Qətibənin sürgün edilməsi
Qızıl Arslan ciddi işlərə başladığı zaman Qətibə birinci olaraq etiraza başladı, Toğrul isə heç bir söz danışmırdı, çünki başında olanların hamısı saraydan və Həmədandan uzaqlaşdırılmışdı.
Qızıl Arslanın verdiyi əmr üzərində Fəxrəddin paytaxtın müdafiə qoşununa rəis təyin olundu. Qətibə bununla Fəxrəddinin Həmədanda həmişəlik oturacağını görürkən acıqlandı və Qızıl Arslana belə bir məktub göndərdi:
“Möhtərəm hökmdar!
Sizin özünüzə bəllidir ki, Fəxrəddin mənim atamın qatilidir. Onu həmişəlik Həmədanda görmək mənim üçün olduqca ağırdır. Zənn edirəm ki, hökmdar mənim bu arzumu yerinə yetirməkdə təxir və tərəddüd etməyəcəkdir”.
Qızıl Arslan Qətibənin qısa məktubuna çox uzun bir cavab yazdı.
“Hörmətli mələkə!
Məmləkət işlərinin doğru bir hərəkətlə idarə olunması üçün tək-tək şəxslərin arzu və mənafeyi heç bir vaxt nəzərə alınmamalıdır. Hərgah möhtərəm mələkə üçün atasının qatilini görmək çətindirsə, mənim üçün də qardaşımın qətlində iştirak edənləri görmək çətindir. Lakin məmləkətin düşdüyü bugünkü vəziyyət şəxsi məsələlərlə məşğul olmağı sizə də, mənə də tövsiyə etmir. Sizə məlumdur ki, 15 gün bundan əvvələ qədər Həmədanda Eldəniz xanədanı hökmranlığından bir əsər belə yox idi; hökumət ərəb-fars nümayəndələrinin və Xarəzmşah casuslarının əlində idi. Bu gün mən hökuməti yabançıların əlindən alıb öz həqiqi varislərinin əlinə tapşırıram. Bu təşəbbüslərə razı olmayanlar bizim məmləkətin düşmənidir. Mən də belələri ilə mübarizə aparmaq üçün gəlmişəm. Möhtərəm mələkənin şəxsi həyat məsələsinə gəldikdə, bu barədə qərar çıxarılmışdır.
Oğlunuz Qütlüğ İnancın hökumət işlərində təcrübəsizliyi sizin kimi ağıllı və tədbirli bir qadının köməyini tələb edir. Siz ona yaxından kömək verməlisiniz. Bir halda ki, onun idarə etdiyi məmləkətin düşmənləri olduqca həris və qorxuludur, oğlunuzun xətrinə siz öz bacarıq və tədbirinizlə ona kömək etməlisiniz. Bunları nəzərə alaraq rəcəb ayının 29-da Rey məmləkətinə 15 min nəfərdən ibarət bir ordu göndərirəm. Mələkənin özü də hazırlıq görüb ordu ilə bərabər Həmədandan Rey məmləkətinə getməlidir”.
Qızıl Arslan tərəfindən göndərilən bu məktub Qətibənin dünyasını dəyişdi. O heç bir vaxt özünün Həmədandan sürgün ediləcəyinə inanmırdı. Qalmaq üçün çarə, kömək istəmək üçün adam tapa bilmirdi. Hüsaməddin həbsxanada, Zəhir Bəlxi və Kəmaləddin qaçmış, Toğrul isə hərəmxanasına qapanmışdı. Toğrulun yanına getmək mümkün deyildi. Onun qapısının keşikçi və qarovulları tamamilə azərbaycanlılardan ibarət idi. Toğrul özü isə Qətibənin görüşünə gedə bilmirdi, çünki Qızıl Arslan Atabəy sarayında mənzil etmişdi.
Nəhayət, Qətibə yenə də köhnə dostu Səba xanımı xatırladı. O, təcili surətdə Qasımabad kəndinə adam göndərib, Səba xanımı saraya çağırdı. Bunsuz da Səba xanım saraya qayıtmaq üçün bir vasitə axtarırdı. Bir gün sonra Səba xanım gəldi.
Qətibə onun gəlişindən sevindi və öz dərdini açıb ona danışdı. Onun düşdüyü vəziyyət Səba xanımı həddindən artıq düşündürdü, Səba xanımın bütün ümidləri qırıldı, çünki Qətibə Həmədandan köçüb getdiyi vaxt, o öz gəlir mənbələrindən məhrum ediləcəkdi. Halbuki onun pula həddindən artıq ehtiyacı var idi. Əlində hər nəyi varsa, Qasımabad kəndində tikdirdiyi sarayına xərcləmişdi. Lakin hələlik sarayın zirzəmilərini tikdirib bitirməmişdi. O, ümid edirdi ki, Toğrul və Qətibədən əldə edəcəyi mükafat ilə sarayı tikdirib qurtara biləcəkdir. İndisə bir tərəfdən Qətibə gedir, o biri tərəfdən də Fəxrəddin Həmədan şəhərinin mühafizə qoşununun rəisi təyin olunmuşdur; onun Həmədanda qalması üçün heç bir vəchlə imkan buraxmayacaqdır. Nəhayət, Səba xanım başını qaldırıb Qətibəyə baxdı və dedi:
– Mələkəyə də yazığım gəlir, özüm də qorxuram, çünki bir daha Fəxrəddinə təsadüf edərsəm, o məni başlı-başına buraxmaz. Bu işdən ölüm qoxusu gəlir. Rica edirəm möhtərəm mələkə bu vəzifədən məni azad buraxsın.
Qətibə yalvardı:
– Yaxşı günümdə kömək etmisən, yaman günümdə də kömək et! – dedi.
– Qorxuram. İndi nə kimi bir zaman olduğunu bilirsinizmi? Mən hələ Qasımabad kəndindən də çıxıb, bir tərəfə qaçmaq istəyirdim. Siz mənim Fəxrəddinlə olan düşmənliyimi yaxşı bilirsiniz. Mən onu Bağdadda ölümə aparmaq istəyirdim o, bunların hamısını anlamışdır.
– Heç olmasa mənim bir məktubumu Toğrula aparıb cavabını gətir. Burada heç bir qorxu yoxdur. Üzü örtülü qadınsan, kim sənin Toğrul sarayına getməyinə mane olacaqdır?
Səba xanım Qətibəyə qəti söz demədi, ancaq:
– Eybi yoxdur, qoyun bir az fikirləşim. Sabah mələkəyə xəbər verərəm, – dedikdə, Qətibə:
– Sabaha qoya bilmərəm, gecdir. Ordu Rey səmtinə keçmək ərəfəsindədir, – dedi.
Səba xanım bu vəzifəni bitirmək üçün beş yüz qızılla razı oldu. Qətibə məktubu yazdı:
“Əlahəzrət!
Neçə günlərdi ki, əlahəzrətin vücudunun səhhəti və səlamətliyi barəsində bir məlumat əldə edə bilməmişəm. Lakin hər nə olursa olsun, vəziyyətin ümumi mündəricəsi mənim üçün aydındır. Sizə bir şeyi bildirmək istərdim: həşəmətli Qızıl Arslanın əmr və məsləhətinə görə bu günlərdə mən Rey məmləkətinə getməliyəm. Bu barədə əlahəzrətin fikrini bilmək istərdim. Elə bilirəm ki, əlahəzrət istəsəydi, mən bu səfəri təxirə sala bilərdim. Çünki mənim paytaxtdan uzaqlaşmağım özüm üçün də, əlahəzrət üçün də əlverişli deyil. Hərgah əlahəzrət bu barədə bir iş görə bilsəydi, mən hazırkı vəziyyətin altından qalib çıxa bilərdim”.
Qətibə məktubun cavabını böyük intizarla gözləyirdi. Axşam qaranlıq düşdüyü zaman Səba xanım məktubun cavabını gətirdi.
Lakin cavab gəlmədən qabaq, Qızıl Arslanın nümayəndəsi Qətibə xatunun yanına gedib səfər hazırlığının bitdiyini xəbər vermişdi. İş işdən keçdiyinə baxmayaraq, Qətibə məktubu açıb oxudu. Toğrul yazırdı:
“Möhtərəm mələkə!
Həşəmətli hökmdar Qızıl Arslanın mələkə haqqında çıxardığı qərar, mələkənin özü üçün də, məmləkət üçün də, hətta sizin oğlunuz Qütlüğ İnancın gələcəyi üçün də məsləhətdir. Siz özünüz bilirsiniz ki, bu vəziyyət içərisində sizin bir mələkə kimi Həmədanda yaşamağınız imkan xaricindədir. Bu səfərdən mələkə üçün səadət qisməti və salamatlıq diləyirəm!”.
Qətibə məktubu oxuyub üzərinə tüpürdü:
– Tfu! Əclafın birisi, sən elə bilirsən ki, mən Rey məmləkətinə getdiyim zaman sənin yaxan mənim əlimdən qurtaracaqdır? Sizin nəslinizi məndən başqa heç bir qüvvə Yer üzündən silə bilməyəcəkdir!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-qetibenin-surgun-edilmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Balaca felyetonSosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)*Bir müctəhidəm varmışam hər işdə kamalə
Bu gün...İran parlamanı açılan gün vəliəhd nitq söylədikdə göstərmişdir ki, İranda hər şey öz yerindədir.*İranda bu gün hökm sürür sülh-səlamət
Başqa şairlərin şeirləri
Təğafül eyləmə, saqi, ki növbahar keçərYetincə bir də mənə dövr, ruzigar keçər
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
AriflərEşqin şərabından bir qətrə içən,Əlbəttə, od tutub yanar, ariflər!
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,