Səhifə 2 / 3 · 33%

Mirzə Kazım gülümsəyərək:

– Mənim heç sözüm yoxdur, — dedi, — qızı aparıb necə ki, istəyirsən elə də tərbiyə edib, öz səliqən ilə də böyüdərsən. Ancaq məsələ burasındadır ki, mənim hələlik qız köçürmək halım yoxdur. Görürsən ki, işsizəm. Bir az səbr eləyin, əlim iş tutsun, axı biz də bir adamıq, nə oldu ki, bir neçə ildən bəri kasıbladıq. Bizim bir ad-sanımız vardır. Xalq eşitsə ki, Şahqulubəyin nəvəsini köçürtmək istəyirlər, hər yerdən tökülüb gələcəklər. Xüsusən qız ana tərəfindən də Qulu Sultanın nəvəsidir. Mən istəmirəm xərcin hamısı sənin üstünə düşsün. İndi ki, qızın üstünə sənin kimi bir namuslu adamın adı qoyulur, gərək indidən başlayıb onun əyin-başını düzəltmək və sənin adına layiq bir qız şəklinə salmaq. Özün də bilirsən ki, hələlik mən bunu bacarmayacağam. Mənim o vaxtım deyildir. Sən bilirsən ki, məni zəlzələ dağıdan kimi dağıtdılar. Xüsusən qızın anası Şeydabəyim xanımla da danışmaq və onu bir təhərlə bu məsələyə razı salmaq lazımdır. Hərçənd onun özü də sənin kimi nəcib bir kişi ilə qohum olmağı özünə fəxr bilir, bununla belə yenə də o qız anasıdır. Kürəkəni tərəfindən razı salınmalıdır. Kürəkən də qaynananın məsləhətini əldə etməlidir.

Mirzə Kazım çox uzun danışdı. Məşədi Haşım baqqal isə kibrit qabındakı kibritləri boşaldıb və bir-bir götürərək bir tərəfə qoyurdu. O, Mirzə Kazımın böyük qızına qoyduğu xərci kibrit çöpləri ilə hesab edir və düşünürdü.

Məşədi Haşım baqqal Mirzə Kazımın dediyi sözlərin mə’nasını tamamilə anlayır və bu alış-verişin altına girmək üçün yenə də öz sərmayəsini kibrit çöpləri ilə yoxlayaraq danışırdı:

– Mirzə, sən bilirsən ki, məndə böyük sərmayə yoxdur. Mən kənd dükançısıyam. İndi də ki, dükanı yığışdırmışam, əlimdə olan sərmayə də o qədər böyük deyildir. Sizin qızınıza qoyduğum xərci də ki, bilməmiş deyilsiniz. Hələ sizə borc verdiyim buraya daxil deyildir.

– Buna görə də mən xahiş edərdim ki, bizim balaca xanım vasitəsilə başlayacağımız qohumluq mənim üstümə çox da baha oturmasın. Bir az ucuz başa gətirəsiniz ki, öz sirrimiz öz içimizdə qalsın. Heç kəs bilməsin ki, nəyimiz var, nəyimiz yoxdur.

Mirzə Kazım:

– Belədir ki, deyirsən — söylədi. Lakin böyük işə girən adamlar böyük zəhmət çəkməli və böyük xərc qoymalıdır.

Sən Şahqulu bəy və Qulu Sultanın nəvəsinə evlənirsən, gərək onların işinə layiq də iş tutasan. Mənə borc verdiyin pula gəldikdə, onu da işə girən kimi bir yerdən özünə qaytaracağam; bu günün özündə iş tap, gedib işləyim və maaşımı alan kimi də pulunu qaytarım. Özün bilirsən elmli bir adamam.

Bu məsələnin ucuz qurtarmasına gəldikdə, mən sənin vəziyyətini nəzərə alıram. Bu barədə də sonra danışarıq. Hələlik sabah keçə Xanımçanın ad günüdür, hazırlıq görmək lazımdır.

Məşədi Haşım baqqal kisəsindən iki yüz manat çıxarıb Mirzə Kazımın qabağına qoyarkən öz ürəyində:

«Hələ bu birinci ad günü...» — dedi.

Bu gecə Keçiqulaq kəndinin ağsaqqal, qolçomaq və həmpaları bir yerə yığılıb məsləhətləşirdilər. Onların içindən Təhməzqulu söz alıb:

– Kolxozluq başlanır, — dedi, — əvvəla budur ki, bizi kolxoza qoymayacaqlar.

Hamı bir səslə:

– Qoysalar da bizim üçün əlverişli olmayacaqdır. Belədir Məşədi Təhməzqulu, belədir ki, var — dedilər.

Məşədi Təhməzqulu yenə də sözü davam etdirərək:

– Qoymayacaqlar, — dedi, — hərgah qoysalar da, yoxsul kəndliləri bizə yedək verəcəklər və deyəcəklər ki, siz öz mallarınızla gəlin, onlar boş əllərilə gəlib sizə şərik olsunlar. Baş kənddə də, Həsənqara kəndində də, Çamuşbatan kəndində də, Quzuburnu və Sarıdərədə də belə olmuş.

Məclisi sükut bürüdü. Hər kəs bu vəziyyətdən necə və nə cürə qurtarmaq haqqında düşünərkən Məşədi Təhməzqulu yenə də sözünə davam edib danışdı:

– Gərək biz elə bir adam tapaq ki, bizim özümüz üçün kolxoz düzəltsin, hökumət də gözünü açıb görsün ki, Keçiqulaq kəndi hamıdan qabağa düşüb kolxoz düzəltmişdir. Bu barədə də bizə bir dil bilən və yol göstərən adam lazımdır ki, özünün torpaq işindən də başı çıxsın. Bizim dilimizdən hökumətə ərizə yazsın və işin başı üstündə durub yerbəyer eləsin, hərgah biz bir az da səbr etsək gədə-güdə qabağa düşüb kolxozu düzəldəcək, hökumət də bizim əlimizdəki torpaqları alıb onlara verəcəkdir.

Məşədi Təhməzqulu sözünü davam etdirərkən, Məşədi Haşım baqqalın başında yeni bir fikir oynamağa başladı və onun yadına Mirzə Kazım Kazımiç düşdü. O, həm Mirzə Kazım üçün iş tapmaq, həm də ona verdiyi borc pulları qaytarmaq üçün əlverişli bir fürsət ələ düşdüyünü gördü və sözünü belə başladı:

– Siz bilirsiniz ki, mənim o qədər torpağım yoxdur, mən alış-verişçiyəm. Haqq-hesabı yaxşı bilirəm. Yağı dərisindən, pendiri küpəsindən, yaxşı bezi qırağından tanıyıram. Buna görə də mənim kolxoz haqqında düşünməyim artıqdır. Çünki mənim var-yox Qarayal üstündə 25 batman, Tülkü yatağı yanında isə 30 batmanlıq yerim vardır.

Amma mənim sizə yazığım gəlir, çünki hər biriniz Keçiqulaq kəndinin böyük bir həmpasısınız. İkiyüzüçyüz batmanlıq da torpağınız vardır. Bunun üçün də mən sizə bir yaxşılıq etmək xəyalına düşmüşəm. Bu iş şübhəsiz ki, məndən aşacaqdır. Sizin yaranıza məlhəm qoyan mən olacağam. Mən Qırdığaç kəndində bir bacarıqlı adam tanıyıram, bu işləri düzəltsə ancaq o düzəldəcəkdir. Özü də çox nəcib bir adamdır. Şahqulu bəyin nəvəsidir. Hər elmdən də başı çıxır. Torpaq işini də lap gözəl bilir. Mən gedib onu bir təhər razı salıb gətirərəm. Hərgah o, bu işə razılıq versə ondan oyana sizin işiniz yoxdur.

Bu söhbətdən məclisdə oturan bütün qolçomaqlar Məşədi Haşımdan razı qaldığını bildirdi. Aralıqda həll edilməmiş bir məsələ varsa, o da Mirzə Kazımı Keçiqulaq kəndinə dəvət etmək şəraitindən ibarət idi. Buna görə də Məşədi Təhməzqulu Məşədi Haşıma belə bir sual verdi:

– İndi de görüm onu bura necə gətirəcəyik? — dedikdə Məşədi Haşım:

– Bax, mən sizə indidən xəbər verirəm. O kişinin başını qaşımağa macalı yoxdur. Səhərdən axşama kimi qapısı camaatla doludur. Hər kəsə nə lazımsa məsləhətini gəlib ondan alır. Buna görə də onun qulluğuna əliboş getmək olmaz. O da xırda pullara ağız bulaşdıran adam deyil.

Çox məsləhətdən sonra, Məşədi Haşım min manat pulu qoynuna qoyub səhər tezdən Qırdığaç kəndinə getməyi öhdəsinə götürdü.

Bu gün Keçiqulaq kəndinin qolçomaqları üçün tarixi bir gün hesab olunurdu. Onlar Mirzə Kazım Kazımiçin bu gün kəndə gələcəyini eşidib böyük bir hazırlıq görmüşdü. Qolçomaq və onların dalınca gedən bir çox avam kəndlilər səhər tezdən dəyirman arxının yanında toplanıb Mirzə Kazımı gözləyirdi.

Qabaqdan görünən hər bir qaraltı Keçiqulaq kəndinin qolçomaqları üçün böyük ümid və hədsiz bir şadlıq verirdi.

Nəhayət iki saat gözlədikdən sonra Ayı qayası adlı təpənin başından iki nəfər qaraltı görünməyə başladı, qaraltılar böyüdükcə qolçomaqların varlığında hökm sürən ümidlər və xülyalar da böyüməyə başlayırdı. Qaraltı yaxınlaşdı, onların birisi Məşədi Haşım baqqal, ikincisi isə Mirzə Kazım Kazımiç idi.

Dəyirman arxına bir az qalmış Məşədi Haşım mindiyi boz yabanı qamçılayıb kəndlilərə yaxınlaşdı və atının üstündən başını əyib qolçomaqlara yavaşdan dedi:

– Özünüzü yaxşı aparın. Mirzə hələm-hələm adamlardan deyil. Məbada artıq-əskik söz danışasınız. Yoxsa bu saatda hər şeyin üstünə tüpürüb qayıdar.

Məşədi Haşım bu sözü dedikdən sonra yenə də atının başını çevirib Mirzə Kazıma yanaşdı və ona da bəzi məsələləri çox yavaşdan dedi:

– Birinci növbədə bunların gözünün odunu söndürməlisiniz. Özünüzü çox ağır tutun, — dedi. — Bəzi elmlərdən də bunlara nişan verin. Torpaq işlərinə, maldarlığa və s. işlərə dair də danışın. Amanın günüdür, özünüzü yaxşı aparın, mən hamısını deyə bilmərəm. Söz yoxdur ki, mən dediyimi sən özün anlayırsan.

Camaata yaxınlaşdılar, bütün qolçomaqlar Mirzə Kazıma baş əydi, Mirzə Kazım isə başı ilə onları salamladı. Mirzə Kazım birinci növbədə qolçomaqlara adi adamlar şəklində görünmədi, onun daşıdığı libas və qiyafənin hər xırda cihəti qolçomaqların diqqət-nəzərini cəlb edirdi. Əvvəla o, başında yanları göy mahud furajkasının üstünə bir dənə çiçək şəkli yapışdırmışdı ki, bu furajka da onun pristav yanında dilmanc olduğu zamandan qalırdı. Çiçək şəkli onun nəbatat alimi olduğuna işarə idi. Onun döşündən sallanmış qaytanların birisi eynəyini, ikincisi saatını, üçüncüsü ucu gümüşlü daş qələmini, dördüncüsü isə furajkasını küləkdən qorumaq üçün idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri