Səhv etmişəm, acı dilim lal olsun,Elə sözdən küsmə yarım, incimə!Xəzan vurdu, gülüstanım qurudu,Son çiçəyim, güllüzarım, incimə!

Eşqim kimi müqəddəsdir niyyətim,Heyif, yoxdur yar yanında hörmətim –Qazancımdır, bircə sənin töhmətin,Yoxdur başqa heç bir karım, incimə!

Ömrü yoxdur dövlətin də, pulun da,Könül adlı bir mülkü var qulun da.Səbəbkarsan, gər pozulsa, yolundaÖmür qoymuş, düz ilqarım, incimə!

Mən izincə addım-addım gəzərəm,Nə mərhəmət istəyərəm, nə kərəm –Hər zülmünə, sitəminə dözərəmTəki məndən, sitəmkarım, incimə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq