İraida
Bu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.
Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.
Nina içəri otağa keçdi və xeyli keçdikdən sonra bir aydan bəri əyninə geymədiyi paltarlarını və qiymətli daşlarını geyib bəzənərək İraidanın yanına gəldi. Çöhrəsindəki məhzunluq tamamilə rəf olub getmişdi.
O, İraidanı sıcaq bir səmimiyyətlə qəbul edib qucaqladı, dodaqlarından öpdü, Ninada az-az görünən hal İraidanı sevindirdi. Qızın dəyişməyə başladığını hiss etmişdi:
– Görünür ki, sözlərim başına işləmişdir, belə də olmalıdır. Sən gözəl qızsan, sənə də ev, eşik, ər, uşaq, gələcək lazımdır. Sənin sevdiyin adam özünə nə gün qazanmışdır ki, sənə nə gün qazandırsın? Az sərmayəli bir taciri sevməkdən nə çıxar? Doğrudur, sən onu sevirsən, amma ağıllı qız özünü də sevməlidir. – İraida Ninanı oxşayaraq tövsiyəsində davam edirdi: – Nə olsun ki? O, ayrı yaşayır, sən də ayrı yaşayırsan. Bu oyun nə vaxta qədər davam edə bilər? Sən nə vaxta qədər bu iranlı uşağını çimdirəcəksən? O kimdir? Onu nə sən doğmusan, nə də sənin din qardaşın. Nə qədər çalışsan da, sən onu özünə doğma bir övlad edə bilməyəcəksən. Ondan sənə heç bir fayda yoxdur. Sənin başın üstündə incil oxumayacaq, qəbrinə xaç taxmayacaq, qoca vaxtında əlindən tutmayacaqdır. Burax küçəyə getsin, Təbriz küçələrində belələri azdırmı?
İraida bu sözləri bitirər-bitirməz Məcid geyinmiş halda qaçaraq gəlib Ninanın qolları arasına girdi. İraidanın halı pozuldu, lakin o, yenə də sözünə davam edirdi:
– Sən baxma ki, mən sənin sevdiyin adamı çox xoş dil ilə dindirirdim, sən elə zənn etmə ki, mən onunla Şərqi sevən bir qız kimi danışırdım. Hər xalqın özünəməxsus dili vardır. Buna görə də mən həmin şərqli ilə bir şərqli kimi söhbət edirdim. Onlar da belədir, onlar da bizim öz dilimizi tapıb danışır, zövqümüzü, ruhumuzu oxşamağa çalışırlar. Necə ki, həmin adam sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. Onun nə dərdi var, əsl dərd sənindir. O, bacarıqlı adamdır, sənin kimi avam, sadə ürəkli bir qızı hər yerdə tapa bilər, hər yerdə burada qurduğu həyatı qura bilər. İkinci bir Nina tapar, küçədə qalan bir Məcidi də ona tapşırıb vidalaşar. Bacım, indi ki, sən bu cür həyatdan xoşlanırsan, adamlarla biraylıq yaşamağı bacarırsan, şəxsi mənfəətini də nəzərdə tutmalısan, ya yox? Gördün ki, mən aylardan bəri bir nəfərə yaxın getmədim. Sənin fikrincə, mən heç kəsi sevmirdim, eləmi? Yox, sevirdim, amma quru sevgi məni razı salmırdı. Doğrudur, böyük vədlər verənlər var idi, amma onlar nisyə, mənim sevgim isə nəqd idi. Mən ağıllı qız olduğum üçün nəqdi nisyəyə satmadım. Lakin elə ki, sərdar Rəşidin konsul yanındakı hörmətini gördüm, xüsusən onun ailəsinin çar ordusu ərkan hərbi ilə olan əlaqəsini yəqin etdim, daha fürsəti əldən buraxmadım. Onun gələcəyi böyükdür, onu konsul mühüm bir gün üçün əlində saxlayır, o, bir vaxt Azərbaycanın general-qubernatoru olacaqdır. Bunu mən də anlamışam. Sərdar Rəşidin özü də mənə nisyə vədlər verən adam deyil, arvadını da məndən ötrü başından rədd edibdir. Mən də ağıllıyam, hələlik işin nəticəsini gözləyirəm. Onun üçün onun kiçik və əhəmiyyətsiz zövqünü oxşamaqla böyük mükafat əldə edirəm. Şərqin qiymətli və nəfis zinətlərini daşıyıram. Konsul cənabları da bu yaxınlığa tərəfdardır. Bunun üçün də onlar mənim «ağıllı qız? deyə bu işimi təbrik edirlər. Nina, sən məndən cavansan, üzünə deyirəm, məndən də gözəlsən, çar ordusunun bura gəlməsi nəticəsində yüzlərcə sərdar Rəşidlər irəli çəkiləcəkdir. Göz-qulaqda ol, əcəba, sən onlardan birisini öz əlinə ala bilməzsənmi? Əlbəttə, ala bilərsən.
– Xeyr! – deyə Nina qəti olaraq rədd etdi. – Bütün dediklərin mənim ruhum, mənim zövqüm, mənim əqidəm üçün yabançıdır, mən öz zövqümün, öz əqidəmin, öz sevgimin əleyhinə çalışan qızlardan deyiləm. O, müvəqqəti adamlardan da deyildir. Əgər o, müvəqqəti adam olsa idi, mənim üçün belə bir həyat düzəltməzdi. Onun mənim üçün və Məcid üçün yaşadığını bilirəm.
– Əgər sizin üçün yaşayırsa, bəs nə üçün sizi atıb getdi?
– Getdi, lakin yenə də qayıdıb gəldi.
– Qayıdıb gəldi? – İraida heyrətlə soruşdu.
– Bəli, o qayıtmışdır. Dünən görüşdüm, səninlə də görüşməyi arzu edirdi... Məcidə gəlincə, o da mənimdir, ona dəxli yoxdur. Mən bunu sevirəm. Bunun anası Zeynəbi də sevirdim, bir qızım olarsa, adını Zeynəb qoyacağam.
İraida dərin bir fikrə getmişdi:
– Demək o gəlmişdir?1 – deyə mızıldandı.
– Bəli, gəlmişdir.
– İndi ki, gəlmişdir, daha başqa sözlər ola bilməz. Lakin həyatınıza müəyyən bir şəkil verməlisiniz. Bunu da deməliyəm ki, mən daima onun əleyhinə danışarkən dilim dediyi sözlərə ürəyim heç də razı olmur. Nina, sən onu bil ki, mən bunu sənin xatirin üçün də demirəm, mən Şərqdə ona bəslədiyim hörməti heç kəsə bəsləməmişəm. Lakin nə edəsən ki, alış-verişçidir, inqilab vaxtında da zərər çəkmişdir, onda varlılıq xasiyyəti qalıbdır, o, zəngin yaşamağı, həyatını təmin etməyi çox sevir, onda ağa xasiyyəti vardır.
– Elədir! – deyə Nina razı oldu.
– Bəlkə də, sərdar Rəşid konsul vasitəsilə ona qazanclı bir iş düzəltdi, ordu təchizatı işlərində böyük pul qazana bilər.
– Onun işi yaxşıdır, zərərlərini bu səfərində ödəmişdir.
– Bunu sənə özümü dedi?
– Bəli, özü dedi, mənə yaxında gözəl və sərbəst bir bina tapacağını da vəd etdi.
– Elə isə nə zərəri vardır. Həm pulu vardır, həm də gözəl, cavandır, həm də ki, səni sevir, elə isə sənin də sevməyin fəna deyildir.
Məcid Ninanın boynundakı incilərlə oynayır, öz adını eşidərkən İraidanın üzünə baxır və düşünürdü.
Sonra İraida Təhminə xanıma müraciətlə:
– Gözün aydın olsun, oğlun gəlmişdir, – dedikdə Nina onun sözlərini Təhminə xanıma tərcümə etdi.
Təhminə xanım isə:
– Allah onu bizə çox görməsin, bizim bir günümüz onsuz olmasın! – deyə cavab verdi.
Nina İraida ilə öz arasında olan bu söhbəti mənə danışdıqdan sonra:
– O, bir cür qızdır, mən də bir cür! – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-iraida
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.
Qarət başlandıTəbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi.Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi.
Miss HannaMiss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı.Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula:
Üz-üzəİnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi.Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o:
Başqa şairlərin şeirləri
Dost bizi buyurdu xidmət-şərifə,Dedik ki, baş üstə, kafü lamü kaf.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı