Dağlardan dağlara danışın ancaq,Düzənlik nə bilir dağ deyilən nə...Zirvə vüqarını duymaq umulmazSelab qəzəbinə hər əyiləndən.

Çiçəkdən çiçəyə danışın ancaqGöylərin dilidir güllərin dili.Ayaq dalayanlar, əl qanadanlarGünəşdən pay gələn dili nə bilir...

Ürəkdən ürəyə danışın ancaq,Ancaq duyulmaqla güclüdür ürək.O daşa sığınıb yaşaya bilərAncaq daş əllərdə çiliklənəcək.

Sevgidən sevənə danışın ancaqYanıb ürəyinin başı göynəsinÖzü bir həsrətdən yanmayanlaraÖzgə ocağının közü neyləsin.

Bəs Vətən... Uşağa tanıt Vətəni,Qoy hopsun könlünə laylalarla tənHər yeni uşaqla ilk qədəm atıbÖmrünü təzədən yaşayır Vətən!

İstisu, 16.VIII.1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən