Serjant İvanov adına körpələr evi
Payız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi.
Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi.
Külək şiddətlənirdi. Hücum əmrini gözləyən hər bir qızıl əsgər bütün diqqətini toplayaraq təyyarə səsini eşitməyə çalışırdı; çünki K. kəndini düşməndən almaq üçün hücum birinci olaraq sovet təyyarələrinin hərəkəti ilə başlanacaqdı.
Telefonçu hər an diviziya komandirinin əmrini gözləyirdi. Telefonun zəngi vuruldu. Telefonçu sevinərək dəstəyi götürdü. Lakin bu şadlıq uzun çəkmədi. Vurulan zəng səhra telefonunun işləyib-işləməməsini yoxlamaq üçün idi.
Meşədə minlərlə döyüşçünün yerləşdiyinə baxmayaraq, bir səs belə eşidilmirdi. Lakin bir az sonra meşə həyatına yad olan şübhəli bir səsin eşidilməsi gənc leytenantı düşündürdü. Səs getdikcə şiddətlənirdi. Yaxşı diqqət verildikdə, bu səs ana döşlərindən ayrılan bir körpənin ağlamasına bənzəyirdi.
Kənd çox uzaqda idi. Orada ağlayan körpələrin səsi bu qədər yaxından eşidilə bilməzdi. Bundan əlavə, kəşfiyyatçıların gətirdiyi xəbərə görə, kənd təmamilə yandırılmış, kənddə yaşayanlar isə, hərə bir tərəfə qaçıb getmişdi. Dərhal uşaq səsi gələn tərəfə dörd nəfər qızıl əsgər göndərildi, qızıl əsgərlərin qayıtması o qədər də uzun çəkmədi. Qızıl əsgərlərdən biri qucağında gətirdiyi qanlı yorğana bürünmüş uşağı göstərib raport verdi:
– Hissədən iki yüz addım qərbə doğru meşənin içərisi qadın və kişi meyitləri ilə doludur. Gətirdiyim körpə isə bir qadın meyidinin yanında çapalayırdı.
Leytenant heç bir söz demədi, körpəni alıb gözlərinə baxdı və qızıl əsgərə qaytarırkən:
– Yaxşı uşaqdır, – deyərək dəsmalını çıxarıb gözlərini sildi və sonra üzünü qızıl əsgərə tutub dedi:
– Zənn edirəm ki, qızıl əsgərlərin heç biri alman faşizminin bu vəhşiliyini unutmayacaq və intiqam hissi onlarda həmişə alovlanacaqdır.
Leytenant bunları söyləyib qızıl əsgərə qısa bir əmr verdi:
– Körpəni otağa aparıb rahat edin!
Qızıl əsgər leytenantın nə dediyini dərhal anladı və körpəni serjant İvanovun tankına apardı.
Serjant İvanov üçün bu birinci təsadüf deyildi: Buna görə də o, körpəni qızdırmaq üçün dərhal motoru işə saldı, uşağın qanlı və islanmış paltarlarını çıxarıb atdı. Onu öz isti yun köynəyinə bürüdü və başı üstündən süd şüşəsini götürüb uşağın dodaqlarına dayadı.
On dəqiqədən sonra körpə şirin bir yuxuya getdi. Hücum başlandıqdan sonra göydə, yerdə, hətta qulağının dibində partlayan toplar belə körpəni şirin yuxudan ayıra bilmədi.
Göyü birdən-birə dəhşətli gurultu bürüdü. Sovet bombadaşıyan təyyarələri ildırım kimi şığıyan qırıcı təyyarələrin müşayiəti ilə əsgərlərin başı üstündən ötüb keçdi.
Hissənin arxasında yerləşən toplar ağızlarını düşmən səngərlərinə çevirib atəş açarkən, İvanovun tankçıları da şam ağaclarını böyrü üstə yıxaraq hücuma keçmişdi.
Leytenantın tankçıları hücum əmrini aldığı zaman sanki meşədən ikinci bir meşə ayağa qalxdı. Bir an K. kəndinin üzərini sıx dumanlar bürüdü.
Ağır tanklar iti sür’ətlə irəli çumur, bombadaşıyan təyyarələr isə iri və ağır bombaları düşmən səngərlərinə tökürdülər.
Çox çəkmədi ki, təyyarələrimiz düşmən təyyarələri ilə üz-üzə gəldi. Havada vurulan düşmən maşınları meşənin içinə düşür, pulemyotlardan güllə yağmuru yağır, topların mərmiləri isə düşmən toplarını havaya sovururdu.
Piyadalar düşmən səngərlərinə yaxınlaşırdılar. Arabir gənc leytenantın «İrəli! İrəli!» – səsləri eşidilirdi. Lakin bu səs birdən-birə dəyişdi, leytenantın:
– Süngü döyüşünə hazır ol! – komandası eşidilərkən düşmən səngərlərinin qarşısında üçüncü meşə yarandı.
Artıq nə top, nə pulemyot, nə təyyarə motorlarının səsi eşidilirdi. Süngü müharibəsi başlanmışdı.
Qanlı çırpışma dörd saat davam etdi. Düşmən kəndi əlində saxlamaq üçün bütün qüvvəsini sərf etdi, lakin böyük tələfat verəndən sonra geri çəkilməyə məcbur oldu.
Sakitlik başlanmışdı. Şimal küləkləri göyü doldurmuş barıt dumanlarını uzaqlara qovurdu. Düşmən kənd küçələrində çoxlu tank, parçalanmış pulemyot və top buraxıb getmişdi. Hər tərəf bir sükuta qərq olmuşdu. Yalnız uzaqlardan seyrək-seyrək pulemyot səsləri eşidilirdi. Bu vaxt İvanovun tankındakı körpə şirin yuxudan ayıldı və kiçik gözləri ilə tankın içərisindəkiləri seyr etməyə başladı.
İvanov körpənin oyandığını gördükdə:
– Bütün yorğunluğum bununla bitdi, – dedi və süd şüşəsini körpənin ağzına yaxınlaşdırdı. Körpə isə bu süd şüşəsini mehriban bir ananın döşü kimi bərk-bərk tutdu.
Düşmən çəkiləndən sonra kəndə birinci olaraq balaca Vera qayıtmışdı. O, kəndə böyük bir ümidlə gəlmişdi. Onun fikrincə ata-anası hamıdan əvvəl kəndə qayıtmış və evi qızdırmışdılar; çünki faşistlər kəndə girdiyi zaman onlar isti paltar götürməyə, hətta ayaqqabılarını geyməyə belə imkan tapa bilməmişdilər. Vera ayaqyalın idi, meşənin tikanlarında didilmiş ayaqlarını küçələrin buzlu palçıqlarına basdığı zaman titrəyir və ağlayırdı. Qız evlərini tapa bilmirdi. Lakin su budkasının yanından sol tərəfə baxdığı zaman evlərinin yanıb külə döndüyünü görüncə, hönkür-hönkür ağlamağa başladı. Vera bütün gecə-gündüz heç bir şey yeməmişdi, yorğun bədəni soyuqdan donurdu. O, qızınmaq üçün anbarın yanıb oda dönmüş dirəyinin yanında oturdu. Yorğunluq və yuxusuzluq can ağrısına qalib gəldi. Bir neçə dəqiqədən sonra onu yuxu apardı...
Budur, atası çöl işindən təzəcə evə qayıtmışdır; anası nahar süfrəsini döşəyir; sobada qızardılmış qazı, bişmiş kartofu, qıpqırmızı üz bağlamış südü və başqa yeməkləri gətirib masanın üstünə düzdü. Vera smetanı təzəcə soyumuş isti kartofun üstünə tökub qaşıq ilə əzir və yeyirdi. Vera bu ləzzətli xəyali süfrənin başında bəxtəvərlik etdiyi zaman, səhərin şiddətli soyuqları onu daha bir başqa aləmə aparmaq istəyirdi.
Əsən külək və yağan sulu qar Veranın bədənini bir buz parçasına döndərmişdi.
Serjant İvanov balaca bir qızın ölümcül halda tapıldığını eşidərkən sevindi və dərhal: «Körpə ilə məşğul olmaq üçün bu qız göydən düşmə bir ne’mətdir» – deyə qızı öz tankına aldı. Bir az sonra tankçılar İvanovun tankının ətrafına yığışıb gülüşürdülər. İvanov isə barmağını dodağına qoyub:
– Sakit! Sakit! Uşaqları narahat etməyin! – deyirdisə də, buna e’tina edən yox idi. Tankçılar yenə İvanovun tankının arxasına baxıb gülüşürdülər. İvanov bundan şübhələndi. O, dərhal maşından düşüb tankı yoxladı, özü də əlini qarnına qoyub güldü və bir daha tankın arxasına vurulmuş kağız lövhəni oxudu:
«Serjant İvanov adına körpələr evi».
Tanklar irəli hərəkət etmək əmrini almışdılar. Ağır tankın hərəkəti kiçik Veranı və körpəni nazlandırırdı. Hər ikisi şirin yuxu içində idi.
Maşın 30 kilometr getdikdən sonra dayandı: Yemək vaxtı idi.
Vera gözlərini açıb olduğu yerə diqqətlə baxdı, özünü dəmir bir qəfəsin içində gördü. Sonra özünün ağ bir mələfəyə bürünüb uzandığına diqqət verdi. Lakin qarşısında yağ, pendir, ağ çörək, ağzı açılmış konserv qutuları, qızarmış ət parçaları, isti kakao görəndən sonra bunu da bir yuxu hesab edərək iştah ilə yeməyə başladı.
Körpə də üstünü açmışdı. O, təpik ilə Veranın böyründən vurduğu zaman Vera diksinib arxasına baxdı. Körpə ayaqlarını oynadaraq tərpəşəndə, Vera onun üzünə diqqətlə baxdı və dəlicəsinə körpəni qucaqlayıb:
– Vovka, Vovka! Qardaşım? – deyərək bağrına basdı və ağladı. Serjant Veraya ata-anasının faşistlər tərəfindən öldürüldüyünü xəbər vermədi. Ancaq öz arvadına yazdığı məktubda belə bir cümlə var idi:
«Nataşa, səni təbrik edirəm, indi bizim səkkiz yaşında Vera adlı gözəl bir qızımız, dörd aylıq Vovka adlı totuq bir oğlumuz vardır».
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-serjant-ivanov-adina-korpeler-evi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam saat doqquzda miss Hannanı dəhlizdə gözləməli idik, dəhlizə çıxarkən onun bizi gözlədiyini gördük.– Əcəba, siz istirahət etmədinizmi? – deyə təəccüblə soruşdum.
İran CulfasındaAraz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.
Livarcan yaylasına doğruCulfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.
«Şahın bibisi oğlu»Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı.Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı.
Başqa şairlərin şeirləri
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
GəlmədiBaşma döndüyüm, qurban olduğum,Hara getdi baxtı qara, gəlmədi?
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma