III. Fabrik-zavod rayonuna
Səhifə 5 / 6 · 67%
İvanov bir neçə dəqiqə qurdalandı, daxili aləmini araşdırdısa da, nə vicdan naminə bir şey, nə də söyləmək üçün layiqli bir cavab tapa bildi. Nəhayət Raya xanıma müraciətlə:
– Gözəlim, gəlin siyasətlə sevgini qarışdırmayaq,—dedi.
Raya:
– Nə üçün?—deyə ona sual verdikdə o dedi:
– Çünki siyasət o qədər ağırdır ki, onu qadınlığın incə tərəzisi çəkməz!
Raya yenə də soruşdu:
– Əcəba, siz qadınların siyasətə qarışmasının əleyhinəmisiniz?
İvanov dedi:
– Əlbəttə əleyhinəyəm!
İvanov dodaqlarını Raya xanımın al dodaqlarına uzatmaq istədisə də Raya:
– Bizim tanışlığımızın dar hüdudu, hələlik sizin bu geniş və sərbəst hərəkətlərinizə icazə vermir,—deyərək başını kənara çəkdi.
İvanov çaşdı və yenə də:
– O icazənin müddəti nə qədər uzun çəkərsə çəksin, yenə də mən haman səadəti gözləyəcəyəm.
Raya İvanova belə bir sual verdi:
– Siz qadınların kişilər ilə hüquq bərabərliyinə tərəfdarmısınız?
İvanov cavab verdi:
– Bəli, tərəfdaram!
Raya dedi:
– Siz hazırda qadınları fövqəladə bir şəxsiyyət kimi mənalandıraraq, mühüm bir şeyi tamamilə unudursunuz; çünki fikrinizdə ali və fövqəladə şəxsiyyət kimi nümayiş etdirdiyiniz qadına, adi bir insana verilə biləcək hüququ belə vermək istəmirsiniz.
– Siz bəlkə də mənim qadınlar haqqındakı fikrimi lazımınca dinləmədiniz, yaxud da mən öz fikrimi lazımınca ifadə edə bilməmişəm. Biz nəinki qadınlara yüksək hüquq veririk, bununla bərabər kişilərin yalnız qadınlar üçün yaşamasını belə tövsiyə edirik. Biz hətta qadının sevib-sevilmək duyğularına geniş imkanlar yaradırıq.
– Mənçə qadına siz deyən kimi sevib-sevilmək imkanı verməkdənsə, ona yaşamaq imkanı vermək daha doğru yoldur.
– Əcəba, biz qadınlara yaşamaq imkanı vermirikmi?
– Xeyr, vermirsiniz! Sizin fikriniz şəxsi bir fikir deyil, böyük təşkilatın fikri olsa da yanlışdır. Mənçə qadının tam bir hüquqa və kişilərlə bərabərliyə malik olması nə onun sevib-sevilmək imkanına sahib olması, nə kişilərin onlar üçün yaşaması, nə də kişinin onu altunlara tutması, ipəklərə büründürməsi ilə mümkündür. Qadın hüquqsuzluq və bərabərsizliyini doğuran əsas amillərdən biri, qadının iqtisadca kişidən asılı olmasından ibarətdir. Qadının kişilərlə bərabərliyi və iqtisadi asılılığın ağırlığını üzərindən atması üçün onun zəhmətin bütün sahələrində iştirakı lazımdır. Neft çalalarında çimmək, ya başqa-başqa ağır zəhmətlərdə iştirak etmək qadın üçün məcburi deyildir. Hər halda qadın bir maşını bir kişi qədər idarə edə bilər. Hərgah sevib-sevilmək bir hüquq sayılsaydı, onda bütün hüququn qadın düşkünlərinə verilməsi lazım gələrdi. Çünki bir çox düşkün kişilər bu barədə qadınlardan daha irəli getmişlər. Onlar gündə birisini sevir, gündə bir başqasının dalınca düşür. Bəzi qadınlar da bu barədə onlara böyük imkan yaradırlar. Lakin qadınların əksəriyyəti belə deyildir.
İvanov sakit oturmuşdu. Raya xanıma cavab vermək üçün təzə sözlər axtarırdı, nəhayət qətiyyən məsələyə dəxli olmayan bir cavab verdi.
– Kişilərin gündə bir sevgini əvəz etməsi, qadınların qarşılıqlı sevgi yaratmağa qabil olmadıqlarından doğur.
Raya:
– Doğrudur,—dedi,—çünki qadınlar qarşılıqlı sevgi yaratmaq üçün cənab İvanovlar kimi qısa yol intixab edə bilməmişlər. Qarşılıqlı sevgiyə gedəcək yol, çox uzundur. Qadınlar bu yolu cənab İvanov kimi bir neçə gündə etməyə tələsmirlər. Qadınlar kişilər kimi hüdud xaricində hərəkət etdikləri vaxt ədəbsizliyin adını sevgi qoymağı da bacara bilməzlər.
İvanov bu sözləri eşidərkən əlini Rayanın belindən çəkərək:
– Gənc xanım, məni bağışlayın,—dedi və səyahətin axırına qədər danışmadı...
Faytonun təkəri çuxurlara düşdükdə, Ester yırğalandı və başı miralay Avetisovun zər pağonlarına toxundu. Ester başını sürətlə qaldıraraq:
– Bağışlayın, sizi narahat etdim,—dedi.
Avetisov onun əlini sıxdı:
– Narahat yox, biləks xoşbəxt etdiniz,—dedi.
Ester qara gözlərini onun üzünə dikərək:
– Siz bu xoşbəxtliyi haradan qazandınız,—dedikdə, Avetisov ikinci barmağını pağonunun üzərinə qoydu:
– Bir çox gözəl qızların nəzərini cəlb edən bu zər pağonlar birinci dəfədir ki, bütün gözəllərə meydan oxuyan Ester kimi gözəl bir qızın üzündən öpməyə nail olur,—dedi.
Ester qara gözlərini qıyaraq Avetisovu ayağından başına qədər süzdü və:
– Rica edirəm ki, söhbətimizin mövzusunu dəyişəsiniz, faytondan düşmək məcburiyyətində qalacağam,—dedikdə Avetisov heç də özünə aldırmadan cavab verdi:
– Bunun mənasını bilmədim. Çünki həyatın bütün mənəvi ləzzətləri, həmin bu mövzunun mündərəcəsi üzərində qurulmuşdur. Gənc qız həyatı sevmirsə, bunu vaxt ikən söyləməli və həyata qarşı bədbinliyinin səbəbini göstərməlidir.
Ester:
– Mən həyatın nə əsaslar üzərində qurulduğu və mənəvi ləzzətinin nədən ibarət olduğu haqqında mübahisə açmaq istəmirəm,—dedi,—lakin hər bir mövzunu harada və kimin üçün danışmaq lazım olduğu barədə düşünməli idiniz.
Miralay Avetisov qızıl qapaqlı papiros qabını çıxarıb papiros yandırdıqdan sonra dedi:
– Sizi sevməyə başlayan bir zata qarşı bu qədər şiddətli və mənfi, qəti çıxışlarınıza iki məna verə bilərəm: birinci, siz öz sevgiliniz Hamazasbı səmimiyyətlə sevir, ya da ondan bir canavardan qorxan kimi qorxursunuz, bu son məsələdə mən də sizi haqlı görürəm, çünki o, olduqca vəhşi, olduqca mədəniyyətsiz bir insandır. O, Ester kimi barmaqla nişan veriləcək bir qızın dırnağına belə layiq deyildir; o sizi yuxusunda da görə bilməzdi. Onun hazırkı vəzifəsi də sizin üçün məsud bir istiqbal yarada bilməz. O kimdir? Kiçik bir tabur komandanı deyilmi? Mənim əlim altında çalışan zabitlər içərisində ondan da tənbəl və dəyərsiz bir adam yoxdur. Hərgah onun səsinin ucalığı, o tərəf-bu tərəfə soxulması sayəsində sizin möhtərəm atanız erməni milli soveti üzvlüyünə keçmişsə, onun da bir əhəmiyyəti yoxdur. Siz bilməlisiniz ki, mən istəsəm, sizin atanız, milli sovetin üzvü deyil, sədri mərtəbəsinə belə qalxa bilər. İndi xanım qız, siz özünüz söyləyin, mənim bütün dediklərim doğru deyildirmi? Siz ondan qorxduğunuz üçün mənim sevgi hisslərimi qırırsınız.
Siz ondan nə üçün qorxursunuz? Bilməlisiniz ki, bu gün nəzərimi Hamazasbın üstündən götürsəm, o, bir gün də olsa bu qarmaqarışıq və anlaşılmaz vəziyyətə düşən Bakıda baş saxlaya bilməz, çünki o, daşnaq deyildir, daşnaqlar da onu müdafiə etməzlər. Hərgah siz mənə izin versəniz, mən onu Bakı mühitindən yox etdirə bilərəm. Ester, mən anlaya bilmirəm, siz məndən nə üçün qaçırsınız, mən sizin millətinizin, sizin partiyanızın fəxr etdiyi bir zabitəm, əcəba, siz məni Hamazasb kimi xırda şəxsiyyətlərə satmaqmı istəyirsiniz?
Ester onu bir daha ayağındakı parlaq uzunboğaz çəkmələrdən başlayaraq, furajkasındakı gümüş kakardına qədər süzdü və sonra əlini onun əlindən ahəstə çəkdi.
– Hərgah Hamazasb mənə layiq deyilsə bunun mübahisəyə lüzumu yoxdur,—dedi.—Çünki onu sevmirəm və ona ərə getməyə də hazırlaşmıram. Mən ona ərə getsəm belə, onun və ondan böyüklərinin də vəzifələrindən səadət gözləyəcək deyiləm. İstər o sizin əliniz altında, istərsə əliniz üstündə olsun, yenə də mənə üstün gələ bilməz. Çünki nə onun vəzifəsi, nə onun sevgisi mənə lazımdır. Atamı milli sovet seçdirməsi isə ancaq atam üçün qiymətlidir. Mənim üçün heç bir əhəmiyyəti yoxdur. Hərgah atam Hamazasba mükafat vermək istəyirsə, başqa bir şey tapsın; məni mükafat olaraq bir nəfərə bağışlaya bilməz. O mənim anasızlığımdan istifadə edərək nə sata bilər; nə də istəmədiyim və sevmədiyim bir adamı sevməyə məcbur edə bilər. Sizin atama yüksək bir rütbə qazandırmaq arzunuz da mənim həyatıma təsir edə biləcək bir hadisə deyildir. Siz bununla öz dəvətinizin mənim tərəfimdən qəbul ediləcəyinə inanmayın! Çünki rütbə və mənsəb sevgiyə hakim ola bilməz. Mənim Hamazasbdan qorxmağım boş sözdür. Hərgah bir cani mənə yanaşır və öz sevgisini daşnaqcasına mauzer gücü ilə bir erməni qızına qəbul etdirmək istəyirsə, o vaxt mən də inad göstərər və ölməkdən qorxmayaraq onu rədd edərəm. Sizin dəvətlərinizi rədd etməyim isə, sizinlə Hamazasb arasında ixtilaf çıxarmaq istəmədiyimdəndir, çünki mənim üzərimdə başlanmış şəxsi ixtilaf, ümumi mənafeyin zərərinədir. Siz Bakını müdafiə edən ordunun başındasınız, sizin bir qızdan ötrü çəkişməniz, ordunun müdafiə qüvvəsini zəiflədər. Bu da, sizin üçün eybdir, mənim ətəyimi buraxmalısınız, mən yalnız sizi deyil, Hamazasbı da rədd etmişəm, hərgah o mənim qolumdan tutur və mənim etinasızlığıma soyuqqanlılıqla baxırsa, özünün şərəfsizliyindəndir. Hərgah cənab Avetisov icazə versəydi, mən bir az açıq danışardım.
Esterin bu sözünə cavab olaraq Avetisov:
– Danış, mələyim Ester, danış,—dedi.—Sənin səsini doyunca eşitmək və sənin sözlərini dinləmək istəyirəm.
Ester sözünə davam etdi:
– Tənqid edəcəyəm, çünki siz özünüz icazə verdiniz. Siz deyirsiniz ki, «mən sizin millətinizin, sizin partiyanızın fəxr etdiyi bir zabitəm»; bu sözlər eynilə Hamazasbın sözləridir. O da sevgisini bu sözlərlə elan edir. Əvvələn mən daşnaq deyiləm, partiyanın nüfuzu ilə də ucalıb-alçalmağa həvəsim yoxdur. «Millətimizin fəxr etdiyi» sözlərinə gəldikdə, bu sözlər çox köhnəldiyinə görə, mən cənab miralaydan rica edərdim ki, bu sözləri bir daha təkrar etməsinlər.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-iii-fabrik-zavod-rayonuna
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.
Şeyx Əbdüləzəlin nümayəndəsiİngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.
Sərdar Rəşidin son günləriTehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.
Şeyx Əbdüləzəl gəlirİran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.
Başqa şairlərin şeirləri
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.