Atabəy Məhəmmədin Gəncə üsyançılarını cəzalandırmaq üçün Təbrizdən Qarabağa hərəkət etməsi xəbəri Gəncədə eşidilən kimi Aran şəhərlərinin hamısına hazır olmaları üçün xəbər verildi. Bir həftənin içərisində altı minə qədər müharibə təcrübələri görmüş atlı Fəxreddin və Seyid Əlaəddinin ətrafına yığışdı. Bu qoşundan dörd min nəfəri Seyi Əlaəddinlə bərabər Naxçıvan qalasını işğal edəcək və Atabəyin sərkərdəsi İbn-İddarın Ziyaülmülk körpüsündən Şimali Azərbaycana keçməsinə mane olacaqdı. Yerdə qalan iki min nəfər isə Fəxrəddinlə bərabər Kür çayının sahillərində durub Atabəyin əsas qüvvələrinin Gəncəyə girməsinə imkan verməyəcəkdi.

Fəxrəddinin sərkərdəliyi altında gedən bu qoşun vaxtilə Atabəy ordusunda – Xarəzm, Rey, İraq müharibələrində təcrübə görmüş adamlardan düzəlmişdi.

Atabəyin yanında gələn qoşunun sərkərdəliyi vaxtilə Aran qoşunun sərkərdəsi Hüsaməddinə tapşırılmışdı. Bu xətlə dörd mindən ibarət Qarafars və ərəb atlıları Araz çayından Xudafərin körpüsünü keçib Qarabağdan Bacərəvan tərəflərinə qədər irəliləyirdi.

Fəxrəddin Atabəy və Hüsaməddinlə gələn qoşunun vəziyyətini öyrəndikdən sonra Əlibəyli kəndi ilə Əbubəkr kəndlərinin arasındakı düzdə düşmənə qarşı bir meydan müharibəsi verməyi qərara almışdı. Buna görə də Xudafərin körpüsündən başlayaraq bütün xalqın kəndləri və şəhərləri boşaldıb Bacərəvana qədər çəkilmələrinə əmr verilmişdi.

Hüsaməddinin ordusu Araz çayından keçdiyi gün Fəxrəddinin ordusu da Gəncədən cəbhəyə yola düşdü. Ordu Gəncədən İsfahan kəndinə qədər olan on iki fərsəng yolu xalqın şadlıq səsləri, musiqi nəğmələri altında keçirdi. Ordunu cəbhəyə yola salmaq üçün Aran şəhərlərinin hamısından xalq dəstələri axıb Gəncəyə gəlmişdi.

Xalqda baş verən bu qədər ruh yüksəkliyi ordu xalqının mənəvi qüvvətini bir daha artırır və düşmənlə üz-üzə gəlmək üçün tələsdirirdi. Arası kəsilmədən dəstə-dəstə atlılar gəlib Fəxrəddinin ordusuna qoşulur və ordunun sayını artırdı.

Artıq İsfahan kəndində qoşuna san verildiyi zaman ordunun üç min nəfər atlıdan ibarət olduğu məlum oldu.

Uzun yolun hər tərəfində qızlar və gəlinlərin dəstələri əllərində güllər, çiçəklər və əlvan-əlvan yeməklər müharibəyə gedən qəhrəmanları qarşılayırdı. Onlara cürbəcür tapşırıqlar verirdilər.

– Sizə yaxşı yol, qələbə və zəfərlər diləyirik, sizi ancaq zəfərlə döndüyünüz zaman çiçəklərlə qarşılayacaq və öpəcəyik, – deyirdilər.

Ordunu yola salmaq üçün Gəncənin əyan və ziyalıları İsfahan kəndinə qədər gəlmişdi. Burada cəbhəyə gedən qoşunun şərəfinə təntənəli bir ziyafət veriləcəkdi. Bütün düzlər və təpələr, qoşunun tamaşasına çıxan kəndli qızlar, kəndli gəlinlərlə bəzənmişdi. Çayın kənarında yüzlərcə tonqal qalanmışdı. Kəndlərdən qəhrəman Fəxrəddinin atının dırnağında qurban kəsmək üçün gətirilən sürü-sürü qoyunlar kəsilib soyulur və təmizlənmiş qoyun cəmdəkləri ağaclara taxılıb közlərdə qızardılırdı.

Yüzlərcə aşıq sazlarının tərənnümləri eşidilir, yüzlərcə gəlin və qız rəqs edir və oxuyurdu.

Yedilər, oynayıb çaldılar, nəhayət, gün batan zamanı görüşüb, vidalaşıb ayrıldılar. Qızlar nişanlıları və gəlinlər gənc ərləri ilə vidalaşdığı zaman deyirdilər.

– İndi baxıb görüm mənim başımı uca eləmək üçün nə iş görəcəksən!

– Ancaq qələbə ilə gəldiyin zaman səni qucaqlayıb öpəcəyəm!

– Nizəndə düşmən başı görməsəm, istiqbalına çıxmayacağam!

– Mənə verəcəyin birinci hədiyyən, qələbən olmalıdır. Düşməni sərhəddən içəri buraxsan evə qayıtma!

Nizami Fəxrəddinlə öpüşüb vidalaşdığı zaman ona belə tapşırıqlar verirdi:

– Vuruşma zamanı özünü qoşunun arxasında gizləmə, çünki durna öz başçısını qabaqda görməsə havada uça bilməz. Sənin mindiyin at hər bir atdan qabaqda və sürətlə yürüməlidir. Hücum etdiyin zaman sənin atın dalınca gələn ordudan çox qabaqda getməlidir, çünki düşmən ox atdığı zaman tək atlını yox, dəstələri hədəfə alır. Düşmənin adlı-sanlı pəhləvanının qabağına adsız, sansız və təcrübəsiz adamların çıxmasına imkan vermə. Düşmən sənin özünü müharibəyə çağırdığı zaman meydana çıxmaqdan boyun qaçırma, çünki sərkərdəsini qorxaq görən ordu çətin müharibələrdə iş görə bilməz. Düşməni Araz çayına qədər qovandan sonra Cənuba hücum etmə. Ordunu uzaq səfərə aparıb yorma, çünki bir gün Atabəyin böyük qüvvəsilə üz-üzə gəlməyə məcbur olacaqsan.

Nizaminin böyük tapşırıqlarından sonra Fəxrəddin atını məhmizləyib yola düşdü.


...Səhər idi. Ay dağın başından naməhrəm qadına baxan kişilər kimi başını uzadıb Hüsaməddinin ordusu düşən qərargaha boylanırdı.

Əlibəyli kəndi ilə Əbubəkr kəndi arasındakı düzdə yerləşən çadırlara baxıldığı zaman geniş düzlərə ağ kəpənək qondüğu zənn olunurdu.

Müxtəlif dillərdə danışan ordu nəfərləri atlarını kiçik çayın kənarında tumarlayır, çimdirir, hər kəs öz dilində oxuyurdu. Uzaqda çadırların qarşısındakı nizə çatmalarına baxıldığı zaman Əlibəyli kəndinin düzlərində gənc bir meşəlik salındığı zənn olunurdu.

Çadırların qabağında dolaşan keşikçi, Əlibəyli kəndinin şimalında düşən dağ silsilələrinin arasından düzəngaha qarşı dəhşətli bir selin axdığını gördü. Bu sel, Hüsaməddinin ordusu üzərinə hücum edən qalın toz təbəqələrindən ibarət idi. Keşikçi dərhal Hüsaməddinin çadırına qaçdı. Çadırın qapısındakı qarovul onu içəri buraxmadı və:

– Sərkərdə yatmışdır. Oyatmağa icazə verməmişdir, – deyə onu rədd etdi.

Qarovul fars idi, o, təhlükənin yaxınlaşdığını görüb qışqırdı:

– Baba, çi vəkti xabidənəst, düşmən miyayəd bezudi pədəri mərə dər miarəd hey.

Fars keşikçisi qorxusundan o qədər ucadan qışqırdı ki, Hüsaməddin sərxoşluğun şirin yuxusundan ayıldı, tirmə xələtini üstünə salıb çadırdan dışarı çıxdı, əlini alnına qoyub toz axınına baxınca, əlini-əlinə vurub:

– Düşmən gəlir! – dedi və fars keşikçisindən daha ucadan qışqırdı:

– Ordu hazır ol! – dedikdən sonra yüzlərcə şeypurun səsi birdən eşidildi. Çayın kənarındakılar çılpaq atların üzərinə sıçrayıb çadırlara üz qoydular. Çadırdakılar da dərhal silahlanıb atın belinə atıldı. Hüsaməddin geyinib yəhərin üstünə qalxdı, toz təbəqəsinə qarşı iki yüz nəfər inanılmış atlı ilə hücum etdi.

Yüzlərcə at ağzını açıb bir-birinə yaxınlaşırdı. Qaçan atların geniş açılmış burun deşiklərindən çıxan şiddətli nəfəslər toz təbəqələrini yarıb qılınc və mizraq oynatmaq üçün fəzanı təmizləyirdi.

Bir anda “hey! hey!” səsləri düzləri və dağ-dərələri ağzına aldı. Qəhrəmanların qışqırıqları Qarabağ və Aranın dağ silsilələrinə əks edərkən, dağlardan:

– Qəmər at, sağa dön!

– Sona day, geriyə atıl!

– Kürən at, irəliyə!

– Əbləğ, irəliyə! – səsləri eşidilirdi.

Qılınc müharibəsi idi. Qılıncların ağzında çeynənən qalxan qırıntıları havadan axıb atların ayaqları altına tökülürdü. Günəş ucalmışdı, lakin o, dəhşətli qırğın davam edən Əlibəyli düzünü işıqlandırmağı bacarmırdı. Bir-birini qarşılayan yeddi min qılıncdan havada keçilməz bir hasar çəkilmişdi.

Hüsaməddinin ordusunun vəziyyəti ağırlaşdı, çünki Fəxrəddinin ordusunun mühüm bir hissəsi Əbubəkr kəndinin Şərq tərəfindən onun arxasına hücuma başlamışdı.

Hüsaməddin, ordusunun mühasirə vəziyyətində olduğunu hiss edərək nicat yolu axtarırdı. Buna görə də ölüm-dirim müharibəsinə başlayıb vuruşurdu.

Fəxrəddin, əlində siyirmə qılınc atlının qabağında göründü və Hüsaməddini səslədi:

– Hanı bu ordunun qəhrəmanı? Hanı Hüsaməddin? – dedikdə, Hüsaməddin atını məhmizləyib Fəxrəddinə qarşı sürdü.

Düzlər və təpələr, yəhərləri qarınlarının altına düşən və cilovları qollarına dolaşaraq, qılınc yarasından inləyən atlarla dolmuşdu.

Hüsaməddinin ordusunu mühasirəyə almış Aran atlıları qiyamət qoparmışdı. Düzlərdən və təpələrdən ərəb və fars atlılarının:

– Vay madər!

– Vaveyla! – səslərindən başqa bir səs eşidilmirdi.

Mühasirə xəttini yarıb qaçmağı bacarmayanlar nicatını qılıncda və mizraqda arayırdı.

Hüsaməddinin atı vuruşan dəstələrin arasından qızmış şir kimi çıxdı. Onun gözləri qarşısını görmürdü. O ancaq öz qəlbindəkiləri görürdü. Onun qəlbində Qətibənin dodaqları danışır və ondan Fəxrəddinin başını tələb edirdi. Bunun üçün Fəxrəddin kimi şöhrətli bir pəhləvanın qarşısına çıxmaq o qədər də çətin deyildi. O daima qəlbində Qətibənin səsini dinləyirdi. Sanki o səs Hüsaməddini xoşbəxt bir həyata doğru cəlb edirdi. O, dördminlik bir ordunu itirdiyini və özünün məğlublar cərgəsində durduğunu nəzərə almayaraq atını bir qalib pəhləvan kimi irəli sürürdü. Nəhayət, o, Fəxrəddin duran yerə yaxınlaşınca başını qaldırıb öz qarşısında Fəxrəddini gördü, atının cilovunu çəkdi. Bir neçə dəqiqə onlar bir-birinə diqqətlə baxdılar. Nəhayət, Fəxrəddin sözə başlayaraq Hüsaməddini məzəmmət etməyə başladı:

– Bir ordunun başçısı kimi səni öldürmək mənim üçün ən vacib işlərdən biridir. Lakin sənə qılınc vurmaqdan utanıram, çünki qılıncımın namussuz və həyasız bir adamın qanına batmasını özüm üçün həqarət hesab edirəm. Alçaqsan, çünki dörd mindən ibarət fars və ərəb qoşunu dalına salıb öz vətənini qarət etməyə və öz vətəndaşlarını qırmağa gəlmisən.

Şimali Azərbaycanı talamaq və məhv etmək üçün gələn ordunun içərisində səndən başqa bir nəfər də azərbaycanlı olsaydı, mən sənə alçaq deməyə cəsarət etməzdim. Alçaqsan! De görüm, sən Nizaminin evində verdiyin əhd və peymanı unutdunmu?! Sən Azərbaycan xalqının rəhbərlərinə qarşı düşmən hərəkətdə bulunmamağa söz verməmişdinmi?!

De görüm, Araz çayından bura qədər yandırdığın kəndlərin günahı nə idi? İndi isə öz cəzanı almağa hazır ol!..

Hüsaməddin cavab verməyə macal tapmadı, çünki Fəxrəddin atını məhmizləyib onun ətrafında dolaşırdı.

Hüsaməddin qılıncını siyirib Fəxrəddinə qarşı atını məhmizlədiyi zaman Fəxrəddinin kəməndi onun qılıncını qolları ilə bərabər bədəninə sarımışdı.

Fəxrəddin atını məhmizləyərək geri dönərkən Hüsaməddini yəhərdən çıxardı. Hüsaməddinin əsir düşdüyünü görən iraqlılar onu qurtarmaq üçün ümumi hücuma keçdilər. Qanlı müharibə oldu. Nəhayət, Hüsaməddini əsirlikdən qurtarıb aradan çıxara bildilər.

Müharibə gün batana qədər davam etdi. Atabəy ordusunun yarıdan çoxu qılıncdan keçirilir və minlərcə insan meyitləri at dırnaqlarında çeynənirdi. Qaranlıq düşəndə Hüsaməddin sağ qalan yaralı və yorğun adamları ilə bərabər üzünü Araz çayına tərəf çevirib qaçdı. Qərargah Aran ordusunun əlinə keçdi. Qənimətin hesabı yox idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Töhvə

İstambuldan bizə hərdən bir qəribə töhvələr gəlir.Biz indiyədək elə xəyal eləyirdik ki, əbcəd elmini Naxçıvanda Məşədi Həsəndən savayı heç kəs bilmir. Amma indi İstambuldan gələn «Şəms» ruznaməsində oxuyuruq ki, məktəbi-sultaniyyənin məşhur müəllimlərindən ədibi-fazil müəllim Feyzi cənabları bir hədisi əbcəd hesabına çəkib yazır:

1 dəq
Qəribə günə qaldıq

Ə kişi, vallah indi bir para adamlar çıxıbdır ki, heç istəmir özlərinə baxsın. Laməzhəblər elə sözlər danışırlar adam heç eşitmək də istəmir. Hər yerdə otururlar başqa bir sözləri yoxdur. Məhz sözləri filan molla belə gəldi, filan molla şəriətə xəyanət elədi. Filan mərsiyəxan kimyagərlik eləyir, filan müdərris bisavaddır. Baxırsan ki, hər nə danışırlar, qərəz, hər nə iş görürlər, mollaların üstünədir. A kişi, sən gör bu laməzhəblər nə danışırlar? Məsələn, keçən gün deyirdilər ki, Zəngəzurda filan molla filan övrətə kəbin kəsib sonra övrətin əlahiddə sahibi çıxıb. Vəhalon ki, imanı olan müsəlman bu işi yəqin etsə də ki, mollada xəyanət var, yenə gərək ağzını açıb danışmasın, çünki allah-taala səttarul-üyubdur.A kişi, bir görün iş hara yetişib? Necə dünyanı kafir götürüb: Dünən bizim Fridun gəlib ki, «dadaş vidiş eta molla alla akper çto izdelayet?» Dedim ki, atam gorbagor olaydı, səni rus şkoluna qoyan yerdə! Gədə, haramzadə, utanmırsan, elm əhlinin adını kafir dilində deyirsən? Çox söyüb yamanlayandan sonra dedim ki, üzün qara olsun, de görüm yenə nə var? Dedi Dadaş, Zəngəzurun dördüncü uçastokunda bir Ləhvaz kəndi var, oranı tanıyırsan? Dedim çox da uzun getmə, hamama gedəcəyəm, tanıyıram. Dedi orada bir Mirzə Ələkbər var, tanıyırsan? Dedim, a gədə, hənə bağlayacağam, vaxt keçir, sözünü de! Dedi, ki, Mirzə Ələkbər heç əmmaməsından utanmayıb Sultan Məhəmməd adlı bir kişinin on dörd yaşlı bir qızını götürüb qaçıbdır. Üç gün saxlayandan sonra molla götürüb kəbinini kəsdirmişdir». Allah bilir ki, mən bu sözü eşidən kimi başımda tüklərim biz-biz oldu. Dedim allah sizin kimi adamlara lə’nət eləsin, gör yazıq mollalara nə iftira deyirlər. Nə yaxşı mən özüm bu işdən xəbərdar idim, yoxsa mənim də qəlbimə qaraltı gələcək idi. Yazıq Mirzə Ələkbər əzbəs ki, çox mö’min adamdır və heç vaxt namazın da qəzaya qoymaz və özü də yaxşı azan deyir, ona görə istəyib ki, övrətsiz qalmasın. Yazıq mö’min və azan deyən Mirzə Ələkbər bir adam tapa bilməyib ki, xastakarlıq üçün göndərsün. Labədə özü qabaqca bir cəmal siğəsi oxuyub, bir səlavat çevirib qızı götürüb qaçmışdır. Çünki Mirzə Ələkbər çox mö’min və azan deyən bir adamdır və başında pakizə əmmamə... Əmmamə dedim, Ordubadın Vənənd kəndi yadıma düşdü. Xub, hələ mətləbdən uzaq düşməyək. Gör bu laməzhəblər mollalara necə iftira deyirlər. Aya, Ələkbər qızı götürüb kənd aşırıb, dağ aşırıb ki, xilafşər olmasın? İntəhası rəiyyət məhəlləsindən götürüb bəy məhəlləsinə gətirmişdir. Müxtəsər, qəribə günə qaldıq.

2 dəq
Miyanə

Miyanə dediyimizdə qare’lərimizin bir parasının xəyalına gələcək ki, xub, miyanə, yə’ni ortalıq. Xeyir.Miyanə İranın Azərbaycan ilə Tehran arasında vaqe məşhur qədim bir şəhəridir. İki qit’ənin arasında vaqe olduğuna cəhət adını qoyublar Miyanə, yə’ni ortalıq.

1 dəq
Təəccüb

Doğrudan çox təəccüb ki, necə qorxmurlar?«Din və məşəqqət» məcmuəsi 6-cı nömrəsində yazır ki, «bu Avrupa müqəllidləri — bə’zi müdərris və müəllimlər ki, övrətlərini və qızlarını götürüb teatrlara gedirlər — bunlar yomul-məhşərdə xuda hüzurunda rüsvayi-aləm olmaqdan necə qorxmurlar?»

1 dəq

Başqa şairlərin şeirləri