İntibahnamələr
Səhifə 1 / 2
Əmir timçəsindən keçdiyim zaman Həsənağaya rast gəldim. O mənə yanaşaraq:
– Anam, sizi təcili surətdə çağırır, – dedi.
– Bu saat gedərəm.
– Siz Nina xanımın yox, bizim öz evimizə getməlisiniz.
– Çox gözəl!
– Məsələ aydın idi. Təhminə xanımda yəqin yenə də bir sirr var idi. O, hər vaxt mənə söyləmək istədiyi gizlin sözləri öz evində deyərdi. Daha mən Həsənağadan ayrılmadım, onunla söhbət edə-edə qayıtdıq.
Təhminə xanım və qızların gözləri ağlamışlar kimi qızarmışdı.
Onlar məni gördükdə, yenə də kövrəklənib ağladılar.
Sakit olduqdan sonra Təhminə xanım Mahmud xanın Ninaya elçi göndərdiyini və Ninanın onları böyük ehtiramla qəbul etdiyini söylədi.
Elçilər Ninaya sərdar Rəşidin və onun arvadı İraidanın məktubunu gətirmiş imişlər. Onlar öz məktublarında bu izdivacın səadətli bir izdivac olacağını yazmış və Ninanın bu xeyir işə razılıq verməsini məsləhət görürmüşlər.
Mən Ninanın onlara nə cür cavab verdiyini soruşmayaraq:
– Nə eybi vardır, – dedim, – hərgah Ninanın buna könlü var, hərgah o bu işi, xeyir iş deyə adlandırsa, daha bizim danışmağa nə haqqımız var? Onun xoşbəxtliyinin yolunu kəsə bilərikmi? O, müsəlman və türk qızı deyil. Onun tərbiyəsi tamamilə başqadır. O tərbiyə ilə böyümüş qızlar nə sevdiyindən vaz keçər, nə də sevmədiyini qəbul edər. Mahmud xan böyük nüfuzlu bir adamdır. Bəlkə, onun böyüklüyü Ninanı özünə cəlb edir. Yox əgər sərdar Rəşid və İraida Ninanı məcburi olaraq Mahmud xana vermək istəsələr biz Ninanı köməksiz qoymarıq, müdafiə edə bilərik. Biz hələ o qədər də aciz düşməmişik.
Nə Təhminə xanım, nə də onun qızları mənim sözlərimdən razı qalmadılar, onlarda Ninaya qarşı bir nifrət və bir düşmənçilik hissi doğmuş kimi idi.
Onları öz fikirlərindən və şübhəli yollardan qaytardım. Ninanın hər kəsə ərə gedərsə-getsin, onlara olan dostluq əlaqəsinin dəyişməyəcəyini söylədim.
Lakin hər halda mən Ninanın evinə getməli idim. Biz əldə edilən məlumata əsasən şəhərə vərəqlər yaymağa söz vermişdik. Fürsəti əldən buraxmayaraq çar hökuməti və onun nümayəndəsi olan Hacı Səməd xanın siyasətini ifşa etməli idik.
Ninanın yanına bir gün əvvəl getməliydim, işlərimin çoxluğu buna imkan verməmişdi. Onun etiraz edəcəyi və məni tənqid edəcəyi şübhəsiz idi.
Mən onun otağına çox qorxa-qorxa girdim, o yazı stolunun başında oturub işləyirdi. Məni gördükdə qələmi stolunun üzərinə atdı. Mən öz hesabımı bildim: həngamə başlanacaq idi.
O:
– Mən heç də anlaya bilmirəm, – dedi, – sən günlərlə buralarda görükmürsən? Təhminə xanım isə səhər tezdən çıxıb getmişdir. Mən bu uşaqla bərabər qalmışam, işə də getməmişəm. De görüm bu saat sənin Təbrizdə işin nədir? Nə üçün fəaliyyət göstərmirsiniz? Nə üçün çar hökumətinin fırıldaqlarını ifşa etmirsiniz? Budur, sənə deyirəm: bu fəaliyyətsizlik davam edərsə, mən buradan çıxıb getməliyəm. Artıq bu evlərin qarovulunu çəkmək istəmirəm. Uşağı da götürüb sənin ağlına gəlməyən bir tərəfə gedəcəyəm. Sən özün bir düşün, bu həyatmıdır? Bizim bu vəziyyətimizə nə ad vermək olar? Madam ki, iş yoxdur, həyat yoxdur, daha burada nə üçün qalmaq?
– İş necə olar? – mən soruşdum, – beş-on nəfərlə böyük bir hökumətlə mübarizə aparmaq sənçə iş deyilmidir?
– İşin fəna tərəfi də odur ki, işi beş-on nəfərlə aparırıq!
– Çox adamı haradan tapa bilərik, sən bilirsən vəziyyət indi çətindir.
– Çətin vəziyyət şəraitində işləməyi öyrənməliyik! Səttar xanın iyirmiminlik silahlı qüvvətinə istinad edib iş aparmaq silahlı nəzmiyyə ilə qoşun qabağına durmaq hər kəsin işidir, işçi, yaxşı təşkilatçı bugünkü şəraitdə iş apara bilməlidir.
– Kimi təşkil edək? Bazar əsnafını, tacirlərimi? Sən özün bilirsən ki, qaçan qaçdı, ölən öldü, qalanlar isə dar ağacının qorxusundan bizim verdiyimiz silahı belə almır.
– Mən Təbriz şəraitində sənə Peterburqun putilovçularını, yaxud Riqanın toxucu işçilərini verə bilmərəm. Təbriz küçələri təşkilatsız işçilərlə doludur. Hər tərəf hammal, hər yan çılpaq deyilmi? Hər tərəfə baxıb ağa nökərləri və bir loğma çörəyə işləyən muzdurları görməyirsənmi?
– Nina, sözün var, söz danış! Bu cür sözlər ixtilaf çıxarmaq üçün vasitə aramaqdır. Sən saydığın təşkilatsız proletariata nə vasitə ilə yanaşmaq olar?
– Siz təşkilatlı proletariatla da iş aparmırsınız. Əcəba, hazırda min səkiz yüz nəfərə qədər xalça fabrikası işçiləri mütəşəkkil proletar sayıla bilməzmi? Mənim təşkil etdiyim 28 nəfərlik dərnək üzvləri azmı iş gördü? De görüm, iki gündən bəri nə iş görmüşsünüz? Harada idin?
– Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. O ki, Təhminə xanımdır, o da bu saat gəlməyə hazırlanırdı.
– Sən onu harada gördün?
– Evlərinə getmişdim.
– Ora səni çağırmışdılarmı?
– Xeyr.
– Bəs nə üçün getmişdin?
– Qızların Berlinə göndərilmək məsələsini danışmaq lazım idi.
– Qızların məsələsinimi?
– Bəli, qızların məsələsini.
– Sən gərək bunu mənə heç də xəbər verməyəydin.
– Əcəba, mən bunu səndən gizlətməkdə nə kimi bir şey qazanacaq idim?
– Daha mən sənə nə deyim? Sən qızlara məndən yaxınmı idin? Əcəba, mən onlara ürəyimin yağını yedirmədimmi? Onları Berlinə getməyə sənmi hazırladın? Onları kəsif çadranın altından cəmiyyətə sənmi çıxardın? İndi necə olmuşdur ki, məni özlərinə yad bilirlər? Hərgah getmək istəyirlərsə yığılıb burada danışa bilməzlərmi? Yox, məsələ bu deyildir. Onlar hələ məni layiqincə tanımamışdır. Hələ Təhminə xanımın mənə qarşı etimadsızlığı da dözülməz haldır. Onlar daima səni özlərinə məndən yaxın hesab edir, halbuki mən onlara səndən daha yaxınam, daha səmimiyəm. Onların nöqsanı hamıdan artıqdır. Onlar heç vaxt sənin mənə qarşı etdiyin haqsızlığı nəzərə almır və səni tənqid etmirlər, çünki sən onların özününkü, mənsə kənardan gəlmə bir yabançıyam. Təhminə xanım bir kərə də olsa mənim haqlı olduğumu nəzərdə tutmamışdır. Hər kiçik hadisədən ötrü onların evində toplanıb iclas düzəldirsiniz, bununla da məni şüursuz və duyğusuz bir qız hesab edirsiniz. Sən get onlara söylə! Özün də əmin ol ki, özgənin fikri ilə hesablaşan deyiləm. Bacım da, onun əri də mənim üçün heç yerindədir. Mənim üçün qiymətli bir şey varsa, o da öz düşüncəm və öz iradəmdir. Nə olar ki? Bu vəziyyəti davam etdirərəm. Bəlkə də, iqbalın insan üzərində hakimliyi sözü doğru imiş!
Mən ayaq üstündə durub Ninanı dinləyirdim, onu sakit etmək üçün gətirəcəyim dəlilləri bir neçə kərə ürəyimdə təkrar etmişdim.
Bu halda Təhminə xanım gəldi, Nina isə onu görən kimi şiddətlə ağlamağa başladı. Təhminə xanım onun başını köksünə aldı, qızın başı onun çiynində olaraq ağlarkən Təhminə xanım da özünü saxlaya bilmədi.
Mənim tüklərim ürpəşirdi. Səbəb olduğum bu vəziyyətdən utanır və özüm özümə nifrət edirdim. Mən ya birkərəlik Ninadan ayrılmalı, yaxud da bu iki həyatı birləşdirməli idim. Lakin mən özlüyümdə əlaqəmizin belə qeyri-müəyyən şəkildə qalmasını bu səbəbə izah edirdim: mən qızın taleyini öz məlum olmayan taleyimlə birləşdirməyə cürət etmirdim, onun mənimlə xoşbəxt ola biləcəyinə inanmırdım.
Özüm də bilmədim, əlimin birisi ilə Təhminə xanımın, o birisi ilə Ninanın saçlarını oxşayaraq dedim:
– Nina, sizin hər ikinizə and içirəm! Hərgah sənin qəlbin və mənə dair olan düşüncələrin dəyişməmişsə...
Nina mənim sözlərimə axıra kimi qulaq asmayaraq başını əlləri arasına alıb içəri otağa keçdi. Təhminə xanım ev işlərinə məşğul idi. Mən oturub düşünürdüm. Yarım saatdan artıq oturdum, başımdan əlli cürə fikir gəlib keçirdi. Otağın qapısı açıldı. Nina öz sevimli və abı rəngli geyimində gəlib yazı stolunun başında oturdu. O özünü acıqlı və ciddi göstərmək istəyirdi. Lakin dodaqlarında sezilən xəfif bir qımıltı onun gülmək istədiyini və bunu da gizlətməyə çalışdığını aşkara çıxarırdı.
Birdən o:
– Dur bura gəl! – dedi və gülümsündü; bununla da biz barışmış olduq. Hər şey keçib getdi.
Əyləşdim, o yanımdakı rusca yazılmış kağızı mənim qarşıma fırladaraq:
– Səni çox gözlədim, gəlmədin, nəhayət, şəhərə buraxılacaq vərəqəni özüm yazmağa başladım, – dedi, – diqqətlə oxu, artırıb əksildilməsi yeri varsa, düzəlt, tərcümə elə! Nə cürə olursa-olsun, vərəqlər sabah gecə şəhərə yayılmalıdır.
Mən:
– Çox razıyam, – dedim.
O, cavabında:
– Sən razı olmasan da keçər. Kütlələr razı qalmalıdır, – deyərək üzümə əyri-əyri baxdı və davam etdi: – Sənin tənqid edilməli yerin çoxdur, başdan-ayağa nöqsanlar içindəsən. Eyni zamanda özünü əfv etdirməyi də bacarırsan. Mən bütün bu qüsurlara göz yumuram, buna da məni mühüm cəhət məcbur edir; onlardan biri və ən ümdəsi gələcəyinə möhkəm inamım olan, yolunda hər şeydən keçməyə hazır olduğum inqilab...
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-intibahnameler-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.
Qafqazda idareyi-məşrutə(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:
İbadətHərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.
Ana diliHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.
Başqa şairlərin şeirləri
Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.