Səhifə 2 / 3 · 33%

Vasya bir söz demədən onun dalınca düşdü. Pavluşa da gəlib yetişdi. Vasya Pavluşanı gördükdə aralıqda bir ixtilaf çıxacağını yəqin etdi. Şübhəsini sezdirməyərək soruşdu:

– Sən də burada imişsən ki?!

Onlar mədənlərdən və fəhlə evlərindən uzaqlaşdılar. Sabunçunun yaxınlığında şor suyun yanındakı kiçik bir təpəyə çıxdılar.

Əsgər istehzalı bir gülüşlə Vasyaya dedi:

– Otur görək, cənab Vasya!

Vasya Əsgərə təəccüblə baxaraq:

– Görünür ki, mən «cənab» ləqəbini təzə qazanmışam.

– Bəli, bu ləqəbin tarixi fevralın altısından başlamışdır.

– Necə fevralın altısından?

– Bu o deməkdir ki, Şendrikovlardan sənə ancaq bir «cənab» ləqəbi yetişəcəkdir, çünki onlarda bundan başqa bir şey yoxdur.

Pavluşa heç bir söz demədi. O, ancaq Əsgərin danışmasını gözləyir, əlindəki ağac qırığı ilə yeri qurdalayırdı.

Əsgər Vasyanın çiynindən tutub silkələdi:

– Sən yatmısan, ayıl! Mən səni Şendrikovların əlindən qurtarmaq istəyəndə, sən elə bilmə ki, sənin menşevik qərargahına düşməyinlə biz böyük bir şey itirəcəyik! Mənim bütün çalışmağım ondan ötrüdür ki, sən yazıq olmayasan, sənin adın bizim çərkəmizdən silinməsin, çəkdiyin zəhmətlər hədərə getməsin. Vasya, onu yaxşı anla ki, fəhlə hərəkatı o qədər ciddi və geniş bir hərəkatdır ki, onu tək-tək adamların ayrılması dayandıra bilməz! Biz bilirik ki, başladığımız işdə bəzilərinin xəyanətinə də rast gələcəyik. Çünki işin əvvəlidir, möhkəm fikrə malik olmayan adamların cərgəmizdə qalmayacağı şübhəsizdir. Bu kimi adamların bir parasını partiya özü kənara atacaq, bəzilərinin də özü bizimlə xudahafizləşib gedəcəkdir. Sən bizim partiyadan gedərkən, bizdən heç bir şey aparmırsan.

Vasya başını qaldırıb Əsgərdən soruşdu:

– Bununla nə demək istəyirsən?

– Mən demək istəyirəm ki, biz yaxınlarda ayrıldığımız menşeviklərin xasiyyətlərindən birkərəlik silkinməlisən!

– Hansı xasiyyətlərdən?

– İkiüzlülükdən!

– Mən ikiüzlüyəmmi?

– İkiüzlüsən! Bizimlə bir bolşevik kimi danışırsan. Şendrikovların yanında isə özünü bir menşevik kimi aparırsan. Sən onu bil ki, bizim partiyanı aldatmaq olmaz. Bolşeviklər sən gördüyün menşeviklər kimi əqidə dəllalları deyillər. Sən indi bizdən ayrılmışsan. Bir düşün, gör sən kim idin, indi dönüb nə olmusan?! Sən xətti-hərəkət məsələsi qoyulanda durub Şendrikovların şələsini dalına sarıyırdın. İndi də gedib onların bacısının qolundan tutub gəzdirirsən. Sən Pavluşanı təngə gətirmişdin: hər gün Jenyanın milyonçu evində olmasını onun başına çırpırdın...

Vasya onun sözünü kəsdi:

– De görüm, məndən nə istəyirsən? Sənin həmişə peşən budur, sən heç yoldaşlarla soyuqqanlı danışa bilmirsən!

– Mən soyuqqanlı olmasaydım, adımı «Barıt Vasili» qoyardılar.

Vasya təəssüfedici bir halda dedi:

– Məni yandıran budur ki, sən öz dilinlə danışmırsan, sənə bu sözlərin hamısını Pavluşa öyrədibdir. Yaxşı olar ki, Pavluşa özü danışaydı, mən də onun cavabını verəydim. O, mənim Jenya barəsində dediklərimi, indi sənin vasitənlə yazıq Susannanın haqqında deyir.

Sənə bir söz deyim: sənin xasiyyətin geniş kütləni partiya ətrafına cəlb edə biləcək bir xasiyyət deyil! Hazırda tənqiddən uçuz şey yoxdur. Şəxsi düşüncələrdən doğan tənqid bir parça gərəzdən ibarətdir. Onlar tənqid deyil. Bu məsələ Jenyanın məsələsinin ardıdır. Pavluşa belə işlərlə öz günahını yumağa çalışır. Bunların hamısı, mənim yaxşılıqlarımın əvəzidir. Mən həmişə onu Jenya gedən yoldan qaytarmağa çalışmışam. O ki, qaldı sən Əsgərə, onu bilməlisən ki, mən hər bir qorxu ilə yerimdən oynayan adam deyiləm. Sözünü qəti de görüm nə istəyirsən?! Get mənim məsələmi harada qoyursan qoy!

Pavluşa Vasyanın Əsgərə qarşı qəti vəziyyət aldığını görüb özünü saxlaya bilmədi:

– Özünü çox da öymə! — dedi. — Əsgərin çox haqlı olaraq dediklərini eşit! Əsgər yaman günün Əsgəridir. Mən sənin haqsız sözlərinə boyun əydim; Jenya barəsində dediyin yaraşmayan sözlərə etiraz etmədim, günahsız qızı sənin üzündən neçə dəfə təhqir etdim. Sən isə öz səhvini boynuna almırsan. Sən həmişə danışanda ölçüsüz və düşüncəsiz danışırsan. Əcəba, oturub yoldaşcasına danışa bilmərsənmi?

– İş yoldaşcasına oturub danışmağa qalsaydı, məni çəkib çölə gətirməzdiniz. Mənim evim var. Məni bura qorxutmağamı gətirmişsiniz?

– Səni evdə tapmaq olurmu?

Əsgər yenə də sözə başladı:

– Səni evdə nə vaxt tapmaq olar? Bir Məcnun olub düşmüsən Leylinin dalınca.

Vasya, «Məcnun, Leyli» sözünün mənasını anlamadı, təəccüblə dedi:

– Bəli, bu da təzə çıxdı. İndiyə kimi Susannanın dalınca gəzdiyim üçün söyürdünüz, indi də təzə tanışım tapılıb, Leylinin dalınca düşmüşəm. Əcəba, bu kimi bir iftira sənə yaraşarmı? Bax, bu cürə yersiz sözlər adamı yerindən oynadır. Bir halda ki, mənim Leyli adlı qızla görüşdüyüm və tanışlığım yoxdur, onu götürüb burada mənim üçün material qayırmaq — yoldaşlığın qəbul edəcəyi işlərdən deyildir.

Əsgər güldü:

– Ada, mən sənə nağıldakı Leylidən deyirəm. Bir nəfər Məcnun var idi, Leylini sevirdi...

– İndi ki, nağıl deyirsən, daha mənim nağılçılarla işim yoxdur! Məcnun Leylini sevibdir, ondan ötrü də mən söyülməli imişəm?!

Pavluşa da güldü. Vasyanı baş salmağa başladı:

– Əsgər nağılçı deyil. O sənə Leyli və Məcnun məsələsini misal gətirdi. Dedi ki, sən də Məcnun kimi Leyliyə bənd olub, hər şeyi atmısan. Sən Susannanın gözəlliyi səbəbinə hər şeydən uzaqlaşmaq, menşeviklərə, hətta Şendrikovlar kimi provakatorlara yanaşmısan. Vasya, sən burjuaziyanın namussuzluğundan xəbərdar deyilsən. O, öz işləri üçün öz qızlarından, namusundan da keçə bilər. Sən onu bil ki, sənin boynuna salınan qollar, ilandan daha zəhərlidir. O qollar səni menşevizm zəhəri ilə zəhərləyəcəkdir. Qız çox gözəl qızdır. Ailə vəziyyətləri də yaxşıdır, lakin o qızın sənə yaxın gəlməsi müvəqqəti bir şeydir. Bir də sən onların tayı deyilsən. O qollar sənin boynunu uzun zaman qucaqlamayacaqdır. O qız ancaq sənin boynuna deyil, bir çoxlarının boynuna qol salmaq üçün köndəriləcəkdir. Sən bunu öz vaxtında anlamalı və onu özündən uzaqlaşdırmalısan.

Vasya Pavluşanın sözünü yarımçıq qoyaraq:

– Bunlar şəxsi işlərdir, — dedi, — daha doğrusu xırdaçılıqdır. Bu cür işlər üçün də bolşevikin öz yoldaşından haqq-hesab istəməsi doğru deyildir. Mən özüm də bu barədə səhv etmişəm. Mən bunu bir həqiqət olaraq anladım ki, kommunist və bolşevik təhkimçilik intizamı yox, yoldaşlıq intizamı, partiya intizamı daşımalıdır. Mənim Şendrikovun bacısı ilə gəzməyimdə heç bir cinayət yoxdur. Bunlar şəxsi işlərdir.

Pavluşa darıxmış bir halda dedi:

– Əvvələn, partiya öz üzvünün şəxsi işinə də qarışmalıdır. İkincisi, bu şəxsi məsələ deyildir! O qızı sənin yanına köndərə də bilərlər. Bunu da sənin gözəlliyin, var-dövlətin üçün deyil, səndəki gizlin sirləri almaq üçün edərlər. Sən özün çox asan və çox ucuz satıla bildiyin halda, mənə Jenya ilə barışmağa mane olurdun, halbuki biz Jenyanı beş barmağımız kimi tanıyırıq.

Vasya, əlinə fürsət düşmüş adamlar kimi, ayağa qalxdı, əlini şalvarının cibinə soxub dedi:

– Çox gözəl... Mən də səndən bu sözü gözləyirdim. Madam ki, Jenya ilə barışmaq mümkün imiş, o halda Susanna ilə tanış olmağın nə eybi vardır? Onlardan birisi burjuaziya qərargahında olur, o birisi isə menşevik bacısıdır. Zənnimcə sən də, Əsgər də bekarsınız, bunların hamısı da bekarçılıqdan doğur; halbuki bizim yüzlərcə görülməli işimiz vardır.

Əsgər ona belə bir sual da verdi.

– Sən Şendrikovun bacısından əl çəkəcəksənmi?

Vasya qəti dedi:

– Yox! Mən şəxsi məsələlərdə azad olmaq istəyirəm! Bu barədə danışmağı artıq hesab edirəm.

Əsgər ayağa qalxdı:

– Elə isə mən də danışmağı artıq hesab edirəm! — deyib yola düzəldi. Pavluşa da onun dalınca getdi.


Bazar günü idi. Jenya evlərinə getmək üçün Balaxanı — Sabunçu dəmir yolu vaqonundan düşəndə Vasya da Susannanı şəhərə gəzməyə aparmaq üçün qolundan tutub vaqona qaldırırdı. Jenyanı heyrət götürdü. Vasya tanıdığı Vasya deyildi. Onun paltarları da əvvəlkinə nisbətən dəyişmiş və təmizlənmişdi; buna baxmayaraq, Vasya qolundan tutduğu qız qədər yaxşı geyinməmişdi.

Qatar hərəkət edənə qədər Jenya durub qıza baxdı. Jenyanı düşündürən bir şey idi; o qədər yaxşı geyimli, gözəl bir qız Vasya kimi yoxsul bir fəhlə ilə nə üçün maraqlanır? Qızın şlyapasının ağ ipək qotazı Vasyanın qara saçlarına qarışarkən, Jenyanın düşüncəsində də Vasyanın gələcəyinə dair qara və dumanlı fikirlər doğurdu.

Qatar hərəkət etdi. Jenya evlərinə getdi. Pavluşa ilə Əsgər də orada idilər. Jenya ata-anası ilə görüşdükdən sonra əvvəlcə Əsgərin, sonra da Pavluşanın əlini sıxdı. Paltosunu çıxartdı, oturdu. Başını tərpədərək öz-özünə güldü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci pərdə

Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.*Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.*

3 dəq
Üçüncü pərdə

Vaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır.*Malik** — *(Yusifə)*

4 dəq
Dördüncü pərdə

Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*

6 dəq
Beşinci pərdə

Vaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*

5 dəq

Başqa şairlərin şeirləri