Bir yığın daş kömülmüşdür torpaqların qoynundaDün keçərkən həzin bir səs dinləyirdim mən onda.Dinlənirdi hər bucaqdan hiss edilməz bir səda,Hər səmtində birər rə’ya, hər daşında macəra.Üstü çökmüş bu mə’bədin divarları əzilmiş,Hər sınıq daş bir kitabə, hər xərabə bir keçmiş.Novdan düşmüş, qübbəsinin ot göyərmiş başında.Qaranquşlar yuva tutmuş divarında, daşında.Qabartmalar sınıb solmuş, pəncərələr tökülmüş,Minarəsi yeni nəslə səcdə üçün bükülmüş.Hər düşürüm bir uçurum, hər pilləkən bir dəhşət,Burdan kimlər düşüb-çıxmış? Bu sualdan al ibrət!Bir mə’bədin yoludurmu axıb uçan pilləkən?Qapısında quşlar oynar, göyərçinlər inildər.Parçalanmış qalın tağlar, əzilmişdir daş sütun,Mehrabından nişan varsa, mənbər yoxdur büsbütün.Mühitini çulğamışdır ağır, kəsif bir hava,Bacaların torpaq basmış, heç tərəfdən yox ziya.O yer daim qaranlıqdır: axşam, səhər, günorta.Şəbpərələr uçuşurlar rəvağında, tağında,Dilbər sütun daşlarında balalamış siçanlar,Torpağının üzərində iz buraxmış ilanlar.Mehrabında tısbağalar, qibləsində kirpilər,Səcdəkahda qırxayaqlar, həzin-həzin sürünər.Hər yanında asılmışkən əlvan qəndil bir zaman,Qəndil yerin baxıb gördüm hasarlamış toratan.Behişt üçün bir gün burdan aramışlar yol ancaq,İndi bunun hər tərəfi cəhənnəmdən bir bucaq.Çarpışmadan yorulanlar, cəmiyyətdən qaçanlar,Təbiətə allah deyib əlin göyə açanlar,Taleyinə düşmən deyən ixtiyarlar və gənclər,Həp bu yerdən istəmişdir qılsın özün bəxtiyar.Təbiəti anlamaqdan aciz qalan babalar,Fikr irişməz bir qüvvətə sapıb qılmış ah-zar.Həp burada dərdin demiş, zarıldamış, inləmiş,Ancaq onu allah deyil, daş sütunlar dinləmiş.Yalvarışlar hədər getmiş, dinlənməmiş bu səslər,Səqflərdə iz qaldırmış ancaq həzin nəfəslər.İlan gəzən bu torpaqda milyon başlar əyilmiş,«Müqəddəs yer» siçanlara orada yuva deyilmiş.Bu mə’bəddən heç bir məzlum istədiyin almamış,Heç kəs burdan düşməninə qələbələr çalmamış.Doyurmamış bir gün olsun saillərin qarnını,Mən’ etməmiş hərblərdə axan insan qanını.Burdan çıxmış şəhid sözü, burdan cahad doğulmuş,Burdan avam vətənçilər qan selində boğulmuş.Bu yer hər gün vədələrlə insanları aldatmış,Hər hüququ zalimlərin öhdəsinə buraxmış.İnsanları köləliyə öyrətmişdir bu yerlər,Ondan ötrü bu ibrətli yerə mə’bəd deyirlər.Dəvət etmiş hər kişini əsirlikə, qulluğa,Düşürmüşdür necə nəsli zillətə, yoxsulluğa.Heç kimsənin hiss etməmiş ayaqlanan ismətin,Bunun üçün qazanmışdır yeni nəslin nifrətin.Bacardıqca insanları sinfə bölmüş, ayırmış,Azad xalqın birin məhkum, birin hakim qayırmış.Artıq bu yer unudulsun, nəzərlərdən atılsın,Daş-daş üstə qalmayaraq torpaqlara qatılsın.Üstü açıq sütunlara bayquş qonub ulasın,Mədəniyyət məhv eyləsin cəhalətin yuvasın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən