XII əsrin 2-ci yarısında xəlifə bayrağı altında hökumət süren hökmdarların ən qüvvətlisi Azərbaycan atabəyləri idi. Azərbaycan hökuməti üçün yeganə bir rəqib varsa, o da Xarəzmşahlar idi. Əlaəddin Təkiş Xarəzm hökumətinin başına keçdiyi zaman bu mübarizə daha da gücləndi. Sultan Təkiş hər nə olursa olsun, xəlifəyə təsir yetirmək üçün Bağdada yol açmalı idi. Lakin Azərbaycan atabəylərinin coğrafi mövqeyi Sultan Təkişin bu arzularına imkan vermirdi. Azərbaycan, Rey və İraqın, həmçinin coğrafi və strateji üstünlüyün atabəylər əlində olması onlara Bağdadı daima öz nüfuzları altında saxlamağa kömək edirdi.

Azərbaycan atabəyləri istədikləri zaman Bağdadı işğal edər və öz dediklərini xəlifəyə dikdə edə bilərdilər.

Azərbaycan atabəyləri Bağdad üzərində qazandıqları nüfuz sayəsində istədikləri zaman xəlifəni mövqeyindən düşürər və yerinə başqasını təyin edə bilərdilər. Səlahəddin Əyyubinin əhlsəlib müharibəsi ilə məşğul olması, xəlifənin ixtiyarını tamamilə Azərbaycan atabəylərinin əlinə tapşırmışdı.

Xəlifənin özü üçün də Azərbaycan atabəylərinə sığınmaq əlverişli idi. Çünki Əlaüddövlənin vaxtilə xəlifələrə qarşı qoyduğu təhqirlər xəlifələrin qüvvətli bir hökumətə istinad etməsinə səbəb olmuşdu.

Buna görə də Azərbaycan atabəyləri iraqlıların geniş siyasi intriqalarına baxmayaraq, paytaxtı Həmədandan Təbrizə köçürmək istəmirdilər. Çünki paytaxtın Həmədandan köçürülməsi Bağdadın qapısını qonşu hökumətlərin üzünə açmaq demək idi.

Azərbaycan atabəylərinin məmləkəti şimal, cənub, qərb və ümumiyyətlə Orta Asiya məmləkətlərini idarə edən hökmdarların, Bağdad və Hindistan ilə əlaqəyə girməsinə manə törədirdi. Atabəylər yalnız siyasi nüfuz deyil, Şərqin iqtisadi açarlarını da əlində saxlamışdılar. Onlar istədikləri məmləkətin ticarət yollarını bağlayır və iqtisadi təhlükə yarada bilirdilər.

Azərbaycan atabəyləri səlcuqilərin təqib etdiyi siyasəti təqib edirdilər. Səlcuqilərin tutduğu siyasi xətt-hərəkət eyni ilə köhnə midiyalıların getdiyi yol idi. Midiya hökmdarları asoriləri və gəldaniləri şimal və şərq məmləkətlərinə buraxmamaq üçün Həmədan (Ekbatan) qapılarını əllərində saxladıqları kimi, səlcuqilər də şimal-şərq hökmdarlarını cənuba buraxmamaq üçün Bağdadın qapısı sayılan Həmədanı paytaxt qərar vermişdilər.

Azərbaycan atabəyləri Midiya hökmdarı Astiyaqın vaxtilə elamlar, gəldanilər, asorilər, hamorabilərə qarşı oynadığı rolu Qaraxatay, Türküstan, Xarəzm və sair məmləkətlərə qarşı oynamaqda idilər. Bütün bu səbəblər Atabəy paytaxtının Təbrizə köçürülməməsinə səbəb olmuşdu.

Həmədanı Azərbaycan atabəylərinin əlindən almaq üçün başlanan qanlı müharibələr azərbaycanlıların qəhrəmanlıqları nəticəsində atabəylərin qələbəsilə qurtarmışdı.

İttifaq etmiş Orta Asiya və Xarəzm hökumətləri Azərbaycan atabəylərini Azərbaycan daxilində döyməyə qərar verdilərsə də, Azərbaycan xalqının qılınclarına rast gəlib qayıtmağa məcbur oldular.

Səlcuq şahzadələrinin əcnəbilər əlində alət olması nəticəsində də, Azərbaycan daxilində siyasi intriqalar yaradılır və qiyamlar baş verirdi.

Nizami dövründə Azərbaycanda əcnəbi casuslar artmışdı. Bunlar hökumət idarələri və padşah saraylarını tamamilə öz əllərinə alaraq, yerli mədəniyyətin çürüməsinə, yerli dil və yerli ədəbiyyatın əcnəbi dili və əcnəbi nüfuzuna təslim olmasına çalışırdılar.

Qətibənin öz ərinə qarşı düzəltdiyi sui-qəsd bu cür qarışıq və təhlükəli bir zamana təsadüf edirdi.

Atabəy məmləkətləri müharibə ərəfəsində idi. İraqda istiqlaliyyət fikirləri getdikcə canlanırdı. İranda Eldəniz xanədanına qarşı oyanan hərəkət, başqa bir xanədan təşkilinə imkan yaratmağa çalışırdı. İstər iranlılar, istərsə iraqlılar Qızıl Arslan və Atabəy Məhəmmədin tədbir və qəhrəmanlığına qarşı özlərində qüvvət hiss etmirdilər. Bunun üçün də məmləkətdə Toğrulun yenidən taxta çıxarılması məsələsi qaldırılmışdı. İraq və İran ziyalıları tamamilə bu əcnəbi fikirlərin ətrafına yığılmışdılar. Xüsusən Xarəzmşahın casusu Zəhir Bəlxi Toğrulun taxta oturması üçün əlindən gəldiyi qədər çalışır və Sultan Təkişin tərəfindən buraxılan maddi yardımla tərəfdarlarına mükafat və xələt paylayırdı.

Zəhir Bəlxi və Kəmaləddin həbsə alındıqdan sonra Atabəy Məhəmməd Toğrulu Gəncədən Həmədana çağırıb gözlərinə mil çəkdirməyi qərara alınca, Qətibə bunu Səba xanımın vasitəsilə xəbər aldı və dərhal Gəncəyə təcili qasid göndərərək məsələni anlatdı.

Toğrul gecə ikən üç nəfər inanılmış adam ilə Gəncədən gizlincə hərəkət edib, Xarəzmşahlar məmləkətinə qaçdı.

Toğrulun Gəncədən qaçmasından onun əcnəbi nüfuzuna düşdüyü, Azərbaycanın İraq, Xarəzm və İran arasında paylanması tərəfdarı olduğu ifşa edildi. Lakin Toğrul Gəncədən qaçmaqla kifayətlənməyərək, İraq vətənpərvərləri ilə yazışmaqda və Atabəy Məhəmməd hökumətinə qarşı macəra düzəltməkdə davam etdi.


Məhkəmə quruldu. Atabəyin oğlanlarını öldürmək üçün gedən iki nəfər və Nizamini öldürmək üçün göndərilən üç nəfər mühakimə üçün həbsxanadan çıxarılıb məhkəmə otağına gətirildi.

Zəhir Bəlxi ilə Kəmaləddin həbsxanadan qaçırılmışdı. Buna görə də Həmədan qazısının rəhbərliyi ilə aparılan mühakimədə bütün günahlar Zəhir Bəlxi və Kəmaləddinin öhdəsində qaldı. Nizamiyə sui-qəsd etmək və Atabəyin oğlanlarını öldürmək üçün göndərilənlərin hamısı məsuliyyəti Qətibənin və Zəhir Bəlxinin öhdəsinə qoyub bir səslə dedilər:

– Bizi göndərən Zəhir Bəlxidir. Pul vəd edən isə Atabəyin mələkəsidir.

Məhkəmənin qərarına görə cinayəti həyata keçirmək üçün gedənlər edam edilməli idi. Lakin Nizaminin Atabəyə göndərdiyi məktubu oxunduqdan sonra, üç nəfər müqəssirin Atabəy məmləkətlərindən xaric edilməsi qərarı çıxarıldı. Nizami məktubda yazmışdı:

“Hökmdari-müəzzəm!

Mənim həyatıma sui-qəsd etmək istədikləri zənn edilən müqəssirlərin azad edilməsini rica edirəm. Onların mənim ilə heç bir düşmənçiliyi yoxdur. Nə mən onları tanıyıram, nə də onlar məni. Hərgah Atabəy ədalətlə iş görmək istəyirsə, onları bu cinayətə məcbur edənləri cəzalandırsın!

Gəncə, İlyas”

Atabəy Məhəmmədin son qərarı, Qətibəni paytaxtdan uzaqlaşdırmaq və Toğrulu Xarəzmdən Azərbaycana çağırıb əcnəbi intriqasına nəhayət verməkdən ibarət idi. Qətibəni paytaxtdan çıxarmaq üçün düşünülən tədbir onun oğlu Qütlüğ İnancı Rey hakimi təyin etmək və anası ilə birlikdə Rey məmləkətinə köçürmək qərarı idi.

Qətibə əvvəlcə bu qərara razı oldu, lakin oğlu köçüb gedəndən sonra “paytaxtı buraxıb getməyəcəyəm” – deyə əvvəlki sözündən boyun qaçırdı.

Atabəy Məhəmməd Toğrulun Xarəzmdən çağırılması məsələsini Qızıl Arslana tapşırmışdı, çünki Toğrul Qızıl Arslanın sözünə inanırdı.

Qızıl Arslan Toğrula göndərdiyi məktubda yazırdı:

“Əziz qardaşım!

Sənə çox gözəlcə məlumdur ki, hazırkı hökmdarlıq atamız Eldənizin qılıncı və rəhmətlik anamız Türkan xatunun tədbirləri sayəsində düzəlmişdir. Belə bir zəhmətlə düzələn hökmdarlığı əcnəbilərin ayaqları altına vermək biz Eldəniz oğlanları üçün tarixi bir ləkə olub qalar. Sənin bilməyərək Zəhir Bəlxi və sair bu kimi əcnəbi nümayəndələri ilə olan dostluğun öz vətəninə qarşı bağışlanmaz bir xətadır. Sənin əcnəbi məmləkətlərə pənah aparmağına heç bir səbəb yoxdur. Səninlə Atabəy Məhəmməd arasında olan ixtilafın mənbəyi bizim üçümüzə də məlumdur. Bunu Atabəy həzrətləri lazımınca təyin eləmişdir. Buna görə də məktubumu alan kimi Təbrizə gəlməlisən. Sən bilirsən ki, rəhmətlik anamız Türkan xatun məni sizin hamınızdan artıq sevirdi. Mən səni himayə edəcəyim üçün onun qəbrinə and içirəm. Gəl Təbrizə, mənimlə barabər paytaxta gedək. Sən orada and içərsən, Atabəy də sənin toxunulmazlığını təmin edər.

Əziz və səmimi qardaşın Qızıl Arslan”

Məktub göndəriləndən iyirmi gün sonra Toğrul Təbrizə qayıtdı. Bir neçə gün istirahət etdikdən sonra Qızıl Arslanla barabər Həmədana yola düşdülər. Atabəy Məhəmməd qardaşları üçün böyük bir istiqbal təntənəsi düzəltdi. Toğrul öz sarayına getməyərək, Qızıl Arslanla barabər Atabəy sarayında mənzil etdi. Qətibə Qızıl Arslanın Toğrul haqqındakı hərəkətinə ürəkdən sevinirdi. Çünki Toğrul məhv ediləndən sonra Qızıl Arslan rəqibsiz qalacaq idi. Qətibə Atabəy Məhəmmədi məhv edəndən sonra Toğrulu Azərbaycan taxtına çıxarmaq və öz oğlunu vəliəhd təyin etdirmək istəyirdi. Lakin Qızıl Arslan heç bir vəchlə Qətibənin oğlunun Azərbaycan vəliəhdi olmasına imkan verməyəcəkdi; çünki o, Atabəyin oğlu Əbubəkri Təbriz sarayına gətirib hökumət işləri ilə tanış edir və gələcək üçün hazırlayırdı.

Qətibəni də rahatsız edən bu idi. Onun bütün ümidləri Toğrula idi. Çünki Toğrul ilə hər cür sazişə girmək mümkün idi.

Ailə bir süfrənin başına yığışmışdı. Onlar Qətibəni gözləyirdilər. Qətibə otağa daxil olan kimi Toğrul və Qızıl Arslan ayağa qalxıb təzim etdilər. Atabəy Məhəmməd də onlara qoşulub Qətibəni görürkən ayağa qalxdı, on ildən bəri yerinə yetirmədiyi vəzifəsini ifa etdi.

Süfrəyə oturdular, yeməyə başlamadan əvvəl söhbətə başladılar.

Qızıl Arslan sözü bu cür başladı:

– Böyük-böyük məmləkətlərin neçə yüz minlərcə xalqları öz müqəddəratını bu süfrənin başında oturanların əlinə tapşırmışdır. Millətlərin arasında çıxan hər cür ixtilafı ancaq bu süfrənin başında oturanlar həll etməlidirlər. Əcəba, bu süfrənin başında oturanların arasında ixtilaf çıxarsa, kimlər həll etməlidirlər? Məmləkətin ətrafındakı düşmənlərmi? Lakin mən elə zənn edirəm ki, aralıqda elə də dərin bir ixtilaf yoxdur ki, başqalarının həll etməsinə ehtiyac hiss edilsin. Əvvəlcə qardaşımız Toğruldan başlayaq: onun narazılığı nədəndir? Onun padşahlığı əlindən alınmışdırmı? O bunu nə ilə isbat edə bilər? Əcəba, qardaşımızın özü Atabəy Məhəmmədi kəfil təyin etməmişdirmi? Bəli, etmişdir. Hərgah Atabəy Məhəmməd məmləkəti dağıtmış və uduzmuşsa, o zaman yenə də Eldəniz oğlanları bu süfrənin başında yığışan kimi bir yerə yığışıb deyər ki, qardaş Məhəmməd, indi ki, məmləkəti idarə edə bilmirsən, iş başından çəkil və hərgah o bu təklifi qəbul etməzsə, biz məcburi vasitələrə də müraciət edə bilərik.

Lakin Atabəy Məhəmməd sənin tərəfindən vəkil ediləndən bəri məmləkətin hüdudlarını Kirmana qədər genişləndirmişdir. Kür çayından başlayıb Dəclə və Fərat çayı sahillərinə qədər bizim nüfuzumuzun altına keçmişdir. Bağdad xəlifələri bizim nüfuzumuz altında yaşadığı bir zamanda, Azərbaycan xalqı kimi tarixi və böyük bir xalq Eldəniz oğlanlarını öz doğma hökmdarı kimi tanıdığı bir zamanda, qardaşımız Toğrulun narazılığı nədəndir?

Mən sənin qardaşın deyiləmmi? İstəyirsən gəl Təbrizdə otur, mən gedib Gəncədə oturaram. Yaxud da sən gedib Gəncədə otur. Böyük qardaşımız Atabəy də saray söhbətləri və cariyə macəralarına əhəmiyyət verməməlidir.

Düşmənlər sərhədlərdə bizə heç bir şey edə bilməzlər. Onlar məmləkəti içəridən çürütməyə çalışırlar. Buna görə də biz şəxsi mənfəətləri bir tərəfə buraxıb ümumməmləkətin qeydinə qalmalıyıq.

Qızıl Arslan Toğrul haqqında danışandan sonra, Qətibənin məsələsinə keçərək dedi:

– Qardaşım Atabəyin Azərbaycandan bir qız alması məsələsinə mən tamamilə başqa bir nəzərlə baxıram, bu izdivacın siyasi bir mündəricəsi vardır. Nə mən, nə qardaşlarım, nə də qardaşım Atabəyin mələkəsi azərbaycanlı deyilik. Qardaşımın Gözəl xanıma evlənməsi, nəslimizin Azərbaycan nəslinə qarışması deməkdir. Bu izdivacla Eldəniz nəsli azərbaycanlılaşır. Xalq bizim övladımızı öz doğma vətəndaşı və öz doğma hökmdarı kimi tanıyacaqdır. Lakin bu o demək deyildir ki, mələkənin malik olduğu hörmət və ehtiram Gözəl xanıma yetişir. Mələkə yenə də mələkədir. Gözəl xanımın oğlanları da onun oğlanlarıdır. Övladımız nə qədər çox olursa, məmləkətimiz də o qədər inanılmış adamların idarəsi altına keçər. Məmləkətlərdə başqalarını iş başına çıxarmaqdansa, övladımızı hökmdar təyin etsək yaxşı olmazmı?

Mən elə zənn edirəm ki, bunların hamısı müştərək iş şəraiti olmamasının nəticəsində doğan anlaşılmazlıqdır. Biz bu süfrənin başında and içməliyik. Məmləkətin hazırkı vəziyyəti iş birliyi və fikir birliyini tələb edir.

Əvvəlcə Atabəy Məhəmməd and içdi:

– Mən Eldənizin və Türkan xatunun ruhuna and içib deyirəm:

“Mən heç bir zaman öz qardaşlarıma qarşı xain fikirlərdə bulunmayacağam. Mən özümə tapşırılan vəzifəni qardaşlarımın məsləhət və köməkləri daxilində ifa edəcəyəm!”

Atabəy Məhəmməd and içdikdən sonra Toğrul əlini süfrəyə qoyub and içdi:

– “Mən Eldəniz və anam Türkan xatunun ruhuna and içirəm. Mən heç bir zaman məmləkətə və qardaşlarıma qarşı xain hərəkətdə bulunmayacağam. Mən heç bir vaxt əcnəbi müdaxiləsinə imkan verməyəcəyəm. Mən heç bir vaxt qardaşlıq namusuna xələl yetişməsinə razı olmayacağam!”.

Bunlardan sonra Qətibə əlini süfrəyə qoyub and içdi:

– “Mən Eldəniz xanədanının davamı üçün əlimdən gəldiyi qədər çalışacağam. Eldəniz övladından törəmiş nəsli öz nəslim və öz övladım kimi sevəcəyəm. Mən bu xanədanın şərəf və əzəmətini ləkədər edə biləcək heç bir təşəbbüsdə bulunmayacağam!”

Hamıdan sonra Qızıl Arslan əlini süfrəyə qoyub and içdi və:

– ”Məmləkətin nüfuzunu möhkəm etmək, Eldəniz xanədanını davam etdirmək, məmləkətin hüdudunu genişləndirmək üçün bütün varlığımla çalışmağa and içirəm!” – dedi.

And qurtardıqdan sonra cariyələr içəri girib süfrəyə yemək verdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XL. Doktor Yusifidis

Leyla hələ zəhərin təsirindən yaxasını qurtara bilməmişdi. Onun müalicəsi dörd ildən bəri Həmədanda müalicəxana düzəltmiş yunanlı doktor Əlisaus Yusifidisə tapşırılmışdı. Doktor qızın müalicəsinə artıq diqqət verirdi. Xəstə iki həftə içərisində tamamilə sağalmışdı. Əmiri-Əfxəm də öz növbətində Leyla xanımı Həmədandan çıxarmaq və hərəmlərin fitnəsindən qurtarmaq üçün hazırlıq görürdü. Leyla yaxın günlərdə Əmiri-Əfxəmin «Murad bəy dərəsi» adlı yaylasına köçürüləcəkdi. Leylanın hər yerdən ümidi kəsilmişdi. Məsələni gənc doktor Yusifidisə anlatmaq və ondan nicat istəməyi qət etmişdi. Günün birində Leyla doktora müraciətlə dedi:– Siz mənə Biçeraxov dəstəsinin harada olduğunu deyə bilməzmisiniz?

7 dəq
XLI. Tez-tez görüşlər

Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!

5 dəq
XLII. Qəzvində

Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.

5 dəq
XLIII. Qısqanclıq

Doktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:

3 dəq

Başqa şairlərin şeirləri