Bağdad və Həmədan üzərinə
Səhifə 1 / 3
Ziyafətdən on gün keçirdi. Aranın hər tərəfindən Gəncə altına yığılmış ordu hərəkət edəcəkdi. Əlli mindən ibarət olan ordu iki hissəyə bölünüb birisi Naxçıvan, o birisi də Xudafərin körpüsü vasitəsilə Araz çayını keçib Təbrizə gedəcəkdi.
Seyid Əlaəddin iyirmi beş min nəfərlə Naxçıvana gedib, oradan yığılan atlıları özü ilə bərabər götürmək üçün iki gün əvvəl Arandan hərəkət etmişdi. Fəxrəddin isə iyirmi beş min nəfərlə Qarabağ qoşununu götürüb Qaradağ-Əhər yolu ilə Təbrizə girəcəkdi.
Ordunu yola salmaq üçün bütün Aran xalqı yolların kənarında düzülmüşdü. Əllərində gül dəstəsi duran minlərcə gəlin Fəxrəddinin atının görünməsini gözləyirdi. Ordu “Piran” qəbiristanının yanında dayandı. Fəxrəddin atdan düşüb Gözəlin oğlanları ilə bərabər palçığı qurumayan bir qəbrə yanaşdı. Nizaminin başında gələn ziyalılar dəstəsi də gəldi. Onlar da atlarından piyada olub qəbrə yanaşdılar. 25 minlik ordunun bayraqları qəbrin üzərinə əyilib onu salamlayırkən, minlərcə gəlinlərin gətirdikləri gül dəstələri qəbrin üzərinə qoyuldu. Fəxrəddin üzünü orduya tutub danışdı:
– Biz bir həftə bundan qabaq heç bir xalqa və heç bir məmləkətə mümkün olmayan bir cavahiri burada basdırdıq. Bizə böyük bir mədəni irs buraxan və adını dünya tarixində yazdırmağa layiq olan bu mazarın sahibi ömründə bir gün də olsa azad həyat keçirə bilmədi. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. Hazırda biz böyük Məhsətinin məzarının qarşısında durub and içirik:
“Sənin həyatını zəhərləyən və sənə azad yaşayış imkanı verməyənlərlə bir qətrə qanımız qalıncaya qədər mübarizə aparacağıq. Səni sürgün edənləri yalnız Azərbaycandan deyil, həyat dünyasından sürgün edəcəyik! Sənin düşmənlərindən almaq istədiyimiz intiqam duyğuları bizi son qələbələrə qədər aparacaqdır. Sənə and içirik! Yaxınlarda bu qəbri böyük qələbə xəbərləri ilə salamlayacağıq! İnan bizə, yanında diz çöküb and içirik!”
Nizami və bütün ədiblər Məhsəti xanımın qəbrinin önündə diz çökdülər, bayraqlar bir daha baş endirdi. Sonra Nizami ilə Fəxrəddin öpüşüb vidalaşdı. Ordu hərəkət etdi.
Fəxrəddin qəbrə baxdığı zaman sanki son kərə ziyafətdə eşitdiyi səsi bir daha qəbirdən eşidirdi:
Təlxəst həmişə eyşi-ərbabi-hünər,
Zin ruyi namizənəd kəsi abi-hünər.
Əz atəşi-cəhli xaksaran guya
Bərbad şüdəst dər cahan babi-hünər.
Şimali Azərbaycandan Təbrizə gedən ordunu istiqbal etmək üçün Qızıl Arslan Təbriz əyanları və Təbriz alimləri ilə bərabər Acı çayının kənarına qədər gəlmişdi. Ordu iki tərəfdən Acı çayına yanaşırdı. Naxçıvan yolu ilə gələn elliminlik ordu Sofiyandan, Qaradağ-Əhər yolu ilə gələn iyirmiminlik bir ordu isə Təbrizin şərq tərəfindən gəlib çaya yanaşırdı. Qızıl Arslan ipəkdən qurulmuş çadırın qapısında qoyulmuş qızıl kürsünün üstündə oturub Əlaəddin və Fəxrəddinin rəhbərliyi altında gələn orduları gözdən keçirdiyi zaman vəziri Şəmsəddinə tərəf dönərək:
– Qızıl Arslanı məğlub etmək olmaz! İdarə etdiyimiz məmləkətin xalqı yenilməz və məğlubedilməz bir xalqdır! – dedi.
Gəncə və Şamaxı ipəklərindən düzəlmiş bayraqlar yaxınlaşdı. Qızıl Arslan həyəcan və şadlığından ayağa qalxdı. O, sərkərdənin bayraqlar altında gəldiyini hiss edərək, Fəxrəddini görməyə tələsdi. O, Fəxrəddinin Atabəylə olan müharibələrdə göstərdiyi qəhrəmanlığı eşitmişdi. Onunla məktublaşmışdı, lakin bu gün onu birinci kərə görəcəkdi.
Bayraqdarlar qırmızı ipək çadırın başındakı qızıl qübbəni görən zaman, hökmdarın çadırı olduğunu anlayaraq bayraqları əyib Qızıl Arslanı salamladılar. Bayraqdarların dalınca gedən şeypurçular qoşuna “Hazır ol!” – işarəsi verincə, qırx min qılınc bir kərə qınından çıxdı. Günəşin işığından şəfəqlənən qılınclar qırx min ildırımın birdən şığıdığını andırdı.
Qızıl Arslan Fəxrəddini salamladığı zaman Əbubəkr və Özbək atlarından piyada olub Qızıl Arslanın qarşısında diz çökub yeri öpdülər. Fəxrəddin isə onları təqdim edərək:
– Mərhum Atabəyin oğlanları Əbubəkr və Özbəkdir, – dedikdə, Qızıl Arslan onları qaldırıb bağrına basdı və hönkür-hönkür ağladı, vəzirinə dönərək:
– Qardaşım diridir, ölməmişdir! – dedi.
Ordu keçdi. Bütün şəhər, bazar-dükanları bağlayıb küçələrə çıxmışdı. Qardaşların qardaşları istiqbal etmək üçün düzəltdikləri təntənənin bərabərini indiyə qədər Təbriz şəhəri görməmişdi. Şadlananlar, gülənlər, gül atanlar, hətta sevindiyindən ağlayanlar da var idi. Saraylarda, evlərdə, karvansaralarda və yaxın kəndlərdə qoşun əlindən tərpənmək mümkün deyildi. Buna görə də Qızıl Arslan Təbrizdən tez bir surətdə Həmədan tərəfinə köç verməyi qərara almışdı. Qızıl Arslan Təbrizdən hərəkət etmədən əvvəl geniş bir müşavirə məclisi təşkil etdirdi.
Müşavirədə Şimali Azərbaycandan Əlaəddin və Fəxrəddin iştirak edirdi. Qızıl Arslan müşavirədə xətt-hərəkət məsələsini qoymuşdu. O, müşavirədə iştirak edənlərlə söhbət etdiyi zaman birinci növbədə vəziyyət haqqında məlumat verib dedi:
– Hazırda bizim qarşımızda iki cəbhə vardır. Onlardan birisi sərhədlərimizdə gedən mübarizə cəbhəsidir. İkincisi də düşmənin daxildə bizə qarşı düzəltdiyi cəbhədir. Düşmən daxildə Toğrulu tamamilə öz əlinə almışdır. Demək olar ki, paytaxtımız tamamilə düşmənin əlinə keçmişdir. Hazırda məmləkəti də, məmləkətin hökmdarı olan Toğrulu da xarici düşmənlərin daxilimizdə işləyən xəfiyyələri, casusları idarə edir. Bir tərəfdən Qətibə xatun, o biri tərəfdən də Zəhir Bəlxi Toğrulun ruhuna girib məmləkəti paylaşdırmaq istəyirlər. Buna görə də daxildəki düşmənlərlə mübarizəyə başlamadan əvvəl sərhədləri bərkitmək lazımdır. Sərhədlərdən köhnə qoşunları götürüb yerlərinə təzə və inandığımız dəstələrdən təyin etməliyik. Köhnə sərhəd qoşunlarının ruhu, əcnəbi təbliğatının nəticəsində tamamilə zəhərlənmişdir. Mən elə məsləhət görürəm ki, Xarəzm və İraq sərhədlərinə Azərbaycan qoşunlarını göndərmək lazımdır, biz ancaq özümüzə inana bilərik.
Üçüncüsü də güclü bir ordu ilə Həmədana girmək və əcnəbi ünsürləri paytaxtdan təmizləmək lazımdır.
Fəxrəddin Qızıl Arslanı diqqətlə dinləyirdi. Lakin Qızıl Arslan Fəxrəddinin müşavirədən gözlədiyi əsas məsələyə keçməyərək Toğrulun taxtından düşürülməsi işindən bir kəlmə olsa da danışmadı. Buna görə də Fəxrəddin Qızıl Arslana sual verdi:
– Əlahəzrət, Toğrulun müqəddəratı barəsində fikriniz nədir?
– Məncə, Toğrulu öz taxtında qoymaq və ona qəti tapşırıq vermək lazımdır. Özünə verilən tapşırıq və səlahiyyət dairəsində ondan iş tələb etməliyik. Siz yaxşı bilirsiniz ki, məmləkətin idarəsi işində padşahın şəxsində çox az iş vardır. Biz başlıca olaraq onun məmləkət işini tapşırdığı adamların simasını və iş üçün dəyərli olub-olmamasını öyrənməliyik. Toğrulun özü möhkəm iradəyə malik bir hökmdar olsaydı, onun ətrafında olanların dəyərsizliyi məni heç də düşündürməzdi. Ümumiyyətlə, Şərq hökmdarlarının ətrafındakı işçilərin dəyərsizliyi hökmdarların özünün dəyərsizliyindən doğur.
Bəzən Toğrul kimi dəyərsiz hökmdarlar dəyərli işçiləri idarə etməyin çətin olduğunu hiss edincə, öz ətrafına dəyərsiz və şüursuz adamları cəlb edirlər. Bəzən də hökmdarın dəyərsizliyi dəyərli vəzirləri də dəyərsizliyə məcbur edir.
Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. Çünki onlar dəyərsiz padşahın ruhunu aldadırlar. Onlar Toğrul kimi cahil və iradəsiz bir hökmdarı tərif edə-edə inandırırlar. Hökmdar doğrudan da özünün xariqüladə bir şəxsiyyət olduğuna inanır. Madam ki, hökmdarın özü yaltaq axtarır, o zaman yaltaqları təqsirləndirməyə haqqımız vardırmı? Məmləkətin ən qorxulu düşmənləri padşahın şəxsiyyətini böyüdən və onu özü haqqında iştibaha salan adamlardır. Yaltaqları hazırlayan saraylar və hökmdarlardır. Onlar öz sənətlərini ancaq saraylarda ikmala yetirirlər. Yaltaqlar hökmdarın ağzından çıxan hər bir adi sözü Quran ayəsi kimi və asimani sözlər kimi təbir edərək onun özünə satırlar. Əcnəbi düşmənlər üçün padşahın özü yox, onun yanındakılar lazımdır. Onlar padşahın ətrafındakıları ələ almağa çalışırlar. Bizim bədbəxtliyimiz burasındadır ki, Toğrulun yanındakıların hamısını düşmənlər təyin eləmişdir. Buna görə də biz Toğrulun ətrafını yoxladığımız zaman o qədər də çətinlik çəkməyəcəyik, çünki yaxşını yamandan ayırmağımız lazım gəlməyəcəkdir.
Bu sözlərdən sonra Əlaəddin Qızıl Arslana sual verdi:
– Qütlüğ İnancın Rey hökumətində qalıb-qalmamasına dair fikriniz nədir?
– Hazırda onu iş başından götürmək aralıqda gəzən dedi-qoduların genişlənməsinə səbəb ola bilər. Eyni zamanda, ona, Qətibənin təsirinə düşərək xarəzmlilərlə alış-verişə girməyə imkan verməyəcəyik.
Müşavirə bitdi. Bir gün sonra qoşun iki xətt ilə Həmədan və İraqa irəliləməyə başladı. Onlardan birisi Təbriz Qəzvin xəttilə Həmədana, o biri hissə isə Bisütun tərəflərinə irəliləyəcəkdi.
İki tərəfdən hücum edən ordu Bisütunda birləşəcək, Kirmanşah və Sərpul təriqilə Bağdadı mühasirə üçün gedəcəkdi; çünki Bağdad xəlifəsi Nəsirəddinbillahın özü də iraqlıları başına yığıb Toğrulun Bağdad qapısı olan Həmədandan köçürülməsi üçün hazırlıq aparırdı.
Qızıl Arslan yanındakı ordudan iyirmi min nəfər ayırıb Həmədan şəhərini işğal etmək üçün gedirdi. Toğrul Qızıl Arslanın Həmədana yaxınlaşdığını görüncə, onun qoşunla bərabər Həmədana girməməsi üçün bir heyət göndərdi. Əmrnamə məktubunda deyilirdi:
“Paytaxtın vəziyyəti sənə məlum deyildir. Neçə müddətdir ki, qoşunun arasında üsyan davam edir. Azərbaycan qoşunu paytaxta yaxınlaşdığı zaman, iki qoşun arasında toqquşma baş verməsi ehtimalı vardır.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-bagdad-ve-hemedan-uzerine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün Azərbaycan istiqlaliyyətinin şərəfinə verilən ziyafət Baği-İrəmdə təşkil olunmuşdu. Bu ziyafətə istiqlaliyyətə inananlar da, inanmayanlar da dəvət olunmuşdu.“Müqəddəratımızı öz əlimizə aldıq!” – deyə sevinənlərlə yanaşı olaraq, “Əmirin vəziyyətini möhkəmlətmək üçün düzələn bu macəra çox da uzun sürməz!” – deyənlər də var idi. Ziyafətdə iştirak edənlər hovuzlardakı qız heykəllərinə, onların döşlərindən vuran fəvvarələrə, Azərbaycanın hər tərəfindən gətirilmiş cariyələrə, cariyələrin tovuz quşu qanadından daha bəzəkli olan libaslarına tamaşa etdikləri zaman, Nizami ilə Fəxrəddin də Qərənfil xiyabanında gəzərək söhbət edirdilər.
MüşavirəƏmir İnancın Azərbaycan istiqlalı barəsində buraxdığı müraciətnaməni ifşa etmək və bu istiqlalın nədən ibarət olduğunu xalqa anlatmaq üçün geniş bir müşavirə təşkil edilmişdi.Müşavirədəki müxtəlif fikirlərdən birisi də Fəxrəddinin Aranın istiqlaliyyətini elan etmək barəsindəki təkliflərindən ibarət idi. O, Əmir İnanc tərəfindən buraxılan müraciətnamə məsələsinə keçərək dedi:
Rənaİlyas, çayın kənarındakı söyüd kötüyünün üstündə oturub çaya baxırdı. Çünki Xanəgah kəndindən Gəncəyə gələnlər çaydan keçib gəlməli idilər. Çayda su o qədər də çox deyildi. Lakin İlyasın nəzərində çayda bir coşqunluq var idi, dalğalar yenə də qartal kimi qanad açaraq bir-birini təqib edirdi. Çay nə qədər susuz və sakit olursa olsun, İlyas yenə də ondakı coşqunluğu heç bir zaman unuda bilmirdi, çünki o, öz sevgilisi Rənanı çayın ən coşqun bir günündə görmüş və coşqun bir ürəklə də sevmiş idi. Buna görə də o, daima çayın kənarında oturduğu zaman fikri keçmişlərə qayıdardı.Şair, neçə gündən bəri Rənanın görüşə gəlmədiyini xatırlayıb çaya baxırdı. Çayın o biri sahilində Xanəgah kəndindən şəhərə gələnlər yığın-yığın durub çaydan nə cür keçməyi fikirləşirdilər. Heyvanı olanlar, heyvanı olmayan kəndlilərin şeylərini qucaqlarına alıb sudan keçirirdilər. Suya yıxılıb qalxanlara, üst-başı islananlara gülənlər, hətta sudan öz şeylərini keçirə bilməyənlərdən ağlayanlar da var idi. Körpü çox uzaqda idi. Bazar isə çayın körpü olmayan tərəfinə yaxın idi. Buna görə də kəndlilərin hamısı şeylərini axşam bazarında satmaq üçün körpüsüz yerlərdən çayı keçməyə tələsirdilər.
Səba xanımQətibə, Səba xanımı Əbül-Ülanın qadını Cahan Banudan almaq üçün o qədər də vaxt sərf etmədi. Çünki onsuz da qoca şairin ailəsi söz gəzdirən və macəraçılığı sevən bu fitnəkar cariyənin əlindən qurtarmağa çalışırdı. Səba xanımın fitnələri səbəbinə Gəncədə yaşayan bütün ziyalı ailələr Əbül-Ülanın ailəsilə əlaqəni kəsmişdi.Səba xanımın fitnəkarlığı o dərəcəyə çatmışdı ki, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbül-Ülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vədə eləmişdi.
Başqa şairlərin şeirləri
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz