Xanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.

Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.

Dərnəyin bu günkü məşğələsində dərnəyin orqanı olan «Qolos» jurnalının məqalələri oxunacaq və düzəldiləcəkdi.

Tələbələr və Jenya hər gündə olduğu kimi çox ehtiyatlı dolanırdılar... Əvvəlcə imtahana lazım olan şeyləri hazırlayıb stolun üstünə qoydular, qapını içəridən kilidlədilər; sonra da jurnalın işinə başladılar. Jenya son məqaləni oxuyub qoynunda gizlətdiyi vaxt qapı vuruldu. Heç kəs özünü itirmədi. Dərhal Jenyanı imtahana hazırlamaq işinə keçdilər.

Kutilevski içəri girib gülə-gülə soruşdu:

– Bir qorxumu hiss edirsiniz? Gündüzdür, burada sizə kim əziyyət verəcəkdir?

Jenya dedi:

– Gündüz olduğuna baxmayaraq, gecələrin qorxulu adamları yenə də dərsimizin hazırlıq işlərinə əngəl törədə bilərlər.

Kutilevski təəccüblə soruşdu:

– Əngəl törədən kimdir? Bunu nə üçün mənə söyləməmisiniz?

Jenya cavab verdi:

– Bakı limanı rəisinin oğlu Devalev və onun yoldaşları həmişə bizim dərsimizə mane olurlar. Buna görə də qapını içəridən kilidlədim.

Kutilevski:

– Çox da gözəl iş görmüsünüz. Onun sizə mane olmaması üçün qəti tədbirlər görəcəyəm. — dedi.

Jenya:

– Sizdən çox razıyam. Doğrudan da siz mənim haqqımda hədd-hesaba gəlməyən səy göstərmisiniz, heç bilmirəm bu qədər yaxşılığın qabağında mən cənab direktora nə kimi qulluqla mükafat verə biləcəyəm, — dedi.

Tələbələr kitablarını yığışdırıb getdilər.

Kutilevski Jenyaya imtahana hazırlanmağa aid bəzi suallar verdi. Jenya verilən sualların cavabını müvəffəqiyyətli bir surətdə verdi.

– Siz olduqca istedadlı bir qızsınız, lakin bəzi xırda nöqsanlarınızı yenə də davam etdirirsiniz ki, bu da sizin gələcəyiniz üçün olduqca zərərlidir.

– Cənab direktor, nə kimi nöqsanlar demək istəyirsiniz?

Kutilevskinin rəngi qızardı və utanaraq dedi:

– Sizin nöqsanlarınız Mixaylovski kimi adamlara məhəbbət göstərməyinizdən ibarətdir. Madam ki, siz mənə söz vermişsiniz, o zaman Mixaylovskiyə bir yabançı kimi yanaşmalısınız. Keçən gün mən onun sizə «sən» dediyini eşitdim. Bununla sanki mənim qulağıma küllə vuruldu. Hələ sizin buna etiraz etməməyiniz də məni təəccübə gətirdi. Mən heç cür anlaya bilmirəm ki, onun kimi mənfur, pis əqidəli, murdar adamda nə görmüşsünüz? Özü yaşlı, xasiyyəti pis, yalançı. Buna baxmayaraq, sizin bir ayağınız yenə də texniklər məktəbindədir.

Sizə and içirəm! Bu sözlərim qısqandığım üçün deyildir. Bu sözlərin özü də sizin imtahanlara hazırlanmaq proqramınıza aiddir, çünki bizim məktəblərdə əxlaq birinci yer tutur. Bunlar bir tərəfdə qalsın. Ailə qurmaq istədiyim namuslu bir qızın onun kimi namussuz və haramzada bir adamla oturub-durmasına nə cür baxa bilərəm? Bu, mənim kimi namuslu, təmiz əxlaqa malik olan adam üçün bir ləkə deyildirmi?

Jenya gülümsəyərək ona qulaq asırdı. Kutilevski sözünü bitirdikdən sonra Jenya dedi:

– Buyurduqlarınızın hamısı sizin öz nöqteyi-nəzərinizcə doğrudur. Lakin siz məni də gözəlcəsinə tanımalısınız. Mən sizə söz vermişəm, bu söz ikinci bir adama verilə bilməz! İndi ki, biz ailə düzəldəcəyik, gəliniz bu ailənin əsasını qısqanclıqlar üzərində qurmayaq, belə bir ailə uzun müddət davam edə bilməz. Gəliniz indidən başlayaq bir-birimizə inanaq, xırda işlərlə məşğul olmayaq.

Bunların hamısından sonra biz hazırkı vəziyyətlə də hesablaşmalıyıq. Siz bilirsiniz ki, xanım məni Mixaylovskiyə tapşırmışdır. Siz bunu gözəlcəsinə anlayırsınız ki, onun bir sözü xanımın yanında iki deyildir. Mən bütün bu işləri nəzərə alıb özümü sizinlə bir yad kimi aparıram. Siz görürsünüz ki, mən nə qədər iradəli və öz tərəfimi saxlamaq işində də necə inadlı bir qızam. Siz görürsünüz ki, mən sizi sevdiyim, sizinlə ailə qurmaq istədiyim, sizə öz ismətimə məxsus namuskaranə söz verdiyim halda, əlinizin saçlarıma toxunmasına yol verməmişəm. Siz belə bir mətanətli qızın Mixaylovski kimi adamların ədəbsizliyinə imkan verəcəyinə inanırsınızmı? Söyləyin görüm o mənə nə edə bilər? Yenə də bilmək lazımdır ki, mənim ondan ani bir surətdə və hətta bir səbəb olmadan uzaqlaşmağım, bizim gələcək səadətimizi də qorxu altına ala bilər. Mən bunun üçün Mixaylovski ilə görüşməyə və onunla səmimi davranmağa məcburam.

Kutilevski Jenyanın sözlərindən razı qalmadı, lakin etiraz etməyə də cürət eləmədi.


Jenya gimnaziyadan çıxıb düz texniklər məktəbinə gəldi. Məqalələrin çap olunmasını müəyyən yoldaşlara tapşırmaq lazım idi.

Jenya məqalələri lazımi yerlərə verəndən sonra Mixaylovskinin yanına getməyi lazım gördü.

Mixaylovski iş otağında Jenyanın intizarını çəkirdi. Jenya içəri girən kimi Mixaylovski əsəbi bir halda soruşdu:

– Yenə də Kutilevskinin pis sifətini ziyarət etmək üçünmü getmişdiniz?

Jenya gülümsəyərək dedi:

– Tələbə üçün müəllimin çirkini-gözəli yoxdur. Tələbə — tələbə, müəllim də — müəllimdir. Tələbə müəlliminin yanına sevmək, ya sevilmək üçün getmir. Sizin zəhmətlərinizi azaltmaq üçün onun təcrübələrindən istifadə edirəm. Lakin siz yenə də qısqanırsınız, təbii haldan çıxırsınız. Bu hal davam etsə, hər ikinizdən əlaqəni kəsməyə məcbur olacağam.

Jenyanın bu sözündən Mixaylovskinin varlığı sarsıdı; o, indiyə qədər Jenyadan belə sərt və acıqlı sözlər eşitməmişdi. O qorxub, mübahisəni davam etdirməkdən çəkindi.

Jenya texniklər məktəbindən çıxanda saat altı idi. O, köhnə polis küçəsindən keçdiyi vaxt Pavluşanı gördü. Pavluşa özünü görməməzliyə vurub Jenyaya yanaşmaq istəmədi. Jenya onun etinasızlığını görüb səslədi:

– Pavluşa, dayan!

Pavluşa ayaq saxladı. Jenya yaxınlaşıb salam verdi.

Pavluşa:

– Quru bir salamın nə əhəmiyyəti vardır? — dedi. — Sən ki, dostluğa əhəmiyyət vermirsən. Bizim uzun görüşlərin və hesaba gəlməyən salamların nəticələrini gördük! Mənçə salamın əhəmiyyəti qalmamışdır. Sənin artıq mənə yaxın gəlməyə də macalın yoxdur. Bizim aramızdakı ayrılığın məsafələri getdikcə artır. Sən özünü elə bir şəklə qoymusan ki, mən səninlə bərabər durub danışmağa da utanıram. Şübhəsiz ki, sənin özün də beləsən; sən mənə yaxın gəlməkdən utanırsan. Mən işə başqa bir tərəfdən yanaşdığda, bizim görüşməyimiz mümkün deyildir. Sən burjuaziyanın alınmaz və adi insanların ayağı dəyməz möhkəm qalasına girmişsən. Burada biz nə kimi bir vasitə ilə görüşə bilərik? Eybi yoxdur, Jenya! Səni bu həyat sevindirirsə, get, yaşa! Mən və mənim yoldaşlarım da sənə mane olan adamlardan deyilik. Ancaq biz bu həyatı darmadağın edəndən sonra, sən öz səhvini anlayacaqsan, o zaman nə Kutilevski, nə də Mixaylovski kimi xəfiyyələrin nüfuzu qalacaqdır.

Jenya Pavluşanın sözlərinə acı-acı gülərək:

– Mən nə sizdən qaçmışam, nə də bu həyat dağıldıqdan sonra səhvimi anlayacağam. Partiya işində heç bir səhvim yoxdur. Mən də bu həyatın dağılması yolunda çalışıram. Mən özüm də zülm dünyasını dağıtmaq işində iştirak edənlərin birisiyəm. Təşkilat mənim nə iş gördüyümü lazımınca bilir. Buna görə də səndən rica edirəm ki, mənimlə heç bir zaman təşkilat adından danışma, öz xüsusi işlərindən danışsan daha yaxşı olar! Yaxşı kəsərli dilin, savadın, bacarığın vardır. Sən istəsən bu mühüm günlərdə bir çox dəyərli işlər görə bilərsən. Bibiheybət və Balaxanı fəhlələri arasında çalışıb onları şendrikovlar kimi burjuaziya nökərlərinin çirkabından qurtara bilərsən.

– Sən nə bilirsən ki, mən işləmirəm? Mən bu barədə sənə raportmu verməliyəm?

– İndi ki, sən raport verməyi sevmirsən, özün nə üçün başqalarından haqq-hesab istəyirsən? Nə üçün mənə mane olursan? Pavluşa, sənə yenə də deyirəm: doğrudan da sənin bu hərəkətlərin bizim həmişəlik ayrılmağımıza səbəb ola bilər. Qadın milyonçu evində qulluğa girə bilər. Mixaylovski, Kutilevski və başqaları ilə də iş xatirəsi üçün görüşə bilər, çünki onları yıxmaq üçün onların içərisinə girmək lazımdır.

Pavluşa bu sözlərin tamamilə düzgün olduğunu bilirdi. Jenya deməsə də o, qadının vəzifəsini çox gözəl anlayırdı. Onun özü də Jenya düşünən kimi, bolşevikcəsinə düşünürdü, lakin bu düşüncələrin göstərdiyi yolla getməyə bir şey mane olurdu: o da qısqanclıq idi.

Jenya dedi:

– Pavluşa, qısqanmaq lazım deyil. Jenya yenə həmən Jenyadır. Əvvəlki dostluğumuz öz qiymətini itirməmişdir. Sənin dediklərinin hamısına burada cavab verməyəcəyəm. Gərək bu axşam saat doqquzda, Naberejnı küçədə görüşək. Sən buna söz verməlisən.

Pavluşa:

– Yox, söz vermirəm, — deyib ayrıldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bilməli xəbərlər

Məsələ*Cənab Molla Nəsrəddin! «İrşad»ın 221-ci nömrəsində hacı Cəbbar Nəsirov cənabları yazıb təvəqqə edir ki, ona qəzet göndərilməsin, çünki ramazanul-mübarək yaxınlaşıbdır. Bəndə bu sözdə çox fikrə getdim. Axırını bir tərəfə çəkə bilmədim. Çünki məsələ də çox ağır məsələ idi. Birdən-birə yazmağa cür’ət etmədim. Durub kitabları nə ki, var tökdüm qabağıma. Səhərə kimi varaqlayıb bir cavab tapa bilmədim. Axırda durub Məsailul-mühəqqiqin kitabını açıb bu rəvayəti tapıb hacıya yazdım. Əba əhməqdən rəvayətdir. Bir gün dəvədən soruşdular ki, atam-anam sənə səvar olsun, dünyada neçə şeydir ki, orucu batil edər? Buyurdu Nəsirbəyovdan soruşun. Müxtəsər bəndə də hacıdan təvəqqə edirəm yazsın görək dəxi hansı şeylər orucu batil edər?

1 dəq
Millətpərvər intelligent

Qiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir.Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona?

1 dəq
Müsəlman yığıncaqları

Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.

5 dəq
Qafqazda idareyi-məşrutə

(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:

4 dəq

Başqa şairlərin şeirləri