Bağdad və Həmədan üzərinə
Səhifə 3 / 3 · 67%
Əlbəttə, əsas məqsədiniz o qədər də aydın deyil. Lakin bundan da aydın yazmağınızı məsləhət görməzdim. Çünki hələ çox tezdir.
İndi sizin meracnaməni yazmaqdan əsas məqsədinizə keçək. Siz çox sənətkarcasına yazdığınız bu meracnamədə Məhəmmədin meracı məsələsini rədd edirsiniz və orada göstərirsiniz ki: “Məhəmməd göylərə, mələkut aləminə getmədi, onun fikri o qədər sürətli və iti idi ki, o yerində oturduğu zaman onun fikrinin atı yuxarı aləmləri seyr edə bildi. Təbiidir ki, bu fikir qismən peyğəmbərə verilən xariqüladəliyi azaldır.
Ancaq bu yol ilə həqiqətə çatmaq olar. Ruhanilər Quranın həyati məsələlərdə olan ibtidailiyini gizlətmək istədikləri üçün onu anlaşılmaz bir şəklə salmağa və onun adi ünsürlərinə belə xariqüladəlik verməyə çalışırlar. Sizə demək istəyirəm ki, Şərq ruhaniləri bu silahı öz əllərindən çox asanlıqla buraxmayacaqlar. Doğrusu, bu işin gələcəkdə daha da dərinləşməsi və islam dünyasını fəlakətlərə salmasından qorxuram. Hazırda Həmədan ruhanilərini həbsə aldırmışam. Siz bilirsiniz ki, burası Şərq mövhumatını idarə edən Bağdad xəlifəsinin qulağının dibidir. O, işə müdaxilə edəcəkdir. Lakin mən öz işimi özüm istədiyim kimi aparacağam, silahlı qüvvəm olduqca güclüdür.
Nəticəni isə yazaram.
Həmədan, 7 rəcəb, Qızıl Arslan”
Qızıl Arslan Toğrulun görüşünə getmədi və onu bir hökmdar hesabına qoyub əlini öpmək istəmədi. Buna lüzum da yox idi. Çünki Atabəyə təziyə saxlandığı üçün Toğrul təziyə məclisinə gəlməli və Qızıl Arslanla orada görüşməli idi.
Təziyənin birinci günü Toğrul öz oğlu Məlikşah ilə bərabər təziyə məclisinə gələcəyini xəbər verdi. O, məclisə daxil olduğu zaman Qızıl Arslan da təziyə məclisində olanlarla bərabər ayağa qalxdı. Toğrul əlini ona öpdürmək üçün hazırlandığı zaman Qızıl Arslan özünü bilməməzliyə vurub onun oğlu Məlikşahı qucaqlayıb öpdü və öz yanında əyləşdirdi.
Toğrul təhqir olunduğunu heç bir kəsə sezdirmədən keçib yuxarı başda oturdu və Atabəyin oğlu Əbubəkri yanına çağırıb öpdü və kefini soruşdu.
Toğrul təziyə məclisində çox otura bilmədi. Əvvələ, təhqir olunmuşdu. İkinci də, məclisdə özünə müqabil adamlar görmədi. Məclisdə olanlar tamamilə Azərbaycan qonşu sərkərdələri, bir də Həmədanda olan azərbaycanlılardı. Buna görə də qalxıb getdi.
Bu hadisə Qızıl Arslanla Toğrul arasındakı açıqlığı bir daha genişləndirdi.
Təziyə günləri bitmədən Qızıl Arslan işə başladı.
Birinci növbədə Bağdad xətibi ilə Bağdad qazısını və qəzavətxana üzvlərini Həmədandan Bağdada sürgün etdirdi və yerlərinə başqalarını təyin etdi. Təzə təyin edilən qazılara ancaq din və məscid işləri ilə məşğul olmaları və hökumət işlərinə müdaxilə etməmələri tapşırıldı.
İkinci təşəbbüs Toğrulun qarətçi vəzirlərinin məsələsini həll etməkdən ibarət idi. Onların bütün sərvətləri, malikanələri və ev şeyləri xəzinə hesabına alındı, özləri isə həbsə alınıb Şimali Azərbaycandakı Ələnciq qalasına göndərildi.
Üçüncü təşəbbüs də xəzinədə olan qiymətli şeylərin yoxlanılması idi. Yoxlama zamanı Toğrulun xəzinədən israf xərclədiyi və qiymətli şeyləri mənimsədiyi meydana çıxdı. Qızıl Arslanın qərarına görə israflar və qiymətli şeylərin hamısı xəzinəyə qaytarıldı.
Dördüncü təşəbbüs, hökumət idarələrinin yoxlanması idi. Yoxlama zamanı idarə işçilərinin əksəriyyətlə ərəblər və farslardan ibarət olduğu meydana çıxdı. Bunların hamısı Bağdad və fars vilayətlərinə sürgün edilərək yerlərinə azərbaycanlılar təyin olundu.
Beşinci təşəbbüs də Toğrul üçün təzə vəzirlər təyini idi. Bu işə başlanıldı və onlara hökumət işlərini nə cür aparacaqları üçün vaxt ikən hazırlanmış göstərişlər və dəstürüləməl verildi.
Altıncı təşəbbüs, vəliəhdlik məsələsindən ibarət idi. Qızıl Arslan Atabəy Məhəmmədin oğlu Əbubəkrə bir dəstə qoşun verib dedi:
– Sən mənim köməkçim və vəliəhdimsən. Sən bu qoşunla Təbrizə gedib Azərbaycanı idarə edəcəksən. Şəmsəddin mənim vəzirimdir. Onun məsləhətlərini daima eşit. Gənclərdə fəaliyyət vardır. Qocalarda isə tədbir və həyat təcrübəsi vardır. Mükafat verdiyin şəxsiyyətlərin dəyərini yoxla; cəza verdiyin zaman bəşəri münasibətləri unutma, günahı tərəzinin bir gözünə, cəzanı da başqa gözünə qoyub ölç, artıq-əskik olmamasına imkan verməməlisən. Məhkəmələrdə xalq ancaq hökuməti görməlidir. Ruhaniləri və qazıları ancaq məscidlərdə və qəzavətxanalarda görməlidir. Din və məzhəbə qarşı çıxanların mühakiməsi zamanı qəzavət məhkəmələrində hökumətin qəti səsə malik olan nümayəndəsi olmalıdır.
Bacarsan, kəndlinin xırmanından quşların belə toxum oğurlamasına imkan verməmə. Mülkədarların əşar qanununu ayaqlamasına imkan verməməlisən. Özünü o qədər adil göstərməlisən ki, dul qadınlar belə dərdini sənə demək üçün gəlsinlər. Xalqdan heç bir vaxt gizlənmə, çünki hökmdar xalqın içərisində olduğu zaman nüfuzlanır. Xalqın böyük-kiçiyinə hörmət qoy. Rəiyyətin varlısı da, yoxsulu da rəiyyətdir. Onların hamısını bir gözdə görməlisən.
Şairlər, ədiblər və alimlərin söhbətlərini qənimət bil. Ümumi məclislərdə lazım olmayan sözləri danışma, çünki hökmdarın danışdığı sözlər qanundur.
Keçmiş tarixi oxu, keçmiş şairlər və ədiblərin əsərlərindən bacardıqca ələ gətirib tanış ol, çünki onların sözləri yaşadıqları əsrin xalqının iradələri əsasında qurulmuşdur.
Səni mədh edənlərə mükafat vermə. Sənin rəiyyətpərvər olmadığını, rəiyyəti vəzirlər və hökmdarların kef-mayəşasına buraxdığını nəsihət və tənqid yolu ilə göstərənlərə mükafat ver. Bacardıqca dünya işləri ilə məşğul ol, axirət işlərilə məşğul olanlara manea törətmə, çünki bu məsələdə səni dindən xaric hesab edə bilərlər. Bizim qorxulu məsələmiz bundan ibarətdir.
Qızıl Arslan Əbubəkrə bu nəsihətləri verəndən sonra Təbrizə göndərdi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-bagdad-ve-hemedan-uzerine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün Azərbaycan istiqlaliyyətinin şərəfinə verilən ziyafət Baği-İrəmdə təşkil olunmuşdu. Bu ziyafətə istiqlaliyyətə inananlar da, inanmayanlar da dəvət olunmuşdu.“Müqəddəratımızı öz əlimizə aldıq!” – deyə sevinənlərlə yanaşı olaraq, “Əmirin vəziyyətini möhkəmlətmək üçün düzələn bu macəra çox da uzun sürməz!” – deyənlər də var idi. Ziyafətdə iştirak edənlər hovuzlardakı qız heykəllərinə, onların döşlərindən vuran fəvvarələrə, Azərbaycanın hər tərəfindən gətirilmiş cariyələrə, cariyələrin tovuz quşu qanadından daha bəzəkli olan libaslarına tamaşa etdikləri zaman, Nizami ilə Fəxrəddin də Qərənfil xiyabanında gəzərək söhbət edirdilər.
MüşavirəƏmir İnancın Azərbaycan istiqlalı barəsində buraxdığı müraciətnaməni ifşa etmək və bu istiqlalın nədən ibarət olduğunu xalqa anlatmaq üçün geniş bir müşavirə təşkil edilmişdi.Müşavirədəki müxtəlif fikirlərdən birisi də Fəxrəddinin Aranın istiqlaliyyətini elan etmək barəsindəki təkliflərindən ibarət idi. O, Əmir İnanc tərəfindən buraxılan müraciətnamə məsələsinə keçərək dedi:
Rənaİlyas, çayın kənarındakı söyüd kötüyünün üstündə oturub çaya baxırdı. Çünki Xanəgah kəndindən Gəncəyə gələnlər çaydan keçib gəlməli idilər. Çayda su o qədər də çox deyildi. Lakin İlyasın nəzərində çayda bir coşqunluq var idi, dalğalar yenə də qartal kimi qanad açaraq bir-birini təqib edirdi. Çay nə qədər susuz və sakit olursa olsun, İlyas yenə də ondakı coşqunluğu heç bir zaman unuda bilmirdi, çünki o, öz sevgilisi Rənanı çayın ən coşqun bir günündə görmüş və coşqun bir ürəklə də sevmiş idi. Buna görə də o, daima çayın kənarında oturduğu zaman fikri keçmişlərə qayıdardı.Şair, neçə gündən bəri Rənanın görüşə gəlmədiyini xatırlayıb çaya baxırdı. Çayın o biri sahilində Xanəgah kəndindən şəhərə gələnlər yığın-yığın durub çaydan nə cür keçməyi fikirləşirdilər. Heyvanı olanlar, heyvanı olmayan kəndlilərin şeylərini qucaqlarına alıb sudan keçirirdilər. Suya yıxılıb qalxanlara, üst-başı islananlara gülənlər, hətta sudan öz şeylərini keçirə bilməyənlərdən ağlayanlar da var idi. Körpü çox uzaqda idi. Bazar isə çayın körpü olmayan tərəfinə yaxın idi. Buna görə də kəndlilərin hamısı şeylərini axşam bazarında satmaq üçün körpüsüz yerlərdən çayı keçməyə tələsirdilər.
Səba xanımQətibə, Səba xanımı Əbül-Ülanın qadını Cahan Banudan almaq üçün o qədər də vaxt sərf etmədi. Çünki onsuz da qoca şairin ailəsi söz gəzdirən və macəraçılığı sevən bu fitnəkar cariyənin əlindən qurtarmağa çalışırdı. Səba xanımın fitnələri səbəbinə Gəncədə yaşayan bütün ziyalı ailələr Əbül-Ülanın ailəsilə əlaqəni kəsmişdi.Səba xanımın fitnəkarlığı o dərəcəyə çatmışdı ki, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbül-Ülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vədə eləmişdi.
Başqa şairlərin şeirləri
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz