Zavodda
Səhifə 3 / 3 · 67%
– Pavluşa, mən onları çox yaxşı görürəm, sənin nə demək istədiyini də lazımınca anlayıram!
Bu sözdən sonra, Pavluşanın gözləri canlandı, qabağındakı qədəhi bir daha dodaqlarına qaldırıb yerə qoydu. Alnına düşən bir dəstə sarı hisli saçını yuxarı atıb dedi:
– İndi ki, sən məni anlayırsan, buradakıları tanıyırsan, onda bu adamları meyxanalara sürükləyən səbəbləri təyin etməli və onunla da mübarizə aparmalısan!
Ayrapet onun sözünü kəsib:
– Doğrudur, — dedi, — ancaq mübarizə yolları təyin edilmədikcə, kimin-kimə qarşı qoyulduğu aydın olmadıqca, o səbəblərlə mübarizə aparmaq barəsində danışmaq olmaz.
Pavluşa bu sözlərlə razılaşmadı;
– Onu biz özümüz müəyyən etməliyik, — dedi. — Mən sənə məsləhət görürəm ki, bu fikrini fəhlələrin arasında heç söyləmə. Əziz yoldaşım, kimin-kimə qarşı qoyulduğu çoxdan təyin edilmişdir. Sən dünənki ixtilafda kimin-kimə qarşı durduğunu görmədinmi? Sən o kiçik ixtilafda iki dünyanın baş-başa durduğunu gördüyün halda, yenə də kimin-kimə qarşı durduğunu təyin etmək istəyirsən?
Ayrapet cavab vermək istədi, lakin vərəm öskürəyi ona danışmağa macal vermədi.
Əsgər Pavluşaya belə bir sual verdi:
– Tutaq ki, sən deyənlərin hamısı doğrudur. Ancaq bizim əlimizdən nə gəlir? Qaraşəhərdə bir ovuc adamıq, sən, mən, Ayrapet, Məmməd, Qəzər, beş nəfər də bizdən başqa... De görüm, biz bunlarla nə iş görə bilərik?
Pavluşa əlini Əsgərin çiyninə vurub:
– Afərin, Əsgər, — dedi, — söhbəti gətirib əsil məsələyə çıxartdıq. Mənim də dediyim budur ki, biz beş-on nəfərdən ibarət qalmayaq. Biz, fəhlələri başa salıb, onların düşüncəsini dəyişək, qorxaqlığı onların qanından təmizləyək, öz dəstəmizi gücləndirək. Hərgah Qaraşəhərdə on nəfər varsa, Ağşəhərdə, Balaxanıda, Sabunçuda, Bayılda, Bibiheybətdə olan fəhlələr içərisindən də özümüzə dostlar, həmfikirlər tapaq. Burada olduğu kimi oralarda da biz fikirdə olanlar var. Kim bilir, bəlkə orada elə yoldaşlar vardır ki, bizi öyrədəcək, bizə yol göstərə biləcəkdir... Həyatın quruluşundakı çətinliyi, istismarın son dərəcəyə çatdığını, zəhmət şəraitinin qabalığını, fəhlənin rütubətli zirzəmilərdəki fəryadını bizdən başqa da hiss edənlər vardır; onları tapmaq, tanış olmaq, dərdləşmək lazımdır. Mən istəyirəm ki, meyxanalarda öz dərdini şərab şüşələrinə deyən fəhlələr bundan sonra öz dərdlərini yoldaşlarına desinlər, öz dərdlərinə birlikdə dərman axtarsınlar. Fəhlələr öz sözlərini meyxanalarda oturub danışmaqdansa, ayıq və şüurlu bir surətdə sahibkarlara və müdirlərə desinlər. Sərxoş olmaq və bunun təsirində ürəyindəkiləri ortalığa tullamaq üsulu, mübarizə üsulu deyildir.
Əsgər birdən ayağa qalxdı. Əllərini şalvarının qayışına salıb yuxarı qaldırdı, yenə yerində oturdu. Pavluşa sözünə davam etdi:
– Biz, fəhlələri bir yerə yığmalıyıq, dərdimizi bir-birimizə başqa bir üsulla deməliyik. Biz fəhlələrin dilini və zehnini dəyişdirməyə çalışmalıyıq, onu sahibkara qarşı qoymalıyıq. İstismarı yüngülləşdirmək üçün beş-on nəfərin çıxışı kifayət deyil. Burada ümumi və kütləvi tələblər vermək lazımdır. Biz bakılılar çox dalda qalmışıq. Bu məsələlər, bizim qulağımızın dibində olan Tiflisdə hələ 90-cı illərin birinci yarısından başlanmışdır. Bizim nədən xəbərimiz vardır? Hərgah xəbərimiz varsa da, bir-birimizin qorxusundan ağzımızı açıb danışa bilmirik. Hələ 1893-cü ildən başlayaraq Tiflisdə «Kvali», «Moambe» adlı qəzetlər çıxır. Orada fəhlələr arasında açıqdan-açığa marksizm təbliğatı aparılır. Mübarizə yolunda lazım olacaq silahlar təyin edilmişdir. Məndə bir neçə gizli kitab vardır; istəsəniz, mən onları sizə oxuya da bilərəm. Onları oxumuş olsanız, onda görərsiniz ki, biz də burada iş görə bilərik, biz də fəhlənin fikrini bir mərkəzə yığa bilərik.
Əsgər qalxıb əlini Pavluşanın çiyninə qoydu:
– Mən bu sözləri səndən çoxdan gözləyirdim.
Pavluşaya sanki yeni bir ruh verildi:
– Mən də səndən bunu gözləyirdim. Bizim əsas işimiz yerli azərbaycanlı və iranlı fəhlələri başa salmaqdan ibarətdir. Çünki onlar rus və erməni fəhlələrinə nisbətən geridədirlər. Onları sahibkar çox tezliklə öz tərəfinə çəkə bilər. Onlar bilməyərək bəzən öz sinfini satır da.
Bu söhbətlər əsnasında Mantaşev, Nobel və Rotşild fəhlələri də meyxanaya girdilər. Öpüşmək, görüşmək, içmək və oxumaq başlandı. Son qəpiklər stolların üstünə töküldü, meyxanaçı Nikonun gözləri işıqlandı.
Dəmirçilərdən Belousov Pavluşanı səslədi:
– Pavluşa, meyxanada ayıq oturmaq, kilsəyə sərxoş girməkdən də günahdır.
Pavluşa gülərək dedi:
– Meyxanaya ayıq gəlib, sərxoş çıxanlarla, kilsəyə ağıllı girib, axmaq çıxanların təfavütü nədir?
Bu sözə qarşı, oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi.
Pavluşa yenə əsas məsələyə keçdi:
– Mənim dediyim budur ki, bizi tək-tək çox tez döyə bilərlər. Sahibkarlar, ümumi ağızdan çıxan sözləri heç vaxt cavabsız qoya bilməz. Hər nə cür olur-olsun biz gərək yoldaşlarla tanış olaq.
Ayrapetlə Əsgər birdən dedi:
– Biz bu birliyi yarada bilsək, başqa yoldaşlarla tanış olmağı bacarsaq, daha nəyimiz əskik olar?
Pavluşa soruşdu:
– Siz bunu istəyirsinizmi?
– Əlbəttə ki, istəyirik!
Pavluşa:
– Elə isə qalxın! — dedi. — Mən sizi bir yerə aparacağam, orada bir neçə yoldaşla tanış olacaqsınız. Bu saat onlar bizim yolumuzu gözləyirlər.
Meyxanaçının pulunu verib qalxdılar.
İclas çox da uzaqda deyildi. İclasdakılar Pavluşanı və onun yoldaşlarını böyük bir şadlıqla qarşıladılar. Hamısı Pavluşanın yoldaşları ilə tanış oldu.
İclasda Ulyanov, Loriyanov, Konişfe, Mazilkin və başqaları iştirak edirdilər.
Pavluşanın yoldaşları və iclasda olanların bir neçəsi bu iclasın nə iclas olduğunu və burada nə məsələ qoyulduğunu bilmirdi; kimin çıxışda bulunacağı da məlum deyildi.
Pavluşa:
– Yoldaşlar! Biz birinci kərədir ki, «yoldaşlar» sözünü ucadan deyə bilirik! Vəziyyət və fəhlələrin həyat şəraiti bizi birliyə dəvət edir. 1897-ci il bizim həyat tariximizdə ən ağır və çətin illərdən birisidir. Polşada, Rusiyada baş verən tətil, bunun nəticəsində vücuda gələn sürkünlər, güllələrbaranlar, Bakı fəhlələrinin həyatına da təsirsiz qalmamışdır. İşsizlik gündən-günə artır, mərkəzi Rusiyadan, Volqaboyundan gələn minlərlə fəhlələr qapı-qapı gəzib iş axtarır. Bu isə Bakı neft ağalarına maaşları azaltmaq, iş saatlarını artırmaq üçün bəhanə yaradır. Aclıqdan, işsizlikdən avara düşmüş fəhlələr hər bir ağır şəraitə, hər bir çəkilməz həqarətə boyun əyirlər. Burada oturanların hamısı yuxarıda göstərdiyim ağırlığı öz çiynində daşıyır, başqa yoldaşların vəziyyəti ilə də yaxından tanışdır. Yoldaşlar! Bu ağırlığı hiss etdiyimiz halda, zəhmət şəraiti insan qüvvəsinin daşıya bilməyəcəyi bir şərait olduğunu anladığımız halda, yenə də bir tərəfə şikayətə gedə bilmirik, çünki səsimiz ümumi səs deyildir, kütlə bir-birini tanımır, hətta onlar bir-birinə etibar da etmir, buna görə, burjuaziya da qurd kimi bizim hər birimizi bir bucaqda basıb dağıdır. Fəhlələr dərdini bir-birinə yetirə bilmirlər, çünki təşkilatsızdırlar, siyasi düşüncələri azdır. Fəhlələr bir-birləri ilə yalnız meyxanalarda danışa bilirlər. Onlar son qəpiklərini meyxanada xərcləyirlər, ehtiyac içərisində qalan ailələri isə cürbəcür səfalətə düşür. Yoldaşlar! Bu vəziyyətin nəticəsində də bizim oğlanlarımızdan kölələr, qızlarımızdan isə burjuy evlərinə xidmətçilər, fahişəxanalara fahişələr, canlı əmtəələr hazırlanır. Çelman kimi minlərlə xəfiyyə bizim təşkilatsızlığımızdan istifadə edir, öz dəyanətini yeridir. Biz gərək fəhlələr arasında birlik yaratmaq üçün Tiflisdəki yoldaşların getdiyi yol ilə gedək. Tiflisdə düzələn sosial-demokrat siyasi dərnəkləri indiyə qədər burada düzəlməmişdir. Halbuki burada da mərkəzi Rusiyadan sürgün edilmiş siyasi bilikli yoldaşlar vardır. Biz Tiflislə də əlaqə saxlaya bilərik. Oradan gizli ədəbiyyat gətirmək də mümkündür.
Yoldaşlar, mən belə hesab edirəm ki, buraya toplanan yoldaşlar bizim təşkil edəcəyimiz dərnəyin birinci üzvləri hesab ediləcəklər. Biz bu gündən Tiflisə müraciət etməli, onlarla əlaqəyə girişməli, Bakıda birinci olaraq siyasi dərnəyin əsasını qoymalıyıq. Buna kim razıdır?
İclasda olanların hamısı əlini qaldırdı. Sonra Əsgər iclasda olanların adını və familiyasını yazdı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-zavodda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
IRamazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə.
Boşboğazlar məhkəməsiNəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü.Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi.
Şahqulu bəyin nəvəsiMirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi:– Zəmanənin üzünə lə’nət!
Serjant İvanov adına körpələr eviPayız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi.Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi.
Başqa şairlərin şeirləri
Əsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
MənimçünAy ağalar, sizə tərif eyləyim,Nə iş tutub üzü qarə Murad xan.