Səhifə 4 / 4 · 75%

Pavluşa acıqlandı:

– Mən Jenya haqqında bu cür sözlər deməyinə heç də icazə vermirəm! Sən dediyin sözlərdən Jenya uzaqdır. O, yolunu azsa da, yolu üstündə duranlara satılacaq bir qız deyildir. Mən səninlə yoldaşam, lakin bu gündən etibarən mənim yanımda Jenya sözü danışılmayacaqdır. Sən anlayan şeyləri mən də anlamağı bacarıram. O hər nədirsə, onda işim yoxdur. Məni sevir, sevmir, o da özünün xüsusi işidir. O bizim tərəfimizdən təhqir edilməməli və bu cür nalayiq sözlərə meydan verilməməlidir. Sənin sözlərin yoldaş sözləri deyildir.

Əsgər əlində bir parça çörək, kağız arasında bir tikə pendir içəri girdi və onları stolun üstünə qoyaraq:

– Bu da bizim səhər yeməyimiz, – dedi və kürsünü çəkib oturdu; qəzetdən bir parça kəsib, əlini Pavluşanın cibinə saldı, maxorka çıxarıb eşdi, yandırdı, yoldaşlarından soruşdu:

– Belə görünür ki, mənim gəlməyim sizin söhbətinizə mane oldu?

Pavluşa göz qapaqlarını qaldıraraq:

– Heç bir maneəçilik yoxdur. – dedi, – boş-boş danışmaq Vasyanın peşəsi deyildirmi? Heç bilmirəm bu adam o qızdan nə istəyir?

– Kimdən?

– Jenyadan.

– Nə olub ki?

– Nə olacaq?! Mən bu gecə sizdən ayrıldıqdan sonra, küçədə ona rast gəldim. Mən görüşmək istəmirdim, özü məni səslədi, dayandırdı, gəzə-gəzə dəniz kənarına apardı, oturub bir az söhbət etdik. Söhbət də yalnız tənqiddən, təhmət və məzəmmətdən ibarət oldu, vəssalam. Daha mən nə bilim ki, Vasya mənim dalımca gəlirmiş... Nə isə, oradan qayıdanda yolda Vasyaya rast gəldim, axşamdan bəri oturub qızın dalınca yaraşmayan sözlər danışır.

– Sizin ikiniz də qəribə adamlarsınız. Danışmağa başqa söhbətiniz yoxdur? Hələ siz bir-birinizi sevirsiniz, mən bilmirəm, Vasyanın burada nə işi vardır? O, nə üçün Jenyanın sözünü danışır?

Vasya acıqlandı:

– Necə yəni Vasyanın burada nə işi vardır?! Mən sizinlə yoldaş deyiləmmi?

Əsgər soyuqqanlılıqla dedi:

– Sakit ol, mən sənin üçün Pavluşa-zad deyiləm! Sən mənim yoldaşım olsan da, bir eybini görən kimi üzünə çırparam. Görünür ki, sən xəstələnmisən. Hərgah xəstə olmasan, sən də oturub öz-özünə fikir edərsən ki, mən başqasının ailə həyatına nə üçün qarışıram? Çox da Pavluşa sənin yoldaşındır. Çox da ki, sən axmaq-axmaq danışanda o sənə cavab vermək istəmir. Sənin özün gərək özünü ağır tutub xalqın ailə məsələsinə qarışmayasan.

De görüm, Pavluşanın yerində bir başqası olsaydı, sən cürət edib bu cür sözləri deyə bilərdinmi? İndi hünərin varsa, o sözləri mənə də de və mənim sevgilim Suqranın da sözünü danış; onda görərsən ki, bu oğlan sənə nə cavab verər!

Vasya gözlərini döyə-döyə dedi:

– Sizin ikiniz də əblahsiniz! İndi sizin nə vaxtınızdır? Mən yaşda ikinizdən də böyüyəm, dünyanı da sizdən çox gəzmişəm. Dörd il soldatlıq eləmişəm. Neçə-neçə böyük şəhər görmüşəm. Yenə də özümü bir qıza bağlamaq istəmirəm. İndi sevmək yox, işləmək lazımdır!

Pavluşa özünü saxlaya bilmədi. İxtiyarsız gülərək dedi:

– Karl Marks bilsəydi ki, bir zaman Vasya kimi bir bolşevik meydana çıxıb, bolşevikin subay qalmasını tələb edəcək, o zaman başqa-başqa qeydlər yazardı. Hərgah mən Vasyanın bu nəzəriyyəsini yeri gələndə rəhbər yoldaşlara deməsəm, heç kişi deyiləm!

Vasya papirosu yerə çırpıb təpiyi ilə söndürdü, qapını çırpıb getdi.


Xəzər dənizi mavi qanadlarını Sabayil şəhərinin xarabaları üzərinə açıb uyumuşdu. Ay, abı məcməyiyə qoyulmuş qarpız kimi ləkəli üzünü göstərirdi. Ulduzlu fəza dəniz üzərinə çevrilmiş bir süzgəcə bənzəyirdi. Yelkənli gəmilər Narkin adasına salam verir, baş endirir, keçir, ağır-ağır uçan yaralanmış bir qartalı xatırladırdı.

Jenya qumlu bir təpəyə qalxırdı. O, Pavluşa ilə görüşmək üçün dünən gecəki yerə gedir, öz-özünə danışırdı: «Kainat dünən gördüyüm kimidir. O mənim fikrim qədər dəyişməzdir. Dalğalar yenə də güləşir, bir-birini təqib edir. Yenə də xırdaca ağ buludların ay işığı ilə qucaqlaşan kölgələri, xəyali pərilər kimi Xəzərin dərin hövuzunda çimmək üçün enir».

Rüzgarın şıltaqçı barmaqları üfüqlərin köynəyini cırmağda, şərqdən qalxan fabrik tüstüləri ayın üzünə qara örpəyini çəkməkdə idi.

Jenya ətrafına baxıb, öz-özünə dedi: «Hər şey yerindədir, lakin Pavluşa yoxdur. Bunun səbəbini bilsəydim!..».

Jenya düşünə-düşünə gedirdi. Bir kölgə də onun dalınca sürünürdü.

Jenya təyin edilən yerə gəldi, təpənin üstündə oturdu. O, Pavluşanın görüşə gələcəyinə inanırdı; Pavluşa gəlməsi haqqında dillə bir söz deməmişdisə də, sükutu ilə buna razı olduğunu bildirmişdi. Jenya Pavluşaya deyəcəyi sözləri əzbərləyərək, öz-özünə danışırdı: «Biz nə vaxta qədər bu kimi yerlərdə görüşəcəyik? Biz nə vaxta qədər tapmaca şəklində qalacağıq? Bu müəmmalı vəziyyət nə vaxt bitəcəkdir?».

Jenya sanki Pavluşanı yanında görür və üzünü ona çevirib deyirdi: «Biz qaranlıq yoldan çıxıb işıqlı bir dünya yolu ilə getmək iddiasındayıq. Biz: «hər bir hadisənin bir səbəbi vardır» — deyə danışırıq. İndi ki bir səbəb vardır, onda bizim sevgimiz də səbəbsiz deyildir. Mən bilirəm ki, sən məndən ayrılmaq istəyirsən, lakin bacarmırsan, çünki bizim sevgidən ayrılmağımız üçün əsaslı bir səbəb yoxdur». Jenya başını əlləri içinə alıb: «O gəlmədi!» — deyə bütün varlığı ilə düşüncəyə daldı.

Jenya, ailə qurmağda yalnız mütəqabil sevginin kifayət etməyəcəyini ancaq indi anlaya bildi. O ancaq indi bildi ki, bir səviyyədə olmayanlar bir-birini anlaya bilməzlər.

«Mən öz yolumla gedəcəyəm. O məndən ayrılıb getsə də, mən öz hərəkətlərimin mündəricəsi içərisində saxlanan həqiqətlər haqqında ona bir söz belə deməyəcəyəm. Burjuy evində çalışmağım mənim namusumu ləkələyə bilməz. Məni partiyam çox yaxşı tanıyır. Qoy Vasya mənim haqqımda pis fikirlərdə olsun! Qoy Pavluşa onun yanlış fikirlərini «partiya intizamı» deyə qəbul etsin! Mən öz vəzifəmi layiqincə bitirdikdən sonra onların hər ikisini məğlub edəcəyəm».

Jenya sanki birdən yuxudan ayıldı. Bakının uçqar bir yerində oturduğunu, onu müdafiə edəcək bir kəsin olmadığını hiss etdi. Ani bir qorxuya tutuldu. Çar Bakısının bütün həqiqətlərini ətrafında görməyə başladı. Qabağındakı daşlara toxunan dalğaların hər birisi bir timsah şəklini aldı. Ulduzlar jandarm gözü kimi ona baxmağa başladı. Bunlar onu basmaq üçün gələn bir parovoz fənəri kimi göründü. Dənizdə parlayan elektrik işıqları onu süngüləmək istəyən bir dəstə çar soldatını xatırlatdı. Külək əsirdi. Küləyin təsiri ilə sarı saçları bir ilan kimi onun boynuna dolaşdı. Bütün mühit sanki bir canavar olub onu təqib edirdi. Ayağının altındakı kiçik daşlar belə ona heybətli bir əjdaha kimi görünürdü. Qalxdı, geri baxmadan qaçmağa başladı. Şose yoluna qədər durmadan yüyürdü. Onu ancaq daldan eşitdiyi bir səs dayandırdı.

– Yoldaş Jenya, qaçma, dayan! Nədən qorxursan? Dayan!

Bu səs Əsgərin səsinə bənzəyirdi. Jenya dayandı. Əsgər gəlib ona çatdı. Jenya onun əlindən tutub hiddətindən ağladı:

– O məni heç bir şey hesab etmir. O bilirdi ki, mən burada olacağam. Heç utanmadı, məni burada tək qoydu. — Jenya bir az sakit olduqdan sonra, Əsgərdən soruşdu: — Bəs sən haradan gəlirdin?

– Dünən gecə Vasya ilə Pavluşa dalaşdıqdan sonra bildim ki, Pavluşa səninlə görüşməyə gəlməyəcəkdir. Mən bunu sənə demək istəyirdim. Bayıldan qayıdırdım. Bura gəldim. Təpənin üstündə oturduğunu gördüm, qıraqda durub qarovulunu çəkdim.

– Bəs sən Bayıla nə üçün getmişdin?

– Xanlar yoldaşla bərabər Bibiheybətdə iclas aparırdıq.

Jenyanın əli Əsgərin əlində ikən yenə acığından və qorxusundan bütün bədəni titrəyirdi.

Əsgər ona nəsihət verməyə başladı:

– Mən belə məsləhət görürəm ki, bir də bu cür yerlərdə dolanma! Pavluşa ilə bərabər olsa da, bu tərəflərə gəlmə! Mən Bakını Pavluşadan yaxşı tanıyıram. Mən Vasya və Pavluşanın sözünə baxan deyiləm. Mən bilirəm ki, sən bizim yoldaşımızın qızısan, bizim də yoldaşımızsan. Qulluq eləmək ayıb deyil, ancaq bir az ayıq ol! Varlı evləri xatalıdır. Bu evlərin sahiblərində vicdan yoxdur, onlar bizi adam yerinə qoymurlar. Fəhlə namusu onlar üçün heç dərəcəsindədir.

Jenya:

– Əsgər, sən əmin ol! — dedi. — Sən bilirsən ki, mən sənin xatirini yoldaşların hamısından artıq istəyirəm. Mən elə bir qız deyiləm ki, gözümü üfürən olsun. İndi de görüm sənin öz işin necədir? Düzəlir ya yox?

– Düzələn kimidir. Ata-anası bir az yekədən başlayıbdır. Amma Suğranın özü öldüm-keçdimdədir. Biz günaşırı görüşürük.

– Ona məndən salam söylə. Ayrapetə, onun arvadı Varvara bacıya, Ayrapetin şakirdi balaca Heybətə, Xanlara və başqa yoldaşlara da məndən salam yetir. De ki, mənim ürəyim onlarladır.

Jenya beş manat da pul çıxarıb Əsgərə verdi:

– Əsgər, bu pulu hər nə cür olsa, sabah bizim qocalara apar. Mənim əvəzimdən də onları öp!

Əsgərlə Jenya söhbət edə-edə Naberejnı küçəyə qədər gəldilər. Vasya gizlicə onların dalınca gedirdi. O da Əsgər kimi düşünərək, Pavluşanın görüşə getməyəcəyini yəqin etdiyindən, Jenyanı müdafiə üçün o tərəflərdə dolaşırdı.

Əsgər ayrılıb getdikdən sonra Vasya Jenyanı Hacı Zeynalabdın Tağıyevin evinə qədər təqib etdi.

Jenya milyonçu qapısının zəngini çaldı, gəlin kimi bəzəkli qapı açıldı. Hacının hacasaqqal qapıçısı başını bayıra çıxartdı, yanlarına sarı zəncirə tikilmiş furajkasını götürüb gündə yüz dəfələrlə əyilən başını bir daha Jenyanın qarşısında əydi.

Vasya tində durub onlara baxırdı. O, yenə də Jenya haqqında başqa cür düşünürdü. Bu vəziyyətlə heç cür barışa bilmirdi. Buna görə də Jenya qapıdan içəri girəndə Vasya nifrətlə dedi:

– Get! Sən başdan-ayağa şübhə içindəsən! Sənin sevgin də, baxışın da, işin də, sözlərin də, gözlərin də bir şübhədir. Sən ən yaxşı bir bolşeviki bizim əlimizdən alıb özünlə bərabər çirkaba salmaq üçün hazırlanırsan, lakin mən bununla mübarizə edəcəyəm. Sən onu bilməlisən ki, hazırda milyonçu evində işlətdiyin ətirlər, bir az əvvəl azadlığı yolunda mübarizə apardığın Bakı proletariatının qanı və təridir! Sən hansı bir ailədə doğulub, hansı mühitə düşdüyünü xatırlayırkən utanırsanmı? Sən getdin, çünki bolşeviklərdə bu saraylar, qızıllar, sən geydiyin ipək paltarlar, səni çiçəkləndirən şlyapalar yox idi. Bunun üçün də sən bizdən uzaqlaşdın. Biz ki sənə bir yamanlıq etməmişdik! Get! Get! Bir daha bizim tərəfə qayıtma!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XLV

Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.

1 dəq
Böyük quruluşda

(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər

1 dəq
Birinci pərdə

Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.

7 dəq
İkinci pərdə

Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.

15 dəq

Başqa şairlərin şeirləri