Qız

Könlümün evini gündə min kərəUçurub qurduğun, yadında varmı?

Oğlan

Çəkib oğrun-oğrun oxun yayınıSinəmə vurduğun yadında varmı?

Qız

Heç unutmamışam, gəlir yadıma,Çiçəklər bağladım sənin adına.Yanıb həzin-həzin eşqin oduna,Şam kimi söndüyüm yadında varmı?

Oğlan

Söylə, unutdunmu, söylə, ey çiçək,Lalə yanağından öpəndə külək,Pərvanələr kimi gecə sübhədəkBaşına döndüyüm, yadında varmı?

Qız

Söylə, unutdunmu, bir sərin axşamƏl-ələ gəzirdik bağda mehriban?..Dodağın üzümə toxunan zaman,Əlindən qaçdığım, yadında varmı?

Oğlan

Maraltək qaçarkən, gözümdə, inanQara bir örpəyə büründü hər yan,Aşıq Kərəm kimi düşüb dalından,Dağları aşdığım yadında varmı?

Qız

Demə ayrı düşüb unutdum səni,Ölüncə unutmaz sevən-sevəniDeyəndə: “Özgəyə verirlər məni”,Boynunu bükdüyün yadında varmı?..

Oğlan

Çatdı qulağına acı bir xəbər;Eşitdin yolumu gözləyir səfər.Başını köksümə qoyub bir səhər,Göz yaşı tökdüyün, yadında varmı?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri