Hələlik, düzlük adıynan, düzülüb yan gedirik,Gedirik, əzm ilə biz, aclığa qurban gedirik.

Leninin şalbanını hamı çiyinlərdən atıb,Çoxunun yox xəbəri, bizdədi şalban, gedirik.

Qarnımız olsa da ac, üst-başımız göz çıxarır,Keçirib əynimizə laykanı forsnan, gedirik.

Qələt eylər, bizi tək alman, amerikan geyinər,«Cins»imizdən bilinir ki köləyik, xan gedirik.

De görüm, hansı köpək oğlu bizə yardım edər?Bu çətin vaxtda minib, «Cip» ilə «Nissan» gedirik.

Çoxu min tənə edir yubkələrin razrezinə,Bilməyir dalda cırıqnan yolu asan gedirik.

Kazinolarda, kafelərdə qumar oynayırıq,Bizə kim dollar atır, biz ona «şirvan» gedirik.

«Canı canan diləmiş, verməmək olmaz, ey dil»,Leyk biz cangüdənik, cana verib van gedirik.

Bizə «Azadlığı» çox gördü bu azadlığımız.Sulayıb indi Baba, bir təzə meydan gedirik.

30 sentyabr 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri