Səhifə 3 / 4 · 50%

Jenya ucadan güldü:

– Əvvələn budur ki, mən burjuaziya lagerində deyiləm, mən burjuaziya evində qulluqçuyam. Çox təəssüf edirəm ki, sən indiyə qədər bu iki kəlmənin ayrılığını bilməmisən. Sən şəxsi məsələlərlə ümumi məsələlərin də fərqini anlamamısan. Hərgah mən burjuaziya lagerinə köçmüşəmsə, bu ümumi məsələ deyil, şəxsi məsələdir, çünki mən partiyadan getdikdə yalnız özümü aparıram, partiyadan heç bir şey aparmıram. İnsanın əqidəsi onun özünə məxsus bir məsələdir. Pavluşa, mənə yaxşı qulaq as! Məni bolşevik düşməni eləmək olmaz! Sən mənimlə başladığın mübarizəni başqa bir cəbhəyə çevirməlisən. Bu saat Bibiheybət fəhlələri menşeviklərin toruna düşdülər. Şendrikovçular tətilləri içərisindən çürüdür, zubatovçular, ittifaqı bir polis təşkilatına döndərir. Partiya bütün bunlarla ölüm-dirim mübarizəsi aparır. Sən isə iki nəfər qocanı, xəstəni yedirmək üçün bu paltarları geyməyə məcbur olan bir qızla mübarizəyə başlamısan. Pavluşa, biz yoldaş olmaq üçün bir-birimizə söz verdiyimiz zaman əqidəni, partiyalılığı və bitərəflik məsələsini şərt qoymamışdıq. Bu gün mən əqidəmi dəyişirəmsə, o mənim şəxsi işimdir; bunu sənə təkrar olaraq deyirəm. Sən bizim bir-birimizi nə üçün sevdiyimizi deyə bilərsənmi? Biz birinci təsadüfdə, yaxud səninlə bir ailədə yaşarkən bir-birimizi inqilabçı olduğumuz üçünmü sevdik? Mən inqilaba qoşulmasaydım da, sən məni sevəcəkdin. Mənim özüm də sənin kimiyəm. Sevgini yaradan iki xasiyyətin bir-birilə olan uyğunluğudur. Sevgi adətin, uzun müddət davam edən bir ülfətin nəticəsidir.

Pavluşanın dili açıldı. İndiyə qədər deməyə qorxduğu sözlərini açıq söyləməyə başladı:

– Mən fəlsəfəçi deyiləm, lakin savadsız da deyiləm. Əqidə birliyi olmayan yerdə sevgi birliyi də ola bilməz! Sən dediyin sevgi aristokratlara məxsus sevgidir: «Qadın nə əqidədə olursa-olsun, ancaq qadın olsun». Mən, filosof olmasam da, bunun doğru bir fikir olmadığını anlayıram. Sən bilirsən ki, əqidələr bir-birinə mübarizə açmadan yaşaya bilməz. Bir əqidə o biri əqidənin inkişafına meydan verə bilməz. Menşeviklərlə apardığımız mübarizə, sözlərimi sübut üçün kifayət deyildirmi?

İki əqidə arasında gedən mübarizənin bir xüsusiyyəti də vardır ki, o da nəticədə bədbəxt hadisələr yaratmaqdan ibarətdir. Jenya, sən özün bir düşün, bir-birinə qarşı bədbəxt hadisələr yaradan iki müxtəlif əqidə sahibləri vahid bir sevgini yaşada bilərmi? Mən sənə eşitmədiyin bəzi sözlər deyəcəyəm, ürəyin sınmasın, gözəl qız.

Jenya onun sözünü kəsərək:

– Gözəl qız sözünü yenimi öyrəndin? – dedi. – Bu sözün vaxtından dörd il keçdiyini unutdunmu? Biz təzə tanış olmamışıq, bu kimi boyalı sözləri bir də danışma!

Pavluşa gülərək dedi:

– Keçmiş həyatı xatırlamaq tarixin təkrar edilməsi deməkdir. İnsan həmişə keçmişi xatırlayır, onu sevir, bu nə üçündür? Orada insanın hər şeydən qiymətli olan uşaqlığı və gəncliyi qalmışdır.

Bu söz Jenyanın xoşuna gəldi; əlini qaldırıb onun saçlarını sığalladı:

– Əziz yoldaş, gəl tarixi təkrar etdirməkdənsə, bir gələcək qurmağa çalışaq.

Pavluşa:

– Yox, Jenya, – dedi, – tarixsiz insan yaşaya bilməz! İnsan keçib gəldiyi yolları tez-tez xatırlamalı və ondan dərs almalıdır. Gələcəyin yollarını təyin etmək üçün keçmişi unutmamalıyıq!

İndi gələk mənim sənə demək istədiyim sözlərə. Biz hazırda iki ayrı-ayrı dünyadan gələn adamlara bənzəyirik. Bu dünyaların arasında böyük və keçilməz bir uçurum vardır. Lakin bu dünyaları birləşdirmək üçün iki yol vardır...

– De görüm, o yollar hansı yollardır? Biz o yolları birləşdirə bilərikmi?

– Birləşdirə bilərik. Ona görə də biz ya burjuaziya lagerinə keçməli, ya da bolşeviklərə qoşulmalıyıq.

Jenya heç də vüqarını pozmadı, tövrünü dəyişmədi, soyuqqanlı bir surətdə sözə başladı:

– Görünür ki, sən məsələni qəti qoymaq fikrindəsən.

– Buna məcburiyyət vardır.

Jenya acıqlı-acıqlı soruşdu:

– Nə kimi məcburiyyət ola bilər?

– Sən milyonçu evindəsən!

– Mən onlara qoşulmaq üçün yox, qulluq etmək üçün getmişəm. Mənimlə yoldaş olmaq xəyalın varsa, mənə azadlıq ver. Mənim sənə vermək istədiyim əl – səmimi əldir. O əli başqalarında görmək çətindir. Mənim orada çalışmağım nə sənin əqidənə ləkədir, nə də bizim sevgimizə manedir. Mən oradan çıxsam belə başqa bir varlının evində işləməliyəm. Sən ki, bizim ailə vəziyyətimizi bilirsən. Sənə yalvarıram, Pavluşa, özünü ələ al, evdəki aclara və xəstələrə rəhmin gəlsin; partiyamız bunu heç vaxt qadağan etməz. Mən öz əqidəmi heç vaxt və heç bir qüvvətə qarşı dəyişən qız deyiləm. Mən yolumu azdırmışamsa, qoy partiya özəyi məni mühakimə etsin.

– İş gedib partiyaya çatsa, mən də özümü təmizə çıxara bilmərəm. Çünki mənim səninlə olan dostluq əlaqəmi bilirlər, neçə dəfə demişəm, yenə də deyirəm, sözüm qətidir! Eşitdin ki?!

Jenya tutqun bir səslə:

– Bəli, eşitdim! – dedi.

Gecədən çox keçirdi. Ay yavaş-yavaş batırdı. Qaranlıq qara toz təbəqələri kimi axıb mühiti bürüyürdü. Kiçik dalğalar suya düşən bir qartalın qanadları kimi çırpınır, Pavluşa ilə Jenya da sevgi ilə əqidəni bir-birindən ayırmaq üçün çırpınırdılar.

Jenya göz yaşını sildi, Pavluşa isə öz yanlış fikrində davam edirdi. Pavluşa günün çətinlikləri və zamanın əhəmiyyəti ilə hesablaşmır, Hacı Zeynalabdın Tağıyevin bütün Bakı burjuaziyası üzərindəki nüfuzunu qiymətləndirə bilmirdi. O, bütün məsələlərin milyonçu evində həll edildiyini təyin etməyi bacarmırdı: qısqanclıq, onun işə şüurla yanaşmasına mane olurdu; hökumətin bəzi xəyanətləri həyata keçirmək üçün Hacının nüfuzundan istifadə etdiyini anlasa da, qısqanclıq onun həqiqətə yanaşmasına imkan vermirdi.

Jenya getmək üçün qalxdı.

– Sabah gecə burada görüşəcəyikmi? – deyə soruşdu.

Pavluşa cavab vermədi.

Pavluşa Qala qapısından içəri girdi. Bolşaya krepostnaya küçəyə yaxınlaşırkən onu daldan bir nəfər səslədi:

– Ey, dayan!

Səs, Vasyanın səsi idi. Pavluşa dayandı, Vasya yaxınlaşıb onun əlini çox soyuqqanlılıqla sıxdı. Gözlərini yerdən ayırmayaraq soruşdu:

– Haradan gəlirsən?!

Pavluşa şaşqın bir halda cavab verdi:

– Dəniz kənarından.

– Yalnızmı getmişdin?

– Bəli, yalnız idim.

Susdular. Pavluşanın evinə qədər sakit getdilər. Qapıya yetişirkən Pavluşa əlini uzadıb onunla vidalaşmaq istədi, Vasya onun əlini rədd edərək:

– Sizə gedirəm, – dedi, – sənə deyiləcək bir neçə sözüm vardır.

Pavluşa məsələnin nə yerdə olduğunu anlamışdı. Qapının açarını cibindən çıxarması çox uzun çəkdi. Nəhayət, içəri girdilər. Üz-üzə oturdular. Əvvəlcə hər biri stol üstünə salınmış qəzetin ucundan bir parça qoparıb lülələdi, ciblərinin bucağından maxorka yığıb kağıza tökdü, lampada yandırdı, artıq kağızı dişləri ilə qoparıb yerə püflədi, dərin qullab vurub tüstünü tavana doğru buraxdı. Evdəki kiçik lampanın işığı zəifləşmişdi. Onlar ancaq bir-birinin kölgəsini görürdülər. Heç kəs də cürət edib qabaqcadan söhbət açmırdı. Pavluşa Vasyaya yalan dediyinə görə vicdan əzabı çəkirdi, çünki o, bir neçə gün əvvəl Jenya ilə danışmamaq üçün Vasyaya söz vermişdi, buna görə də Vasyanın ixtilaf çıxarmasından həm qorxur, həm də utanırdı.

Vasya sözə başladı:

– Pavluşa, indi artıq sənin varlığın mənim üçün heç bir şeyə dəyməz; sən həm qorxaq, həm də yalançısan!

– Nə olmuş ki?

– Nə olacaq! Sən milyonçu evində yaşayan qızla bir daha görüşməyəcəyin üçün mənə söz vermişdin, lakin sən yalançı çıxdın. Bu yalan bəs deyilmiş ki, başqa bir yalanı da bu gecə dedin.

– Elə bu? Bu xırda bir şeydir. Mən ki yolumdan azmamışam. Mən ki iradəmi itirməmişəm?

– Bakı milyonçusunun evində yaşayan qızla əlaqə saxlamaq azğınlıq deyildirmi? Əlvan ipəklərə bürünmüş bir qızın başını çiyninə almaq yolu azmaq deyilmi? Sənin bolşevikliyə məxsus əqidən mavi gözlü qızın ətirli nəfəsləri ilə ləkələndi. Sən özün də onun təsiri ilə zəhərlənmisən, başqalarını da zəhərləyə bilərsən. Sən o qızı bir sevgi üçün izlədikdə gec-tez onun əqidəsini də izləyəcəksən. Sevgi elə bir haramzada şeydir ki, onun əlindən qurtarmaq çox çətindir. Bunun üçün də mən sevmirəm və sevməyəcəyəm də! Onu da yolundan azdıran və milyonçu evinə salan sənin axmaq-axmaq xasiyyətlərindir. Onu idarə edə bilmədin, sevgi əlaqəsini yoldaşlıq əlaqəsindən qabağa saldın. O özünü fəhlə hərəkatı yolunda ölümlər qarşısında qoyduğu, jandarmlar, polislər və xəfiyyələrlə baş-başa vurduğu zaman sən ona yol göstərmək və kömək vermək əvəzinə ondan küsdün, onu qısqandın... Necə də ki, hər ikiniz yolunuzu azdınız. Sizdə sevgidən başqa heç bir şey qalmamışdır. Xüsusilə sən indi gülünc bir haldasan. Nə balıqsan nə ət. Çox keçməz ki, o qız sənin sevginə də qiymət qoymaz. Onun getdiyi yol üstündə elələri durmuşdur ki, Pavluşalardan çox-çox gözəl və varlıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XLV

Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.

1 dəq
Böyük quruluşda

(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər

1 dəq
Birinci pərdə

Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.

7 dəq
İkinci pərdə

Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.

15 dəq

Başqa şairlərin şeirləri