Şahqulu bəyin nəvəsi
Səhifə 1 / 3
Mirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi:
– Zəmanənin üzünə lə’nət!
Mirzə bu sözləri dedikdə onun qadını Şeydabəyim xanım da saçlarını daramaqda idi. O, daraqdan təmizlədiyi tük qırıntılarını barmaqlarında yumurladı və üstünə tüpürüb gül qabına salaraq:
– Yenə nə olubdur? — deyə Mirzəyə sual verdi. Mirzə əlindəki bığ çotkasını jiletinin cibinə qoyaraq:
– Bundan artıq nə olacaqdır? — dedi, — Bu dünyada nəcib və alim adamlar üçün iş yoxdur. Gədə-güdə işi alıb əlinə, amma Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazımiç kimi alim, dünya görmüş adamlara iş tapılmır. Axırda mən kənd müəllimliyinə də boyun əydim, onu da mənə çox gördülər. Bilmirəm yaxamız bu əclaflardan nə vaxt qurtaracaqdır?
Şeydabəyim xanım iki əllərini düyüb gözlərini bərəltdi və:
– O qanmaz köpək uşağı səndən də elmli, səndən də qanacaqlı, səndən də tərbiyəli, səndən də nəcib, kimi tapacaqlar? Desinlər görüm mahalda ikinci Şahqulu bəyin nəvəsi vardırmı?
– Bəlkə də vardır, — Mirzə qəmli bir halda dedi, — burnu fırtdıqlının birisi mənə imtahan tutdu «harada müəllimlik qurtarmışsınız»? deyə soruşdu, kağız istədi, mən də ki, bunu tapa bilmirəm. İndi o kağızı mənə kim verər? Bunun üçün də mərkəzdən ağzından süd qoxusu gələn bir uşağı mənim yerimə göndəriblər.
Mirzə Kazım Kazımiç bu sözləri danışarkən qanı vuruldu, o, özünü şaşırdı və nə edəcəyini, yaxud hara qaçacağını bilməyərək qadınına müraciətlə:
– Şeydabəyim, amanın bir günüdür, məni bu haramzadanın əlindən qurtar, — dedi. — Yenə bu həyasız Məşədi Haşımdır. Sən olasan Qulu Soltanın goru gəl bunun qırt-qırtını birkərəlik kəsək getsin.
Şeydabəyim əlini masaya vuraraq:
– Bunu biryerli başından çıxar. Mən heç vaxt qızımı Keçiqulaq kəndinin küçə baqqalına verməzəm. Siz allah bir kişinin namusuna baxın, istəyir ki, Qulu Soltanın nəvəsini itin birisinə versin.
Mirzə Kazım yalvarıcı bir surətdə danışırdı:
– Ay arvad, mən bunların hamısını bilirəm. Bilirəm ki, mənim qızım iki tərəfdən də nəcibdir. Ata tərəfindən Şahqulu bəy, ana tərəfindən Qulu Soltanın nəvəsidir. Amma nə çarə etmək. İl üzünü kişinin dükanından söküb gətirib yemişik. Özünə də qızı və’də vermişik. İndi gərək ya qızı verək, ya inki kişinin pulunu özünə qaytaraq. Bu da ki, bizdə yoxdur. Arvad, sən gəl mənim alış-verişimə qarışma!
Şeydabəyim xanım özündən çıxdı:
– Cəhənnəmə yoxdur, gora yoxdur. Get haradan tapacaqsan tap ver, — dedi.
Şeydabəyim xanımın səsini eşidərək içəri otaqdan qızları Dilrüba xanım da dışarı çıxdı:
– Ana, yenədəmi döyüşürsünüz? Vallah mən ağlayacağam, — deyə ağlamağa başladıqda baqqal Məşədi Haşım da pərdəni qaldırıb başını içəri uzatdıqdan sonra:
– Mirzə, gəlmək olarmı? — deyə səsləndi.
Mirzə Kazım vəziyyətini dəyişdirərək:
– Buyurun məşədi — dediyi zaman əvvəlcə Şeydabəyim xanım, onun dalınca Dilrüba gözlərinin yaşını silərək içəri otağa keçdi.
Məşədi Haşım baqqal evin vəziyyətini gözdən keçirdikdən sonra, börkünü çıxarıb yemək masasının üzərinə atmaqla:
– Mən buna razı deyiləm, — dedi. — Madam ki, qız məni sevmir, bir halda ki, o mənim adım gələndə ağlayır, o zaman bu xeyir işin bir faydası olmaz, o zaman qız mənə gəlsə də, bu xeyir işə razı olsa da, ondan ağız ləzzəti görməyəcəyəm. Yastıq yoldaşı ki, sahibini sevmədi, onun faydası yoxdur. Yaxşı olar ki, mənim haqq-hesabımı verəydiniz, çıxıb gedəydim. Mən daha evlənmirəm.
Mirzə Kazım əlini onun çiyninə qoyaraq:
– Məşədi Haşım, and olsun Şahqulu bəyin qəbrinə qızın səndən ötəri arası yoxdur. Özü də anasını bu barədə tələsdirir, ağlamağı da aramsızlığındandır. Bir də budur ki, indi qızı kimə verəcəyiz ki, səndən artıq olsun? İndi daha bəy yox, xan yox, pristav yox, naçalnik də yoxdur.
Məşədi Haşım baqqal döşünü qabağa verərək əlini arxalığının qoltuq cibinə vurdu:
– İndi xan da mənəm, bəy də mənəm. Pristav da, naçalnik də mənəm; onların yüzünü qoynumdakı bu kisə ilə alıb sataram, — dedi.
Mirzə Kazımın rəngi bir az açıldı, pul söhbəti onu bir az canlandırdı və Məşədi Haşım baqqalı ələ tutmağa, qəlbini ələ gətirməyə başladı:
– Onu mən bilirəm. Bilirəm ki, qızım sənin evində ehtiyac hiss etməyəcəkdir. Buna görə də qızın özü də səni sevir. O ki, qaldı qızın ağlamasına, bunun təmamilə başqa mə’nası vardır. Allah yoxsulluğun evini yıxsın. İnsan ailənin yanında da xəcalətdə qalır.
Mirzə Kazımın bu söhbətində Dilrüba xanım da içəri otaqdan çıxaraq Məşədi Haşım baqqalın yanında bir az dolaşaraq, qayıtdı.
Məşədi Haşım baqqal qızın onu sevdiyini eşitdiyi üçün gözləri qızmış və hali-təbiisindən çıxmışdı. Buna görə də o, Mirzə Kazım ilə əvvəlcə danışdıqlarından peşiman olaraq dedi:
– Mirzə, indi ki, siz məni alçaq könüllük edib öz qohumluğunuza qəbul edirsiniz, o zaman öz sirrinizi məndən gizlətməməlisiniz, hərgah ehtiyacınız varsa yenə də məndə beş-on şahı tapılar. Allah kərimdir. Dünya həmişə belə qalmayacaqdır. Məşədi Haşım da beylə oğul deyil ki, bir parça çörək tapa bilməsin.
Mirzə Kazım pul adı eşidərkən əllərini bir-birinə sürtərək evi bir baş dolaşdı, çotkasını jiletinin cibindən çıxarıb bir kərə bığlarına çəkdikdən sonra Məşədi Haşıma müraciətlə dedi:
– Qızın bu gün anadan doğulan günüdür. Ona bəzi şeylər almaq lazım idi. Əslinə baxasan dava da onun üstündədir. O deyirdi ki, mən burada qalmaq istəmirəm. Köçürün gedim deyirdi.
Məşədi Haşım üzünü divara çevirdi, o, arxalığının döşündən asılan qaytanı bir kərə yuxarı çəkdi və qoynundan göy parçadan tikilmiş bir kisə çıxardı, əlləri titrəyə-titrəyə 10 dana çervon sayıb götürərkən özü-özünə danışdı:
«Sən öləsən, böyük kələyə düşmüşəm. Bu zalım qızını bir təhər söküb bu evdən qoparsaydım yaxam qurtarardı. Mən özüm də bilmirəm, bir ilin içərisində insan neçə dəfə doğula bilər?
Bu il ən azından dörd kərə bunun doğulan gününə xərc vermişəm. Özünə də yüz manat-yüz manat».
Məşədi Haşım pulları Mirzə Kazıma verdikdə Mirzə Kazım:
– Sağlıq olsa bu günlər xeyir işi başa gətirməliyik, — dedi:
– Qız ki, on səkkiz yaşına çatdı, özünün vəkilidir. Keçmişdə adət var idi, şəriət var idi. Allah baisin evini yıxsın. Mən başıma nə kül töküm, qoşulub getdi!
Bu sözləri Mirzə Kazım Məşədi Haşım baqqala deyirdi. Məşədi Haşım qızın əldən çıxdığını eşidərkən daha artıq söz danışmadı, cibindən dəftərini çıxarıb masanın üzərinə atmaqla:
– Eybi yoxdur. Qoy getsin. Hərgah məndən artıq verən varsa, mən mane deyiləm. Lakin mən bu saat haqq-hesabımı alıb gedəcəyəm. Mən daha evlənmirəm, qələt eləyirəm. Gedib öz tayımı taparam. O pula iyirmi pakizə qız alaram. De gətir görək. Mən bu evə daha qayıtmayacağam. Mənə də Məşədi Haşım deyərlər! Mən qənimə qan ağladan bir kişiyəm. Gedənin birisinə əlli manat verərəm, bir dəfə «part», qurtardı getdi. Onda bilər ki, özgənin nişanlısını aparmaq nədir.
Mirzə Kazım vəziyyətin ağırlığını hiss edirdi, qızını Danağıran kəndinin dükançısı Kəblə Hüseynquluya verməyə bilməzdi. Çünki Kəblə Hüseynqulu ilə olan «tanışlıqları» Məşədi Haşım ilə olan əlaqələrindən daha əvvəl idi.
Mirzə Kazım Məşədi Haşımın hiddətini soyutmaq üçün:
– Heç özündən çıxma, — dedi, — qismət belə imiş. Qızın özü də səni sevdiyinə baxmayaraq, birdən-birə dəyişdi, sən onu iki ildir ki, gözlədin, zəhmətini çəkdin, ətək dolusu pul xərclədin, axırda o səni buraxıb başqasına getdi.
Xudavəndi aləmin də istədiyi bu imiş. Nə olsun ki, Dilrüba olmasın onun kiçik bacısı Xanımçan olsun. Özü ondan gözəl, ondan da yaşda kiçik, on yeddi yaşında. Bir il də gözlə, gəl əyalına sahib ol.
Mirzə Kazım bu sözü deyərək qızı Xanımçanı səslədi:
– Qızım, külqabını bura gətir, — dedikdə qız içəri girdi və külqabını gətirib masanın üzərinə qoyub qayıtmaq istədi. Mirzə Kazım qızı səsləyərək:
– Qızım, əmiyə əl ver, — dedikdən sonra qız utana-utana Məşədi Haşıma yanaşaraq əlini sıxdı. Bu halda Məşədi Haşım qarşısındakı güzgüyə baxdı, əlləri ilə saqqalını düzəltməyə başladı və dedi:
– Mən nə deyə bilərəm? Siz mənim böyükümsünüz, özünüz də nəcib və elmli bir adamsınız. İndi ki, məsləhət görürsünüz, mən bir il də gözlərəm, amma belə qanıram ki, balaca xanımın yaşı o qədər kiçik deyildir. Elə indi də xeyir işi bitirə bilərik.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-sahqulu-beyin-nevesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bahar oldu, ey sinədağlı çəmən!Göz aç qəmdən, ey xaki-paki vətən!
Loğmanın vəsiyyətiƏshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.
Ona...Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş,Axırda yaxar zatını yaxdıqların atəş!
Lövheyi-baharƏlminnətəlillah ki, bahar açdı niqabın,Gün çıxdı, üzü güldü gülüstanə səhabın,
Başqa şairlərin şeirləri
Bizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.
Ey aləm, Şəki, arif, QırağEy aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Bir bəxşi-xudadır bu məlahət sənə, dilbərBir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,