Qafil bayquş, kimlər üçün inildərsən, ağlarsan?Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan?Ağlayırsan yayda, qışda, şad deyilsən baharda,Bir sofitək ömr edirsən cəmiyyətdən kənarda.Ziya saçan bir günəşdən zövq almamış gözlərin,Köhnə dövrün dastanların xatırladır sözlərin.Bir bayquşsan, sağlam duyğu yer tutmamış başında,Məskən tutdun ot bitməyən viranənin daşında.

İnləyirsən, o inləyiş nə üçündür? Qafil sən,Bilmədinmi hansı sinfin mədfənidir o məskən?Hər uçuğun altında var min kölənin məqbəri,Hər parça daş bir fəqirin sinəsinin mərməri,Hər qırıq daş bir əsirin parçalanmış başıdır,Hər bir sütun bir məzarın unudulmaz daşıdır.Min talesiz kömülmüşdür hər bucaqda, hər tində,Onlar şəhid adlanırmış «vətən-millət» hərbində.

Hər kərpici bir satılmış məsum qızın qəlbidir,Hər bacası ağzın açmış mazilərdən bəhs edir.Hər tağında min müsibət, hər daşında bir ələm,Orda əsir qadınlardan düzəlmişdi bir hərəm.O tağların mühitində min sevgilər məhv olmuş,Min gənc qızın istəyinə burda axır qoyulmuş.Daim burda hökm edirmiş şəhvət, dəhşət, əziyyət,Burdan ancaq gözlənirmiş bayquşlara bir ülfət.

Hələ durur zindanlarda zəncir əzmiş sümüklər,Bir məhv olmuş fəqir nəslin tarixidir o mənzər.Cəlladların buraxdığı qanlı izlər itməmiş,Bina bitmiş, o buraxan xatirələr bitməmiş.Burdan çıxan odlu fərman yaxıb-yıxıb boğurdu,Məzlumların sırasından mübarizlər doğurdu.Mübarizlər zülmə qarşı kin bəslərdi, dinməzdi,Məhv olsa da inləməzdi, bayquşluğu bilməzdi.

Bir gün idi, bütün millət bayquş kimi inlərdi,O səsləri bir istiqbal gözləyənlər dinlərdi.Yox deyildi zülmə qarşı intiqamlar bəsləyən,Kin daşıyan rəncbərlərdən gizlin yardım səsləyən.Mənfaların, ölüm saçan zindanların içindənZülmə qarşı canlanırdı aman verməz bir düşmən.Əsirlərin kəlləsindən tikilmişdir bu bina,İndi artıq çevrilmişdir bayquşların yurduna.

Bu gün onlar zülmü yıxıb qəti zəfər çaldılar,Bayquş gəzən yuvaları başqa şəklə saldılar.«Vətən-millət» cəbhələri ləğv edildi, məhv oldu,Yaşayışdan ötrü indi yeni bir yol qoyuldu.İndi gərək hər mübariz təbiətlə çarpışsın,Bayquşluğa yol verməsin, elmü fənnə yapışsın.Yeni dünya qurmaq üçün mübarizə etsinlər,Qəhrəmanlıq göstərsinlər, qələbəyə yetsinlər.

Bayquşların səsi batsın, iniltilər qalmasın,Əzilmiş sinf bayquşların kim olduğun anlasın.Üfüqləri təmizləsin mənhus, mənfur səslərdən,Azad zəhmət ölkəsində dolanmasın bir düşmən.Ölkəmizdən uçub getsin, ulamasın bayquşlar,Yeni nəslin dünyasına yaddır bütün o quşlar.Xərabələr üzərində kaşanələr yüksəlsin,Hər məzlumun sinəsində bir tunc heykəl dikəlsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şərəfli ailə

Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi.Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi:

9 dəq
Vahid Azərbaycan

Qızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı:“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.

7 dəq
Atabəy Məhəmməd

Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi.Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı.

5 dəq
Fitr bayramı

Gəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.

18 dəq

Başqa şairlərin şeirləri · Vətən