Səhifə 2 / 2 · 50%

Yemək gətirdilər. Yeməklər yenə də düyü, ət, toyuq, yumurta və səbzilərdən bişirilmiş Təbriz xörəkləri idi. Süfrədə çəngəl, bıçaq, qaşıq qoyulmuşdu. Başqalarına nisbətən Abdulla xanın süfrəsi tamamilə bir qərb evinin süfrəsi idi. Əli ilə xörək yeyən yox idi.

Süfrə yığışdırıldıqdan sonra yenə də gül ağaclarının altına keçdik. Yenə də qadınlar çalıb-oxudu. Qadınların oxuduğu yalnız Hafizin qəzəlləri idi. Axşam saat beşdə evə qayıtmaq üçün icazə istədik. Səhba xanım Ninanı öpərək deyirdi:

– Ümid edirəm ki, bu görüşümüz son görüş olmayacaqdır. Yenə də görüşəcəyik.

Səhba xanım bunu dedikdən sonra barmağından bir brilyant üzük çıxarıb Ninanın barmağına taxdı. Bunu görərkən qadınların hər birisi bir qiymətli şey çıxarıb Ninanın redikülünə qoymağa tələsdilər.

Nina bunları qəbul etmirdi. Axırda Abdulla xan:

– Bunlar mənim əmim oğlanlarının və qardaşlarımın qadınlarıdır. Xahiş edirəm ki, bunları öz yaxın dostlarınız hesab edəsiniz! – deyə hədiyyələri Ninanın redikülünə buraxdı.

Saat beşdə görüşüb bayıra çıxdıq. Abdulla xanın özü də bizi yola salmağa hazırlaşırdı. Nina həyətdə Abdulla xana belə bir sual verdi:

– Bunlar qadın olduqları halda nə üçün kişi paltarı geyinmişdilər?

– Təbrizdə bu cür şeylərə çox təsadüf edəcəksiniz. Bu barədə uzun danışmaq lazımdır! – deyə Abdulla xan Ninaya cavab verdikdən sonra, Nina daha səbəbini soruşmadı. Mən sözə başlayıb bu xüsusda Nina ilə evə qədər söhbət etdim.

– Hər halda Təbriz qadınları məşhur İran padşahı Nəsrəddin şahın tanıdığı qadınlar deyil. Şahın anladığı kimi onlar yalnız xörək bişirmək üçün deyil, eyni zamanda hər bir işə qabildirlər. Onlar çox ədəblidir. Kişiləri məşğul edə biləcək bu kimi idraklı qadın gördüyüm birinci kərədir. Çox lətif danışıqları, mənus xasiyyətləri, zərif şivələri vardır. Onlar mövhumatçı deyillər. Açıq gəzməyə çox artıq maraqları vardır. Bununla bərabər, onların ailə həyatı çox qəmgin və faciəlidir. Kişilərdəki əxlaq pozğunluğu qadınların həyatına çox ağır təsir bağışlamışdır. İran Azərbaycanındakı kişilərin böyük bir faizi qadınlara tamamilə nifrət gözü ilə baxır, tamamilə qeyri-təbii eşqlərlə məşğul olurdu. Xüsusən bu, əxlaqsızlıq kübar ailələri içərisində daha artıq «təraqqi» etmişdir. Bu əxlaqsızlıq XX əsrin əvvəllərində İranda çox böyük şöhrət tapmışdı. Təbrizə gələndən sonra bu məsələlərlə çox maraqlanıram və qoca adamlarla bu barədə çox danışıram. Dəvəçi ağzında çay satan bir qoca kişi ilə tanış olmuşam. Qoca həm alış-verişçidir, həm falçıdır, həm də aralıq həkimidir. Bekar vaxtlarımda bununla çox görüşürəm. O mənə qeyri-təbii eşq haqqında belə bir əhvalat söylədi:

– Urmu varlılarından Məcdüssəltənə 6 qadını olmasına baxmayaraq, 7 nəfər də gözəl uşaq gətirib saxlamışdır.

– Bu uşaqları ona kim verir? – deyə ondan soruşdum.

Qoca başına hərəkət verib dedi:

– Bunların hamısı aşağı təbəqənin uşaqlarıdır. Bunların bəziləri də ağanın rəiyyətinin uşaqlarıdır.

Bəziləri vergi ucundan, bəziləri böyük pul müqabilində alınan uşaqlardır. Bu kimi əxlaq pozğunluğu nəticəsində üz verən hadisələr daha böyükdür. Məcdüssəltənənin gənc qadınlarından bəzisi bu uşaqlarla yaşamağa məcbur olurlar, çünki ərləri daha uzun müddətdən bəri onlara yaxın getmir. Çox müdhiş hal budur ki, gənc qadınlardan bəzisi bu vəziyyətə davam getirmədiyindən özünü gölə atıb boğurdu. Eyni zamanda bir-birinə qısqanan uşaqlar da ara-sıra bir-birini öldürüb yaralayırdılar. Məsələ burasındadır ki, balıq başdan qoxur. Padşah da, vəliəhd də bu xəstəliyə tutulubdur. Hələ hazırkı Məhəmmədəlini demirəm. Bunun atası Müzəffərəddin şahı götürəndə onun özü də bu xəstəliyə tutulmuşdu. O, oğlu Məhəmmədəlinin toyunda oynayan mütrib Əli xanı hərəmində həftələrlə saxlamışdı. Atasından tərbiyə götürən vəliəhdə gəldikdə bütün Azərbaycanı gəzib rastına keçən gözəl gəncləri özü ilə bərabər Təbrizə gətirmişdi.

Urmulu Hacı Şücaüddövlənin oğlunu gətirdi. Təbrizdə Mir Manaf sərrafın oğlunu aparıb saxladı. Sonra sərtiblik verib buraxdı. Yanında həmişə Abidin xan Mücəllələlüsultanı saxladı. Burada sənə daha qəribə bir söz deyəcəyəm. Onda ki, Məhəmmədəli şahın hərəmi Sürürüssəltənəni Tehrandan gəlin gətirdilər. Məhəmmədəli şah təzə qadınını istiqbal üçün Vasminc qəsəbəsinə qədər getmişdi. Bu əxlaqsız getdikcə yanınca Abidin xanı da faytona qoyub aparmışdı. Sürürüssəltənə bunu görərkən acıq edib Tehrana qayıtmaq istəmiş. Qadın acıqlanaraq: «Sənin qadının ola-ola mənə nə üçün zəhmət verdin?» – deyib ağlamışdı.

Bu cür şeylər çoxdur. Bunun atası Müzəffərəddin şah Təbrizdə vəliəhd olduğu zaman Məhəmmədsadıq xan onun yaxın adamlarından idi. Bunun oğlu Hüseynpaşa xan gözəl bir cavan idi. Müzəffərəddinin bu oğlana aşiq olduğunu hiss edən Məhəmmədsadıq xan, oğlunu gecə ilə Qaradağa öz kəndinə göndərmişdi. Bir neçə ildən sonra oğlan çiçək xəstəliyinə tutulub çopur olduqda atası Təbrizə gəlməsinə icazə verdi.

– Hüseynpaşa xan kimdir? – deyə soruşduqda qoca gülümsünüb dedi:

– İndiki Əmir Bahadır-cəng. İndiki hərbiyyə vəziri. Hazırda Lyaxovla əlbir olub parlaman binasını topa tutan cənab! Bu adam məşrutənin dağılmasında birinci rol oynamışdır.

– Çox razıyam! Mənə böyük məlumat verdin! – dedikdə qoca ah çəkdi. Son sözünü belə qurtardı:

– Kübar ailələrdə olan alçaqlığı bilsən, onların bu xalqın başına nələr gətirdiyini öyrənsən, nə qədər ömrün varsa, yadından çıxarmazsan, oğlum!

Mən kübar ailələrin əxlaqsızlığı haqqında bir çox bu kimi işləri yalnız eşitmək deyil, öz gözümlə də gördüm. Abdulla xanın evindəki qonaqlıq bunu mənə bir daha isbat etdi. Qadınlar kişilərini qeyri-təbii eşqdən qaytarmaq üçün özlərini uşaq şəklinə salmağa məcbur olmuşdular.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nina ərə gedir

Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.

9 dəq
Bağır xan

Sərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.

4 dəq
Rəhim xan

Rəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.

3 dəq
Təbriz qadınları

Nina son zamanlarda tənqidi çox sevirdi. Gah kütlə arasında iş aparılmamasından, gah qadınların inqilab hərəkatına cəlb edilməməsindən, ara-sıra inqilabın din təsiri altında olmasından danışıb bizi tənqid edirdi.İndi də inqilabçılarda cəza qanununun olmamasını, inqilabi qanunların həyata keçirilməməsini tənqidə başlamışdı.

19 dəq

Başqa şairlərin şeirləri