Qarətlər
Səhifə 2 / 3 · 33%
Bütün bu materialları Ninadan alıb götürdüm. Qızın fikrini başqa tərəfə çevirmək üçün bu materialların nə kimi vasitələrlə ələ gətirildiyini xəbər aldım. Nina söylədi. Bir çox hiylələr işlətməyə məcbur olurmuş. Ninanın nə qədər möhkəm bir qız olduğuna bir daha inandım. Konsulxanada çalışan kişiləri aldadırmış.
– Doğrudan da, mən bu materialları nə vasitələrlə ələ gətirməyinizlə maraqlanıram.
– Təəccüb ediləcək bir şey yoxdur.
– Söylə baxım!
– Tamamilə söyləsəm, qısqanmazsan ki?
– Bilmirəm! Əcəba, mən qısqanmaq səlahiyyətini qazanmışammı?
– Mən bu səlahiyyəti sizə çoxdan bəri vermişəm. Əgər siz qəbul etməsəniz, bu, başqa məsələ.
– Mənim qısqanc olmadığıma başqa bir səbəb də vardır ki, bəlkə, siz onu bilmirsiniz.
Nina tez-tez əlimi sıxıb deyirdi:
– Söylə! Sən mənim canım, söylə!
– Söylərəm! Qısqanmağa lüzum yoxdur, çünki mən bacarıqlı və namuslu bir qız olduğuna tamamilə inanmışam.
Mənim bu sözlərimdən sonra Ninanın ürəyindəkilər tamamilə üzündən və gözlərindən oxunurdu.
Onun əlləri birdən-birə qızdı. O mənim həqiqi yoldaşım olduğunu dilinə gətirmədən belə, mənə anlatdı... Sevincli bir səslə:
– İnanıram, – dedi. – Lakin nə olursa-olsun, kişilərdə qısqanmaq təbii bir haldır. Lakin sən inanmalısan ki, mənim yoldaşlığım istənildiyi qədər səmimidir. İndi dinlə! Mən şərqliləri qadını tez sevən şəhvət əsirləri kimi tanıyırdım. Fəqət bu xüsusiyyət başqalarında da varmış. Mənim konsulxanada sevilmək işim əvvəlcə konsulun özündən başladı. Bundan sonra isə baş katib, ikinci, üçüncü katib, müşavirlər, mütərcimlər, şifrə müdirləri, ümumi idarə müdirləri, dəftərdar, arxiv müdirinə qədər mənə öz məhəbbətini elan etməyə başladı. Konsulxanadakılar məni görən kimi özlərini unudurlar. Ümumiyyətlə, kişilərin bədbəxtliyinə səbəb olan da bu kimi hallardır. Konsulxanadakı kişilərin, demək olar ki, hamısı belədir. Onların hamısı məndə özlərinə qarşı gizlin bir sevgi hiss edir. Bu kimi yanlış duyğunun nəticəsində onlar məni bir-birinə qısqanırlar. Mən bir gün Mirzə Fətulla xanın əlini sıxıb güldüm. Mirzə Ələkbər xan mənimlə xüsusi söhbəti olduğunu bildirib nə zaman vaxtım olduğunu soruşdu. Mən «Vaxtım yoxdur» deyə daima boyun qaçırırdım. Nəhayət, bir gün o məni konsulxanadan çıxarkən qarşıladı və yol uzunu xüsusi söhbətini deməyə başladı:
– Mən sizə çoxdan bəri bir həqiqəti demək istəyirdim. Lakin buna fürsət tapa bilmirdim. Siz konsul ailəsinin içərisinə girdiyiniz gündən bəri nəcib və əsl bir ailədən olduğunuzu hiss etdim. Sizin hər kəsi gülə-gülə dindirməyiniz kübar bir ailəyə mənsub olduğunuzu göstərdi. Fəqət bizim xalq mədəniyyətsizdir. Daha doğrusu, vəhşidir. Sizin bu vəziyyətinizdən şübhələnirlər. Xüsusən bizim Mirzə Fətulla xan kimi adamlar qadınlara necə yanaşmaq və onlarla necə rəftar etməyi tamamilə anlamırlar. Mirzə Fətulla xan orada-burada sizin onu sevdiyinizi və ona məhəbbət məktubları yazdığınızı söyləyib fəxr edir. Tutalım ki, siz sevgi məktubu yazmısınız. Əgər o, mədəni bir adam olsaydı, bunu kimsəyə deməməli idi. Zatən əvvəldən də onun xasiyyətidir. Tanış olduğu qadınlar haqqında hər yerdə danışar və nalayiq sözlər söylər. Bir də siz burasını bilməlisiniz ki, o cənab generalın yanında o qədər nüfuza malik deyildir. Bunun üçün də sizdən rica edərdim ki, konsul ailəsinin şərəfini mühafizə üçün bu kimi şərəfsizlərə üz verməyəsiniz və üzlərinə gülməyəsiniz. Hər nə xidmətiniz olsa, mənə deyə bilərsiniz, zənnimcə, sizə olan səmimi hörmətimi bilməmiş deyilsiniz. Sizin nəcabətiniz haqqında ailəmdə də danışmışam. Qadınım, qızlarım da sizinlə görüşməyə can atırlar. Xüsusən Almaniyadan yeni gətirdiyim pianonu gözdən keçirmək üçün sizin bizə gəlmənizi rica ediblər. Əgər mümkün olarsa, bir yarım saat zəhmət çəkəydiniz.
Bunun cavabında nə deyə bilərdim?
Onun bütün fikrini əvvəldən də bilirdim, başqası da bilməsə, özüm onun saxtakar bir adam olduğunu bilirdim. Ona belə cavab verdim:
– Mirzə Fətulla xan hər söz deyə bilər. Onun ağzını yummaq olmaz. Bəlkə, bəzi kişilər bununla da təskin tapırmışlar. Sizin pianonu gözdən keçirməyə gəldikdə heç də sözüm yoxdur. Nə vaxt lazım olursa, gələ bilərəm.
– İndi zəhmət çəksəydiniz, daha yaxşı olardı.
– Nə eybi vardır? İndi də gedə bilərik.
Onun evi çoz zəngindir. Özünün deməsinə görə, Şərqin bütün entiqə və qiymətli şeyləri onun əlində imiş. Hər şeyi gözdən keçirdik. Doğrudan da, qiymətli şeylər çoxdu. Qadını və uşaqları ilə tanış etdi. Balaları özündən tərbiyəli görünürdü. Qadını rusca az-çox danışa bilirdi. Fikrini anladırdı. O məni qonaq çağırıb daimi tanış olmağımızı xahiş edirdi.
Mirzə Ələkbər xanla tanışlığımız belə başladı. O, yenə də hər dəfə görüşəndə öz nəcabətindən və konsulun yanında olan nüfuzundan danışır, mənə çox inanırdı. Konsulxanaya yolum düşdükdə kabinetinə də girməyə ixtiyarım vardı. Yanında olan gizli kağızları da görürəm. Bir çox şeyləri götürüb oxumağıma da mane olmayır; çünki o, mənim siyasətdən çox uzaq olduğumu düşünürdü.
– Çox pakizə. Bəs Mirzə Fətulla xan necə?
– O mənim Mirzə Ələkbər xanla olan tanışlığımı, evlərinə getdiyimi də eşitdi. Yarın qısa bir məktub yazmışdı.
«Mümkün olarsa, bir neçə kəlmə danışmaq üçün vaxt təyin edin!»
Vaxt təyin etdik. Konsulxanada, onun kabinetində görüşdük. O da Mirzə Ələkbər xan kimi sözə başladı:
– Biz imperator təbəəsiyik. Bizdə xüsusi bir namus vardır ki, o, başqalarında yoxdur. Bunun üçün də biz İranda hamıdan əvvəl oturub-durduğumuz adamların kimlər olduğuna fikir verməliyik. Mirzə Ələkbər xanı demirəm ki, pis adamdır. Amma hər nə olursa-olsun, şərqlidir. Rus tərbiyəsi görməmişdir. O, qadınlara tamamilə yanlış alaqə bəsləyir. O hər qadını bir ölçü ilə ölçür; o, Rusiyadan gələn əxlaqsız qadınlarla çox oturub-durmuşdur. Bağışlayasınız, sizin nəcib və sağlamfikirli qız olduğunuza heç də şübhəm yoxdur. Fəqət bu cür naqis adamlarla oturub-durmaq, şübhəsiz ki, sizi ləkələyə bilər. O vaxt cənab general-konsul da bunu eşidib haqqınızda şübhələrə düşər. Hərgah sizə bir şey lazımsa, biz burada ölməmişik. Hərgah siz əylənmək istəyirsinizsə, öz evimiz, öz ailəmiz, öz cəmiyyətimiz də vardır. Bizim qapımız sizin üzünüzə açıqdır. Siz gərək mənim yaşayışımdan dərs alasınız. Burada gül kimi ad saxlamışam. Konsulun yanında bir sözüm iki ola bilməz. Konsul hazırda mənim bir tükümü yüz Ələkbər kimi adamlara vermir. Hamısı mənim imperatora olan sədaqətim və özümün namuslu bir adam olduğum səbəbinədir. Siz hərgah özünüzü bu cür adamlardan müdafiə etmiş olsanız, mən də sizin kimi namuslu bir qızla tanış olmağımla fəxr edə bilərəm. Çoxdan bəri sizə öz saf sevgimi izhar etmək istəyirdim. Xüsusən evdə sizin konsul ailəsinə gəldiyinizi eşidəndən bəri hər gün məndən soruşurlar. Qızlarımla gündə bir saat məşğul olmağınızı xahiş edirlər.
Fətulla xan danışıb qurtarınca əlimi neçə dəfə sıxdığını bilmədim. O, danışdıqca mənim gözüm onun masasının üstündə idi. Masanın üstü mənim üçün olduqca əlverişli idi. Bütün rusca sənədlər orada idi. Buna görə də Fətulla xanı ümidsiz buraxmaq yaramazdı:
– Fikirləşərəm. Sizin alicənablığınız haqqında konsul ailəsində çox qiymətli və tarixi sözlər eşitmişəm, – dedim.
Fətulla xan ayağa durub yenə oturdu. Uca yaxalığını düzəltdi.
– İndi ki, bu sizə məlumdur, daha mən heç bir söz danışmamalıyam, çünki insan heç vaxt özünü tərif etməməlidir, – dedi.
– Eybi yoxdur. Ayın birindən etibarən dərsə başlarıq. Haqqımda olan xeyirxahlığınızdan məmnunam. Dedikləriniz haqqında fikirləşərəm.
Qalxıb getdim. Yarın şifrə müdiri adəti üzrə əlimi sıxdı. «Bizə iltifatınız yoxdur? – deyə söz atdı. Qolumdan tutub oturtdu. Onun yanında birinci kərə otururdum. Şifrə odasında kimsənin oturmağa haqqı yoxdu. Oturdum. O, əlindəki işini qurtardı. Üzümə baxıb mənə rəhmi gələn bir adam kimi başını buladı:
– Ah, siz hələ uşaqsınız. Harada yaşadığınızı bilmirsiniz. Burası Şərqdir. Buranın adamları üzdə behişt, içində isə cəhənnəmdir. Nə qədər gec deyil, bunlardan çəkil! Namusun öz namusumdur. Burada beş-altı adamıq. Özümüzü çox namuslu aparmalıyıq. Mən sizin haqqınızda büsbütün başqa fikirdəyəm. Cənab konsula da bu xüsusda işarə vermişəm. Doğrusu, qadınımla yaşamaq heç də mümkün deyil, tərbiyəsi ilə tərbiyəm tutmur. Əslinə baxsan, bizim onunla evlənməyimiz özü də bir şübhədir. Yaxında boşamaq fikrindəyəm. Özü də əsilzadə deyil. Cəmiyyət içərisinə çıxarmağa da utanıram.
O belə sözləri çox danışdı. Bu gündən başlayıb mən şifrə müdirinin odasına çox gedib-gəlirdim. Hər görüşündə:
– Siz söz versəniz, qadınımı boşayıb sabahın özündə Oryol şəhərinə yola salaram, – deyirdi.
– Mən də anama bu məsələ haqqında yazmışam. Baxaq, nə cavab verəcəkdir? – deyə mən də onu sakit etdim.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-qaretler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*
Beşinci pərdəVaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*
Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməabİranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir.*Əş’ar
Təbriz şəhərinin havası və təmizliyiYay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.
Başqa şairlərin şeirləri
Sallanıban yüz naz ilənBu seyrana gələn dilbər
Gərək biz bacaraqGərək biz bacaraq qurban verməyi,Bacaraq od tutub alışmağı da.
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.