Səhifə 3 / 3 · 67%

O, sağ tərəfdən bir durbin və sol tərəfdən balaca bir sumka asdığı kimi döşündə də bir balaca kompas (qiblənuma) sallamışdı.

Qolçomaqların diqqət-nəzərini cəlb edən şeylərdən birisi də Mirzə Kazım Kazımiçin xurcunundan görünən kitablar idi. Onun uzunboğazına taxdığı sim qamçı, qulağının dalısına qoyduğu daş qələm, Məşədi Haşım baqqalın götürdüyü dolu portfel, mirzənin əllərinə taxdığı dəri əlcəklər, xüsusən üstündəki cürbəcür nişanlar da qolçomaqların gözündə ümidverici bir surətdə böyüməkdə idi. Əvvəla, komsomolun «KİM»-dən qabaq daşıdığı nişanı pəncəyinin sol yaxasına taxmışdı, çünki bu, Mərkəzi İcraiyyə Komitəsi üzvlərinin nişanlarına çox oxşayırdı.

Nişanlardan, şəhər ilə kənd əlaqə cəmiyyəti, MOPR, Könüllü kimya cəmiyyətinin nişanları, həmkarlar ittifaqlarının payladığı cürbəcür nişanlar bir tərəfində, digər tərəfində də rəhbərlərin xırda-xırda surətləri asılmışdı.

«Ovçular», «Siyahətçilər», «Qızıl aypara» nişanlarından bir neçəsini də döşündə yer olmadığı üçün jiletinin yaxasına düzmüşdü.

Atlar çox yavaş-yavaş gəlir, qolçomaqlar da piyada olaraq, sağda və solda yürüyürdü. Məşədi Haşım baqqal isə atını o tərəf bu tərəfə döndərib qolçomaqlara yanaşır və özlərini yaxşı aparmaq tövsiyəsində bulunur, Mirzənin nişanlarının haqqında məlumat verirdi. Qurbanəli zəmisinin yanındakı söyüdlüyə yetişdikdə Mirzə Kazım əli ilə qolçomaqlara işarə edərək:

– Durun! Dayanın! — dedi.

Mirzə Kazım durbini qabından çıxartdı və cibindəki burun dəsmalı ilə durbinin şüşələrini təmizləyərək söyüd ağacının dibində düşən quşu gözdən keçirməyə başladı. O, bir neçə saniyə baxdıqdan sonra üzünü qolçomaqlara dutaraq:

– Böyük bir kəşfiyyat, — dedi, — bu quş, Şimal və Şərq məmləkətlərində görüləsi quşlardan deyildir. Bu quş elmi nöqteyi-nəzərdən çox əhəmiyyətli bir quşdur.

Mirzə Kazım bunu deyərək atdan düşdü və xurcunundan olduqca köhnəlmiş bir kitab çıxartdı. Kitabda müxtəlif quş şəkilləri var idi. O, kitabı uzun zaman vərəqlədi, axırda barmağını qanadlarında sarı xallar və dimdiyinin ucunda noxud yekəliyində bir ziyil göyərmiş quşun üzərinə qoyaraq: özüdür ki, var, — dedi, — bu quşun adına yunanca «Baklida» quşu deyərlər. Bunlar Cava və Sinqapur adalarında yaşayırlar, həmişə Tridau çayının yanındakı qara istiyot ağaclarında yuva bağlayıb yaşayır, yedikləri də Qrandik bataqlığının yanlarında otlayan dişi meymunların beynidir.

Buna görədir ki, quşun vücudu sarıya mayildir. Çünki bütün dişi meymun kimi beyni də sarıdır. Bu quşların erkəyi olmaz. Onlar ancaq Siyam adalarında olan «Sırındaq» adlı quş ilə çütləşirlər.

Bu sözlərdən sonra Mirzə Kazım durbini Məşədi Təhməzquluya verdi, o da quşu nəzərdən keçirərək indiyə qədər bu rəngdə quş görmədiyini oradakı qolçomaqlara da söylədi.

Hamısı bir-bir alıb baxdıqdan sonra Mirzə Kazım durbini Məşədi Haşım baqqala verdi. Məşədi Haşım quşa baxdı və öz-özünə düşündü: çünki quşun rəngi sarıya mail olsa da vücudunun quruluşu və xüsusən onun quyruğu tamamilə sağsağana bənzəyirdi. Məşədi Haşım şübhələndi, durbini çevirib baxdıqda Mirzə Kazımın dəsmalından durbinin şişələrinə yapışan sarı burun otu parçalarını götürüb şübhədən çıxdı. O, heç bir söz demədən durbini Mirzə Kazıma qaytararaq:

– Afərin olsun Mirzənin elminə, — dedi və yavaşdan Mirzənin qulağına bu sözləri pıçıldadı: — Yaxşı ki, burun otu parçalarını görmədilər. Tez durbini qoy yerinə.

Mirzə Kazım durbini qabına qoyduqda bir daha üzünü qolçomaqlara çevirərək:

– Bu durbin də tarixi bir durbindir. Bu durbin almanlarla fransızların Sedan davasında Napolyonun əlində olmuşdur. Bismark Napolyonu əsir götürdüyü zaman ara qarışıb, durbin faytondan düşüb çöldə qalmışdır. Biz dərsimizi Almaniyada bitirib Şvetsariyada «Qarada» meşələrinə təcrübə dərslərinə getdiyimiz vaxt, həmin bu durbini bir kəndlinin evində görüb on səkkiz qızıla aldım.

Qolçomaqlar Mirzə Kazımın xaricdə təhsil etdiyini eşidərək daha da geniş ümidlərə daldı. Məşədi Haşım isə yenə də xoruzlanaraq:

– İndi görürsünüz ki, Məşədi Haşım bir kənd dükançısı olduğuna baxmayaraq elmli və mə’rifətli adamlarla tanışdır. Rəhmətlik atam da belə idi, ətrafdan gələn bütün qonaqlar dəllək usta Gənbərin evini soruşub atını düz doğru qapımıza sürərdi.

Mirzə Kazım durbini yenə də yanından asdı və haman quşun qonduğu yerə irəliləməyə başladı. Məşədi Haşım və qolçomaqlar da onun dalısınca düşüb gedirdi.

Quş uçub getmişdi. Lakin onun qonduğu yerdə qurumuş bir uzunqulaq təzəyi var idi. Mirzə Kazım uzunqulaq təzəyini diqqətlə nəzərdən keçirdikdən sonra qolçomaqlara dönərək:

– Keçiqulaq kəndi adi kəndlərdən deyilmiş, — dedi, — bu təzəyin özünü də elmi nöqteyi-nəzərdən tədqiq etdikdə görəcəksiniz ki, bu da adi «uzunqulaqların» təzəyindən deyildir, təzəyin mənsub olduğu heyvan Hindistanda, Sində nəhri sahillərində yaşayan «Şiraşyan» qəbilələrinə məxsus uzunqulaqlardandır. Bunların adına «Şərqlan» uzunqulağı deyirlər.

Qolçomaqlar heyrət içərisində qaldığı vaxt Mirzə Kazım da yanındakı sumkasından bir şişə aləti çıxarıb təzəyi yoxladı və sonra təzəyə kibrit vurub odlayaraq qolçomaqlara döndü:

– Fikrim doğru fikirdir, — söylədi, — təzəkdə Hindistanda «Dərəmida» meşələrində göyərən «toban» kəbələyinin maddələri vardır. «Toban» kəbələyi maddələrindən əlavə burada Dehli səhralarında göyərən «məlatu» adlı otların çöpləri də görünür.

Mirzə Kazım atına mindi, Məşədi Haşım da atını yedəyində sürərək, qolçomaqlarla bərabər gedir və Mirzə Kazımın alim adam olduğu barəsində danışırdı.

Qara torpaq üstünə yetişdilər. Mirzə Kazım torpaqdan bir ovuc alıb qoxuladı və fikrə getdi və bir azdan sonra torpağı yerə ataraq:

– Qəribə torpaqdır, — dedi, — bu torpaq İngiltərədə Mançestr məmləkətinin torpağındandır. İngilislər bu torpaqda Mançestr toxucu fabrikalarına vermək üçün yun əkirlər.

Mirzə Kazımın bu sözündə Məşədi Təhməzqulu təəccüblü surətdə Mirzə Kazıma sual verdi:

– Məgər yunu torpaqda əkmək mümkündürmü? Halbuki, biz yunu qoyunlardan qırxırıq.

Mirzə Kazım gülərək:

– Bir halda ki, torpaqda yun əkmək mümkündür daha allahın heyvanlarına nə üçün əziyyət vermək? — dedi.

Məşədi Haşım qolçomaqların şübhələnməsi və Mirzə Kazımın böyük səhvini görərkən aralığa atılıb:

– Hələ Mirzədən bir çox eşitmədiyiniz elmləri görəcəksiniz, — dedi.

Keçiqulaq kəndinin yoxsulları tərəfindən şəhərə bu məzmunda bir məktub göndərilmişdi: «Biz çoxdanbəri kolxoz düzəltmək və ortabab kəndlilər ilə əlbir işləmək istəyirdik.

Lakin qolçomaqlar bizim hər bir işimizə əngəl törədirlər. Əvvəl qolçomaqlar bizdən qabağa düşüb kolxoz düzəltmək və öz yaxalarını qurtarmaq istəyirdilər. Hərgah belə olsaydı çox mənfəətli idi. Çünki onların əlindəki mal-qara da dağılıb itməzdi.

Lakin Məşədi Haşım baqqalın vasitəsilə Qırdığaç kəndindən çağırılan Mirzə Kazım qolçomaqların başına ayrı cürə fikir qoydu.

Qolçomaqlar onun məsləhətinə görə, bütün mallarını satdılar. Ortabablar da onların tə’sirinə düşüb iş mallarını tələf edirlər. Hərgah bir az da belə getsə kənddə bir dənə qara mal qalmayacaqdır.

Qolçomaqlar Mirzə Kazımın məsləhətinə görə, bütün malları tələf elədikdən sonra hökumətə ərizə verib kolxoza girmək xəyalındadırlar.

Məşədi Haşım baqqal böyük pul qazanıbdır. Bütün iş malları onun vasitəsilə satılır.

14 yanvar 1931-ci il.

Keçiqulaq kəndinin yoxsulları.

Bu məktub şəhərə göndərildiyi vaxt yenə də Məşədi Haşım öz eşqbazlığında idi. O, bu gün təzə nişanlısı Xanımçanın altıncı ad gününü keçirirdi.

O, əlində zənbil içəri girdikdə, Mirzə Kazım Kazımiçin otağı qadınlar ilə dolu idi. Mirzə Kazım irəli keçib Məşədi Haşımı Nazlıça xanıma təqdim edərək:

– Bu cənab mahalımızın məşhur tacirlərindən Ağa Məşədi Haşımdır, — dedi. — Bundan da sonra Mirzə Kazım Nazlıça xanımı ona təqdim eyləyərək: — Bu xanım da bizim kiçik əmimiz oğlu İldırım bəyin xanımıdır. Ərini iki ildir ki, sürgünə göndəriblər.

Şeydabəyim xanım da otağa daxil olub yanındakı gənc qadını Məşədi Haşım ilə tanış elədi:

– Bu Xuduş bəyin nişanlısıdır. Əri on bir ildir ki, İrana qaçıbdır, — dedi.

Məşədi Haşım artıq Mirzə Kazım Kazımiçin qızı Xanımçanı tamamilə unutmuşdu. O, bilmirdi ki, hansı qadınla danışsın və onların hansı birisi ilə otursun.

Çünki Mirzə Kazımın evinə yığılan qadınların hamısı tacir Məşədi Haşım ilə maraqlanırdı. Onların hər birisi Məşədi Haşımı bir cürə əyləndirir və ruhunu oxşayırdı.

Nazlıça xanım:

– Mən kişinin cavanını sevmirəm. Cavan kişi qadını lazımınca anlaya bilməz, — dedikdə, Püstsədəhan xanım:

– Mən bədəni tüklü kişini çox istərəm. Kişiyə nərmənaziklik heç də yaramır — dedi.

Gülpirəhən xanım tamamilə başqa cürə danışdı. O:

– Kişi gözəl olmamalıdır. Kişidə bir qara-qabaqlıq lazım — söylədi.

Qönçədəhan xanım gülərək:

– Heç biriniz anlamırsınız, kişi olduqca fikirli, qaş-qabaqlı və etinasız olmalıdır, — dedi.

Bütün bu sözlər Məşədi Haşımı məşğul etmək üçün idi. Məşədi Haşım yumşaq divanın üstündə oturub bu sözləri dinləyirdi. Onun yanında, qarşısındakı kürsülərdə oturan xanımlardan başqa ayaq üstündə durub ona baxanlar da var idi.

Məşədi Haşım danışıqların cavabında ancaq bircə söz dedi:

– Məncə kişidə pul və pul qazanmaq üçün qabiliyyət olmalıdır. Bu sözlər Məşədi Haşımın ağzından çıxarkən Şeydabəyim xanım:

– Allaha çox şükür olsun ki, bunların ikisi də Məşədidə vardır, — dedi.

Bu söz Şeydabəyim xanımın ağzından çıxan kimi yanlarda oturan, qarşıda duran bəy qadınlarının vəziyyəti dəyişdi, bu vaxt onlar özlərini Məşədi Haşıma cürbəcür vəziyyətdə göstərməyə çalışırdılar.

Qramofon çalındı, rəqs başlandı, Məşədinin sevgilisi Nazlıça xanım yenicə oynamağa başlamışdı ki, Məşədi Haşım onun ayağı altına 20 çervon kağız para tulladı və məclisdə oturan bəy qadınlarının diqqətini daha da özünə cəlb eylədi. Lakin bu şadlıq davam edə bilmədi, rəqs salonunun «havası» çox tez dəyişdi.

Sürgünə göndərilənlərin içərisində Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazımiçin ailəsinin arabası ən qabaqda gedirdi. Bu arabanın dalınca Keçiqulaq kəndinin qolçomaqları, ən dalda gedən arabada isə Mirzə Kazım ilə Məşədi Haşım baqqal oturmuşdu.

Yanlarda gedənlər və sürgünə göndəriləndələri stansiyona yola salanlardan birisi, Mirzə Kazımın Məşədi Haşıma dediyi bu sözləri eşitdi:

– Mən Şahqulu bəyin nəvəsiyəm. Sözüm sözdür. Xanımçanı səndən başqa heç bir kəsə verməyəcəyəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri