Səhifə 4 / 6 · 50%

– Nə üçün?

– Çünki biz dünyanı tədrici olaraq sosializmə aparmaq istərkən, onlar buna etiraz edir və bu yolu inkar edir, proletariatın silahlı qiyamı məsələsini meydana sürürlər. Onlar, burjuaziyanın ədalətinə inanmadıqları üçün burjuaziya öz insafilə proletariata heç bir şey verməz, proletariat silah gücü ilə öz hakimiyyətini ələ almalıdır – deyirlər, xüsusi mülkiyyəti isə inkar eləyirlər.

İndi siz özünüz düşününüz, belə bir camaata küzəştə getmək, onlarla anlaşmaq və vahid cəbhə düzəltmək mümkündürmü? «Fabrik-zavod işçilərin, torpaqlar isə kəndlilərindir!» Biz, mədəni menşeviklər, bolşeviklərin bu şüarilə heç vaxt barışa bilmərik.

Leyla əllərini üst-üstə qoyaraq:

– Əcəba, bu mümkündürmü? – dedi, – «fabrik-zavod işçilərin, torpaq isə kəndlilərin»; bəs yerdə qalan xalq necə olsun? Fabrik-zavodları tikdirənlər və torpağın şəri sahibləri necə olsun?

– Bolşevik fəlsəfəsində öz əməyi ilə yaşayanlar hər şeyə sahib olmalıdırlar, əməkçi olmayanlar istismarçı və başqalarının zəhmətindən istifadə edənlər imiş.

Neft buruqları görünürdü. Şəlalə kimi mazut axıdan dolçaların səsini, buruq ormanlarının içərisindən eşidən Leyla Sadovskiyə bir sual da verdi:

– Bu buruqlar kimindir?

– Bolşeviklərin fəlsəfəsincə, onların sahibi, onların içərisində çalışanlardır. Bunların dikəlməsi üçün milyonlar sərf edən zənkin adamlar guya öz pullarını işçilərin qanından sormuşlar. Gözəl qız, siz gərək bizə kömək edəsiniz, biz camaatı xilas etmək üçün ingilisləri Bakıya çağırmışıq, siz bunları cənab şahzadəyə yazmalısınız, onların Bakıya gəlmək üçün bircə gün yubanması, mədəniyyəti on illərcə geri atır.

Biz bu zənkin ölkəni alman-türk ordusuna yedirmək istəmirik. İngilislər bizimlə müttəfiqdir, yenə də Qafqazı onlara verməyə və ittifaqı davam etdirməyə çalışırıq. Biz onlarla ümumi mənafe uğrunda çalışmağa söz vermişik. Biz, bolşeviklərə, işçiləri siyasi mübarizəyə cəlb etməməyi, onlara qurulması mümkün olmayan xəyali bir hökumət vədi verməmələrini məsləhət gördüksə də, onlar bizim sözümüzə baxmadılar.

Sadovski sözünü bitirdi, Leyla xanım isə söhbəti yenə də menşeviklər üzərinə keçirərək dedi:

– Mən bir neçə gündən bəridir ki, sizin və sizin partiyalı yoldaşlarınızın nə qədər yüksək səviyyəli və mədəni insanlar olduqları haqqında qənaət hasil etdim.

Sadovski şadlanaraq:

– Sağlıq olursa, – dedi, – cənab Bahadır xan Bakıya təşrif gətirdikdən sonra, siz mənim özünüzə qarşı müstəsna bir səmimiyyət bəslədiyimi görəcəksiniz.

Leyla da bu sözdən nazlanaraq:

– Əcəba, mənim şəxsiyyətim müstəsna bir şəxsiyyətmidir? – dedi. – Mən də adi bir qadın deyiləmmi?

Sadovski Leylanın əllərini tumarlayaraq dedi:

– Xeyr! Siz müstəsna bir qadınsınız, biz qadınlığı bolşeviklər kimi məna etmirik, siz gözəlliyin yüksəkliklərinə varan ziyalı bir qadınsınız, siz burjuaziya mədəniyyətinin incə və qiymətli bir məhsulusunuz, biz sizi bolşeviklər kimi qiymətləndirmirik. Siz mələklər dünyasında yaşamalısınız, bunun üçün biz, haman dünyanı yaşatmağa çalışır və buna mane olanlarla da mübarizə aparırıq.

Sadovski bu sözləri danışarkən, işdən çıxıb, faytonun qabağında gedən sağlam bədənli bir qadını göstərərək:

– Bu qadın neft işçisidir, – dedi, – bolşeviklər gözəllik üçün yaranmış incə və zərif vücudları ağır bir zəhmətin pəncəsinə verirlər. Sadovski bu sözünü dedikdən sonra Leyla xanımın əllərini sıxdı. – Lakin siz, bəşəriyyətin kədərlərini, zəhmətin ağırlığını unutdurmaq üçün yeganə bir vasitəsiniz. Biz kişilərin yaradıcılıq qüvvələrini artıran, bədii duyğularını coşduran, təbiətin möcüzələrini təcəssüm etdirən bir qadınsınız.

Buna görə də, menşeviklər qadınlara verilmiş hüququn geri alınmasına tərəfdar deyildir, biz heç vaxt incə mənalarla dolu olan qadın kəlməsinin təhrif olunmasına imkan verəməyəcəyik. Bizim bolşeviklərlə olan ixtilafımızın birisi də həmin qadın məsələsidir, çünki biz, Leyla xanım kimi qadınları yüksək tuturuq.

– Bolşeviklərin əsas məfkurəsi nədən ibarətdir?

– Menşeviklərin dediklərinin əleyhinə getmək bolşevikin əsas məfkurəsidir.

Sadovski uzun-uzadı hədyanlarına yekun vurmaqla Leyla xanımın əlini qaldırıb dodaqlarına qoydu, meşin əlçəkləri öpdü.

Raya xanımla İvanov oturduğu fayton çox yavaş gedirdi, faytonlardan çox geri qalmışdı.

İvanov hələ şəhərdən kənara çıxmadan, Raya xanımın çətirinin ucu ilə faytonçunu dümsükləyərək:

– Tələsməyə lüzum yoxdur, – dedi, – küçələr daşlıqdır, xanımı rahatsız etməyin! Allahın heyvanlarına da əziyyət verib qovmaq yaxşı deyildir.

Fayton yavaş-yavaş getdiyi kimi, söhbətlər də tədrici olaraq əsas məsələ üzərinə gəlirdi. İvanov öz mühakimələrində Sadovskidən çox irəli getmişdi, çünki Rayanın özü də buna imkan vermişdi.

İvanovun bir əli Rayanın belində, digər əli onun əllərində idi.

İvanov onun barmaqlarından öpərək:

– Heç şübhə etmirəm ki, gözəl qız mənim ordu və donanmadakı nüfuzumdan xəbərdar deyildir. Cənab general və onunla da bərabər həşəmətli Bahadır xan və miralay Tiq-Çonson gələndən sonra mənim nüfuzumun yüksəldiyini bir daha müşahidə etmiş olacaqsınız.

Bizim partiyamız dünyanı bolşevik təhlükəsindən qurtarmaq üçün ingilislərə istinad edən yeganə bir partiyadır. Sinfi fərq olmadan xalqın möhtac olduğu azadlığı ancaq biz verə biləcəyik. Xüsusən mənim özüm Brest-Litovsk müqaviləsi əleyhinə çalışan birinci mübarizəm. Ehtişamlı istiqbalın yolunu ancaq mən və mənim partiyam aça biləcəkdir. Mən sizin gözəlliyinizə and içirəm, bütün fikrim, bütün əməlim bəşəriyyətin azadlığından ibarətdir.

Raya gülərək soruşdu:

– Əcəba, gözəlliyə and içmək və onu bəşəriyyətin müqəddəs deyə yəmin etdiyi şeylərlə müqayisə etmək olurmu?

İvanov onun belini sıxaraq:

– Mənim ruhum,—dedi,—ola bilər, mümkündür. Gözəlliyə tanrı deyən adamları tənqid etmək də caiz deyildir, çünki gözəlliyin qüvvəti, bütün gözəlliklərin fövqündədir. O, hər kəsi diz çökdürə bilir, siz isə gözəllərin gözəlisiniz, çünki sizdə daxili bir gözəllik də vardır.

Raya:

– Siz bizi nə qədər tez öyrənə bildiniz!—dedikdə İvanov əlini öz döşünə qoyaraq:

– Bağışlayın, açıq deyəcəyəm, mənim sevgim sudan safdır. Mən sizi öz əqidəm kimi sevirəm, sizi öyrəndim. Sevginiz qəlbimdə yer tutandan sonra öyrəndim.

– Sevginiz kimlərədir? Leylayamı? Mənəmi?

– Bu həqiqəti söyləmək üçün mənə icazə verəcəksiniz?

Raya nazlanaraq:

– Həqiqəti söyləmək üçün də icazə istənilərmi?—dedi.—İnqilabçı həqiqəti söyləmək üçün icazə istəməz. Həqiqəti icazə ilə söyləmək qorxaqlıqdır.

İvanov özünü toplayaraq:

– Haşa! Mən qorxaq deyiləm, buna mənim tərbiyəm və partiya namusum da yol vermir. Sevdiyim bir simadan icazə istəmək onun zatına qarşı bir hörmət deyildirmi? Əksinə olaraq məndə qorxu naminə heç bir hərəkət görməzsiniz, çünki sizinlə yan-yana oturan simada, qəhrəmanlıq bütün tamlığı ilə mərkəzləşmişdir. Məni nə qasırğalar, nə də ildırımlar sarsıda bilər. Mən dəhşətli top atəşlərini əyləncə sayan, ölümə istehzalar yağdıran, uçurumlardan soyuqqanlılıqla atlanan bir oğlanam.

Raya yenə soruşdu:

– Bunların hamısı doğrudur; deyin görüm mənimi, Leylanımı sevirsiniz?

Bu sözlərdən sonra, İvanov onun əlcək içindəki barmaqlarını əmərək cavab verdi:

– Bunu mən özüm deməyəcəyəm; icazə veriniz, bu həqiqəti sevdalı bir qəlbin çırpıntıları söyləsin, dinləyin! Qoyunuz bu döyüntülər sizə on günlük inqilabın uzun bir tarixini oxusun.

İvanov bunu deyərək, Rayanın əlini qaldırıb öz köksünə qoydu. Aralıqda sükut başladı, bundan sonra Raya gülərək:

– Dinlədim,—dedi,—çox diqqətlə dinlədim, o çırpıntıları oxudum, doğrudan da varlığınızda bir təbəddülat törətmişdir. Hərgah siz bu təbəddülata bir inqilab siması vermək istəyirsinizsə, o zaman mən bu barədə bir neçə söz demək istərdim.

İvanov sevinərək:

– Söyləyiniz,—dedi,—rica edirəm söyləyiniz!

Raya məzhəkə yolu ilə:

– İnqilabınızın tarixi çox qısadır,—dedi,—mənçə hələlik o, inqilab şəkli ala bilməmişdir. Görünür ki, bu inqilab, bizim Bakıya gəldiyimiz gündən başlamışdır. Mənçə uzun bir tarixə malik olmayan və ani bir surətdə doğan inqilaba sadəcə hadisə demək daha doğru olardı, sizin bu sevgi hadisəniz tədricən olaraq inkişaf etdikdən sonra, bir inqilab şəkli ala bilər, çünki uzun tarixə malik olmayan və dəhşətli mübarizələr nəticəsində inkişaf etməyən, hətta inkişaf qanunlarını keçə bilməyən, daha açığı zəminəsi uzun zamanlardan bəri qoyulmayan bir inqilabı yaşatmaq olduqca çətindir. Sizin sevgi hadisələriniz, uzun təcrübələr keçmədiyi, günün hadisələrini öz qoynunda bişirə bilmədiyi üçün bir hadisə şəklindən çıxa bilməz.

Zatən sevginin özü də həyatda bir hadisədir. Hər bir ani və gələcəyi olmayan bir hadisəyə inqilab namı vermək doğru deyildir.

İvanov başını qaldırdı və utanaraq dedi:

– Mən arzu edərdim ki, bu sevgini böyütmək və onu hadisə şəklindən çıxartmaq üçün gözəl bir qızın səmimi ürəyi və incə əlləri də iştirak edəydi—mənçə müştərək fəaliyyətdə gözəl bir istiqbal vardır.

Raya onun əlinə vuraraq çox ahəstə:

– Mən indi sizi öz sözünüzlə tutdum,—dedi,—hərgah bir inqilabı möhkəm etmək, onu hadisə şəklindən çıxarıb qalib bir inqilab şəklinə salmaq üçün müştərək bir fəaliyyət lazımsa, o zaman sizin də bolşeviklərlə müştərək fəaliyyətdə bulunmağınız, siyasi və ictimai inqilabı möhkəm etməyə çalışmağınız lazım deyilmi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

5 dəq
Şeyx Əbdüləzəlin nümayəndəsi

İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.

8 dəq
Sərdar Rəşidin son günləri

Tehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.

6 dəq
Şeyx Əbdüləzəl gəlir

İran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.

16 dəq

Başqa şairlərin şeirləri