus tərbiyəsi almış bir zatsınız. İraida xanım sizin tərbiyəli, mədəni bir zat olduğunuz haqqında mənə azı yüz dəfə söhbət etmişdir. O öz bacısının xoşbəxt olduğu haqqında danışır, sevinir, özünüz də cavan və zənginsiniz. Sizdən üzr istəyərək, arz edirəm: şəriət nəbəvini əldən buraxmayan, dinimiz, şəriətimiz də əhli-kitabdan qız almağa icazə verir. İndi ki, belədir, siz də gərək məsələni örtülü qoymuyasınız, siz də gərək işi şəriət yolu ilə düzəldəsiniz. Bir siğə oxutmağa nə var? Bəlkə də, qız gələcəkdə dini-mübini-məhəmmədini də qəbul edər, bunun səvabı isə bizim yetmiş iki arxamıza da kifayətdir. Mən bu gün sizi bura dəvət edərkən öz məqsədimi bildirmək və bu işi sizə də məsləhət görməyi düşünmüşəm.

Nökərlərinə nə isə tapşırmaq üçün eyvana çıxdı. Mən onun bu tövsiyələrinə nə yolla cavab verəcəyimi düşünürdüm ki, birdən qapı açıldı, Mahru və onun sevgilisi Smirnov içəri girdi. Mahru xanım çarşabda idi, eşitdiyimizə görə, o, küçədə çarşabda, evdə isə şlyapada gəzirmiş. Mahru xanım içəri otağa girib çıxıncaya qədər, bu məğrur çar zabiti salonun bir tərəfində durub heç bir kəslə tanış olmadı. Mahru xanım çıxandan sonra Smirnovu əvvəlcə Nina, sonra da mənimlə tanış elədi.

Mahru xanım Ninanı Smirnovla tanış elədikdə:

– Bu bizim gəlinin bacısı Nina xanımdır, – dedi. Məni tanış etdikdə isə: – Bu isə, bizim gəlinin gələcək yeznəsi Əbülhəsən bəydir, haqqında sizə danışdığım zatdır, – dedi.

Smirnov bir az düşündü. İranlı olduğuma inansa da, kübar familiyadan olduğuma şübhə edirdi, buna görə də birinci tanışlığımız belə başladı:

– Siz əsilzadəmisiniz?

– Bəli, əsilzadəyəm. Bəyəm.

– Çox gözəl, çox da güvara! Tanış, hətta yaxın qohum olacağımız üçün özümü xoşbəxt hesab edirəm.

Bu adam mənə olduqca tanış gəlirdi. Harada isə bu zabiti görmüşdüm.

Salon çox işıq idi, üç nəfər gənc və gözəl qız ən qiymətli daşlarla bəzəndikləri halda biri digərinə yaxın oturmuşdu. Onlar əllərindəki kiçik çay stəkanlarını dodaqlarına aparərkən barmaqlarındakı brilyantlar lampalardan işıq aldığı üçün insanın gözünü qamaşdırırdı. Qonaqlar və ev sahibi nə qədər danışıb gülsə də, yenə gözlərini Ninanın qolundakı nəfis saatdan götürə bilmirdi.

Sərdar Rəşid İraida ilə Smirnovun arasında oturmuşdu. Onlar rusca, Mahru, Nina, mən isə türkcə danışırdıq. Sərdar Rəşid rusca çox kobud və savadsız danışırdı, heç şübhə yoxdur ki, nə İraida, nə də Smirnov onun dediklərini anlamırdı. Mən onun danışığı ilə çox maraqlanırdım. Ancaq onu bilirdim ki, o, Avropaya səyahəti haqqında söhbət edir; rus sözlərinin quruluşunu, şeylərin və şəhərlərin adını tamamilə təhrif edib başqa cür deyirdi. Məsələn: şəlipa dedikdə mən onun şlyapa demək istədiyini bilirdim. O, tez-tez vinovat demək istədikdə, vənavət deyib Smirnovu güldürürdü. London əvəzinə Ləndən, professor yerinə profisger, doktor yerinə dəktor, bilirəm yerinə bilirsən, yeyəcəyəm yerinə yeyəcəksən, əfv edin yerinə rəca edin deyərək, İraidanı və Smirnovu gülümsəməyə məcbur edirdi.

Sərdar Rəşid danışdıqca dönüb həyətə baxırdı, deyəsən, yenə də gözləyəcəyi qonaqları var idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XXV. Bolşeviklər Həştərxana gedir

«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov

5 dəq
XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 dəq
XXVII. «General Denster-Vil gəlir»

İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı.Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi.

6 dəq
XXVIII. Cəbhədə

Ayın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi.Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı:

10 dəq

Başqa şairlərin şeirləri