Səhifə 2 / 2 · 50%

O, Səttar xanın sosial-demokrat rəhbərliyindən razı qalmaması və özbaşına işləməsini, bununla da başıpozuqluq törənməsini xəbər verdi. Mən buna inanmadım, çünki bunların qatı millətçi və dinçi olduqlarını bilirdim. Aydın paşa türklərin də bu inqilaba məhəbbət bəslədiyini və lazım olursa canlı qüvvə ilə kömək edəcəklərini xəbər verib şadlandı. Səlmaslı Səidin Van şəhərinə getdiyini və bu dostluğun yaxşı nəticə verəcəyini deyərək ayrıldı.

Yolumuza davam etdik. Nina yenə də soruşdu:

– Siz hamını tanıyırsınız. Sizi də hər kəs tanıyır. Təəssüf olsun ki, buraya qədər yoldaşlıq etdik, lakin sizin kim olduğunuzu bilmədik. Bu isə bizim üçün təəssüf ediləcək bir haldır. Bizə bu qədər əhəmiyyət verən, bizi çətinlikdən qurtaran bir adamı tanımamaq bizim üçün, doğrudan da, bir nöqsandır.

Mən bu sözləri cavabsız buraxa bilməzdim, çünki məni öyrənmək istəyən qızın haqqımdakı şübhələri daha artmış olurdu. Cavabını verdim:

– Çox az sərmayə ilə ticarət edirdim. Çox yaxşı qazanırdım. Son zamanlarda işim tamamilə düzəlmişdi. Lakin Təbriz–Culfa yolları şuluq olduğundan ticarət karvanlarını tez-tez talayırlar. Bütün var-yoxumu apardılar. Siz gördünüz ki, karvanlar ancaq müsəlləh qüvvə ilə hərəkət edə bilir. Bu isə hər bir xırda tacirə mümkün deyildir. Nə isə, indi əlimdə bir şey qalmamışdır. Gedən mallarımın haqqında çalışmaq üçün Təbrizə gedirəm.

Qızların hər ikisi düşündü. Təəssüf etdilər. Nina çox mütəəssir bir halda:

– Bəlkə də, rus general-konsulu sizə yardım göstərə bilər, – dedi. – Mümkün olduqca mən çalışaram. Bəlkə, sizi konsulun yanına da apara bilərəm.

– Çox təşəkkür edirəm.

– Bu atlılar kimdir?

– Bunlar mülkədarlar və xanların atlılarıdır. Bunlar mülkədarların əmri ilə silah altına yığılan kəndlilərdir. Hər kəsin atı özünündür. Silahlar isə ağanındır. Atların və atlıların gündəlik məsarifinə gəldikdə, olduqları və getdikləri yerlərdə rəiyyətlərin öhdəsindədir.

– Mülkədar və xanlar bunları nə üçün saxlamışlar?

– Bunlar ağaların kənd üzərindəki hüququnu müdafiə edir. Məcburi vergiləri və fövqəladə qanunları həyata keçirir, kəndli üsyanlarını boğur, eyni zamanda qonşu mülkədarla ixtilaf çıxdığı zamanda müsəlləh vuruşmaya da çıxırlar.

– Bəs hökumət buna nə deyir?

– Hökumət bunların özüdür, çünki torpaq da, rəiyyət də bunların ixtiyarındadır.

– Hazırkı inqilab bunun üstündəmi gedir?

– İnqilabın səbəbləri ilə çox tanış deyiləm. Ehtimal ki, başlıca səbəblərdən birisi də budur.

– Elə isə inqilab hərəkatı çox güclü və mütəşəkkil bir surətdə getməlidir, çünki kütlə çox böyükdür.

Böyük qız Ninanın sözünü kəsib qəti bir baxışla sözə başladı:

– Hərgah vuruşmalar torpaq üstündə isə çox uzun çəkəcəkdir. Bu ixtilaf Avropada çox uzun bir zaman hökm sürmüşdür. Lakin bu yerin şəraitini bilmədiyim üçün bu xüsusda yenə də qəti bir söz deyə bilmərəm.

– Torpaq məsələsi burada bambaşqadır. Torpaq üstündə başlanan bu hərəkatın boğulmasına yalnız mülkədar, hökumət deyil, eyni zamanda ruhanilər də kömək edirlər.

– Bu nə üçündür? Ruhaninin torpaqla nə kimi əlaqəsi vardır?

– İranda ruhaninin özü də mülkədardır. Bunun üçün də mülkədar və müctəhidlər hər bir torpaq hərəkatının boğulması işində birinci rolu oynayırlar. Belə bir şərait ortalıqda ikən torpaq üstündə heç bir inqilab ola bilməz, çünki kəndlilər də avamdır. Kəndlilərin bir çoxu yalnız torpaqla deyil, din və əqidə cəhətincə də mülkədar müctəhidlərə bağlanmışlar. Dinin pərdəsi gözlərini elə qapamışdır ki, onlar torpaq məsələsini aralığa belə atmaq istəməz, çünki belə bir halda onlar təqlid etdikləri müctəhidin əleyhinə qalxmış olacaqdır.

İranda başqa bir hal vardır ki, o da bütün torpaqların hakimi olan padşahın kənd alması və özünü bir mülkədar şəklinə salmasıdır. Bu vəziyyətin özü də torpaq məsələsinin həll olunması işində əngəl törədir. Heç bir kəs bu məsələni aralığa atmağa cürət etmir, çünki hərəkatın heç bir yerdən kömək ala bilməyəcəyini anlayır. Məsələn, bugünkü Məhəmmədəli şahı götürmüş olursaq, yalnız Azərbaycanda əlliyə qədər kənd almışdır. O, bir tərəfdən padşah, o biri tərəfdən də böyük mülkədardır. Bunun üçün də İranda başlanacaq üsyanlara və torpaq üstündə çıxacaq hər bir hərəkata qarşı güclü bir qüvvə qoyulur: padşah, ruhani və mülkədar. Bu səbəbdən də İrandakı torpaq məsələsini Avropada başlanmış torpaq ixtilafı ilə müqayisə etmək çətindir.

Nina əllərini bir-birinə vurub:

– İran xalqı nə qədər avam və məzlum xalq imiş? – dedi. – Sonra yenə də mənə müraciətlə sözünə davam etdi: – Əbəs yerə siz deyirsiniz ki, mən inqilabın səbəblərini bilmirəm. Siz İranı çox yaxşı tanıyırmışsınız. Sizin məlumatınız heç də tacir biliyinə bənzəmir. Məncə, tacir heç vaxt bu kimi incə nöqtələrlə maraqlanmaz. Tacir ancaq iki şey bilər: o da zərər, bir də mənfəət. Siz isə siyasi məsələlərdən danışırsınız.

– Mən kim və nəçi olduğumu isbat etmək üçün sizi rahatsız etməyəcəyəm. Mən İran tacirləri ilə çox görüşmüşəm; onların çoxu da məşrutəçi sosial-demokratlardır. Bunu başqaları da mənə söyləmişdir. Mən eşitdim ki, hətta inqilabın rəhbərliyi də proletar əlində deyildir. Mən bu cür alış-verişçi inqilabçıların sosial-demokratlığı öz mənafelərinə uyğun bir şəklə salmaq istədiklərini də eşitmişəm. Əlbəttə, bu kimiləri torpaq inqilabı baş verdiyi vaxt İran kəndlisini də atar və sata da bilər.

– Əcəba, həqiqi inqilabçılar nə işlə məşğuldur?

Deyə bilmərəm. Onların içərisində olmamışam. Mən ancaq bunu deməliyəm ki, bu inqilaba yalnız sosial-demokratlar deyil, onlarla heç bir əlaqəsi olmayan ünsürlər də qoşulmuşdur.

– Nə üçün? Əcəba, bunları həqiqi sosial-demokratlar nə üçün öz sıralarına buraxır?

– İnqilabçıların, məncə, bu cür işləri araşdırmağa vaxtı ola bilməz. İnqilabçı sosial-demokratlarla əlaqəsi olmayan xırda burjuaziya belə, bu inqilaba qoşulmuş və hərəkatın güclənməsinə yardım etmişdir. Hətta şahdan, yerli hökumətdən, əks-inqilab sırasında gedən nüfuzlu adamlardan da narazı qalanlar Səttar xan hərəkatına yardım etmişdir.

– Ola bilməz!

– Hər yerdə olduğu kimi, burada da olurmuş. Məsələn, mən belə bir şey eşitdim. İndi icazə varsa, eşitdiklərimdən birini deyim. İndiki padşah bir az əvvəl Təbrizdə vəliəhd olduğu vaxt Mir Manaf adlı məşhur bir sərrafın kiçik oğlunu apartdırıb namusuna toxunmuşdu. Mir Manaf böyük tayfalı bir adamdır. Tayfası da xırda bankirlərdən ibarətdir. Bunlar Məhəmmədəlidən intiqam almaq üçün əlverişli bir vaxtı gözləyirdilər. Nəhayət, o vaxt yetişdi. Kütlələr Məhəmmədəliyə qarşı üsyan qaldırdılar. Mir Manaf da öz tayfası ilə bərabər bu hərəkata qoşuldu. Doğrusu, mən bu məsələ ilə çox maraqlanıram. Təbrizə getsəm, bunu lazımi qədər öyrənməyə çalışacağam. Amma, deyilənlərə görə, hazırda inqilab genişləndiyi və ümumi mənafeyi yerindən sarsıtdığı üçün Mir Manafla bərabər bir çox xırda burjuaziya və ruhanilər də əks-inqilab qərargahına keçmişlər. Burasını da Təbrizdə öyrənməliyik. Hər halda mən indi bilirəm ki, bu inqilab çox maraqlı bir şeydir.

Söhbət çox dərin getmişdi. Mən hiss edirdim ki, qızların düşüncəsi bu sözləri əhatə edə bilmir və mənimsəməkdə aciz qalır, çünki Nina çox dərin düşüncəyə dalmışdı.

Mərənd şəhəri görünürdü. Hər birimiz şəhərin ətrafını, bağları və şəhərdənkənar xırda məhəllələri gözdən keçirirdik. Söhbətin arası kəsilmişdi. Küçələrə girdikdə böyük-kiçik faytonumuzun ətrafına toplaşmışdı. Yorğun atlar çox yavaş gedirdi. Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər.

Çox qəribə səslər eşidirdik.

– Məhəmmədağa, matuşkalara bax!

– Ağabala, qoyma gəldi.

– Böyükağa, maldı ha!

– Ağabala, oyandakına bax!

– Məhəmmədağa, əsl mən deyəndir...

Bu cür səslərdən çox eşidirdik. Eşidilən səslər göstərirdi ki, Mərənd şəhərində Ağabala, Məhəmmədağa, Böyükağa adını daşımaq çox böyük adətdir.

Bizi Şüca Nizamın mehmanxanasına qədər yola saldılar. Şeylərimizi götürüb pillədən yuxarı çıxıncaya qədər «matuşkaya bax» səsini eşidirdik.

Mehmanxana çox təmiz deyildi. Lakin yenə də rahat olmaq üçün əlverişli idi. İki otaq götürdük. Şam etmək və çay içmək üçün qızlar da mənim otağımda idilər. Samovar qaynaya-qaynaya gətirildi. Çaya lazım olacaq şeylərin hər birini bir adam gətirirdi. Şeyləri gətirənlərin hər birisi müəyyən bir söz soruşmamış geri qayıtmırdı. Örtülü istintaq bitəndən sonra biz çay içməyə başladıq. Fəqət yenə də qapını açıb örtənlər vardı. Bunlardan hamısı Şüca Nizamın (Mərənd general-qubernatoru) xəfiyyələri idi. Təbrizə nə kimi adamlar getdiyini öyrənməyə çalışırdılar.

Çaydan və yeməkdən sonra vəsiqələri də yoxlamağa gəldilər. Qabaqca qızlar öz vəsiqələrini verdilər. Vəsiqə yığanlar oxuya bilmirdi. Oxumaq üçün mənə təklif etdilər. Oxudum, rus konsulxanasına getdiklərini söylədim. Ehtiram etdilər. Başlarını əyib «əfv edin» deyə bayıra çıxdılar. Mənim vəsiqəmi soruşmadıqları kimi, daha qapını da tez-tez açıb baxmaqdan vaz keçdilər.

Səhər tezdən qalxıb yola düşmək lazım idi. Axşam yeməyini saat 10-da bitirib yatmağa hazırlaşdıq. Qızların otağı möhkəmdi. Mənim otağımla yan-yana idi. Qorxmurdular. Qapını içəridən bağlayıb yatdılar. Otaqların kirayəsini və yemək xərcini axşamdan verib otağımıza qapandıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Leyli və Məcnun dastanı

Şirvan xaqanı tərəfindən Gəncəyə bir heyət gəlmişdi. Atabəy Məhəmmədin Gəncə səyahətinə çıxmasını eşidən Şirvan xaqanı Atabəyi istiqbal etmək üçün aparılacaq hazırlıqda iştirak etmək arzusunu irəli sürmüşdü. Buna görə də hələ Atabəy Təbrizdən Şimali Azərbaycana hərəkət etməmişdən əvvəl Şirvan xaqanı başda Nəcməddin olmaq üzrə Gəncəyə böyük bir heyət göndərmişdi ki, bununla da xaqan Atabəyə qarşı bəslədiyi dostluq duyğularını nümayiş etdirmək istəyirdi. Heyətin sədri Nəcməddin Gəncəyə gəldiyinin ikinci günü, Nizamiyə belə bir məktub göndərmişdi:“Möhtərəm və sənətkar şair!

19 dəq
Hiylə

Atabəy Məhəmmədi istiqbal etmək üçün düzələn təntənə olduqca mütəşəkkil keçdi. Atabəyi görmək və ona şikayət etmək, hətta əlini yuxarı qaldırıb ərizəsini göstərmək heç bir kəsə mümkün olmadı. Qarabağdan Gəncəyə qədər olan yolların ətrafında düzülüb təzə hökmdarı ziyarət etmək arzusunda olan on minlərcə əhali hələ Atabəy gəlib keçmədən öz evlərinə, öz kəndlərinə qayıtmağa məcbur oldular. Çünki Qarabağdan Gəncəyə qədər olan yol üzərindəki kəndlilərin bir çoxu həbsə alınmışdı.“Atabəyə sui-qəsd etmək üçün gizlin bir cəmiyyət var imiş” – deyə hər tərəfə şayiə buraxılmışdı. Bu şayiələrin dalınca da “gizli cəmiyyətin üzvüdür” – deyə yüzlərcə adamların həbsə alınması bütün Aran xalqını qorxu altına almışdı.

4 dəq
Təsadüf

– Sən heç vaxt ruhdan düşmə, bu hadisəyə məğlubiyyət adı vermək olmaz, çünki mübarizə hələ bitməmişdir. Son cəbhəyə kimlərin sahib olacağı bəlli deyildir. İki döyüşən qüvvət növbətlə qələbə əldə edə bilər. Lakin mübarizənin sonunda hər kəs qazandığı qələbəni əlində möhkəm saxlamağı bacarsa, həqiqi qalib odur. Əmir isə əldə etdiyi qələbəni hələlik möhkəmləndirə bilməmişdir. Mən elə zənn edirəm ki, bu qələbə, nəhayət, onun ifşa edilməsilə nəticələnəcəkdir.Nizami bu sözləri Fəxrəddinə deyirdi. Lakin Fəxrəddin bir daha qələbə əldə edə biləcəyinə əmin deyildi. Onun fikrincə, Atabəy məmləkətin vəziyyətini öyrənmədən və xalqın həyatı ilə tanış olmadan Arandan gedəcəkdi.

7 dəq
Qəbul rəsmi

Atabəy Məhəmmədin Gəncəyə gəldiyinin üçüncü günü carçılar Gəncə bazarında bu sözləri car çəkirdilər:“Hər gün səhər saat doqquzdan günortaya qədər Atabəy Məhəmməd həzrətlərinin təyin etdiyi hökumət məmurları əhali tərəfindən veriləcək ərizələri qəbul edəcəkdir. Bir həftənin müddətində hər kəsin ərizəsi varsa, gətirib verməlidir. Verilən ərizələri şəxsən Atabəy həzrətlərinin özü oxuyacaqdır”.

7 dəq

Başqa şairlərin şeirləri