Səhifə 3 / 3 · 67%

– O son zamanlarda öz vəzifəsi dairəsində mənim üçün bir vəzifə də təyin etmişdir. Mənim işim şifrə salınmış materialları hissələrə ayırıb bəzilərini isə bağlayıb arxivə verməkdən ibarətdir. Mirzə Ələkbər, Mirzə Fətulladan götürə bilmədiyim vəsiqələri buradan daha götürə bilirəm.

Amma şifrə müdiri qədər qısqanc bir adam görməmişəm. O, iki tərəfdən qısqanır. Onun özü də bunu təsdiq edib deyir:

– Bir tərəfdən çox sevirəm. Bunun üçün də qısqanıram. O biri tərəfdən də millətimsiniz. Şərqlilərin sizi sevməsi mənim milli namusuma toxunur.

– Zatən kişilər qısqancdır. Onlar yalnız öz qadınlarını deyil, yabançı bir qadını belə bir-birinə qısqanırlar. Burası çox gülüncdür, – dedikdə o özü də təsdiq etdi:

– Doğrudur, qısqanclıq sevgidən doğur. Hər sevən kişi qısqanmağa məcburdur.

Şifrə müdiri mənə çox inanır və məni sadə bir qız hesab edir. Onun şifrə müdiri təyin olunmasının başlıca səbəbi də ancaq xalis rus olmasıdır. Çox avam, çox axmaq bir adamdır. İndi sənə bir az da konsulun özündən danışacağam.

– Konsulun özü də mi səni sevir?

Nina gülə-gülə cavab verdi:

– O sevir, fəqət sevgini köhnəlmiş bir üsulda həyata keçirir. O məni böyük qızım deyə səsləyir və saçımdan öpür. O mənim saçıma əl çəkdikdə nə vəziyyət aldığını hiss edirəm. Zatən burası kişilərdə tez-tez təsadüf ediləcək bir xüsusiyyətdir. Onlar qadına yanaşdıqda əvvəlcə bacısı, qızı və sair yaxınları kimi sevər. Sonda öz həqiqi məqsədini söylər.

– Nina, – dedim, – sən kişiləri çox dərindən öyrənməyə çalışırsan. Bu işə çoxdanmı başladın?

– Araz çayını bu tərəfə keçəndən bəri!

– Bu dərsdə müvəffəqiyyətiniz vardırmı?

– Qismən vardır. Qismən də yoxdur.

– Məsələn?

– Bəzilərini öyrəndim. Bəzilərini yox.

– Əlbəttə, kişilərin hamısını öyrənmək mümkün deyil. Dairəni çox geniş götürməyib proqramı qısaltmış olsanız, daha tez nailiyyət qazanarsınız.

– Doğrudur. Mən bayırda müvəffəqiyyət qazanıramsa da, təəssüf ki, bu divanın üstünü, burada oturan bir kimsəni lazımı qədər öyrənə bilmədim.

– Demək, sən hələlik bu evin içini belə öyrənə bilməmişsən.

– Evi öyrənmişəm. Cansız şeylərin hamısını təhlil edə bilərəm, lakin mənimlə çoxdan bəri tanış olan hər bir imkan və səlahiyyətə malik olan bir adamı öyrənə bilmədim.

– Mənimi?

– Bəli, səni!

– Əcəba, mənim kim olmağım sənə aydın deyilmi? Sənə başladığım sıx münasibəti təyin edə bilmədinmi?

– Təyin etsəm də, ona müəyyən bir şəkil verə bilmədim. Bunda aciz qaldım. Sən çox iradəli adamsan. Dəmir adamsan. Atamın da iradəsi belə idi. Bu iradə bolşevik iradəsidir. Bunu heç kəs sındıra bilməz. Bilmirəm, bolşeviklərin hamısındamı belə iradə vardır?

– Bilmirəm. Mən bolşeviklərlə heç vaxt oturub-durmamışam.

– Kim bilir, bəlkə, mən aylardan bəri bir bolşevik ilə üz-üzə otururam. Bu iradə yalnız bolşevikdə ola bilər. Qızlar bu iradə sahibini daha tez sevə bilərlər. Doğrusunu söylə, sən bolşeviksənmi?

– Mən bolşevik ola bilsəydim, doğrudan da, özümü iradəli bir insan hesab edərdim. Mən bolşeviklər haqqında çox eşitmişəm. Lakin hər mənim kimilər bolşevik ola bilməz. Hər kəs də bu adı daşımağa layiq deyildir. Bolşevik nə aldanır, nə də təslim olur. Bolşevik öhdəsində olan firqə vəzifəsini həyatının birinci planına keçirir. Qalan işlər isə ikinci dərəcədə qalır.

– Çox gözəl. De görüm, bolşevikdə sevgi olmazmı?

Nina yenə də kosnulxanadan, başqa-başqa yerlərdən danışaraq sonra məsələni gətirib əvvəlki yerə çıxarmışdı. Yenə də sevgidən bəhs edir, yenə də məni öyrənməyə çalışırdı. Ona qarşı sükut etmək yaramazdı. Cavabında dedim:

– Bolşeviklərdə sevgi hissi daha səmimidir. Onların sevgisi daha sağlam, daha safdır. Eşitdiyimə görə, bolşeviklər qadınları çox sevir, fəqət tam mənası ilə bir yoldaş və cəmiyyətin üzvü kimi sevir. Bolşeviklər qadının cəmiyyətdə ən aktiv işçi olduğunu iddia edirlər.

– Doğru deyil. Qadın kişi qədər həyatda yaradıcılıq göstərə bilməz.

– Mən də əvvəl belə düşünürdüm. Lakin sonradan bildim ki, bolşevikliyi yaradanlar o həyatda iştirak edə biləcək bolşevik qadınlar da yaradacaq və onların vəzifələrini lazımınca təqsim edə biləcəkdir.

– Onda qadında heç incəlik qalmaz.

– Bolşeviklər incəliyin əleyhinə deyillər. Onlar qadınlığın tələb etdiyi hər bir incəliyi qadınlığa verir. Eyni zamanda onların bir əyləncə şəkli almasına mane olur.

Nina yenə də düşünməyə başladı. Təəccüblü bir halda:

– Mən, – dedi, – bolşeviklər haqqında çox düşünürəm. Lakin bu düşüncələr heç bir fayda vermir. Bolşevik tipi, bolşevik siması, mənim vaxtilə romanlarda tanış olduğum fantastik tiplər, gözəgörünməz simalar kimi qalır. Onları oxucunun gözündə həqiqətə çevirəcək heç bir vasitə yoxdur. Ona görə də bolşeviklər haqqındakı düşüncəm, bir romanın qəhrəmanına dair olan təsəvvürüm şəklini alır.

– Mən də sənin kimi düşünürdüm. Lakin günlərin birində bir nəfər tanışın əlində bir-iki bolşevik kitabçası gördüm. Bilmirəm, o da haradan tapmışdı. Hərdən mən də gedib qulaq asdım. Oradan bir çox sözlər eşitdim:

– Sən o kitabları tapıb mənə verə bilərsənmi?

– Bilmirəm, gərək qabaqca o tanışımı axtarıb tapam. Bəlkə də, kitablar qalır. Hərgah qalırsa, tapıb sənə verərəm. Amma nədənsə mən o kitablarla çox maraqlanmıram.

– Rica edirəm! Mən onları öyrənmək istəyirəm. Tapsan, çox razı qalaram.

– Əmin ol! Bəlkə də, tapdım.

Ayrıldıq. Konsulxanadan qafqazlılara aid olan vəsiqələr gətirilmişdi. Onları müzakirəyə qoymaq üçün əncümənə getdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü pərdə

Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*

6 dəq
Beşinci pərdə

Vaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*

5 dəq
Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab

İranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir.*Əş’ar

11 dəq
Təbriz şəhərinin havası və təmizliyi

Yay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.

1 saat 10 dəq

Başqa şairlərin şeirləri