Kiçik Siqqətülislam
Biz rusların mühüm bir qüvvə ilə Təbrizə qayıtmaq xəbərini alanda həddindən artıq rahatsız olduq. Çar xidmətində olan baron Cəbrayılın asorilərdən mütəşəkkil bir silahlı dəstə düzəltdiyi də bizə məlum idi,
Biz ruslarla osmanlıların şəhər daxilində müharibə etməsini istəmirdik, çünki osmanlılar məğlub olduğu zaman evlərdə gizlənəcək və şəhərin zərərdidə olmasına imkan yaradacaq idi. Onlar məğlubiyyət ərəfəsində şəhəri qarət edib çəkilə də bilərdilər. Buna görə də hər necə olursa olsun ruslar gəlməmiş Helminin dəstəsini Təbrizdən çıxarmalı idik.
Son günlər Helmi bəy kürd ağalarının və Azərbaycan xanlarının intizarını çəkirdi. O özünə vədə verilən qüvvəni alar-almaz həm bizimlə hesablaşacaq, həm də Təbrizi lazımi qədər qarət eləyəcək və Qafqaza hücum edəcəkdi. Biz isə Helmiyə bu cür köməyin gəlməyəcəyini bilirdik, çünki onlar Miyandab, Marağa və Savucbulağı qarət etməklə hamının nifrətini qazanmışdılar, buna görə də Mirzağa Bülluri Helmini və İbrahim Fovzini vədlərlə doyururdu:
– Bu gün Ələkbər xan Sövlətildövlə Qaradağdan beş min atlı ilə hərəkət edibdir.
– Bu gün Böyük xan səkkiz min atlı, on topla Əhərdən Təbrizə yola çıxmışdır.
– Əmir Əşairin yığdığı dörd min atlı Xalxaldan hərəkət edibdir.
Verilən vədlərə görə on günün içərisində Təbrizə əlli minə qədər atlı qoşun yığılmalı idi, zahirdə isə Təbrizdə ancaq doqquz yüz nəfərə qədər başıpozuq və intizamsız bir dəstə var idi ki, bu dəstəni ruslarsız da baron Cəbrayılın düzəltdiyi asori dəstələri dağıda bilərdi. Bunun üçün də biz rəsmi olmasa da, bəzi yaxın tanışlar vasitəsilə Hacı Mirzağaya vəziyyətin qorxulu olduğunu anlatmışdıq. Biz onlara əllərindəki qüvvəti nahaq qırdırmamaq üçün müharibəsiz İran sərhədindən keçib getmələrini məsləhət görmüşdük. Lakin onlar öz xurcunlarını qran pul ilə doldurmaq üçün hələ də Təbrizdə qalmağa çalışırdılar. Sərdar Rəşid vasitəsilə verdiyimiz tələblərin ifasını da bu günə, sabaha salırdılar. Nəhayət, İnqilab komitəsi onlara qəti və şiddətli bir məktub göndərdi:
Rus qoşunlarının Təbrizə hərəkət etməsi və baron Cəbrayılın asorilərdən silahlı dəstələr düzəltməsi Təbrizi gələcəkdə müharibə səhnəsi edə bilər. Buna görə də Təbrizi boşaltmaq üçün sizə bir gün möhlət veririk. Göstərilən müddətdə bu təklifə əməl olunmazsa, sizi silah gücünə Təbrizdən çıxarmağa məcbur olacağıq.
Müdafiə komitəsi».
Helmi bu məktubla vəziyyətin nə qədər çətin olduğunu anlamışdı, onun qərargahından aldığımız məlumatda Helminin Hacı Mirzağa Büllurini söyüb: cPəzəvəng oğlu, bizi quru vədlərlə doyurdunl Nerədə sənin vədə verdiyin canlı qüvvə?ə – deməsi xəbərləri gəlirdi. Bu məktubu alandan sonra Helmi və Mirzağa Təbrizdə inqilabçı ruhanilərə və o cümlədən 11-ci ildə Səməd xan tərəfindən edam edilmiş böyük Siqqətülislamın oğlu kiçik Siqqətülislama muraciət etdilər. Onlar öz müraciətnamələrində yazırdılar:
dİslamı çar müstəmləkəçiləri əlindən qurtarmaq üçün Təbrizə girən qoşun dəstələrinin öz müqəddəs vəzifəsini yerinə yetirməsinə imkan vermirlər. Bu dəstənin əleyhinə mütəşəkkil və silahlı bir dəstə düzəlmişdir. Əleyhimizə düzələn bu dəstə bütün qüvvəsi ilə bizi yerli xalqın maddi və mənəvi yardımından məhrum etməyə və bizi məğlub etdirməyə çalışır. Bu qüvvə indiyə qədər bizim lehimizə işləyən yerli hökuməti də əleyhimizə qaldırıb. Dəstəmizin nəfərlərini döydürmək və zabitləri təhqir etmək, silahlı qüvvəmizi tərk-silah eləmək kimi uyğunsuz hadisələr də baş verməkdədir. Təbriz ruhaniləri islam məmləkəti daxilində islam ordusuna qarşı rəva görülən bu uyğunsuz hərəkətlərin qarşısını almağa çalışmalıdır. Bu gün o qüvvənin başçıları bizə Təbrizi boşaltmaq üçün ultimatum vermişlərdir. Bizimlə onların arasındakı ixtilafı həll etmək üçün müştərək bir iclas çağırmağınızı arzu edirikə.
Helminin məktubu ilə bərabər Hacı Mirzağa Büllurinin özü də Siqqətülislamın yanına gedərək, məsələnin nə qədər ağır olduğunu və özlərinin çıxılmaz bir vəziyyətdə qaldıqlarını anlatmış və ixtilafın təsviyə olunmasını rica etmişdi.
Biz Siqqətülislamın evində gündüz saat 11-də çağrılmış iclasa getmək üçün saat 10-da dəvətnamə almışdıq. İclasda bizdən beş nəfər, onlardan isə Helmi, İbrahim Fovzi, Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçi iştirak edəcəkdi. Biz sərdar Rəşidin də yerli hökumət nümayəndəsi olmaq sifətilə iclasda iştirakını təklif etdik. Sıqqətülislam dərhal sərdar Rəşidin çağırılması üçün adamını göndərdi.
İclasda silahlı qüvvə yox idi, silahlı olan yalnız Helmi bəyin yavəri idi. Bunun müqabilində də bizim tərəfdən gələnlərin sırasında əl bombası və tapançalar var idi. Helmi iclas salonuna girən kimi qabaqca Siqqətülislamın əlindən öpdü və başqaları ilə də görüşdükdən sonra mənim əlimi sıxıb yanımda oturdu.
Məclisi Siqqətülislam bu sözlərlə açdı:
– Yeddi ildir ki, bütün İran məmləkəti, o cümlədən Azərbaycan
əyaləti də hadisələr ocağına çevrilmişdir. Təbrizlilər fəlakət və həqa-
rətin ən ağır şəraiti altında yaşamaqdadır. Bizim gördüyümüz acı gün-
ləri tarixdə heç kəs görməmişdir, bizim verdiyimiz qurbanların mislini heç bir kəs verməmişdir. Təbriz xalqının varlığına vurulan tarixi yaralar da hələlik sağalmamışdır. Top güllələrindən yıxılan binalar indi də təmir edilməmişdir, evlərdəki yaslar, matəmxanalar yığışdırılmamışdır. Hələlik anaların, bacıların əynindən qara paltarlar çıxarılmamışdır. Buna görə də bizə kömək etmək və qardaşlıq əlini uzatmaq şüarı ilə Təbrizə gələn din qardaşlarımız bizi ikinci bir əmr-vaqsii qarşısında qoymamalıdır. Artıq ikinci təhlükənin öhdəsindən gəlmək üçün Təbriz xalqının imkanı yoxdur, çünki biz özbaşımıza deyilik, mərkəz vardır, biz hazırda mərkəzin fikrini bilmirik, bəlkə də, cənab sərdar Rəşid bizə mərkəzin fikri barəsində məlumat verər.
Sərdar Rəşid danışmaq istəmirdi, çünki, o, hər iki tərəfin zərərinə danışmaqdan çəkinirdi. Lakin Siqqətülislamın sözlərini cavabsız buraxa bilmədiyindən danışmağa məcbur oldu və:
– Xartciyyə vəziri və baş vəzir Müstofilməmalik cənabları da Tehrandakı alman-osmanlı səfirlərinə bu barədə protest vermişlər, bizə də bu hərəkatda bitərəf qalmaq barəsində düsturuləməl göndərilmişdir, – dedi və o tərəf-bu tərəfə baxaraq, qorxa-qorxa əlavə etdi:
– Yerli xalqın hüququnu, malını, canını müdafiə etmək barəsində mərkəzdən bizə göstəriş vardır. Buna görə də bəndə cənab komandana bir müraciət məktubu da yazıb bir çox tələblər vermişəm, Təbriz şəhəri içərisində müharibəyə imkan verməməsini bildirmişəm. Lakin cənab Helmi bəy bizim bir çox tələblərimizə cavab vermədiyi kimi, bu tələbimizə də cavab verməmişdir. Zənnimcə, həmin bugünkü iclasda o məsələlər həll olunacaqdır.
Sərdar Rəşiddən sonra Helmi bəy başqalarının danışmasına imkan verməmək və məsələni dərinləşdirmək üçün müctəhiddən söz alıb danışdı:
– Biz Azərbaycan sərhədini keçdiyimiz zaman düşmən bir məmləkətə yox, dost və qardaş bir xalqın köməyinə gəldiyimizi zənn edir və buna görə də böyük qurbanlar verməkdən çəkinmirdik. Biz verdiyimiz qurbanların və sərf etdiyimiz milyonlarca lirələrin hədər getməyəcəyini düşünür və özümüzün Təbriz xalqı tərəfindən çiçəklərlə qarşılanacağımızı zənn edirdik. Lakin bizim bütün düşüncələrimiz əksinə nəticə verdi. Qardaş azərbaycanlılar bizi çiçəklə yox, nifrət və lənətlə qarşıladı, bizi qardaş kimi yox, bir düşmən kimi istiqbal etdi. Təbriz xalqı bizə kömək vermək əvəzinə, nüfuzumuzun düşməsinə, silahlı dəstəmizin pozulmasına çalışdı, əsgərlərimizi təhqir etdi, onlar zabitlərimizi tərk-silah etdi, onlar bizim üzərimizə gül dəstələri yerinə bombalar atdılar. Nəhayət, onlar bizə öz simalarını lazımınca tanıtdıracaq bir məktub da yazdılar. – Helmi bu sözləri deyərək portfelindən Təbrizi boşaltmaq üçün göndərdiyimiz məktubu çıxarıb müctəhidə verdi. – Buyurub baxınız, belə bir məktubu qardaş bir hökumətin ordusuna yazmaq islamın şərəfinə yaraşarmı? Yenə də deyirəm, hərgah ruhani atadan və Təbriz xalqından qəti və səmimi yardım olursa, biz tanrının yardımı ilə yalnız Azərbaycanı deyil, Qafqaz islamlarını da çar qüvvələri əsirliyindən qurtara bilərik.
Siqqətülislam Helminin sözlərindən mütəəssir olmuşdu, onda Helmini haqlı çıxarmaq üçün bir dönüş vücuda gəlməyə başlamışdı, bunun təsiri ilə də o mənə müraciət edib:
– Buna sizin sözünüz nədir? – dedikdə mən:
– Birinci növbədə cənab Helmi bəyin Təbriz xalqı haqqında dedikləri böhtanları rədd etmək istəyirəm, – dedim. – Təbriz xalqı Təbrizə gələn dəstənin həqiqi simasını təyin etmədən onların istiqbalına çıxdı, onları özlərinin ümid etmədikləri bir tərzdə csalavatə və cyaşasınə səsləri ilə Təbrizə daxil elədi. Təbriz xalqı onlara şəhərin ən gözəl binalarında yer verdi. Təbrizlilər özlərinin aclıq və yoxsulluğuna baxmayaraq, gələn qoşunun məsarifini də öz öhdəsinə götürmüşdür, buna görə də Helmi bəyin «Milyon lirə sərf olunmuşdum deməsi də yersizdir. İndi Helmi bəyə sual verirəm, bunların hansı birisi doğru deyil?
Helmi bəy bunu inkar edə bilmədi.
– Tamamilə doğrudur, – dedi.
Mən yenə də ona sual verdim:
– Təbriz xalqı bu ehtiram və təntənənin əvəzində sizdən nə kimi bir mükafat aldı?
Helmi bəy bu sualın cavabını verə bilmədi, nəhayət, yenə mən özüm danışdım:
– Əlbəttə, Helmi bəy bu utandırıcı suala cavab verə bilməz. Bu hörmətin əvəzində Helmi bəyin «xəlifə ordusu nəfərləri» küçəyə çıxan Təbriz qadınlarını tutub öz mənzillərinə çəkmək istədi. Helmi dəstəsi özlərini csalavatə və cyaşasınə səsləri ilə qarşıladığı bir şəhərə süngü və top gücü ilə alınmış bir şəhərə girən kimi girdi. Helmi bəyin dəstəsi bir güllə atmadan təslim olan şəhərdən 70 min tümən təzminati-hərbiyyə istəyir, onlar Hacı Mehdi Kuzəkünanini həbs edib, 15 min tümən alıb buraxdı, xalqın evlərinə soxulub, atını və nəqliyyat vasitələrini çəkib apardı.
Təbrizə gələnlər heç bir günahı olmayan erməniləri qarət etməyə hazırlandılar. Onlar bu xəyanətdə yerli hökumətin də iştirak etməsini əldə etməyə çalışdılar. Buna görə də Təbriz xalqı bunların kömək yox, talan və qarət üçün gəldiklərini təyin edə bildi və bunlardan üz döndərdi, bunlara düşmən kimi baxmağa başladı. Bu saat cənab müctəhid «Helmi bəyin dəstəsindən kim razıdırsa, əlini qaldırsın?ə – deyə elan edərsə, bütün Təbrizdə ancaq Hacı Mirzağa Bülluridən başqa heç kəs əlini yuxarı qaldırmaz, çünki həmin bu aşı cənab hacının özü bişirmişdir. Biz eyni zamanda cənab Helmi bəyə məsləhət görürük ki, əlində olan bir ovuc qüvvənin tələf olmasına imkan verməsin, çünki Tiflis və Culfadan Təbriz üzərinə mühüm bir rus qüvvəsi göndərilmişdir. Hərgah Helmi bəy şəhərin içərisində özünü müdafiə etməyi düşünürsə, biz buna imkan verməyəcəyik, bunun üçün də sizdən şəhəri boşaltmağı tələb etmişik.
Hacı Mirzağa Bülluri, Kəblə Hüseyn Fişəngçi heç bir söz danışmadı, ancaq Helmi bəy söz alıb şikayətedici bir tərzdə dedi:
– Madam ki, Təbriz xalqı bizim qardaş köməyimizi təqdir etmədi, o zaman bizə iki gün möhlət verin, çünki Təbrizdən Qafqaza hərəkət etmək üçün dəstənin hazırlığı bitməmişdir. Lakin cənab müctəhid söz verməlidir ki, biz ruslarla qarşı-qarşıya gəldiyimiz zaman Təbriz xalqı bizi arxadan vurmayacaq.
Müctəhid buna söz verdi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-kicik-siqqetulislam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təbrizdə çar və ingilis Pandarm idarələrinin təzə casus təşkilatı düzəltdiyini çar konsulxanası katibi Mirzə Ələkbər xan, eləcə də Mahru bizə xəbər vermişdi, Nina da bu barədə konsulxanada təzə hazırlıqlar aparıldığını və sərdar Rəşidin tez-tez konsulxanaya çağrıldığını söyləyirdi.Son günlər inqilabi komitənin bütün fəaliyyəti bu təşkilatı öyrənmək işinə həsr olunmuşdu. Lakin bir nəticə əldə edilməmişdi.
Şeyx Əbdüləzəl MüəyyədTəbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar.15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi.
Arşak SurenyansMən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.
Çar kazakları mərsiyəxanlıqdaTəbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.